ƏDƏBİ
TƏNQİD VƏ İSA
HÜSEYNOV
YARADICILIĞI
Çağdaş Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrindən olan İsa Hüseynovun
yaradıcılığı müxtəlif kontekstlərdə
ədəbi-nəzəri fikrin diqqət mərkəzində
olmuşdur. Ayrı-ayrı əsərlərinin
problematikası, struktur sistemi,
janr səciyyəsi, dinamik
mənzərəsi, stixial xarakteri
və s. məsələlərlə
bağlı aparılan təhlillər müxtəliflikləri,
zəngin düşüncə fakturası ilə səciyyələnir.
Ədəbi tənqid İ.Hüseynov
yaradıcılığının ayrı-ayrı ədəbi faktlarını; mətn tiplərinin sistemləri,
intertekstuallıq sxemləri, yazıçı təfəkkürününün
intelleksiya meyarları, arxaik
yaddaşın hərəkətliliyi və s.
haqqında bir-birinə zidd və
üst-üstə düşə biləcək fikir yürütməklə zəngin baza yaratmışdır.
İsa Hüseynov ədəbiyyata qədəm basdığı ilk vaxtlardan yazıçı intelleksiyası ilə ədəbi-nəzəri fikrin diqqətini üzərinə cəlb edə bilmişdir. M.Hüseynin, M.Arifin, M.Cəfərin, S.Rəhimovun, İ.Əfəndiyevin və başqalarının onun ilk qələm nümunələri ilə bağlı söylədikləri təsadüfi deyil, yazıçı eridusiyasına marağın nəticəsi olaraq özünü göstərmişdir. Beləki, İsa Hüseynov və İsa Muğanna imzalarının ehtiva etdiyi məzmun, alt və üst qatda işarələdiyi funksionallıq mətn tiplərinin və yazıçı intelleksiyasının təzahürü kimi mükəmməl faktura ilə müəyyənləşir. "Anadil ötən yerdə", "Koroğlunun çən qalası", "Cəbhədən məktub", "Bizim qızlar", "Saz", "Tütək səsi", "Kollu Koxa", "Doğma və yad adamlar", "Yanar ürək", "Məhşər", "İdeal", "Əbədiyyət", "GurÜn", "Qəbristanlıq", "İsahəq, Musahəq" və s. əsərlərinin ehtiva etdiyi sistem, daxili harmoniya, etnomədəni yaddaş alt qatda həm də güclü bağlantılarla faktlaşır. Ədibin bədii yaradıcılığının ilk illərində ideoloji sistemin münasibəti M.Arifin "Yazıçının siyasi mövqeyi", S.Rəhimovun "Açıq danışaq", İ.Əfəndiyevin "Yoldaşlıq söhbəti", İ.Şıxlının "Sənətkar möcüzəsi" və s. məqalələrdə faktlaşırdı. Böyük ədəbiyyatşünas M.Hüseynin "Anadil ötən yerdə" hekayəsini oxuduqdan sonra "səni böyük ədəbiyyata gəlməyin münasibətilə təbrik edirəm" fikri məhz İ.Hüseynov yaradıcılığına verilən qiymət və onun istedadının dərki idi. M.İbrahimovun, M.Hüseynin qiymətləndirməsi ədibin sonrakı yaradıcılığının meyarı olmuşdur. Hətta İ.Hüseynov "Həyatımdan səhifələr"də maraqlı bir epizod verir. "-Gedək dəniz qırağına, bir az gəzinək, - dedi.
Bu 1949-cu ildə "Anadil ötən yerdə" oçerkim "Azərbaycan" jurnalında çap olunandan sonra oldu:
-Səni tənbeh edəcəyəm, - dedi. - Oçerki niyə atandan yazmısan? Çox düşünmədən dedim:
-Çünki atamı yaxşı tanıyıram.
Sonralar məlum oldu ki, mənim təsadüfən verdiyim cavabımda hikmət var. Bu hikmətə görə də Mehdi qağa bu cavabı Yazıçılar ittifaqında danışıb. Bir vaxt ayıldım ki, "çünki atamı yaxşı tanıyıram" sözləri dilə-ağıza düşüb, nəzəriyyə kimi bir şey olub" Ədəbiyyatda sosioloji təmayülün kifayət qədər aparıcı xətdə dayandığı bir vaxtda və Mərkəzi komitənin qərarlarının (1946-1948-ci illər qərarı) ideoloji-sosioloji yanaşmaları bir zərurət kimi qarşıya qoyurdu. Bütün bunların alt qatında sərt mübarizədən doğan tendensiyalar, barışmazlıq düşüncəsi vardı. Müharibənin bütün ağırlıqlarını çiyinlərində daşıyan yaşlı nəsil və ədəbiyyata yeni qədəm qoyan gənclik öz düşüncəsində müxtəlif səviyyələrdə mahiyyəti dərk edir və metaforik formada da müəyyən epizodik hadisələrlə milli düşüncənin oyanışına istiqamətlənirdilər. İkinci cahan müharibəsindən sonranın siyasi mühitindən gələnlər, əlbəttə burada otuz yeddinci ilin repressiyasının ortaya qoyduğu xof da az deyildi. Ədəbi tənqid bu olanlar müstəvisində bədii mühitə nisbətən daha çox mühafizəkarlıqla xarakterizə olunacaq təsəvvür formalaşdırırdı. İdeoloji-məfkurəvi yanaşmalarda ədəbi tənqidin və bədii sferanın yanaşmalarında fərqlilik bir növ siyasi mühitin sərt ədəbiyyat siyasətinə bağlanırdı. "75 illik ömrün prozası" adlı müsahibə-yazıda ədib xüsusi olaraq vurğulayır ki, "50-ci illərin əvvəllərində hələ açıq meydan, siyasi ilıqlaşma yox idi. Mənim başıma gətirilənləri yada salmaq istəmirəm. Sənə yalnız onu deyim ki, o dövrdə "konfliktsiz" ədəbiyyata qarşı çıxan ilk dəfə mən oldum. Məndən sonra "yeni nəsr" adlanan hərəkat başlandı ki, onu da inkişaf etdirənlər Anar, Əkrəm Əylisli, Elçin, Yusif Səmədoğlu və başqa istedadlı ədiblər oldu" .
Ədəbi tənqid və İ.Hüseynov yaradıcılığının ilk mərhələsi, daha doğrusu, 50-ci illər dövrü müxtəlif səviyyələrdə zamanından başlayaraq təhlillərin faktına çevrilib və problemin funksional aspektləri, siyasi mühit və ədəbiyyat, siyasi mühit və yazıçı şəxsiyyəti, siyasi mühit və milli özünüdərk aspektləri müxtəlif nəzəri təhlillərin problemi olaraq işlənmişdir. Əlbəttə bu yanaşmalar və dövrün, mühitin paradoksal mənzərəsi, intertekstuallıq səviyyəsində məsələlərə ədəbi tənqidin ayrı-ayrı onilliklər kontekstində yanaşması hamısı bu və ya digər dərəcədə İ.Hüseynov şəxsində yazıçı istedadının əzəmətini şərtləndirirdi. Çünki onun siyasi mühitin müəyyənləşdirdiyi "konfliktsizlik" təsəvvürü ilə bədii düşüncəsində oturuşmuş modellər, təsəvvür tipləri tamamilə fərqli rakursları sərgiləyirdi. "Kor oyunu" esse-hekayəsi də bu olanlar, həyat və bədii düşüncə prizmasında əsaslı mənzərə ilə faktlaşır. "Gənclik illəri ilə qocalıq arasında bir quyu var. Özlüyündə o quyunu mən "yaddaş quyusu" adlandırmışam. Dərinliyi, dairə ölçüsü, çamırı, daşı, qumu, gili -nəyi varsa hamısı gözümün qarşısındadır. Çünki gəncliyimin iti gözlərinin tanış olmayan hər bir şey üzərində dirənən gözləri qocalığımın yarıörtülü gözlərimin anlaşılmaz bir vəhdətdə qovuşub, hər bir tanış şeyə hələ də tanış olmayan şey kimi baxır, hər şeyi elə bil ilk dəfə görüb, öyrənməyə, dərk etməyə çalışıram. Tək mənəmmi belə olan - quyuya baxan?. Yox, əlbəttə. Hamı baxır. Əmma, mənə görə, yer üzündə nə qədər insan (qocası) varsa, hərəsi bir cür baxır, hərəsi bir cür görür" . İ.Hüseynovun nəsr yaradıcılığının ilk mərhələsi onun sonrakı mərhələsində, "Kor quyu" esse-hekayəsində olduğu kimi müxtəliflərin dinamikasında intensivləşməklə aydınlaşırdı. Ədəbiyyat və həyat elə konfliktlərin, fikir və əqidə mücadiləsinin, fərqli yanaşma və tendensiyaların sayəsində özünün bətnində yeninin yaranışına yol açır. Paradiqmatik səviyyə kontekstində "konfliktsizlik" kimi bir modelin oturuşması və özünə uzunmüddətli bəraət qazandırması sırf reallığı ortaya qoymaq iqtidarı ilə təsəvvür formalaşdıra bilməz. Əlbəttə mihitin və bədii məkanın düşüncə polifonikliyi heç şübhəsiz "konfliktsizliyi" bir model olaraq həzm etmək gücündə deyildi.
Siyasi mühit"konfiliktsizlik" nəzəriyyəsi altında ədəbiyyatı (1945-58-ci illər) bəsit təbliğat ədəbiyyatına çevirməyə cəhd edirdi. Bu dövrün alovlu müharibə səngərlərindən alnıaçıq keçmiş cəbhəçi yazıçıları müharibədən sonra ortaya çıxan ziddiyyət və faciələri, problemləri qələmə almaq istəsələr də həmin dövrün zamanlama metodologiyasına yad gəldiyi üçün "bolşevik ideoloqlarının" xoşuna gəlmir və onların fikirlərinə görə isə həyat həqiqətləri ədəbiyyata gətirilməməli və ədəbiyyatda bunlar əks edilməməlidir. Çünki, bu kimi problemlərin əksi sovet adamlarının işində maneələr yaradır düşüncəsi ədəbi tənqidin tənqid prizmasında bir istiqamət olaraq meyar xarakteri daşıyırdı. İ.Hüseynovun "bu meyarları ilk dəfə mən Azərbaycan ədəbiyyatı müstəvisində müxtəlif səpkili hekayə və povestlərimlə dağıtmaq yolunu tutdum" düşüncəsi analitik yanaşma modeli kimi marağa səbəb oldu. "Konfliktsizlik" nəzəriyyəsinin əsas prinsipi olan "müsbət qəhrəman" və "müsbət faktlar" metodologiyası ilə İ.Hüseynovun düşüncəsi, həyat hadisələrinə yanaşması arasında əsaslı fərqliliklər vardır. Bunlar isə konseptual yanaşmalarda yazıçı stixiyasının müəyyənliyində fərqliliklərə gəlib çıxırdı.
İ.Hüseynovun yazıçı dərki ilə mühitin reallığı arasında pozulmuş sistemin kökləri və hətta ziddiyyətləri (pozulmuş nizamı) məntiqi düşüncəyə, özünü dərkə bağlanır. Burada reallığın faktlaşdırdığı məsələlər yazıçı və ədəbi tənqid timsalında müxtəlif kəsimlərdə müxtəlif qarşıdurmalarla, mövqe nümayişi ilə nəzərə çarpır ki, ədəbi tənqid sırf ideoloji sistemin ortaya qoyduğu prinsiplər baxımından qaynaqlanırdı.
Beləki, keçən əsrin əllinci illər nəsri, ümumiyyətlə ədəbi tənqid və bütünlükdə ədəbi proses əvvəlki onilliklərin problemlərindən, siyasi mühitin xofu, 37-ci illər təhlükəsindən mənən xilas ola bilməmişdi, hələ bunun üzərinə müharibənin və ondan sonranın ictimai-siyasi mənzərəsini də əlavə etdikdə mahiyyət bir qədər də böyüyür. İsa Hüseynov bir yaradıcı kimi bu dövr nəsrində qoyulan qəhrəman probleminə toxunmuş və "Yeni zaman, yeni qəhrəman" məqaləsində qeyd etmişdir ki, 50-ci illər nəsr qəhrəmanının yaranmasında əsas müasir insan psixologiyası üzərində düşünməli və elmi texniki inkişafda olan sosial durumu, qəhrəmanların nələrə qalib gələ biləcəkləri, nələrin öhdəsindən gələ biləcəklərin düşünüb həqiqi həyat həqiqətlərin əks etdirməlidirlər. Məhz bu səbəbdən də İsa Hüseynovun həmin dövr nəsrində oçerkçilik və ədib "həyat həqiqətinə sadiq qalmaq" şüarının başa düşülmədiyini və buna görə də "torpaqda sürünürlər və məhz bu səbəbə görə, təsvir olunan qəhrəman yüksək idealdan, emosional təsirdən, orijinallıqdan, idraki əhəmiyyətdən məhrum olur" qənaətinə gəlirdi.
Günel (Pəniyeva) Hümmətova
Azərbaycan Pedaqoji Universiteti
Ədəbiyyatın tədrisi texnologiyası
kafedrasının müəllimi
Olaylar.- 2022.- 11-17 noyabr.- S.22.