Şamlılar tayfası-Azərbaycan (Türk-Müsəlman)
xalqının
etnogenezisində və tarixində yeri...
(I məqalə)
Baykal gölü və Aralıq dənizi
hövzələri boyunca böyük
ərazilərdə-Turan ellərində məskunlaşmış
Oğuz-Səlçuq tayfalarının Şamlı
camaatının oymaqları-sancaqlıqları Orta
Asiya, Əfqanıstan, Hindistan,
Cənubi Azərbaycan, İraq, Suriya, Anadolu... geocoğrafi məkanları
əhatə etsələr də, Böyük Azərbaycanda daha
çox yurd-ocaq qurmuşlar-VII-XIII əsrlərdə (Qərbi
Azərbaycanda Ü(İ)çmüəzzin
yaxınlığında Təklə kəndi, Beyləqan, Salyan, Culfa, Şərur...nahiyələrində
Aşıqlı, Bəydili, Xanəgah, Dərvişlər...kəndləri...).
Oğuz-Səlçuq tayfa birlikləri və ittifaqları arasında siyasi-hərbi sahədə sərkərdə-dövlət xadimləri səviyyəsində fərqlənən Şamlılar (əski Yörüklülər) həm də dini-ruhani, sakral təriqət davamçıları kimi Haqqa olan inam və imanlarında da seçilmişlər. Mütəşəkkil İlahi humanizm səviyyəsində Haqqa tapınmağın müqəddəs Ruh inanclarında bir Kamil İnsan ömrünü (Əhli-Vüsud surətində) fasiləsiz ibadətə və İlahi ilə Qəlb bağlılığına həsr edən Sufilərin şəcərə-soy kökünün bir qolunun Şamlılarla bağlılığı irsi (mənəvi saflaşma) tarixən zənginləşmiş, eləcə də bu təriqətin təbliğində onların (şeyxlərin, mürşidlərin, müridlərin, xanəgah yiyələrinin, xəlfələrin, dərvişlərin...) xüsusi yeri-yükü bəlirlənmişdir.
Türk-Müsəlman mədəniyyətinin və sakral dünyagörüşünün formalaşmasında tarixi izi və irsi ilə seçilən Əhli-Vücudun və Beyti-Ömrün ikram edilməsini şərtləndirən amillərdən biri də Azərbaycan sərhədləri boyunca (eləcə də sərhədlərin dışında) bir çox antro-etnotoponimlərin mənşəyində Sufi təriqətinin izlərinin olmasıdır-Qərbi Zəngəzurun Qarakilsə nahiyəsində Şeyxlər, Qobustan rayonunun Şıxlar/Şeyxlər kəndləri....Əhli-Beyit davamşılarının irfani ocaqlarından nişanələrdir və yaxud Ağrıdağ-Araz çayı vadisindəki Şeyx Mirzə və Xəlfəli, İrəvan şəhəri yaxınlığında-Qırxbulaq nahiyəsində Şeyx Kəlul, Ü(İ)çmüəzzin nahiyəsində Şeyx Hacı... kəndlərinin İlahi-Ruhani mayasından, Sufiliyin qutsal məqamından yaranan çoxşaxəli təriqət yolunun bir ocağı da Xəzər dənizinin sahilində, Şabran, Xaçmaz, Neftçala, Qaradağ...nahiyələrinin Xəlfələr, Şıxlar/Şeyxlər, Şıxhaput/Şeyxhaput, Boyat/Bayat, Şıxlar/Şeyxlər ...kəndlərində "közərmişdir.
Cənubi Azərbaycan ərazisində, Araz çayının sağ sahilində, 1 km aralıda yerləşən Aşıqlı kəndinin Haqqın Sufi-Mürşid qulları XVI-XVII əsrlərdə çayın sol qolu üstünə köçmüş, Sufi/Sofu dağının (997 m) ətəyində (Şərqi Zəngəzur, indiki Zəngilan rayonu ərazisində) məskunlaşdıqları yurd Sufi adlandırsalar da, sonradan bu etnotoponim leksik-dialekt təhrifinə uyğun olaraq "Sobu" kimi rəsmiləşmişdir. Bu kəndin təriqət yiyələrinin bir hissəsinin bir müddətdən sonra köçdükləri Əsgülüm dağının (1276 m) quzeyində, Oxçuçayın sol hissəsindəki yer də isə Şamlı kəndinin bünövrəsi qoyulmuşdur.
Azərbaycan xalqının dünyagörüşünün və dünyadərkinin formalaşmasında Orta əsrlər mərhələsində (XIII-XVI yüzilliklər) Sufiliyin dini və dünyəvi təriqət yükü böyük rol oynayıb. Xanəgahlarda, mədrəsələrdə, zikr və təqva məclislərində, mağaralarda (Qobustan şəhəri yaxınlığındakı Ceyrankeçməz çayı dərəsinin sol qolu üstündə 1402-ci ildə tikilmiş müqəddəs Diri Baba türbəsinin sağ və sol çiyinləri qoynundakı bu cür mağaralar indi də qalmaqdadır, şəhərin mərkəzində isə orta əsrlərə aid böyük karvansaray olmuşdur), irfan yığnaqlarında...) İlahiyə Məhəbbət məqamı Müqəddəs inamla süslənmiş, halə gətirilmiş, minlərlə Ruhani Aşiq yetişdirilmişdir.
Şamlıların dini-sufi təlimlərinin mayasında Haqqa tapınma niyyətinin surəti nümunəvi məclislərində-zikrlərində səciyyəvi əhya dili ilə, icma ibadətlərində məqama yetişmək anı ilə obrazlaşdırılır, bu hal Qobustan bölgəsinin tərəkəmə Şamlı-Muxtar ("muxtar" söz əlavəsi "seçilmiş yer" mənasındadır) elatında XIX-XX əsrlərdə də xüsusilə qorunub saxlanılmışdır. Bir cəhəti qeyd etmək yerinə düşər ki, Sufiliyin təbliğində (Haqqa tapınmanın İnsan surətində təcəllası timsalında) Şamlıların, xüsusilə Oğuz-Türkmən tayfalarının tərəkəmə elatının müstəsna xidməti onunla bağlıdır ki, tərəkəmələr gəzərgi həyatlarını müridliyin və xəlfəliyin, Şeyxlərə xidmətin sayəsində bərəkət-kəramət paylarını yetərincə əxz etmiş, həm də təbliği-ibadətlərini intişar etdirmişlər, mistik duyğularının payı İlahinin səngiməyən, əksinə artan bərəkəti ilə qarşılanmışdır.
Turan ellərinə yayılmış Şamlı sufilərin Ocaqları həm halallıqla qurulmuş, İmanları bir ömür boyu davam etmiş, udumları xələflərinə ötürülmüşdür.
Bütöv Azərbaycanın hər bir guşəsində rast gəlinən İlahi-Xas toponimlərin yaranmasına bir səbəb də bu amil olmuşdur, o cümlədən Şamlı-Muxtar elatının yurd-ocaq çatdığı Müqəddəs Yavanı baba dağının (825 m) ətəkləri və Pir Seyid çayının (Pirsaat) sahilləri bu baxımdan təsadüfi seçilməmişdir. Çünki, yaxınlığda Şamlı-Türkman tayfalarından olan Əhmədlilər də (Əhmədli kəndi, Pir Seyid çayının sol qırağında, qədim yurd-örüş yerləri indi də qalır), Qara İmanlılar da (Təsi kəndindən 3-4 km aralıda Qara İman kəndinin yurdları var) tərəkəmə obaları qurmuşdular.
Ərazi həm də beynəlxalq əhəmiyyətli ticarət-karvan yolu (Aran Şirvandan Qərbi Azərbaycana-Qars vilayətinə uzanan) üstündə yerləşirdi. Bu səbəbdəndir ki, Sufiliyin yayılması-intişar etdirilməsi niyyəti ilə obanın İrfan yiyələrinin ocaq qurduqları sakral İman yurdları sırasında Küdrü-Şirvan bölgəsi boyunca Sığırlı, Ərəbşahverdi, Qəsil, Bulaqotağı (bu kəndin quzeyindəki Çayqovuşanda, Qaraçay yaxınlığında Şamlı-Sufi camaatının 200-ə qədər qəbirstanlığı var), Ərəbocağı..., Əyriçay hövzəsindəki Qum...kəndləri xüsusi yer tutur.
Ümumiyyətlə, Sufi təriqətçilərinin Acınohur-Car Balakən camaatlığınadək yayılması məlumdur. Bu baxımdan bir qısa tarixi məlumat da təsirli və duyğusallığı ilə tarixi-coğrafiyamızın bir səhifəsinin yazısına çevrilmişdir:
-Sufi Sərxan Hacı Allahverdi oğlunun (1830-1910) şamlı Gülşad Xəlifə Kərim qızı ilə evliliyindən olan 11-12 yaşlı oğlu Əzizxan qəflətən vəfat edir, bu qədərdən təsirlənən Sufi qulu karvan yolu ilə Car-Balakən səmtinə üz tutur, Qax nahiyəsinin Qum kəndində məskunlaşır, ibadəti ilə məşğul olur.
İrfan-İman yiyəsi olan bu Sufi ilə bağlı bir el deyimindən məlum olur ki, bir gün O, arabada qonşu kəndə gedirmiş, arabaçı ürəyindən keçirir ki, mənim işimə-gücümə bax ki, bir dərvişi gəzdirirəm...Bu fikir Sufiyə agah olduğundan O, arabanı saxlamağa əmr verir və düşür yerə, yoluna piyada davam edir..
Qəlbindən keçirdiklərinə peşman olan arabaçı dönə-dönə Sufi-Dərvişdən üzrxahlıq etməkdən başqa çarəsi qalmadığını başa düşür...
Qum kəndində Sufinin qaldığı ev dağın ətəyində imiş, həyətində üç dəvəsi var idi. Haqq dünyasına qovuşacaq Müqəddəs gününün yaxınlaşdığını hiss edən, Qəlbən bu görüşə İmanı və İnamı ilə hazır olan, Ömrü boyu bu "cihada" hazırlaşan Sufi çıxır qapıya, üzünü tutur yamacda otlayan dəvələrə sarı və deyir:
-Gəlin, artıq bu dünyadan köç üstündəyəm, əbədi yola çıxıram, bu xəbəri camaatıma çatdırın...
Həyətdə cənazə namazı qılınanda dəvələr arxa sırada durubmuş...
Dəvələr gözü yaşlı halda gəlib xəbəri Xanalı qışlağına yetişəndə camaat acı xəbərdən hali olub.
Sərxan Hacı Allahverdi oğlu dəvələrini həyətdə əkdiyi əncir ağacına bağlayırmış, kölgəsində dəstəmaz alıb, namaz qılarmış, bu müqəddəs ağac indi də qorunur, meyvəsi tutiya kimi qəbul edilir. Sufinin qəbri Qum kənd qəbirstanlığındadır.
Şamlı-Muxtar kəndinin quzeyində, 4-5 km aralıda məskunlaşma tarixi orta əsrlərdən məlum olan Kəlağalı kəndinin yurdunda (bu kəndin əhalisi coğrafi şəraitin əlverişsizliyi ucbatından Ağsu nahiyəsinin Girdman çayı hövzəsi yaxınlığına köçmüş, indiki Kalağaylı/Kəlağalı kəndinin əsasını qoymuşlar) XVII əsrin sonlarında yaranan Cəmcəmli kəndi isə Qobustan mahalında Sufiliyin qorunan və təbliğ edilən əsas ocaqlarından biri olmuşdur.
Şamlı tərəkəmə elatının (Məmmədhüseyn Əliskəndər oğlunun, Hacı Əziz Məmmədhüseyn oğlunun, Hacıxan nağı oğlunun, Hacı Zülfüqar Məhəmməd oğlunun (məşhur balaban ifaçısı İzzətalı Zülfüqarovun ulu babası), Məhəmməd Məmmədhüseyn oğlunun (1880-1965)...) Qobustan qış otlağı massivində obaları Böyük Daş, Kiçik Daş, Xanalı, Qum, Uzundərə.. qışlaqlarında olmuşdur.
Sufiliyin ocağı olan Şamlı kənd camaatının məskunlaşdığı Xanalı qış otlaq yatağı (Duvannı qəsəbəsindən 7 km şimal-qərbə tərəf) əvvəllər nahiyənin Xıdırlı kənd tərəkəmlərinin (onların əski yurdları Qobustan rayonu, Cəyirli kəndinin 15 km cənub-qərb yönündə olub, yurd qalıqları və qəbirstanlıqları Bakı-Şamaxı avtomobil yolunun 110-cu km-də, sağ tərəfdə150-200 m aralıda qalmaqdadır) olmuşdur.
Qədim insan yaşayış məskənləri ətrafında Sufi yurdlarının yayılması özü də İlahi Mistik ruhun və Haqq hökmünün nəticəsi kimi qəbul oluna bilər.
Daimi yaşayış yeri kimi 1950-ci ilədək (bu tarixdən sonra tərəkəmə elatı-camaat Xanalı qışlağında məskunlaşıb) Şamlı-Muxtar kənd əhalisi aşağıdakı tayfalar üzrə şəcərə-soy kökünü yaşatmışlar: Hacı Əzizlilər, Mollalılar, Əlixanlılar, Xəlfə Kərimlilər...Pir Səid/Pir Seyid çayı sahilində.
Kəndin geniş məhsuldar əkin yerləri, bərəkətli örüşləri Yavanı Baba dağından Qara İman kəndinədək uzanırdı (10 km məsafədə). İrfani -Ruhani təriqət aşiqləri olan, Sufiliyin təbliğində bölgədə tanınan Ağasəlim Süleyman oğlunun (1800-1862), Hacı Allahverdi Əziz oğlunun (1818-1886), Sərxan Hacı Allahverdi oğlunun , Mehdi Kazım oğlunun (1830-1896), Mürşüd Baba oğlunun (1860-1930), Günəş Nadir oğlunun (1875-1942)...əski soylarının uyuduğu qəbirstanlıq Poladlı-Udulu yolu üstündə, Pir Seyid çayından 100 m aralıda yerləşmişdir.
Şamlı-Muxtar kəndinin dəfn ocaqlarında biri də Acıdərə boyundakı Şeyx Eyyub qəbirstanlığı olmuşdur.
Hazırda bu kəndin 10-15 yurdunun yeri qalmaqdadır, Pir Seyid çayının sol yatağı boyunca.
(ardı var)
R.S. Qərbi Azərbaycanda 1590-cı ildən məlum olan Şeyx Hacı kəndinin əhalisi 1918-ci ildə qətliam edilmiş, evlərinə Osmanlı Türkiyəsinin İqdır vilayətindən hay sürüsü yerləşdirilib, 1935-ci ildə kəndin adı-"Şqarşik" qoyulub, Qarakilsə nahiyəsinin Şıxlar/Şeyxlər kəndi-"Şaqat" adlanır.
R.S.S. Yazının hazırlanmasında həm də əslən Qobustan rayonu, Şamlı-Muxtar kənd sakini Qaroğlan İbrahimxəlil oğlu Hüseynovun (1942), Hacı Allahverdi Hacı oğlunun (1951) və Hacı Qaroğlan Həsən oğlu Həsənovun (1955) məlumatlarından istifadə edilib.
Qismət Yunusoğlu,
Bakı Dövlət
Universitetinin müəllimi
Olaylar.- 2022.- 25 noyabr-1 dekabr.- S.17.