Akademik İsa Həbibbəylinin “Xəmsə - XXI əsr
(ithaflar, iqtibaslar və
poetik dəyərləndirmələr)”
intellektual poeması
Azərbaycan
akademizm cərəyanının
manifesti kimi
Dahi Nizami Gəncəvinin "Xəmsə"si özündən sonra Azərbaycan və Şərq ədəbiyyatında yeni və özümlü bir ənənə yaratmışdır. Nizami Gəncəvinin xələfləri olan şairlər, nəzmi-ustadlar böyük mütəfəkkirin Xəmsə ənənəsini davam etdirməklə yanaşı, onun əsərlərindən gələn mövzu və süjetləri, arxetipləri zaman-zaman yeni qiyafədə təqdim etmiş, Nizami mövzularında yaza bilmək ustadlıq imtahanı hesab edilmişdir. Akademik İsa Həbibbəyli yazır: "İlk növbədə onu qeyd etmək lazımdır ki, Nizami Gəncəvi Şərq ədəbiyyatında, türk-müsəlman dünyasında "Xəmsə" ("beşlik") adlanan poemalar silsiləsinin əsasını qoymuşdur. Böyük ustad sənətkardan sonra "Xəmsə" yaratmaq Şərq ədəbiyyatında ənənəyə çevrilmiş, bir çox xalqların şairləri "Beşlik" poemalar dəsti yaratmışlar.". Orta əsrlərdən gələn bu ənənə XX və XXI əsrlərdə də davam etmişdir. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Nizami mövzuları kontekstində yaradılan bədii əsərləri aşağıdakı kimi qruplaşdırmaqla mövzunun işlənmə arealını və tezliyini əyaniləşdirə bilərik:
1. Çağdaş Azərbaycan ədəbiyyatında Nizami obraz və süjetlərinə əsaslanaraq yaradılan müasir nəzirə tipli əsərlər
2. Müstəqillik dövrü ədəbiyyatımızda arxetiplərin dekonstruksiyası tendensiyası fonunda Nizaminin arxetipik süjetlərinin postmodern kontekstdə təqdimi
3. Nizami mövzularına elmlə bədii təfəkkürün vəhdətində - akademizm cərəyanı kontekstində yanaşma.
Sonuncu bölgüyə daxil olan əsərlər XX əsr ədəbiyyatımızda element kimi mövcud olan akademizm cərəyanının XXI əsr ədəbiyyatımızda sərbəst cərəyana çevrilməyə başladığının faktiki təsdiqidir. Təsadüfi deyil ki, sovet dövründə "fizika lirika mübahisələri" adlandırılan fenomenin - bədii təfəkkürlə elmi təfəkkürün vəhdətinin son dövr ədəbiyyatımızda gücləndiyini müşahidə edən akademik İsa Həbibbəyli öz elmi fəaliyyətində bu cərəyanın tədqiqinə və ardıcıl izlənməsinə xüsusi diqqətlə yanaşır. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Fizika-lirika", "Ədəbiyyatşünaslıq plyus", "Qoşa qanad" layihələri, "Ədəbiyyatşünaslıq plyus" Yaradıcılıq Birliyi akademikin bu sahədə gördüyü fundamental işlərə bariz nümunədir. Unikal bir layihə olan, ədəbiyyatşünas alimlərin bədii yaradıcılığını işıqlandıran "Ədəbiyyatşünaslıq plyus" Yaradıcılıq Birliyi akademizm cərəyanının Azərbaycan ədəbiyyatşünaslığında inkişaf tendensiyalarının araşdırılması baxımından böyük önəm daşıyır.
Akademik İsa Həbibbəylinin akademizm cərəyanının tədqiqi ilə bağlı həyata keçirdiyi layihələr onu Azərbaycan akademizminin həm elmi tədqiqinin banisi, həm də bu cərəyanın yaradıcısı mövqeyində dayandığının bariz sübutudur. Onun bədii əsərləri alimin elmi baxışlarının bədii siqlətli ümumiləşdirmələridir. Akademik İsa Həbibbəylinin elmi yaradıcılığında Nizami Gəncəvi ilə bağlı tədqiqlər önəmli mövqeyə malikdir. Lakin akademikin böyük mütəfəkkirlə bağlı araşdırmaları yalnız elmi konktekstlə məhdudlaşmır. Akademik İsa Həbibbəylinin "Azərbaycan" jurnalının 2022-ci il 9-cu nömrəsində çap edilmiş "Xəmsə - XXI əsr (ithaflar, iqtibaslar və poetik dəyərləndirmələr)" intellektual poeması akademikin Nizami, ümumiyyətlə Xəmsə mövzusuna akademizm cərəyanı kontekstində baxışını özündə ehtiva edir. Qeyd etməliyik ki, ədəbiyyatımızda daha öncə bu mövzuda akademizm siqlətli bədii əsər olmamışdır.
"Xəmsə - XXI əsr (ithaflar, iqtibaslar və poetik dəyərləndirmələr)" intellektual poeması 20 hissədən ibarətdir. Klassik Xəmsə ənənənəsinə uyğun olaraq əsərin əvvəlində fəxriyyə və minacat verilmişdir. Lakin ənənədən fərqli olaraq fəxriyyə müəllifə deyil, dahi Nizami Gəncəviyə həsr edilmişdir. Nizami Gəncəvinin ünvanını "əbədi" olaraq qeyd edən alim onun Gəncə doğumlu, azərbaycanlı olduğunu bu poemada bir daha qeyd edərək möhürləyir. Klassik Xəmsədə minacat dini səciyyəli olsa da "Xəmsə - XXI əsr (ithaflar, iqtibaslar və poetik dəyərləndirmələr)" intellektual poemasında bu ənənə əsərin ideyasına uyğun dəyişdirilmişdir. Bu intellektual poemada minacat Xəmsəyə, özəlliklə Nizaminin yaratdığı Azərbaycan ruhlu Xəmsəyə ithaf olunur, onun müqəddəsliyini, toxunulmazlığını vurğulayır. "Sirlər xəzinəsi"nə qəsidə" bölümündən sonra akademik İsa Həbibbəyli "Sirlər xəzinələri" bölümündə müasir dünyanının geopolitik mənzərəsini təqdim edərək Nizaminin ideyalarının cari həyatın güzgüsündə necə təhrif olunduğuna diqqət çəkir:
Sirlәr xәzinәlәri
XX әsrdә NATO,
XXI әsrdә Vatikan.
Süni yaradılmış yeraltı tәkan.
Asiyada Çin sәddi,
İnsan zәkasının son hәddi.
Hindistanda
Tacmahal.
Kәşmirdә şal.
Avropada Saqrada de Famil
Әsil intellekt yaradan amil.
Nuh peyğәmbәrin gәmisi,
Әfqanıstanda xaş-xaş zәmisi.
"Sirlәr xәzinәsi" - Nizami Gәncәvinin mәnzum hekayәtlәr sülalәsi,
Möhtәşәm sәnәt xülasәsi.
Әdәbiyyatın әbәdiyyәt anı,
"Xәmsә"nin
proqramı.
İntellektual poemanın ən maraqlı bölümlərindən
biri "Elm haqqında
bir neçə söz - Eşqdən - elmə" adlı hissədir. Nizami Gəncəvinin "Xosrov
və Şirin" poemasındakı "Eşq
haqqında bir neçə söz" məsnəvisinə iqtibas
kimi qələmə alınan akademik-poetik nümunə akademizm cərəyanının mahiyyətini
mükəmməl şəkildə
ifadə edir. Enerji haqqında qanuna əsaslanaraq eşqin də heçdən yaranmadığını
və heç zaman itmədiyini deyən, məhəbbətə
ali abidə qoyan Nizaminin eşq adlandırdığı
məfhumun akademik İsa Həbibbəyli tərəfindən
məhz elmlə
əvəz edilməsi
yeni baxışdır. Eşqin ən ali növü,
ən təmənnasızı,
ən pakı və
ədəbi yaşarı
ELMdir:
Hәbibbәyli, elmdir dünyada işıq,
Qaranlıqdan yalnız elmlә çıxmışıq.
Elm ki, әbәdi Prometeydir,
Aqillәr üçün
elm susmayan neydir.
Elm haqda danışmaq düşüb әlimә,
Yaşasın alimlәr, eşq olsun elmә!
Fikrimizcə poemanın bu hissəsini Azərbaycan akademizminin himni kimi qəbul etmək olar.
"Xəmsə - XXI əsr (ithaflar, iqtibaslar və poetik dəyərləndirmələr)"
intellektual poeması Nizami obrazlarının, süjetlərinin yalnız
bədii sözdə və elmdə inikasının təzahürlərinin
əksi ilə məhdudlaşmır. "Nizami
Gəncəvinin obrazları
XXI əsrdə" adlı
bölümdə müasir
dövrün klassik irsə bəzən yaradıcı, bəzən
səthi istinadları
intellektual formatda bəzən heyrət, yeri gəlikcə də ironik şəkildə mətnə
gətirilmişdir. Beləliklə,
Akademik İsa Həbibbəyli Nizami Xəmsəsindən gələn
izlərin nəinki
elmin və sənətin müxtəlif sahələrində,
hətta cari həyatda belə necə transformasiyaya uğradığını göstərərək
mövzunun əhatə
dairəsini genişləndirir.
Lakin istənilən halda akademik mövzunun
bəzən klassik, bəzən də reinkarnativ şəkildə
davam etdiyini və edəcəyini vurğulayır:
"Xәmsә - XXI әsr" -
Nizami Gәncәvi sәnәtinә
Müasir
dövrün
İntellektual baxış ünvanı.
Nizami Gәncәvi - Sönmәz işıq
seli dastanı.
Ölmәz idealları yaşadır
Bu qüdrәtli insanı.
Böyük gәlәcәyә doğru
Әdәbi yol gedir Nizami.
Hәr yeni әsrlә,
Hәr gәlәn nәsillә
Yenidәn davam edir
NİZAMİ!...
Nizami və "Xəmsə"ni
tarixin dərinliklərindən
bu günə - XXI əsrə gətirərək
ona yeni həyat verən akademik klassik mətnin və mövzunun bazisində tam fərqli bir əsər meydana qoyur. Bütün bunları nəzərə
alaraq akademik İsa Həbibbəylinin "Xəmsə - XXI əsr (ithaflar, iqtibaslar və poetik dəyərləndirmələr)" intellektual poemasının Azərbaycan akademizm cərəyanının
manifesti olduğunu tam
əminliklə bəyan
edə bilərik.
Elnarə Qaragözova
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu
aparıcı elmi işçi,
fil.f.d.
Olaylar.- 2022.- 14-20 oktyabr.- S.16.