Heç bilənlə bilməyən bir olarmı...

 

Həyat təcrübəsini paylaşmağı sevən, tarixi ruhu ilə hiss edən, təhlil etdiyi hər bir tarixi-siyasi prosesdən hazırkı dövr üçün praktik nəticələr çıxarmağı bacaran, Azərbaycan tarixçiliyinin dünya səviyyəsində tanınan nadir təmsilçilərindəndir Musa Qasımlı. Bu il 65 illiyini qeyd etdiyimiz yubiliyarın həyatının beş ilini yaxından izləmək imkanım olub.  Bu beş il bəlkə də onu tanımaq üçün elə də böyük bir zaman deyil, lakin bu illər onun elmi fəaliyyəti haqqında bəhs etmək üçün SÖZümün formalaşmasından ötrü yetərli olub... Tanrının üzərinə and içdiyi SÖZ isə müqəddəsdir. Onu hər kəs barədə demək, hər kəs barədə yazmaq olmur. Mənim üçün haqqında SÖZ dediyim insan ya gerçəkdən öyrənən olmalıdır, ya da öyrədən. O isə 65 illik həyat yolunda həm dərindən öyrənib, həm də öyrədə bilib. Ən önəmlisi öyrətdiklərini üstünlük nümayiş etdirmək üçün deyil, elə öyrətmək üçün öyrədib.

 

Musa Qasımlının həcmcə kiçik, məzmunca isə çox dərin məqsədləri ehtiva edən "Beynəlxalq münasibətlərdə Azərbaycan məsələsi" kitabı universitetin ilk kursuna daxil olduğum zaman aldığım, axıcı dilinə heyran olduğum stolüstü kitablarımdandır. Əsərlərinin bir çoxunu hər kəs kimi daha əvvəldən oxusam da, onu ilk dəfə 2017-ci ildə Qafqazşünasların I Forumunda əyani görmək imkanım olub. O zaman dünyanın 10-a yaxın ölkəsindən gəlmiş onlarla tədqiqatçının hər birinin təqdim etdikləri məruzələri necə diqqətlə oxuması ilə məni təəccübləndirmişdi. Özümü təqdim etdikdən sonra elmi məruzəmin mövzusunu demiş və az qala hər abzası ilə bağlı fikirlərini ifadə etmişdi. Bu onun təkcə tariximizə, onları özündə əks etdirən mötbər qaynaqlara deyil, bu tarixlə bağlı yazılan hər bir sətirə olan həssas münasibətinin göstəricisi idi. Bu əsl ÖYRƏNƏNLƏRİN xüsusiyyətidir.

 

Sonralar rəhbərlik etdiyi müəssisədə çalışmaq məqsədi ilə daim hər kəsin üzünə açıq olan qapıdan daxil olduğum zaman dediyi cümlə isə əbədi yaddaşıma həkk olunub: "Bütün elmi dərəcə və titullarımızı kənara qoyub açıq müzakirə aparacaq və bir-birimizi sağlam tənqid edəcəyik." Bu iki məqamı göstərirdi: bilgisindən əminlik və qarşısındakı insanın fikrinə hörmət.  Bu əsl ÖYRƏDƏNLƏRİN xüsusiyyətidir.

Elm məmurluğu sevmir. Orada əlahəzrət olan sadəcə faktlardır, şərhlər isə xaraktercə demokratikdir, müstəqildir. Bu illər ərzində professor Musa Qasımlıda müşahidə etdiyim ən mühüm xüsusiyyətlərdən biri məhz budur: elmi faktlara əlahəzrət kimi yanaşır, şərhlərində isə müstəqildir. Yetişdirdiyi gənclərə də fikrimcə öyrətmək istədiyi başlıca prinsip budur.

ABŞ, Argentina, Türkiyə, Böyük Britaniya, Almaniya, Rusiya, Ukrayna, Polşa, Rumıniya, Qazaxıstan, Makedoniya, Moldova, Gürcüstan, İran, Kipr, Çexiya Respublikası və b. ölkələrdə Azərbaycan tarixinin indiyədək araşdırılmayan problemlərinə həsr olunmuş irihəcmli 15 monoqrafiyanın və nüfuzlu jurnallarda 80-dən çox elmi məqalənin müəllifi olan Musa Qasımlının əsərlərini təhlil etməkdən uzağam. Buna bir yazı yetməz. Təkcə 1985-2021-ci illərdə Orlando, San-Fransisko, Los-Anceles (ABŞ), Plovdiv (Bolqarıstan), Krakov,Varşava (Polşa), Bilkent, İstanbul, Ankara, Elazığ, Ərzurum, İqdır, Ardahan, Trabzon, İzmir, Ədirnə, Bandırma, Əskişəhər, Uşak, Bitlis, Malatya, Kayseri, Kahramanmaraş, Giresun, Bayburt, Antalya, Alanya (Türkiyə), Moskva, Yekaterinburq, Nijni Novqorod, Rostov-Don, Qroznı (Rusiya), Tiflis, Batum (Gürcüstan), Qazimaqosa, Lefkoşa, Girne (Kipr), Tehran, Təbriz (İran), Vilnüs (Litva), Odessa, Kiyev (Ukrayna), Türküstan, Astana (Qazaxıstan), Tallin (Estoniya), Amsterdam (Hollandiya), Frankfurt, Köln, Berlin, Dortmund, Bielefald, Hamburq (Almaniya), Skopye (Şimali Makedoniya), Vyana (Avstriya), Budapeşt (Macarıstan) kimi şəhərlərdə keçirilən 60-dan artıq beynəlxalq elmi konfranslarda məruzələr edən görkəmli alim Azərbaycan elminin dünya səviyyəsinə çıxması üçün var gücü ilə çalışmış və bunu bacarmışdır. Bu il Türkiyə Cümhuriyyətinin Ankara şəhərində keçirilən XIX Türk Tarix Konqresinin bağlanış və dəyərləndirmə mərasimində baş verənlər isə M.Qasımlının dünya alimləri arasında nüfuzunun daha bir göstəricisi oldu. ABŞ-dan Əlcəzairə, Pakistandan Kiprə qədər ən müxtəlif ölkələrin görkəmli alimlərinin iştirak etdiyi mərasimdə dəyərləndirmə heyətinə Azərbaycandan və dünyadan daxil edilmiş yeganə xarici ölkə alimi Musa Qasımlı idi.

O ictimai elmlər sahəsində ölkədən kənarda əsərlərinə ən çox istinad edilən müəlliflərdəndir. Müasir dünya elmində trendlərdən xəbərdar olanlar bilirlər ki, hazırda alimlərin fəaliyyəti yazdığı əsərlərin sayına görə deyil, bu əsərlərə olan istinadların sayına görə qiymətləndirilir. Yəni yazılan onlarla əsərinizə heç bir istinad yoxdursa, deməli o nə dünyada, nə də ölkədə heç kimə lazım deyildir. Musa Qasımlının əsərlərinə təkcə Google Scholar platformasının avtomatik sistemlə aşkarladığı xarici ölkələrdən olan istinadların sayı 300-ə yaxındır. "Bakının xilası uğrunda türk diplomatiyasının mübarizəsi: 1918-ci il" adlı sadəcə bir məqaləsinə 20-dən artıq istinad almaq, həm də bunu ictimai elmlər sahəsində etmək dünya elminin trendlərini bilənlər üçün yetərlidir. Bir daha vurğulamaq lazımdır ki, bu sadəcə avtomatik sistemin aşkara çıxara bildiyi və xarici ölkələrin alimlərinin etdiyi istinadlardır. Ölkəmizdəki tədqiqatçılar tərəfindən müəllifin əsərlərinə istinadların sayı isə yüzlərlədir. Academia.edu platforması üzərindən Musa Qasımlının əsərlərini oxuyan və bu əsərlərdən faydalanan daimi istifadəçi - alim və tədqiqatçılar dünyanın 49 ölkəsini təmsil edirlər.  

Görkəmli alim ABŞ-da fəaliyyət göstərən Orta Şərq Araşdırmaları Assosiasiyasının (Arizona Universiteti), Mərkəzi Avrasiya Araşdırmaları Cəmiyyətinin (Harvard Universiteti), Orta Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin (Türkiyə) üzvüdür. "Romanian Euroasian Studies" (Rumıniya), "Qafqaz və Mərkəzi Asiya araşdırmaları", "Turan SAM", "Türk bilimi", "Atatürk yolu" (Türkiyə), "Qafqaz və dünya " (Gürcüstan), "Avropa tarixi tədqiqatları" (Kiyev, Ukrayna) və bir sıra digər beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür.

Musa Qasımlı həm də ölkəmizə dünyanın müxtəlif ölkələrindən olan elm adamlarını qazandıran alimdir. ABŞ, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Qazaxıstan, Türkiyədən olan neçə-neçə görkəmli alimlərin Qafqaz, onun tarixi, geosiyasəti ilə bağlı mövzuları tədqiq edərkən məhz həmvətənimiz olan bir alimlə məsləhələşdiyini, ondan kömək gözlədiyini görmək qürurvericidir. Bəzi hallarda Azərbaycanın haqlı mövqeyini müdafiə edən elmi əsərlər yazdıqlarına görə həmin ölkələrdəki erməni terror-siyasi təşkilatlarının təzyiqlərinə məruz qalan bu alimlərin tutduqları yolda ardıcıl olmaları üçün görkəmli alim əlindəki bütün imkanlardan istifadə edir

Onun öyrətdiklərindən - davamçılarından da tələb etdiyi budur. Yaxından tanıyanlar Musa Qasımlının gülümsəyərək dediyi bir cümləni yəqin ki, eşidiblər: "Əsərlərinizi Biləcəri standartlarına görə yox, dünya standartlarına görə yazın". Əslində ölkədə ictimai və humanitar elmlərin aktual problemlərinə diqqət yetirdikdə onları aradan qaldırmağın qızıl qaydasının bu sadə cümlədə gizləndiyini görmək olar. Uzun illər ərzində faktın, dərin təhlilin yerini pafosun aldığı əsərlərin ölkə hüdudlarından kənara çıxmamasının başlıca səbəbi budur. Bəzən bunu guya milli mövqeyi müdafiə edən əsərlər yazması ilə əsaslandırmağa çalışanlar da var. Lakin qaynaq-fakt-metodologiya-təhlil-tənqidi təhlil-nəticə düsturu düzgün şəkildə tətbiq olunduqda adətən maneələri aşmaq olur. Milli mövqedən söz düşmüşkən, Musa Qasımlının tariximizə dair yazdığı əsərlərində millətimizin və dövlətimizin mənafeləri boş pafosla deyil, elmi dəlillərlə müdafiə olunur. Müəllifin "Heydər Əliyev-istiqlala gedən yol. 1969-1987-ci illər", "Azərbaycan parlamentarizmi tarixi" (2 cilddə. kollektiv) və "Azərbaycan Respublikasının tarixi (1991-2021)" əsərlərini oxuyan istənilən obyektiv oxucu etiraf edər ki, Musa Qasımlı siyasi tarixin yazılması sahəsində ölkədə ən peşəkar və parlaq qələm sahiblərindən biridir.

Xüsusən sonuncu iki əsərin yazılması prosesi gözlərimin qarşısında olub. Günlərlə arxivlərdə çalışmalar, əllərində çoxsaylı sənədlər, saatlarla faktlar üzərində müqayisəli təhlillər, nöqtəsinə və vergülünə qədər dəfələrlə oxunulan mətnlər, elmi həqiqətin aşkarlanması üçün məsələlərə yenidən qayıdış, bəzən hər kəsdən öncə günə başlayıb, hər kəsdən sonra işini bitirmək onu xarakterizə edən elmi işgüzarlıq keyfiyyətlərdir. Elmi dövriyyəyə gətirdiyi çoxsaylı mötəbər arxiv sənədlərinin sayını bilmək üçün yazdığı əsərlərinə diqqət yetirmək yetərlidir. Musa Qasımlı o sənədlərlə ünsiyyətdə olduqca, tarixin özünə toxunduqca həm mükəmməl bir tarixçiyə, həm də tarixə çevrilib.

Tarix, xüsusən siyasi tarix ictimai elmdir. Əgər söhbət canlı şahidlərin yaşadığı dövrlərin yazılmasından gedirsə bu ikiqat çətinlik doğurur. Musa Qasımlı Azərbaycanın müstəqilliyini əldə etməsindən ötən 30 illik müddətdə bu illərin tarixini sənədlər əsasında yazan, ikicildlik dərinməzmunlu "Azərbaycan Respublikasının tarixi (1991-2021)" əsərini ortaya qoyan tarixçidir. 8 ölkənin, ən müxtəlif beynəlxalq təşkilatlarından əldə etdiyi tarixi sənədlər əsasında belə bir əsər yazmaq məhz ona müyəssər olub. Azərbaycan Respublikasının son 30 ildə keçdiyi tarixi yolun tədqiqi və yazılması  asan deyil. Burada iki anlayış var: tədqiq etmək və yazmaq. İlk baxışdan bunlar məzmunca eyni anlayış kimi görünsələr də, yaşanan dövrün tarixi yazılarkən məna fərqləri çox aydın şəkildə ortaya çıxır. Tədqiqat prosesi peşəkar tarixçidən ən müxtəlif çeşidli minlərlə mənbəni sistemləşdirmək, onların içərisindən ən vaciblərini seçmək ustalığı, fakt və informasiyaların qarışıqlığında həqiqətin üzə çıxarılması üçün dəfələrlə başlanğıc nöqtəyə qayıtma səbri tələb edir.

Müstəqillik tarixini yazmaq isə daha çətindir. Bunun üçün müstəqilliyə münasibət, dövlətçiliyə münasibət və yazdığının konsepsiyasını düzgün müəyyənləşdirmək çox önəmlidir.  Bunun üçün tarixlə bağlı bütün suallara təkcə keçmiş zamanda deyil, həm də indiki və gələcək zamanda cavab vermək lazımdır. Müstəqil dövlətçilik tarixi yazmaq tarixçidən təkcə tarixi faktlara deyil, müstəqilliyin fəlsəfəsinə bələd olmağı tələb edir. Çünki müstəqillik tarixi sadəcə nə zamansa yaşananların xronoloji ardıcıllıqla sıralanması deyil. Bu həm də millətə dünəni ilə bu günü arasındakı fərqi izah edən dərsdir. Bu dərs isə o zaman faydalı olur ki, keçmişdə baş verənlər əfsanələr, uydurmalar və təxəyyül məhsulları əsasında deyil, reallıqlar, real tarixi faktlar, sənədlər əsasında təhlil və izah edilir. Bu baxış bucağından yanaşdıqda tarix bir elm olaraq iddia etməkdən daha çox sübut etməkdir. İddia etdiklərinin arxasında dəlil dayanmırsa, o fikri nə qədər pafosla ifadə edirsən et, o zamanın sınağından çıxmayacaq. Bu əsəri fərqləndirən ən böyük xüsusiyyət ondan ibarətdir ki, orada quru xronoloji təsvirçiliyə yol verilməyib, müstəqillik dövründə dövlətimizin qarşısında duran vəzifələr və onların necə yerinə yetirilməsi prosesləri konseptual şəkildə izah olunub.

Dəfələrlə tariximizin mübahisələndirilən müxtəlif kritik məqamlarına Musa Qasımlı yanaşmasının necə olacağını müşahidə etməyə çalışmışam. Maraqlı bir üslubu kəşf etmişəm. Belə məqamlarda o müəllif olaraq özü danışmır, arxiv sənədləri, mötəbər qaynaqlar əsasında proseslərin iştirakçılarının özlərini danışdırır. Həqiqəti proses iştirakçılarının öz fikirləri ilə əks etdirir. Belə metodologiya oxucuda müəllifin subyektivliyi hissini ortadan qaldırır.

Musa Qasımlı müasir mərhələdə Azərbaycan elmində Qafqazşünaslıq məktəbini formalaşdıran, onun yeni elmi istiqamətlərini müəyyənləşdirən və gəncləri o elmi problemlərin tədqiqinə yönəldən ziyalılardadır. Son illərdə AMEA Qafqazşünaslıq İnstitutunda onun rəhbərliyi və həmmüəllifliyi ilə yazılan "Gürcüstanda erməni təşkilatlarının fəaliyyəti (XIX əsr - XXI əsrin əvvəlləri)", "Ermənistan İsrail dövlətinin Cənubi Qafqaz siyasətində" adlı kitablar Qafqazşünaslıqda yeni istiqamətlər açır. 12 fəsildən ibarət olan "Gürcüstanda erməni təşkilatlarının fəaliyyəti (XIX əsr - XXI əsrin əvvəlləri)" adlı kitabda Gürcüstana ermənilərin məqsədyönlü şəkildə köçürülməsi, yarandığı dövrdən XXI əsrin əvvəllərinədək erməni təşkilatlarının fəaliyyətləri, onların Gürcüstan ərazisindəki tarixi, maddi-mədəni abidələri mənimsəmək, ərazi iddiaları cəhdləri və başqa məsələlər müxtəlif ölkələrin mötəbər arxiv mənbələri, təkzibedilməz fakt və materialları əsasında tədqiq edilib. 5 fəsildən ibarət olan "Ermənistan İsrail Dövlətinin Cənubi Qafqaz siyasətində" adlı əsərdə isə ilk dəfə olaraq İsrail Dövlətinin Cənubi Qafqaz siyasətində Ermənistanın yeri, iki dövlət arasında siyasi münasibətlərin vəziyyəti, Ermənistandakı yəhudi, İsraildəki erməni icmalarının qarşılıqlı münasibətlərə təsiri, Ermənistanda antisemitizm, İsrail əleyhinə mübarizə aparan zorakı qeyri-dövlət aktorları ilə Ermənistanın və erməni təşkilatlarının əlaqələri, Ermənistanın və erməni təşkilatlarının İsrailin Azərbaycan və Türkiyə ilə münasibətlərini pozmaq istiqamətində fəaliyyət üsulları və b. məsələlər mümkün fakt və materiallar əsasında araşdırılıb.

Ziyalı həm də özündən sonra gələnlərin yoluna işıq saçan deməkdir. O, məhz bunu edir, əsassız bəhanələrlə ardınca gələn gənc nəslin yolunu kəsmir və onları yubatmır. Çünki o uğura ac deyil. Öz zəhməti, göz nuru, dərin analitikası hesabına elmin zirvəsinə doğru irəliyib və gənc nəsilə nümunə olacaq bir elm yolu keçib. 35 yaşında doktorluq dissertasiyası müdafiə edərək ölkədə ən gənc tarix elmləri doktoru olub. Doğulduğu rayondan çıxan ilk tarix elmləri doktoru, professor və AMEA-nın müxbir üzvüdür. Azərbaycan Respublikasının ən ali mükafatlarından biri olan "Şöhrət" ordeni ilə təltif olunub. Professor Musa Qasımlının rəhbərliyi altında 18 nəfər namizədlik, 3 nəfər doktorluq dissertasiyası işini müdafiə etmişdir.

Musa Qasımlı Qafqaz evinin çağırılmamış qonaqları olan ermənilərin saxta tarix yaradıcılığı ilə məşğul olan müəlliflərinin əsassız şəkildə ən çox tənqid etdiyi tarixçilərimizdəndir. Adətən görkəmli alimin apardığı təhlillərə, ortaya qoyduğu faktlara elmi dəlillərlə cavab verə bilməyən erməni "tədqiqatçı"ları elmi etikaya zidd olan siyasi cığallığa əl ataraq bəzi ifadələr işlədirlər. Musa Qasımlının ortaya qoyduğu elmi faktlar qarşısında təkrarladıqları isə budur: o, öz Prezidentinin, öz dövlətinin tapşırıqlarını yerinə yetirir. Elə ən gözəli də bu deyilmi?! Düşmənin səni öz dövlətinə xidmət etməkdə ittiham etməsi. Əgər elmi metodologiya əsasında yazdığın əsərlər düşmənləri qıcıqlandırırsa, onlar tərəfindən əks-dəlillərlə təkzib oluna bilmirsə, bu elm sənin millətinin və dövlətinin mənafelərinə xidmət edirsə demək ki, həm alim, həm də vətəndaş olaraq məqsədinə çatmısan. Bunun üçün isə bilmək lazımdır. Tariximizi ən azından AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı kimi bilmək! Məşhur kəlamda deyildiyi kimi, heç bilənlə bilməyən bir ola bilərmi?! 65 yaşın mübarək olsun Ustad!

 

Elnur Kəlbizadə

Tarix üzrə fəlsəfə doktoru, dosent

 

Olaylar.- 2022.- 21-27 oktyabr.- S.14.