Sim üstə əriyən mizrab

 

Xalq artisti, professor Vamiq Məmmədəliyev dünyasına səyahət

 

Muğam dünyasına səyahət insanı ucsuz-bucaqsız, hüdudsuz ənginliklərə aparıb çıxarır. Qəlbin asimanında pərvazlanırsan, duyğular dənizində üfüqlər səni ahənrüba kimi özünə çəkir... Yol uzandıqca "Çahargah"ın şimşək çaxışında, "Segah"ın ilğımlı səhrasında, "Rast"da rastına çıxan sözlərin sehrində, "Şüştər"in kədər yağışında... arınıb durulursan, səsdə ləpələnən sözlər ruhuna sığal çəkir.

Belə bir səyahəti kim arzulamaz? Harda səs var, səda var, insan oğlu ora doğru can atır. Bizim getdiyimiz məkanda, Kürdəxanıda bir sənətkar yaşayır. Ötən əsrin 50-ci, 60-cı illərində kənd klubunun tar dərnəyindən başlanan yol onu Ustad məqamına gətirib çıxarıb. Bu bəstəboy oğlanın gələcəyin məşhur tarzəni olacağı, şöhrəti ölkələr dolaşacağı o vaxt heç kəsin ağlına gəlməzdi. Onun tara, muğama olan tükənməz, intəhasız sevgisi ötəri bir həvəs deyildi, içində bir bulaq qaynayırdı, o bulaq barmaqlarına doğru axırdı, hər dəfə mizrabı tarın simlərinə toxunduranda özünü xoşbəxt hiss edirdi. Sinəsində ikinci ürəyə dönmüşdü tar... Bu ürək əlindən tutub onu əvvəlcə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna, daha sonra isə Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxartdı. O, Bəhram Mansurov, Əhməd Bakıxanov, Hacı Məmmədov kimi görkəmli tarzənlərdən dərs aldı. Zaman gəldi, müəllimlərini əvəz etdi, özü də müəllim oldu. Uzun illər Bakı Musiqi Akademiyasında baş müəllim kimi çalışan Vamiq Məmmədəliyev hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində  musiqi sənəti fakultəsinin dekanı kimi fəaliyyət göstərir. 76 yaşında olduqca qıvraq görünür. Onu cavan saxlayan zəhmət və sevgi dünyanı və özünü dərk edən gündən yol yoldaşı olub. Vamiq - aşiq, vurğun deməkdir. O, bu sənətin vurğunu, aşiqi olmasaydı, bu gün Vamiq Məmmədəliyev olmayacaqdı. Bütün həyatını tara həsr edən Vamiq müəllimə tar da az şey verməyib - xalq sevgisi, hörmət və şöhrət tarın ona bəşx etdikləridir. Onun daxilindən gələn sadəlik və səmimiyyət imkan verməyib ki, məşhurluq və şöhrətdən başı gicəllənsin. Həyatının ritmini lap yeniyetməlik illərindən necə tutmuşdusa, bu gün də həmin ritmlə ömür və sənət yolunda addımlayır.

Muğam irsimizin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı və texnika elmləri doktoru Turan İbrahimovla birlikdə yayın son günlərində Vamiq müəllimin adı dillərdə dolaşan əfsanəvi bağına yollandıq. Bizi mehmannəvazlıqla qarşıladı, quyudan çıxan sərin suyu üzümüzə çəkincə şəhərin canımıza hopmuş bürküsü bizi tərk etdi. Mütəvazi görkəmli həyətin bir küncündə qalaqlanmış odunlar, su dolu daş axur, külafirəngi, sıra ilə düzülmüş yeddi otağın mistik aurası diqqətimizi çəkdi. Talvarın yuxarı başında Vamiq müəllimin uzun illərdən bəri topladığı eksponatlar səliqə ilə düzülüb: satıl, güyüm, sərnic, teşt, ləyən, sini, cəhrə... Bu görüntülər bizi xəyalən qədimliyə doğru çəkib aparır.

-Gündə bir neçə dəfə bu daş axuru suyla doldururam ki, quşlar su içsin, - deyir.

Çox güman ki, quşların cəh-cəhi onun yaradıcı dünyasına rəng qatır, daim hər yerdə ahəng axtaran sənətkar bu harmoniyanı təbiətdə axtarır. Ağacların budaqlarında dolaşan quşları müşahidə etdiyimizi görüb: - quşlar təbiətin sanitarlarıdır, - deyir.

Bir gün öncə Gülhüseyn müəllim görüş vaxtını müəyyənləşdirmək üçün Vamiq müəllimə zəng edəndə zarafatla: Yaxşı, nahardan əvvəl gələk, ya sonra? - deyə soruşmuşdu. Vamiq müəllim arif adamdır, "nahardan əvvəl gəlin" - dedi. Xeyli gülüşdük.

Ağ şanı, qara şanı, əncir, müxtəlif meyvələr süfrəni bəzəyir. O, danışdıqca düşünürəm ki, bu evdə kimlər olmayıb?! Ustad xanəndələr, musiqiçilər, alimlər, söz adamları... Özü demiş, evi həmişə qonaq-qaralı olub. Qonaq sarıdan da son dərəcə zəngin adamdır.

Söz sözü çəkir. Ustad tarzən öz sələflərini xatırlayır, Qurban Pirimovla ünsiyyətindən, Hacıbaba Hüseynovla, Arif Babayevlə, digər sənət dostlarıyla birlikdə iştirak etdiyi məclislərdən dürlü-dürlü, maraqlı əhvalatlar danışır. Turan İbrahmov bu söhbətləri videolentə köçürür. Əlbəttə, bu ələdüşməz fürsəti heç vəchlə qaçırmaq olmaz. Kim bilir, bir də bu sənət ocağına nə vaxt yolumuz düşəcək? Elə gəlmişkən, bu söhbətləri yaddaşa köçürmək lazımdır.

Gülhüseyn müəllim məşhur Şuşalı xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında yazdığı kitabın detallarını danışır. Məşədi Məhəmmədin lent yazılarını dinləyirik. Vamiq müəllim xanəndənin zəngulələrinə heyrətini gizlətmir.

-O məşhur əhvalatı bilirsiniz də. Gəncədə Bağbanlar kəndində toy var imiş. Bu toyda Məşədi Məhəmmədlə Cabbar bir yerdə imişlər. Cabbar Məşədi Məhəmmədə nəsə deyir. Məşədi Məhəmməd də özündən çıxır, deyir ki, məni əsəbiləşdirməyin, hamınızı qataram zənguləmin qabağına, düz vağzala qədər qovaram.

Xanəndə Musa Şuşinski bu söhbətin canlı şahidi olmuşdu və onu xatirələrində qələmə almışdı. Bu və digər zəngin məlumatlar Gülhüseyn müəllimin kitabında yer alır. Haşiyə çıxaraq qeyd edim ki, onun Məşədi Məhəmməd Fərzəliyevlə bağlı tədqiqatları bir sıra qiymətli sənədlərin, səs yazılarının üzə çıxmasına səbəb oldu. Elə Vamiq müəllimlə görüşümüzün əsas səbəbi də Məşədi Məhəmməd Fərzəliyev haqqında yazılan kitab üçün onun da fikirlərini almaq idi. Amma Məşədi Məhəmməd Fərzəliyevdən danışarkən, o dövrün ad-san qazanmış məşhur xanəndə və sazəndələrini xatırlamamaq qeyri-mümkündür. Onların böyük əksəriyyəti Xarrat Qulu məktəbini keçmişdilər Azərbaycan muğamını öz çiyinlərində XX əsrə daşımışdılar. XX əsrdə Seyid Şuşinski, Xan Şuşinski kimi korifey sənətkarlar o əsrlə bu əsr arasında körpü oldular, yeni xanəndələr nəsli yetişdirdilər. Bu proses isə Vamiq Məmmədəliyevin gözləri qarşısında baş verib.

El məclislərində bəzən Vamiq müəllim xanəndələrə "Rast", "Şüştər", "Humayun" oxudarmış. Xanəndə də elə zənn edərmiş ki, bunu camaat sifariş verib, oxuyarmışlar. Amma biləndə ki, Vamiq müəllim bunu özündən deyib, əsəbiləşər, "sən bizi havayı oxudursan" - deyərmişlər. Vamiq müəllim onda belə cavab verərmiş:

-Əsla! Mən sizi havayı oxutmuram, sizi xalqa sevdirirəm, bununla xalq sevgisi qazanırsınız.

Əlbəttə, Vamiq müəllim bu fəndi işlətməklə xanəndənin nüfuzunu artırır, səsinin imkanlarından qədərincə istifadə etməsi üçün şərait yaradırdı. Deyir ki, müğam üçlüyü məclisin yuxarı başında əyləşir, bütün məclisin diqqəti onlarda olur. Buna görə, xanəndə də, tarzən də, kamança ifaçısı da oturuşuna, duruşuna, hər bir hərəkətinə diqqət yetirməlidir. Bizə camaat baxır, bu məsuliyyəti dərk etmək lazımdır.

Danışır ki, bir məclisdə Zülfü Adıgözəlov "Çahargah" oxuyurdu, Seyid isə əsasına dirsəklənib mürgüləyirdi. Qəfildən necə oldusa, Seyid qavalı Zülfünün əlindən alıb "Çahargah"ın mayesində "Bali-Kəbutər" oxumağa başladı. Zülfü eləcə bunu deyə bildi: Cəddinə qurban olum, ay Seyid!

Seyid qavalı havaya atıb məharətlə tutdu və zənguləsi ilə məclisi tez bir zamanda sehrlədi. O qədər belə hadisələrin şahidi olmuşam ki! Demək olar ki, bütün ustad xanəndələri müşayiət etmişəm. Mən görməmişəm, amma deyirlər ki, Qurban Pirimovun biləyi o qədər qüvvətli imiş ki, biləyinə daş bağlayırmışlar ki, qolunun nə qədər qüvvətli olduğunu görsünlər.

Vamiq müəllimin doyulmaz söhbətləri, gerçəklərə sadiq qalan yaddaşı həm də muğam tariximizin son dərəcə qiymətli xəzinəsinin bir parçasıdır.

Çay süfrəsi arxasında tarı kökləyib bizə "Xaric Segah" çalır. "Xaric Segah"a həm də "Yetim Segah" deyirlər. Şair dostum Arif Fərzəlinin misraları yadıma düşür:

 

Bir qaçıb obaya hay sal, ay uşaq,

Dədəsi tapılıb Yetim Segahın.

 

Ölməz bəstəkarımız Cahangir Cahangirovun "Ana"sıyla tamamlayır "Yetim Segah"ı. Yetimliyin acısını ana qədər ovuda bilən kim ola bilər?! Tarın simlərindən qopan yanğı hər kəsin ürəyinə od salır. Vamiq müəllim sanki rəssam kimi səslə tablo çəkir. Bu, sənətin möcüzəsi deyilmi?! Səs xəyalda görüntü yaradır, duyğularımızı anasızlığın həsrətinə kökləyir. Bu masa arxasında oturanların hamısı anasızdır. Hər birimizı xəyalən analı dünyamıza aparan bu çalğı tədricən yenə bu məclisə qaytarır. Mizrab sanki sim üstə əriyir, tar ustadın sinəsində silkələnib toxtayır.

Çöldə gilavar xəzriylə əvəz olunur. Vamiq müəllim siqaretini alışdırıb fikrə gedir. Handan-hana dillənir:

-Xəzri gələndə belə deyərlər: gəldi Xəzri, ver nəziri.

Bu həyətdə sanki ağaclar da muğam havasıyla qidalanır. Əncirin, tutun, üzümün dadında da muğam dadı var. Vamiq müəllim bizi antikvar əşyaların qorunduğu otağa aparır. Son dərəcə qiymətli qrammafon valları, xarici ölkələrdən gətirdiyi müxtəlif musiqi alətləri, suvenirlər... Sanki ötən əsrin əvvəllərinə səyahət edirsən. Qədimi patefonda Sara Qədimovanın uzaq 50-ci illərdən havalanan səsi insanı qəribə, izaholunmaz duyğulara kökləyir. Biz sanki sehrli faytona minib yüz il əvvələ səhayətə çıxmışıq. Vudi Allenin "Parisdə gecəyarı" filmini yəqin ki, çoxları xatırlayır. Gənc bir yazıçı antikvar faytona minib bir əsr əvvələ yollanır və orda sevdiyi yazıçılarla görüşür. Eyni təəssüratı yaşadıq.

Vamiq Məmmədəliyevlə görüşümüz yaddaşımızda dərin iz buraxdı. Ustada uzun ömür, can sağlığı arzulayıb şəhərə qayıdırıq. İçimdə hələ də "Yetim Segah" səslənir. Öz-özümə pıçıldayıram:

Bir qaçıb obaya hay sal, ay uşaq,

Dədəsi tapılıb Yetim Segahın...

 

Kənan Hacı

 

Olaylar.- 2022.- 2-8 sentyabr.- S.19.