“Kitabi-Dədə
Qorqud” dastanında
Qərbi Azərbaycanın təbiəti...
IV boy-“Qazan bəyin oğlu Uruz bəyin
dustaq olması” hekayətinin coğrafi məkanı...
Dastan boylarında nəql edilən hadisələrin coğrafi məkanı, təsvir edilən təbii-landşaft strukturlarının mənzərəsi və tərkibi təkcə Qərbi Azərbaycan hüdudları ilə kifayətlənmir, "Aşıq-Ozan dili yüyürək olar" deyib Dədə Qorqud, ona görə də VII-X əsr tarixi olaylar Bütöv Azərbaycan sərhədlərini əhatə etmişdir ki, beynəlxalq sivilizasiya mərkəzi olduğu üçün eyni toponimlərə hazırda nəinki əski-müasir Vətənimizdə, hətta Türk-Müsəlman dünyasının başqa ölkələrində də rast gəlinir.
"Qazan bəyin oğlu Uruz bəyin dustaq olması" boyunda olduğu kimi digər boylarda da (eləcə də əvvəlkilərdə) tarixi-coğrafi hadisələrin məkanı kimi Bütöv Azərbaycan və onun ayrı-ayrı bölgələri təsvir edilmişdir, Qalın Oğuz, İç Oğuz, Dış Oğuz, Dərbənd, Borçalı...ellərinin milli-etnoqrafik mədəniyyət irs nümunələri, yurd-ocaq guşələri, düşərgələri doğma dildə səslənmiş, yazılmışdır. Əsas amil müxtəlif mənşəli toponimlərimizin indi də yaddaş saxlancımızda, coğrafi yer adlarımızın timsalında qalmasıdır. Sanki, hadisələrin əhatəli şəkildə şərhi ilk növbədə tarixi-coğrafi məlumatların unudulmaması, elmiliyinin sübutu üçün yazıya alınmışdır, epik salnamə formasında.
Bir cəhətə diqqət yetirmək olar ki, Dastanın demək olar ki, bütün boylarında ov səhnələri Oğuz igidlərinin süvari-atlı dəstə səfərləri-gəzintiləri barədə danışılarkən, "qatar-qatar dəvə" sıralarının, "bədəvi atların, qonur atların", "ayğır ilxıları"n, vəhşi heyvan sürüləri sırasında erkək dağ maralları-sığınların, eləcə də keyiklərin da adı şəkilir. Sonralar el-oba inanclarında maral-sığın-keyik sürüləri, onların oylaqları həm də totem səviyyəsində sakral dəyərlər qazanmışdır (müqəddəs ocaqlara sığınmağa və ya su içməyə gələn marallar, ceyranlar, cüyürlər haqqında xeyli deyimlər söylənilmişdir).
Qərbi Azərbaycanın Dağ Borçalı mahalının cənubunda enlik istiqamətində uzanan Pəmbək dağlıq silsiləsinin (Taclar zirvəsi, 3101 m) şimal qurşağındakı Maraldağ zirvəsinin (2085 m) yamacları boyunca axan xırda çaylar Pəmbək çayının sol qollarını əmələ gətirir. Bu zirvə Hamamlı nahiyəsinin Çotur kəndindən 7-8 km qərbdə ucalır, dağ çaylarının dərin dərələri ilə parçalanmışdır və həmin müqəddəs inanca, eləcə də zoo-teotoponimə bir nişanədir. Bu mənada digər bir nümunə.
Alagöz dağından (4090 m) cənuba, meridian istiqamətində 15 km uzanan Qaraqatar dağının qərb ətəklərində (3258 m) Ziyarət gölü (Qaragöl) yerləşir.
Vedibasar bölgəsinin "Milli dərə hövzəsində", Vedi nahiyəsində, Dəvəgözü çayı sahilində yerləşən Bayburt kəndi "Bəylərin yığnaq kəndi (Oğuz bəylərinin-Q.Y.)" mənasındadır. Bu kəndin ətrafında Qaradağ, İlanlıdağ...dağları yerləşir ki, "Dədə-Qorqud" dastanının əksər söyləmələrində bu orotoponimlərin adları çəkilir.
Belə ki, Boyda adı çəkilən Ulaş oğlu Qazan bəylə, onun şəcərə ocağının soyu ilə bağlı yurd-ocaqlarımıza Aran Borçalı mahalının Sarvan nahiyəsində Ulaşlı kəndi, Qarabağ iqtisadi rayonu ərazisində Qubadlı rayonunun Ulaşlı kəndi, Göyçay rayonu ərazisində Ulaşlı Şıxlı kəndi...əski dövr tariximizin həm də yazılı mənbələridir.
VII əsrdə İtil (Volqa) çayı boyunca mövcud olmuş Bulqar dövlətinin Ulaş şəhəri mövcud olmuşdur.
Dastanda yer alan təxəllüslər, şəcərə-soy ünvanı, yer adlarımız Azərbaycan xalqının və dövlətçiliyinin nişanəsi kimi yüksək dəyərlərə malikdir, çünki bu toponimlər maddi irs nümunələri kimi minilliklərlə yaşa malikdir. Elə "Ulaşlı" antrotoponimin Qərbi Azərbaycanda kənd, dağ...adları kimi işlənilməsi VII əsr tarixi kerçəkliyi özündə yaşadır.
Zəngibasar hövzəsində, Dərəçiçək nahiyəsindəki Ulaşlı kəndi Pəmbək dağlıq silsiləsinin ətəyində yerləşmiş, 1949-cu ildə dinsiz hay kilsəsinin təhdidləri nəticəsində əhalisi qovulmuş, kənd isə ləğv edilmişdir.
Pəmbək dağlıq silsiləsində Ulaşlı zirvəsi daimi qar-buzlaq örtüyünə malikdir.
Göyçə gölünün cənub-qərbində, Qaraqoyunlu nahiyəsi ərazisindən axan Ulaşlı çayı (15 km uzunluğunda) gölə tökülür, suyu dumduru, "göz yaşı" kimidir.
İrəvan xanlığı ərazsində Ulaşlı qış otlağı Koroğlu dağından (2929 m) 5 km cənub-qərbdə yerləşir, Marmarik çayının sağ sahilində olan Təkləli kəndindən 5-6 km şimal-qərb tərəfdə.
Dastanın bu boyunda söylənilir ki, Uruz atası Qazan xana irad tutur ki, məni igid-cəngavər, vurub-öldürən kimi görmək üçün gərək yanında gəzdirəydin... onda, Qazan xan əmr edir-"7 günlük azuqə götürün, sizi aparacam ox atdığım, qılınc çaldığım, baş kəsdiyim yerlərə... Ağlağana, Göyçə dağına...".
Müasir Qərbi Azərbaycanın ərazisində Gümrü nahiyəsindəki Ağlağan zirvəsi (2992 m) Boz Abdal silsiləsinin qarla, buzla örtülü yüksək dağlığıdır.
"Qazan bəyin oğlu Uruz bəyin dustaq olması" boyunda Qərbi Azərbaycanın təbii-coğrafi şəraiti və tarixi keçmişi haqqında bilgilərin zənginliyi ilə yanaşı həm də Oğuz-Səlcuq tayfa birliklərinə qarşı mübarizə aparan düşmənlərin də etno-morfo-genetik xüsusiyyətlər dastan dilinə çevrilmişdir:
-"azğın dinli yağıdır, düşməndir, oğul!", "...amma bunlar azğın dinli kafirlərdir...", "...günü gəldi, murdar dinli kafir başın kəsdirim sənin üçün...", "bu sən deyən düşmən deyil...", "...qara dinli kafirin gözünə qaranlıq çökdürdü...","qara donuz damında yatırdırlar, de!"... Təbii ki, bu cür sifətlər-etnik mənsubiyyət tərzi Orta əsrlərin başlanğıc-aralıq mərhələlərində də (VII-XI əsrlər dövrü) Oğuz-Səlçuq tayfa birliklərinin ümumi düşmənlərinin səciyyəvi cəhətləri, genetik-irs kompleksi olmuşdur.
Qazan bəyin oğlu Uruz naminə kafirlərə qarşı qalib döyüş mücadiləsində ona hay verən və adı çəkilən Oğuz bəylərinin sırasında Qaradərə ağızında Allahverən...Qaragünə, Qazılıq Qoca oğlu Yeynək, min nəfərin başçısı Düyər... "qara yallı atların belində qılıncı ilə od-şimşək yaxan igidlər" olmaqla yanaşı, ağır elli yurd-ocaq yiyələri kimi ad qoyub getmişlər. Qaradərə (XVIII əsrin əvvəllərində İrəvan xanlığı ərazisində kənd olub) ağzında Allahverən (indiki Ü(i)çmüəzzin şəhəri ilə olan sərhəd hissəyə uyğun gəlir) inam-inanc ocağı kimi müqəddəsləşdirilib.
Xristianlığa və İslamaqədərki Alban mədəniyyətinin maddi-mənəvi irs məbədləri ilə məşhur olan Ü(i)çmüəzzin şəhəri Ağrıdağ vadisində, İrəvan şəhərindən 20 km qərbə tərəf düzən ərazidə yerləşir.
İqdır-Ağrıdağ mahalında Dəyirli qış otlaq sahəsi, Gümrü nahiyəsindəki Yeygən kəndi (əhalisi 1878-ci idə hay kilsəsi-daşnak silahlıları tərfindən qovulub, boşalmış kəndə 1880-ci ildə Osmanlı Türkiyəsindən sürülən haylar yerləşdirilib) antrotoponim kimi kökənli türk tayfalarının yerli dil-şivə dialektinə uyğun tələffüz fonetukasına uyğunlaşmışdır.Torpaq-iqlim və relyef şəraitinə uyğun olaraq əski əkinçilik məşğulluq formalarına uyğun gələn "Yeygən" toponimi ("yeyilgən", "yeyilən", "yenilən" mənasında) bu sahə ilə məşğul olan tayfalara şamil edilmişdir.
Yeygən kəndi Araz çayı sahilindən 25 km məsafədədir.
Qonur-bədəvi at belində, əlində gümüşü qılıncla özünü Qazan xana çatdıran Qəflət Qoca oğlu Şir Şəmşəddin...antrotoponim kimi Qərbi Azərbaycanın şimalında coğrafi ərazi kimi (Dilican vadisi hövzəsinə bitişik) Şəmşəddinli mahalının adını mənalandırır və rəsmi mənbələrdə XVI əsrdən adı çəkilir.
"Qazan xan qələbə şöləni üçün İç-Dış və Qalın Oğuz bəyləri ilə Ağca Qala Sürməliyə gəldi, qırx otaq tikdirdi, yeddi gün-yeddi gecə yeyib içmək oldu."Ağca Qala orotoponimi Ağrıdağ düzündə"Ü(i)çmüəzzin nahiyəsində, Alagöz dağının cənub-qərbində yerləşən kənd kimi 1590-cı ildən məlumdur ("İrəvan əyalətinin müfəssəl dəftəri"ndə), kəndin yaxınlığında "Ağcaqala xarabalığı" vardır. Bu kəndin binaları ağımtı-ağca daşlardan tikilmişdir.
Dərələyəz nahiyəsində, Göyçə mahalında, İrəvan xanlığı ərazisində... Ağcaqala kəndləri Qərbi Azərbaycanda rast gəlinən eynimənalı orotoponimlərin bir hissəsidir.
Bütöv Azərbaycan hüdudlarında 10-a qədər "Ağcaqala" toponimi mövcuddur (Borçalı mahalında Sarvan nahiyəsinin Quşçu kəndi yaxınlığındakı XV əsrə aid "Ağca Qala", Tovuz rayonunun Ağcaqala kəndi, Gədəbəy rayonu, Atabəy kəndi yaxınlığında "Ağ qalaça"...).
Şərqi Türkiyədə Qars vilayətində Qars çayı sahilində Ağca Qala olmuşdur.
Sarvan nahiyəsinin Faxralı kəndi Gözəldağın qoynundadır, onun Dumaneşən meşəliyi və xarablıqları səmtində, sıldırımlı ucalığında Qazanqaya...əski Oğuz-Səlçuq tayfalarının başçısı olmuş Qazan xan isminə-soyuna nişanədir.
Göyçə gölünün şimal-qərbində, Dərəkənd-Zəngi nahiyəsində Sürməli kəndinin əhalisi 1828-1832-ci illər ərzində "azğın dinli kafirlər" tərəfindən qovulduqdan sonra bu əski Türk yurdu yer üzündən silinmişdir.
Qərbi Azərbaycanın ən böyük mahallarından biri də Sürməli olub (İrəvan xanlığı ətrafında), "Yaylağı Köksükövrək Sürməli", "axarlı-baxarlı, gözləri mavi-Sürməli yaylaqları"-yəni, "güllü-çiçəkli, xoş rayihəli, laləzar, min rəngli qurşaq-örtüklü məkan" mənasında olmaqla subalp-alp çəmənlikləri qurşağının ümumi mənzərəsinə uyğun Oğuz bəyləri tərəfindən adlanmışdır. Bu yerdə IV əsr yadigarı qalan Sürməli qalası da mövcuddur və Qalanın quzey səmtində Qarabağ qalası olub...
R.S. Hamamlı (1948-ci ildən-"Spitak" deyilir, 1960-cı ildən şəhərdir) nahiyəsinin Çotur kəndi 1946-cı ilin 26 aprel tarixindən-"Sarameç", Təkləli kəndi-"Tsaxkaşen", Ağlağan zirvəsi-"Ulasar", Ü(i)çmüəzzin şəhəri 1945-ci ildən-"Eçmiəzdin", 1995-ci ildən-"Vaqarşapat", Yeygən kəndi 1946-cı ildən-"Arevşat", Ağca Qala kəndi 1946-cı ildən-"Bazmaberd", 25 yanvar 1978-ci ildən-"Tcaxkaşen" və ya "Tsaxqalanc", nizibati-ərazi vahidi kimi Sarvan nahiyəsi 1929-cu ildən 1947-ci ilədək Borçalı, 1947-1952-ci illərdə Sarvan. 1952-ci ildən-"Marneuli", Sürməli mahalı-"Çakat"...adlanır.
(Yazının hazırlanmasında həm də
Vedi nahiyəsinin Bayburt
kənd sakini Xanım Usub
qızı Əlirzayevanın (1937) məlumatlarından istifadə
edilib.)
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin
müəllimi
Olaylar.- 2022.- 23-29 sentyabr.- S.17.