Ramana ətirli mozaika
Onun yaratdığı sənət
əsərləri danışır. Onun sehrli
barmaqlarından çıxan hər bir əsər
keçdiyi ömür yolunun bariz nümunəsidir. Rəngarəng əsərlərin qəhrəmanı
ilə həm danışmaq, həm də bu rənglərin
işığından keçdiyi ömür yoluna nəzər
salmaq imkanımız oldu. 57 illik bir sənət fəadaisinin
ömür yolunu vərəqlədikcə illərin heç
də hədər getmədiyinin bir daha şahidi olduq.
Öyrəndik ki, könlünü bu sənətə lap
uşaqlıqdan bağlayıb.
1951-ci il
sentyabrın 18-də Bakı şəhərinin Ramana kəndində
anadan olub. Ömrünün kamillik dövrünü
yaşayan bu müdrik insanın rəngarəng həyat,
yaradıcılıq yolu ilə tanışlıq olduqca
maraqlı idi.
Beləliklə, müsahibimiz adlı-sanlı sənət əsərləri ərsəyə gətirən, ömrünün ən gözəl illəri Bakı və bölgələrimizin gözəlləşməsinə vəsilə olan Əmirxan Məmmədvəliyevdir. O, kino lenti kimi həyatını ardıcıllıqla, bütün təfərrüatı ilə gözünün önündə canlandıraraq maraqla danışırdı. Yaratdığı eskizlərin, şəkillərin yerləşdiyi alboma baxdıqca simasında bir sevinc, təbəssüm yaranırdı. Bu insanın öz sənətinə necə böyük məhəbbətlə yanaşdığı onun simasının bütün cizgilərində hiss olunurdu. Böyük həvəslə o günləri yada salırdı. İstədim ki, öz sənətini ürəkdən sevən bu işgüzar insanı siz də tanıyasınız. Hekayəmizin qəhrəmanı olan Əmirxan müəllimin ömür yolunu necə var elə də qələmə aldım...
- Əmirxan
müəllim, uşaqlıq, məktəb, tələbəlik
illərini necə xatırlayırsınız?
- Uşaqlıq illəri.... Saf, təmiz illəri hər dəfə xatırladıqca içimdə qəribə bir hiss yaranır. Uşaqlığımız neft buruqları arasında keçib. Neft qalıqlarının üzərində yaranan göyqurşağı, Ramananın tinləri, əzəmətli qalası, tarixi abidələrini unutmaq mümkün deyil. Bakı elə Bakıdır, amma Ramanaya gəldikdə isə bütün ifadələr susur, çünki bura doğma torpaq, vətəndir. O ki, kəndin girəcəyində səni qarşılayan Ramana qalası, neft iyi olur, bax o qoxu mənə parfümdür (gülür).
- I sinfə 198 saylı orta məktəbdə getmişəm. 8 illik məktəb həyatını, ilk müəlliməm Gülsüm Şirəliyevanı və o illəri heç unuda bilmirəm. Bakıxanovda Pionerlər evi var idi. Elə o zamandan rəsm çəkməyə həvəsim yaranmışdı. VI-VII siniflərdə oxuyarkən Bakıxanovdakı Pionerlər evinə dərnəyə yazıldım. Dərnəkdə bizə Əhməd müəllim dərs keçirdi. Rəsm çəkməyin incəliklərini bizə öyrədirdi. 1966-cı ildə VIII sinfi bitirən kimi sənədlərimi Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin Heykəltaraşlıq fakültəsinə verdim. Elə həmin il Rəssamlıq məktəbinə daxil oldum. Qrupumuz 9 uşaqdan ibarət idi. Müəllimimiz heykəltaraş Kamal Ələkbərov idi. 28 May küçəsində kilsə var idi. İndi oranı Orqan zalı ediblər, orada bizim emalatxanamız yerləşirdi. Heykəlləri orada hazırlayırdıq. 1970-ci ildə Rəssamlıq məktəbini İcraçı rəssam, "Rəsm və rəsmxətt müəllimi" ixtisası üzrə bitirdim. Sonra ali təhsil almaq üçün sənədlərimi Repin adına Leninqrad Rəssamlıq Akademiyasına verdim, lakin müsabiqədən keçə bilmədim. Bakıya qayıdıb, elə həmin il sənədlərimi Politexnik İnstitutunun Memarlıq fakültəsinin axşam şöbəsinə verdim. Yaxşı qiymətlərlə instituta daxil oldum. Səhər işləyib, axşam oxuyurdum. İnstitutda Hacıbala Rəcəbov adlı bir rəsm müəllimimiz var idi. Bir gün mənə dedi ki, sənin digər tələbələrdən fərqin odur ki, yaxşı rəsm çəkmək qabiliyyətin var. Mən də dedim ki, rəssamlıq məktəbini bitirmişəm. İnstitutu 1976-cı ildə bitirdim.
- Universiteti bitirəndən sonra və
yaxud universitet illərinizdə
ilk işiniz harada olub?
-Sinif
yoldaşım Balababanın atası Zabratda 75 nömrəli məktəbdə
direktor işləyirdi. Mənə dedi ki, bizdə rəsm və
rəsmxətt müəllimi yeri boşdur, gəl işlə.
1971-ci ildə Zabratda məktəbdə işləməyə
başladım. Ancaq maaşı az
olduğu üçün işləyə bilmədim. Ona görə də bir ildən sonra o işdən
çıxdım. 8-ci kilometrdə 2
nömrəli Bakı Elektrik üzrə Quraşdırma
İdarəsi var idi. Atam orada
sürücü işləyirdi. Müdirə
demişdi, o da məni rəssam kimi işə
götürdü. 2 il orada işlədim.
Deyəsən,
1972-ci il idi. Həyatımda
yeni bir dövr başladı. İnstitutun
II kursunda oxuyurdum. Müəllimim
Hacıbala Rəcəbov məni Rəssamlar
İttifaqının nəzdində Bədii
Yaradıcılıq Kombinatına mozaika ustası kimi işə
düzəltdi. İnstitutun II kursundan təqaüdə
çıxana kimi orada işlədim. Düz 44 il.
- 44 il qəlbi sənətlə
döyünən insan üçün az zaman deyil. Bu zaman kəsiyində çoxlu işləriniz olub.
Lakin ilk iş heç bir zaman unudulmur. İlk
işinizlə bağlı xatirələrinizi bizimlə
bölüşərsiniz?
- İlk işim 1972-ci ildə Azərbaycan Nəşriyyatının
fasadındakı mozaika olub. Oktay Şıxəliyev
və Hacıbala Rəcəbovun eskizi əsasında
böyük bir mozaika yığdıq. Onu
da sizə deyim ki, Azərbaycanda mozaikanın əsasını
qoyan, mozaika sənətinə yeni üslub gətirənlərdən
elə birincisi Oqtay Şıxəliyev olmuşdur. O,
monumental mozaikanın əsasını qoyub. Mozaik
zolağın yan tərəflərdən
hündürlüyü yeddi, uzunluğu isə on metrə
çatan relyefli mozaik lövhələr - kitab səhifələri
şəklindədir. Sol tərəfdə
qəzet, sağ tərəfdə isə kitab
çapının tarixi süjetli-rəmzi şəkildə
öz əksini tapmışdır. O zaman mozaika yığan
iki nəfər idik. Daha sonra rəngli
şüşələrdən vitraj düzəltməklə
məşğul oldum.
- Dünyada ikinci, MDB ölkələri
arasında ilk və yeganə olan Ağdam çörək
muzeyinin mozaikasını hazırlamısınız. Necə
oldu ki, bu işi sizə tapşırdılar?
Bu mozaikanın təkrarı heç yerdə yoxdu,
heç olmayacaq da. Amma bundan yaxşısı olacaq
inşallah (gülür).
Bu yaxınlarda
müəllifi Nurəddin Mehdixanlı olan Virtual
Qarabağ layihəsinə baxarkən Ağdam Çörək
Muzeyinin virtual təsvirlərini gördüm. Bir an
özümü yenidən Ağdamda hiss etdim. Nurəddin
müəllimlə əlaqə saxladım və bildirdim ki,
muzeyin mozaikasını mən hazırlamışam.
Ağdam
Çörək Muzeyindən əvvəl, 1980-ci ildə
Mirzağa Qafarovun eskizi əsasında Ağdam rayonunun girəcəyində Uzundərə adlanan yerdə (red.
indi ora Şəhidlər xiyabanıdır) sahəsi 120 kv.m
olan açılmış kitab formasında mozaika
hazırlamışdıq. 1980-ci ildə 3 nəfər heyətlə
- Vidadi Məhərrəmov, Kamal Aslanov, bir də mən Ağdama
getdik.
Ağdamın katibi Sadiq Murtuzayev idi. O, Azərbaycanda ən
çox katib işləmiş şəxsdir. Hardasa 33-35 il . Maşınla dəyirmanın
yanından keçirmiş, dəyirman da çox
baxımsız olub. 1900-cü ildə
tikilmiş köhnə dəyirman imiş. Bir müddət sonra Rusiyanın İzvestiya qəzetində
yazı çıxıb ki, Almaniyada Çörək Muzeyi
açılıb. Sadiq Murtuzayev deyib ki, Almaniyada
Çörək Muzeyi var, bizdə niyə olmasın! Sonra həmin dəyirmanın yerində Çörək
Muzeyi tikiblər. MDB ölkələri
arasında ilk belə muzey yaranıb.
İndi isə mövzuya geri dönüm. Necə oldu
ki, mənə bu işi tapşırdılar. Deməli, 1982-ci ildə işdən evə gəldim.
Rəhmətlik atam dedi ki, Ağdam rayonunun I katibi Sadiq
Murtuzayev sənin dalınca adam göndərib.
Mən də dedim ki, yəqin Ağdamın girəcəyində
yığdığımız mozaika ya sökülüb, ya
da zədələnib. Məni onu təmir etmək
üçün çağırıblar. Həmkəndlim rəhmətlik Qafur Həsənovla
birlikdə Ağdama gəldik. Katib bizi
muzeyin yerləşdiyi yerə apardı. Ağdam
Çörək Muzeyində əvvəl bir rəssam işləmişdi,
lakin katib onun işindən narazı qalmışdı. Çörək muzeyinin fasadında rəngli
sünbüllərdən gözəl bir mozaika
hazırladıq. İkimərtəbə ev
hündürlüyündə olan mozaikanın ortasında
şəbəkə, sağ tərəfdəki hissə bir az
ensiz, soldakı isə bir az enli idi. Bu mozaikada
milli rəmzlərimizlə yanaşı, günəş,
torpaq, su, bitki, yəni həyatın 4 ünsürü və
insanlar əks olunmuşdu. 1983-cü ilin
noyabrında muzeyin açılışı oldu. Ondan sonra Ağdamda 50 nömrəli peşə məktəbinin
həyətində də mozaika yığmışıq.
- Bildiyimizə görə, mozaika
üçün xüsusi daşlara ehtiyac var. O daşları
haradan əldə edirsiniz, yəni daş
parçalarını necə o formaya gətirirsiniz?
-İdarəmizə smalta daşları (red. rəngli
daşlar) gəlirdi. Ukraynadan gələnlər böyük
qutularda idi. Ölçüsü 15x9-a
olurdu, Rostovdan gələnlərin isə
ölçüsü daha böyük idi. Ukraynadan
gələnlər daha yaxşı doğranırdı.
Daşları doğramaq üçün bizim xüsusi alətlərimiz
olurdu. Alətləri Zavod MM-də sifariş
edirdik. Xüsusi çəkicdən istifadə
edirdik ki, daşı düzgün doğrayaq. O daş da
kvars qumla piqment qatışığından
hazırlanırdı. Birinci dəfə Rusiyada
Lomonosov tərəfindən ixtira edilib. Sonra
özünün emalatxaları olub, elə orada mozaika işləri
görülüb.
- Bakıda, bölgələrimizdə
və Azərbaycan hüdudlarından kənarda işləriniz
olub. O işlər barəsində bizə
danışardınız.
- 1975-ci
ildə eskizi Oqtay Şıxəliyev və Hacıbala Rəcəbova
məxsus olan əsərlərdən biri də Bakı Məişət
Kondisionerləri Zavodunda mozaik kompozisiya idi.
Bayıl
qəsəbəsində mədənlər arasında fəhlələrə
aid Dərin
Dəniz Özülləri Zavodunun fasadındakı
mozaikanı yığmışam. Bu
mozaikanın eskizini Nüsrət Hacıyev vermişdi.
1990-cı illərin ortalarında İsa bəy Hacınskinin
Qız qalası yaxınlığındakı
mülkünün mozaikasını işləmişəm. Qəbələdə Mədəniyyət
sarayının mozaikasını yığmışam. Alatavada mebel fabrikində, Bilgəhdə Kordiologiya
sanatoriyasında, Bakı Metrosu Deposunun
üzgüçülük hovuzu üzərində Zöhrab
Mütəllibovun eskizi əsasında yığılan
mozaikanı misal çəkmək olar. Mikrobiologiya
İnstitutunun içərisində də bir mozaika
hazırlamışam. 1959-1969-cu illərdə Azərbaycan
SSR-in I katibi
olmuş Vəli Axundov o zaman Mikrobiologiya İnstitutunun rəhbəri
idi.
1988-ci ildə isə eskizi Oqtay Şıxəliyevə məxsus
olan keçmiş Ozon zavodunun həyətində (red. indiki
İctimai TV) mədəni tədbirlərin keçirilməsi
üçün nəzərdə tutulmuş məkanda mozaik
bədii tərtibatın əsasında gözəl bir əsər
yarandı. "Yallı" adlanan bu kompozisiyanın məna və
məzmunu elə əsərin adının
daşıdığı süjet, fiqur, atribut və müxtəlif
ayrıntılarla zəngin idi. Bu
kompozisiyanı düzəldəndə eskizi necə varsa elə
də divara köçürdük. Lakin
yanlarında boş yer qaldı. Özümdən
əlavələr edib mozaikanı tamamladım.
1982-ci ildə Gəncə şəhəri Şəmkir
yolu üstündə Xatirə parkında eskizi Fikrət
İbrahimova məxsus mozaika yığdım. Tovuz rayonunun
Əlimərdanlı kəndində kəhrizin
qarşısında eskizi Adil Şıxəliyevə məxsus
bir aşığın və üzümçülərin
mozaikası hazırlamışdıq.
2006-cı
ildə Oqtay Şıxsəliyev və Şamil Buksayevin tərtibi
əsasında ən böyükmiqyaslı işim Heydər Əliyev adına
İdman-Konsert Kompleksinin ikinci mərtəbəsində idman
oyunlarının təsviri olmuşdur. Ümumi sahəsi 1500 kv.m olan dairəvi
divardakı mozaikadır. Bunun digər işlərdən
fərqi o idi ki, miniatür üslubla mozaikanın sintezi əsasında
yaranmış unikal bir sənət əsəri idi. Ən maraqlı işlərimdən hesab edirəm.
Bu işi 4 ilə tamamlaya bildik.
Digər bir işim isə Lənkəran rayonunda olub. 80-ci illərin
əvvəllərində respublikada məhsul bayramları
keçirilirdi. Həmin vaxt Lənkəranda
İdman Məktəbinin açılışı olmalı
idi. Onun divarında xalça eskizi
yığmaq tapşırılmışdı. Özü də qısa bir vaxtda. O dövrdə
Lənkəran şəhər Partiya Komitəsinin katibi Dilruba
Camalova olub. Çox gözəl bir insan idi.
Bizim üçün lazımi şərait
yaratdı və işi vaxtında bitirdik.
1984-cü ildə Baykal-Amur Magistralında yerləşən
Ulkan qəsəbəsində də işimiz olub. Mən dostum
Zöhrab Mütəllimovla burada məktəbin 2 divarı,
uşaq bağçası, bir də klubun divarında rospis rəsm
(red. rənglə işləyəndə mozaika rospis
adlanır) hazırladıq. Qəşəng
də alındı.
- Qeyd etdiyiniz kimi çoxlu katiblərlə
görüşmüsünüz. Bu
görüşlər içərisində ən
maraqlısı hansı olub?
-
Çox maraqlı görüşlərim olub. Bir
deyil, bir neçə maraqlı görüşlərimiz
baş tutub. 1982-ci ildə Gəncə
şəhərində Şəmkir yolu üstündə
Xatirə parkı salınanda Həsən Həsənov Gəncədə
I katib işləyirdi. Sonra Bakıya 26-lar rayonuna dəyişdirildi.
Katib dedi ki, şair M.Ş.Vazehə aid mozaika
hazırlamalıyam. Mənə
tapşırdı ki, Vazeh haqqında oxuyum. Vazeh Tiflis şəhərində "Divani hikmət
məclisi" yaratmışdı. Mozaika belə
olmalı idi: Ortada ayaq üstə Vazeh dayanıb, ətrafında
M.F.Axundov, Qasım bəy Zakir, İlya Çavçavadze,
A.A.Bakıxanov,F. Bodenştet təsvir
olunmalı idi. Yan divarda Kirovabada (red. o dövrdə Gəncə
belə adlanırdı) aid açıqca, o biri divarda isə
kitabın üz qabığının şəkli qoyulmalı idi. Bu layihə hazırlanarkən çoxlu sayda
jurnalistlər müsahibə almağa gəlirdi. Katib
onlara deyirdi - "Vazeh haqqında nə bilirsiz?".
Dayanıb susurdular. Onda katib
üzünü mənə tutub deyirdi: "Əmirxan,
başla danışmağa". Bir gün katib mənə
dedi ki, istəyirəm oraya mən də bir daş qoyum. Vazehin papağını tamamlayan son daşı o
qoydu.
Maraqlı görüşlərimdən biri də Tovuz
rayonunun Əlimərdanlı kəndində olub. Kəhrizin
yanında bir aşığın, bir də
üzümçülərin mozaikasını
hazırlamalı idik. Həmkəndlim Qafur Həsənovla bir
yerdə işləyirdik. Bir gün bizə
500-lük lampa lazım oldu, tapşırdıq, ancaq gətirmədilər.
İşin qızğın vaxtında yanımızda bir
maşın dayandı və oradan 2 nəfər
düşdü. Onlardan biri bizə
yaxınlaşıb işlərin necə getməsi barədə
soruşdu. Qafur birdən qayıtdı ki,
dayı, bizə 500-lük lampa lazımdır.
Yanındakı irad tutub dedi ki, "Adam da katibə dayı deyər".
Qafur yenidən qayıdıb dedi: "Katib dayı, bizə
500-lük lampa lazımdır". Katib güldü və
dedi: "O hardan bilsin ki, mən katibəm".
Bu kənddə
Qədir kişi adlı bir aşıq var
idi. Qoca kişi olduğu üçün
dedim şəklini gətir, ona baxıb mozaikanı düzəldək.
Elə də etdik.
H.Əliyevlə də maraqlı söhbətlərimiz
olub. Bir
gün xəbər gəldi ki, bəs H.Əliyev BAM-a
(Baykal-Amur Magiatralı)
gəlir və sizinlə görüşəcək.
Bizə tapşırdılar ki, yalnız rus
dilində danışmalısız. H.Əliyev gəldi,
salam verdi. Zöhrab dedi ki, "əleyküm
salam". H.Əliyev bir mənə, bir də
Zöhraba əl verdi. O, hal-əhval tutandan
sonra - "bu işlərdən Bakıda niyə hazırlamırsız?
Bakıda da belə işlər görün",- dedi. Sonra başladı rusca
danışmağa, vəziyyətimizlə maraqlandı.
BAM-da Azərbaycanın müxtəlif bölgələrindən
olan azərbaycanlılar işləyirdi. Heydər Əliyev birdən
belə bir söz dedi: " Burada işləyirsiz ola bilər ki, rus
qızları ilə evlənəsiz. Ancaq
uşaqlarınıza azərbaycanlı adları qoyun".
- Ən son işiniz nə
olub?
- Son
işim generalımız, Milli qəhrəman Polad Həşimovun
mozaikasıdır. Deməli, qərar çıxdı ki, Xətai
rayonunda yerləşən Naximov adına
küçənin adını Polad Həşimovun adına
küçə ilə dəyişəcəklər. Həmin küçədə park da salınacaq.
Xətai Rayon İcra Hakimiyyətinin
başçısına məktub yazdım ki, neçə
illik mozaika ustasıyam, eşitdim bu qərar
çıxıb, generalımızın portretini hazırlamaq
istəyirəm, parkda divara vurarsız. Cavab
gəlmədi. İşə
başlamışdım, daşlarını tapıb davam elədim.
Sonra portretin şəklini sosial şəbəkələrdə
paylaşmışdılar. Generalımızın
ailəsi də bu şəkli görübmüş. Mənimlə əlaqə saxladılar. 2021-ci ilin noyabr ayında qələbəmizin bir
illiyinə həsr olunmuş Zəfər sərgisi oldu. Elə hazırladığım Polad Həşimovun
mozaikasını da sərgiyə verdim. Sərgidə
nümayiş olunandan sonra mozaikanı generalımızın
ailəsinə bağışladım.
- Hər hansısa səbəbdən
sökülmüş işləriniz olubmu və yaxud
sökülmüş işlərə qarşı münasibətiniz
necədir?
- O qədər
mənim elə mozaikalarımı söküblər ki... . Heydər Əliyev prospektində
Ayaqqabı fabriki var idi. Onun
qarşısında böyük mozaika
yığmışdım. Onu
sökdülər. Sonra Bərdədə
Xalça fabrikinin divarında mozaika
yığmışdım. Bu yaxında xəbər
tutdum ki, fabrik yanıb. Ümumiyyətlə,
sökülmüş işlərin yerinə yenidən bərpa
işləri aparılmalıdır. Müəllifin
yaratdığı eskizlər əsasında yenidən bərpa
edilə bilər. Əgər müəllif
dünyasını dəyişibsə peşəkarlara üz
tutmaq lazımdır. Şəhərimizdə
belə sökülən işlər çox olub. Bakı Slavyan Universitetinin binasının
fasadındakı mozaikanı misal çəkmək olar.
- Əmirxan müəllim,
bəs necə oldu ki, siz birdən-birə mozaika ustası olmaq
qərarına gəldiniz. Rəsm çəkmək,
heykəltaraş qabiliyyəti olmaqla yanaşı mahir mozaika
ustasısınız. Bu arzu, istək nədən
rişələnib qol-qanad açdı?
- Atam
Qurban kişi 8-ci kilometrdə 2 nömrəli
Bakı Elektrik üzrə Quraşdırma İdarəsində
sürücü işləyirdi. Əslən tatar olan bir
iş yoldaşının mərmərdən portretini
hazırlayıb, ad günündə ona hədiyyə verdi. Məndə bu hadisədən
sonra mozaika sənətinə böyük maraq yarandı.
Mozaika ustası olmasaydım, indi bəlkə ən
məşhur heykəltaraşlardan biri idim.
- Əsl sənətin
yaşı olmadığı kimi, əsl sənət
adamları üçün də yaşın elə bir
önəmi yoxdur. Onların yaşı
yaratdıqları sənət əsərlərinin
yaşı qədər həm qədimdir, həm də gənc.
Əmirxan müəllim, bu yaxınlarda 71 yaşınız tamam
oldu. Dahi
musiqiçi Üzeyir Hacıbəyov ilə eyni gündə
doğulmusunuz. Bu xoş təsadüf bəlkə
də sizin incəsənətə bu qədər meyil etməyinizə
səbəb olub. Ömrünüzün
müdrik dövründəsiniz. 70 yaşı geridə
qoyub, 71 yaşa
keçdiniz. Hansı hissləri
keçirirsiniz?
- Bu
yaşımda nə arzulaya bilərəm. İstəyirəm
sağlıq, əmin-amanlıq olsun. Gücüm
çatdıqca yeni işlər, yeni layihələr
hazırlayım. Doğma Ramana kəndimi həmişə
belə abad, belə gözəl görüm. Qismət olsa, Ramanada da layihələr görmək
istəyirəm. Ramana şəhidi kapitan
Qurbanov İmran İlqar oğlunun mozaikasını
hazırlamaq ən böyük istəyimdir.
Bu
yaşımda başqa nə arzulaya bilərəm ki...
- Əmirxan müəllim, mərkəzimizin
bütün əməkdaşları adından Sizə
cansağlığı arzu edirik. Şəhərimizi,
bölgələrimizi gözəlləşdirən bu cür
sənət əsərlərini yaratmağa davam edəsiniz.
Daima yaşayıb, yaradın. 71
yaşınızda sizə rənglərin bütün
çalarlarını arzu edirik.
Səadət Hüseynzadə
"Dildan" Dil və Mədəniyyət
Mərkəzinin əməkdaşı
Olaylar.- 2022.- 23-29 sentyabr.- S.23-24.