TOYUNUN VAXTI DA,
YERİ DƏ MÜƏYYƏNLƏŞMİŞDİ
-SEYMUR
BƏYLİYİ DEYİL, ŞƏHİDLİYİ
SEÇDİ
Bu ailə haqqında
mənə danışmışdılar,
nə ümidlərlə,
sevinclə toya hazırlaşırmışlar. Elə ona
görə də şəhid Həsənli
Seymur Qələndər
oğlu üçün
hazırlanan toy bər-bəzəyi
evə girən kimi diqqətimi çəkdi. Ürək
yanmadan, göz yaşı axıtmadan bu
acı tabloya baxmaq mümkün deyil. Ata- ana
hər gün bu mənzərəni seyr edir. Qarşımda dərdli ana,
dərdli ata dayanıb. Bu ovqat sevimli şairimiz Elçin Mirzəbəyli
sayaq məni də yaman ağrıtdı:
Bir bilsən nə qədər yorğunam, allah,
Alan yox bu yükü çiynimdən
mənim.
Ruhum əzab çəkir bu dar bədəndə,
Soyundur bu dərdi əynimdən mənim.
Hər şəhid
ailəsinin dərdlərindən
götürdüklərim elə
bir yükə çevrilib ki, daşımağa bəzən
gücüm çatmır,
sarsılıram, üzülürəm. Tez də
özümü ələ
alıram, bəs şəhid anası, şəhid atası necə dözür bu dərdə? Axı, qələbə çalmışıq,
yağı düşməndən
torpaqlarımızı azad
etmişik. Elə bir
Zəfər qazanmışıq
ki, səsi dünyaya bülənd olub. Bu hisslər
məni özümə
qaytarır. Və hər
dəfə əlimdən
gələni edirəm
ki, şəhid ailələri kimi dözümlü, dəyanətli,
mətin olum. Onlar çətin də olsa bunu bacarırlar.
Ürəyimdə dediyim
bu fikri istər-istəməz pıçıldayıram:
"Hər birinizin dözümünüzə qurban
olum".
Qələndər və Nigar Həsənovlar
Vətən müharibəsində
yeganə oğullarını
itirən valideynlərdəndir. Böyük itki,
böyük dərddir.
Hələ itirilən övladın
özündən sonra
övlad deyilən bir nişanəsi qalmırsa, faciəni təsəvvür etmək
mümkünsüzdür. Həsənovlar ailəsinin başı
elə əvvəldən
çox qeylü-qallı
olub. 1993-cü il aprelin 2-də azğın düşmən
onları dədə-baba
ocaqları Kəlbəcərdən
didərgin salıb. Doğma yurdlarını tərk edəndən sonra haralarda qalmayıblar?
Qaçqın həyatının onlara yaşatdığı
hər müsibəti
görüblər. Ancaq sınmayıblar,
inanıblar ki, vaxt gələcək yenidən dünya qədər sevdikləri Kəlbəcərə qovuşacaqlar.
...Elə də böyük külfəti
olmayıb Qələndər
kişinin. Bir qızı və
bir oğlu həyatını elə şənləndirib, dünyasını
elə zənginləşdirib
ki, başına gələn olmazın müsibəti ona unutdurub. Qızı Arzu ali
təhsil alıb, ailə qurub, xoşbəxtliyinin sevincini
yaşadıb ailəsinə.
Seymur da zamanla atasını
hərəkətləri, işi
ilə qürurlandırıb,
son addımı ilə
isə ona tək bir kənddə
deyil, bütöv Azərbaycanda, böyük
bir xalq qarşısında başucalığı
gətirib.
Seymur Qələndər oğlu
Həsənli 1993-cü il noyabrın 9-da Bərdə rayonunun Nağılar kəndində
anadan olub. Sonradan ailəsi Yevlaxın Malbinəsi kəndinə
köçüb və
uşaqlığının ən gözəl, qayğısız çağlarını
yaşadığı bu
kənddə məktəbə
gedib. Nizami adına kənd
tam orta məktəbini
bitirdikdən sonra vətən qarşısında
borcunu ödəməyə-həqiqi
hərbi xidmətə
çağırılıb. Lənkəranda "N" saylı
hərbi hissədə
xidmət müddətinı
başa vurduqdan sonra doğma kəndinə, valideynlərinin
yanına qayıdan Seymur çox az vaxtdan
sonra yenidən hərbi xidmətə qayıtmağı qərarlaşdırır.
Torpaqlar düşmən tapdağı
altında idi axı. Seymur saatbasaat, günbəgün
böyüyür, böyüdükcə
də yağıların
başımıza gətirdiyi
faciələri dərk
edir, dərk etdikcə də bunlarla barışmırdı.
Axır ki, Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının Bərdə
rayonunda yerləşən
"N" saylı hərbi
hissəsində xidmətə
yazılır.
Onun işi ilə bağlı gözəl xəyalları,
valideynlərinin və
nişanlısının da
onunla bağlı arzu və istəkləri
vardı. "Ay bala, nə qədər ki, həyatdayıq, səni evli, oğul-uşaqlı görmək
istəyirik" yalvarışları
nəhayət, Seymurun
"saqqızını oğurlaya"
bilir. 2019-cu ilin 17 noyabrında əqrabalardan
birinin Seymurun da bəyəndiyi qızı ilə nişan mərasimi
baş tutur. Valideynləri toy tarixini, daha da əlamətdar
etmək məqsədilə,
Seymurun növbəti
ad gününə, 2020-ci il noyabrın 9-na təyin etməyi qərara alırlar...
Dərddən qəddi əyilən
şəhid atası Seymurlu günlərin işıqlı xatirəsinə
sığınıb: "Çox əsil, ata-ana qədri bilən oğul idi. Onun toyunu görmək
anasının da, mənim də ən böyük arzumuzdu. Elə xoşbəxt idik
ki, toyun vaxtını təyin etməklə qalmamışdıq,
harada keçirəcəyimizi
də müəyyənləşdirmişdik.
Qismət olsaydı, "Laçın"
şadlıq sarayında
edəcəkdik toyu.
Amma tale bizə tamam başqa qismət yazdı. Bəylik paltarı geyinəcəyi
gününü gözlədiyimiz
halda, oğlum şəhidlik libasında
üstümüzə gəldi...
Çox
ağırdır, amma
düşünəndə ki, ölüm həyatın hər birimiz üçün qaçılmaz üzüdür
və mənim oğlum da hansısa
təsadüfi ölümlə
həyatını itirməyib,
şəhid olub, ölməzliyə qovuşub,
ürəyim yansa da, qürur duyuram, başımı dik tuturam".
Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının baş
çavuşu Seymur Həsənli torpaqlarımızın
erməni işğalçılarından
azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması naminə başlanan Vətən müharibəsində
igidliklər göstərdi. Füzulinin və
Şuşanın azad
olunması uğrunda gedən döyüşlərdə
iştirak etdi. Şuşanın azadlığından
bir gün əvvəl - noyabrın
7-də Seymur şəhadətə
qovuşdu. Onun nəşi noyabrın
11-də torpağa tapşırıldı.
Adına
layiq şəkildə
qarşılandı şəhid
baş çavuş.
Həmkəndliləri tərəfindən, bayraqlarla, gül-çiçəklə
Yevlaxın Şəhidlər
xiyabanında son yolçuluğa
uğurlandı.
Şəhidin bacısı Arzunun
həyat yoldaşı
Zaur: "Vətənini
çox sevirdi, ölkə başçısı
ilə qürur duyurdu. Sonadək vuruşacağıq, heç birimiz qorxmuruq, qorxmağa da haqqımız yoxdur. Heç bilirsən necə döyüş texnikalarımız
var!?- deyirdi.
Yaxın günlərdə yenə
şəhidin ailəsini
ziyarət etdim. Ana göz yaşları ilə qarşıladı
məni, üzündə-gözündə
dərin kədər izləri kölgələnib.
Ata ocağında Seymurdan yadigar şəkilləri, şəxsi
əşyaları, bir
də bala dərdi ilə qovrulub-yanan yaşlı ata-ana qalıb. O insanlar ki, bizə
əmanətdirlər!
Orda eşitdim
ki, Seymurun nişanlısı Günel
yenə də onlara gəlibmiş. BDU-nu tarix fakültəsini bitirsə də hələ də işləmir. Nişanlısının ilinin çıxmasını
gözləyir. Şəhidin Bakıda yaşayan bacısı Arzunu Daxili İşlər Orqanlarında işlə təmin ediblər. Şəhidin anası Nigar xanıma kənddəki uşaq bağçasında iş
təklif olunsa da, istəməyib. Həyat yoldaşının bibisi
115 yaşlı Suca nənəyə qulluq edir.
Həsənli Seymur Qələndər
oğlu ölümündən
sonra Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyevin sərəncamı ilə
"Vətən uğrunda"
və "Füzulinin
azad olunmasına görə" medalları
ilə təltif olunmuşdur. Seymurun uğrunda canından keçdiyi Qarabağ Azərbaycandır!
Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti
Olaylar.- 2022.- 7-13 yanvar.- S.18.