"Qarabağla bağlı böyük
sanballı romanlar
yazılmalıdır"
Səyyad Aran:
"Amma dünya tarixində belə bir təcrübə var
ki, böyük hadisələrdən əsərlər bir qədər
keçdikdən sonra yazılır"
Müsahibimiz
ictimai-siyasi xadim, siyasətçi, diplomat, publisist, Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsi sədrinin
birinci müavini Səyyad Arandır.
- Səyyad müəllim, siz siyasətçi,
ictimai-siyasi xadim, diplomat, publisist olmusunuz. Hazırda
ömrünüzün 70-ci ilini yaşayırsınız.
Dönüb geri baxanda... nə itirmisiniz,nə qazanmısınız?
-İnsan
həyatda həm qazanır, həm uduzur. Ancaq mən
uduzmuşam desəm, nankorluq olar. Əlbəttə, bunlar
hamısı böyük zəhmət, əzab-əziyyət
hesabına başa gəlib. Həyatımda çox
yaxşı insanlarla rastlaşmışam və onlar həmişə
mənə kömək ediblər. Mənə həyatda ən
düzgün yol göstərən atam oldu. Atam mən oxuduğum məktəbdə
müəllim işləyirdi. 7-8-ci sinifdə oxuyanda mənə dedi ki, görürəm
texniki fənlərə meylin zəifdir, müəllim
yoldaşlarım da səndən narazılıq edir, ancaq bəxtin
gətirib ki, Azərbaycan dili, tarix, coğrafiya müəllimlərin
səni möhkəm müdafiə edirlər. Texniki fənn
müəllimləri də heyrətlə baxırlar ki, bunlar
niyə Səyyadı müdafiə edirlər, o oxumur axı.
Atam dedi ki, oğlum, çalış savadlı ol,
yaxşı oxu!
Əgər
ədəbiyyat, tarix, coğrafiya fənlərini seçmisənsə
mükəmməl ol! Savadsız olsan, heç kim sənə
hörmət etməyəcək. Məclisdərdə yerin
yuxarı başda olmayacaq. Sən məclisə girəndə
savadsız bir müəllim kimi tanınsan, səni heş kim
yaxına buraxmayacaq. Amma savadlı olsan, hamı səni
yanına dəvət edəcək, gedəndə də evdə
deyəcək o məhşur Səyyad müəllimlə məclisdə
oturmuşdum. Atam mənə bunları anlatdı və mən
bildim ki, Mikayıl Müşfiq
demişkən "Hamıdan yüksək ol, hamıdan
baş ol!" Ya belə olmaq
lazımdır, ya da heç nə. Təbii ki, mən həmin
fənləri oxudum.
Bir də
mənim inkişafımda tarix müəlliməm Əminə
Məhərrəmovanın böyük rolu olub. Çox ciddi,
sərt, qaşqabaqlı bir insan idi Əminə müəllimə.
Ondan 5 qiymət almaq ağlagəlməz bir hadisə idi. Bizin
də sinfimizdə təxminən beş müəllim uşağı
oxuyurdu. Bir dəfə SSRİ tarixi dərsində məndən
əvvəl iki müəllim uşağını çağırdı. Əminə
müəllimənin də bir xasiyyəti var idi ki, növbəti
çağırdığı şagirdə deyərdi ki,
onun ardını davam elə. Onlardan nəsə narazı
qaldı və məni çağırıb dedi ki, davam elə.
Mən də dərsi danışanda uşaqlara yox, pəncərəyə
baxardım. Fikirləşirdim ki, uşaqlar nəsə bir
işarə edər, gülərəm, çaşaram.
Çünki "müəllim oğlu" damğası həmişə
üstümdə olub, hərəkətimə,
davranışıma fikir vermişəm.
-Siz həm də evin böyük
oğlu olmusunuz...
- Bəli,
həm də evin böyük oğluyam. Təbii ki, mənə
ailədə də, qohum-əqrabada da diqqət yüksək
idi. Hamı istəyirdi ki, əlaçı olum, ancaq əlaçı
ola bilmirəm. Çünki texniki fənləri oxuya bimirəm,
duymuram. Çağırdı məni, başladım
danışmağa. Təxminən üç cümlə
danışmışdım ki, sinifdə qəribə bir
ab-hava hiss etdim. Bir anlığa gözümü pəncərədən
çəkib uşaqlara baxdım, gördüm ki,
hamısı gülümsəyə-gülümsəyə,
xoş bir təbəssümlə, heyranlıqla mənə
baxır. Fikrirləşdim ki, görəsən müəllim
necə baxır mənə? Gördüm ki, müəllimə
əlini qoynuna qoyaraq qəribə bir təbəssümlə
mənə baxır. Az qaldı ki, ürəyim getsin,
çünki müəlliməni bu cür təbəssümlə
görməmişdim. Dərsi danışıb qurtarandan sonra
soruşdu ki, kimin oğlusan? Dedim Adil müəllimin.
Soruşdu hansı Adilin, bizim? Dedim bəli, məni təriflədi
və dedi ki, 5 alırsan. Sinifin az qaldı ürəyi getsin
ki, necə ola bilər, Əminə müəllimədən 5
alasan? Sonra bu gedər müəllimlər otağına,
atamı axtarar. Atama xəbər çatanda elə fikirləşər
ki, mən nə isə bir pis iş görmüşəm, ona
görə axtarır. Atamı görən kimi soruşar ki, Səyyad
sənin oğlundur? Atam sonra danışır ki, elə
düşündüm ki, indi deyəcək ki, müəllim
adamsan, o necə savadsız uşaq böyütməkdir, sən
necə müəllimsən, uşaq hec nə bilmir, heç nə
anlayışı yoxdur. Ancaq birdən dedi ki, Adil, maşallah
yaxşı bir savadlı oğlun var, o nə gözəl
natiqdir, mən ona 5 yazdım. Deyir, özüm də məəttəl
qaldım, güclə özümə gəldim ki,
doğrudanmı bu səni tərifləyir? Əminə müəllimə
də məni yeddinci sinifdə tarix fənninə belə həvəsləndirdi.
Bir də
onuncu sinifdə Bakı Dövlət Universitetinin folologiya
fakultəsini bitirib gəlmiş Akif Miriyev adlı müəllim
(uzun müddət Tibb Universitetində Dilçilik
kafedrasının müdiri işləyib) həyatımda
böyük rol oynadı. Beləliklə də mən ədəbiyyata
bağlandım. Atam müəllim olduğuna görə 6
yaşımda birinci sinfə getmişdim. 16 yaş yaşımda
orta məktəbi bitirmişdim. Məktəbi bitirən kimi
Pedaqoji Universitetin Filalogoya fakultəsinə daxil oldum və 20
yaş yarımda institutu qurtardım. Əvvəlcə
Aşağı Qaralar kəndində müəllim işlədim.
İşlədiyim müddətdə kənddə
böyük işlər gördüm, teatr göstərdim, camaat elə
maraqla baxırdı ki... Həmin kəndin voleybol
komandasını rayonda üçüncü yerə
çıxartdım. Hərbi xidmətdən
qayıtdıqdan sonra rayon 1 saylı məktəbdə fəaliyyətə
başladım. Çox qısa müddətdə vəzifə
pillələrinə qalxdım. Bir ildən sonra ibtidai işlər
üzrə müavin, 2-3 ildən sonra tərbiyə işləri
üzrə müavin, sonra partiya təşkilat katibi,
1990-cı ildə də Rayon Xalq Təhsil şöbəsinin
müdiri oldum. 1978-ci ildə, 26 yaşımda o vaxtki
Ümumittifaq komsomolunun "Ən yaxşı komsomolçu
müəllim" döş nişanını aldım. ilk
hekayəm 1978-ci ildə "Ulduz" jurnalının 11-ci
nömrəsində çap olundu. Ondan sonra bədii
yaradıcılığım davam elədi. 1990-cı il
yanvarın 2-də Bakıya gəldim, Bakıda yaşadım,
işlədim, həyatın Bakı ilə bağlandı.
Artıq 32 ildir ki, Bakıdayam, ədəbi fəaliyyətimi
davam etdirirəm.
-Sizin siyasi fəaliyyətinizdə
Ümummilli Lider Heydər Əliyevin rolu böyük olub. Siz
Ulu öndərin ən yaxın silahdaşlarından, Yeni Azərbaycan
Partiyasının (YAP) yaradıcılarından olmusunuz.
Hazırda YAP-ın fəaliyyətini necə qiymətləndirirsiniz?
- Yeni Azərbaycan
Partiyasının yaranması əslində zamanın tələbi
idi. Mən o vaxt Ağabəy Əsgərovla birlikdə
"Elm" qəzetiində işləyirdim. 1992-ci ildə
Ağabəy Əsgərovu "Səs" qəzetinə
baş redaktor dəvət etdilər. O da məni dəvət
edərək dedi ki, fəaliyyətə başlayırıq və
qısa müddətdə hakimiyyətə gələcəyik.
Bu söz məni çox heyrətləndirdi, soruşdum ki, bu
necə ola bilər? O, isə dedi ki, Heydər Əliyev hakimiyyətə
gələcək və biz Azərbaycanın inkişafında
böyük rol oynayacağıq. Əlbəttə, bu sözlər
o vaxt bir nağıl, əfsanə kimi
görünürdü. AXC-Müsavat
hakimiyyəti dövrü idi və hakimiyyətdə
çox böyük qarşıdurmalar, gərginliklər var
idi. AXC Mərkəzi İcraiyyə Komitəsi Surət
Hüseynov haqqında qərar verdi, az qala onu Vətən xaini
adlandırdı. Ayrı-ayrı vəzifə sahibləri
özlərini prezident görürdülər, bir
özbaşınalıq hökm sürürdü. O vaxt
Marqaret Tetçer neft müqavilələri ilə
bağlı Azərbaycana gəlmişdi. Hökumətin
baş naziri, daxili işlər naziri, Milli Məclisin sədri
bildirirdilər ki, onların razılığı olmadan neft
müqaviləsi bağlana bilməz. M.Tetçer də bunu
hiss elədi və narazı şəkildə
çıxıb getdi. Beləliklə neft müqaviləsi
lazım olan müddətdə imzalanmadı. Yalnız Heydər
Əliyev hakimiyyətə gələndən sonra 1994-cü
ilin sentyabrında neft müqavilələri imzalandı. Bu
müddətdə H. Əliyev Azərbaycandakı
ictimai-siyasi mühiti stabilləşdirməyə
çalışdı. Buna baxmayaraq Lənkəran hadisələri,
OMON-çuların hərəkatı, Surət Hüseynovun
hakimiyyət iddiası kimi ciddi məsələlər ortaya
çıxdı. Belə bir çətin zamanda biz "Səs"
qəzetində çalışmaqla Heydər Əliyevin
hakimiyyətə gəlməsi üçün fəaliyyət
göstərirdik. Bizim fəaliyyətimiz "Əlincə"
Xeyriyyə Cəmiyyətinin nəzdində idi. O zaman
"Əlincə" Xeyriyyə Cəmiyyətinin sədri
akademik Fərəməz Maksudov, məsul katib isə Əli
Nağıyev idi. Heydər
Əliyevin hakimiyyətə gəlməsi üçün Azərbaycan
ziyalıları toplandılar, nəticədə 91-lərin
müraciəti mətbuatda çap olundu. Ardınca
ziyalılar H.Əliyevin yanına gedib-gəlməyə
başladılar və qərara alındı ki, partiya yaratmaq
lazımdır. Beləliklə 1992-ci il noyabr ayının 21-də
Naxçıvanda Yeni Azərbaycan
Partiyasının təsis konfrançı keçirilərək
partiya yaradıldı, Siyasi Şura seçildi. Həmin Siyasi
Şuraya seçilən 51 nəfər nümayəndənin
biri də mən idim. Sonra biz Bakıya qayıtdıq və
partiya quruculuğu ilə məşğul
olmağa başladıq. Rayonlarda təsis konfranslarının
keçirilməsinə bir çox hallarda maneəçilik
törədirdilər, amma partiyamız artıq qeydiyyatdan
keçmişdi. Buna baxmayaraq Heydər Əliyevə və
onun partiyasına qarşı çox kəskin münasibət
var idi. Lakin, həm Azərbaycan xalqının iradəsi, həm
Heydər Əliyev şəxsiyyəti, həm də Yeni Azərbaycan
Partiyasının yerlərdə fəaliyyəti onun hakimiyyətə
gəlməsi üçün başlıca stimul oldu. Sonda məlum
hadisələr baş verdi, Heydər
Əliyev xalqın təkidi və tələbi ilə hakimiyyətə
gəldi və yavaş-yavaş dağıdılmış,
sükanı sınmış gəmini fırtınalardan,
böyük dalğalardan keçirərək sahilə gətirdi.
Onu tan bərpa edərək okeana çıxdı. Heydər
Əliyev 1995-ci ildə məlum hadisələrdə qalib gəldi,
ona qarşı düzənlənən bir çox sui-qəsdlərdən
Allahın köməyi ilə sağ-salamat çıxdı,
96-cı ildə infilyasiyanı dayandırdı və nəhayət
ölkədə torpaq islahatına başladı. Tədricən
neft kontraktlarını imzalayaraq Azərbaycanın
boşalmış büdcəsinə böyük valyuta gətirdi
və yavaş-yavaş ölkəni dirçəltməyə
başladı. Heydər Əliyevin ardınca onun siyasi və mənəvi
varisi İlham Heydəroğlu Azərbaycanı dünyanın
ən çiçəklənən, ən qüdrətli
dövlətindən birinə çevirdi. Sonuncu fakt kimi 44
günlük Vətən Müharibəsindəki qələbəmizi
xatırladıram ki, atasının qoyduğu siyasi yolu
çox uğurla davam etdirərək Azərbaycan tarixində
son iki yüz ildə qalib gələn dövlət
başçısı kimi tarixə düşdü.
- Siz həm də qardaş
Türkiyədə Azərbaycanı təmsil edərək
ölkəmizin elçisi olmusunuz. Vətən müharibəsindəki
qələbəmiz kontekstindən
yanaşdıqda xaricdən o vaxt Azərbaycan necə
görünürdü, indi necə görünür?
- Mən
İstanbulda dörd il baş konsul işləmişəm. Bu
müddət ərzində Türk
qardaşlarımızın bizə qarşı hər zaman məhəbbətini,
hörmətini, sevgisini görmüşəm. O zaman da Heydər
Əliyevin obrazı, onun "bir millət iki dövlət"
kəlamı orada da çox məşhur idi. Təbii ki,
Türk qardaşlarımızın bizə qarşı
münasibəti həmişə yüksək səviyyədə
olub. Keçirilən tədbirlərdə, resepşinlərdə,
türklərin milli bayramlarında Azərbaycan konsulu və Azərbaycan
səfirinə qarşı münasibətlərini həmişə
ən yüksək səviyyədə görmüşəm.
Biz də təbii ki, öz funksiyamızı layiqincə yerinə
yetirməyə çalışmışıq. Bu gün isə
Azərbaycanın dünya dövlətləri içərisində
reytinqi çox yüksəkdir. Bizim 44 günlük qələbəmiz
bütün dünyanı heyran qoyub, artıq bu hərbi-taktiki
qələbənin yollarını dünya ölkələri
öyrənməyə başlayır. Artıq biz kiçik,
zəif dövlət deyil, dünyanın ən güclü
dövlətlərindən biri kimi ölkələri məcbur
edirik ki, hərbini də, siyasəti də, neft
strategiyasını da bizdən öyrənsinlər.
-Sizin bədii-publisistik fəaliyyətiniz
də yüksək səviyyədədir, kifayət qədər
dəyərli əsərləriniz ortadadır. Bəs, ölkənin
hazırki ədəbi mühitini necə dəyərləndirirsiniz?
-Təbii
ki, ölkənin ədəbi mühitində böyük
canlanma var. Xüsusən, 44 günlük Vətən
müharibəsi ədəbiyyatı canlandırdı. Azərbaycan
Yazıçılar Birliyi "Qarabağ dastanı"
adlı çox gözəl bir kitab ortaya qoydu. Qarabağda
yaşayan, yaradan və Qarabağda doğulan yazarların əsərlərindən
ibarət publisistik bir əsər çap olundu. İkinci kitab isə
"Bütün yollar Şuşaya aparır" adı ilə
çap olundu. Orada da artıq Şuşada poeziya günlərində
iştirak edən insanların təəssüratları əksini
tapdı. Bu kitabda mənim də Şuşa ilə
bağlı həm yazım oldu, həm də 35 il bundan qabaq
Vaqif mavzoleyinin qarşısında yoldaşım və
oğlanlarımla bərabər çəkdirdiyim şəkilləri
paylaşdım, bu da çox rəğbətlə
qarşılandı. Mən ümumiyətlə söz deyirəmsə,
gördüyüm, bildiyim və özümün dərindən
müşahidə etdiyim hadisələrdən
danışıram. Bundan başqa, qələm əhlimizin həm
Şuşa, həm də Qarabağla bağlı əsərləri
çap olundu. Mənim isə Qarabağla bağlı iki
romanım çap olumub, biri "Baş daşı", biri
də "İrəvana gedən yollar".
Üçüncü romanımın ilk fəslini isə
"Ədəbiyyat" qəzetinə göndərmişəm,
inşallah şənbə günü çap
olunmalıdır. Əlbəttə, romanda 44 günlük
müharibədə Şuşanın qəhrəman əsgərlərimiz
tərəfindən alınmasından bəhs edir. Demək istəyirəm
ki, Qarabağ mövzusu hər zaman yazarlarımızın əsas
mövzularından biri olub, biz heç vaxt bu mövzulardan
yayınmamışıq. Oxucuların bizdən ciddi şəkildə
umduğu və tələb etdiyi odur ki, Qarabağla
bağlı böyük sanballı romanlar yazılmalıdır.
Amma dünya tarixində belə bir təcrübə var ki,
böyük hadisələrdən əsərlər bir qədər
keçdikdən sonra yazılır, həmin hadisələr
baş verən kimi o əsərlər yazılmır. Sabir
demişkən "Çalxalandıqca, bulandıqca zaman nehrə
kimi, yağı yağ üstə çıxır,
ayranı ayranlıq olur". Zaman keçdikcə bu hadisələrə
daha yetkin tərzdə yanaşılacaq, hadisələr daha
diqqətlə öyrəniləcək və bütün
bunlar yazıçıların beynində zaman-zaman öz bədii
həllini tapdıqca həmin sanballı əsərlər
meydana çıxacaq.
-Dediniz ki, əsərlərinizdə
gördüyünüz, bildiyiniz və dərindən müşahidə
etdiyiniz hadisələrdən danışırsınız.
Hazırda da yeni roman üzərində işləyirsiniz. Siz əsərlərinizdə
Azərbaycan reallığını, yoxsa görmək istədiyiniz Azərbaycanı
əks etdirərdiniz?
-Təbii
ki, daha çox Azərbaycan reallığını. Amma
yaradıcılıq həm də təxəyyülün məhsuludur.
Bəzən əsərlərdəki qəhrəmanlar ya
başqa adla ifadə olunur, ya da yazıçının əsəri
yazma prosesində beyninə gələn obrazlar olur. Qalan məsələlər
qalır əsərin bədii qüdrətinin gücünə.
Yəni, müəllif onu necə ifadə edib, reallığa
uyğunmu, bir iştirakçı kimi və sair. Mən əslində
Qarabağ müharibəsi veteranıyam. 1992-ci ildə Tərtərin
komendantı rəhmətlik Hatəmi Tantəkin mənə
üzvlük bileti təqdim edib. O vaxt mən tez-tez cəbhə
bölgəsinə gedirdim. Bir çox məsələlər
var idi ki, özümə qənaət hasil etmək istəyirdim.
Məsələn, bilmək istəyirdim ki, niyə bizim ordumuz
düşmənə müqavimət göstərə bilmir,
niyə ermənilər bizim torpaqları alırlar? Səfərlərim
nəticəsində aydın oldu ki, orduda vahid komandanlıq
yoxdur. Ordumuz ayrı-ayrı siyasi liderlərə və
rayonlarda formalaşan xalq komandirlərinə məxsusdur. Səfər
zamanı mənə deyirdilər ki, hücuma keçib bir
yüksəkliyi götürdük, lakin ermənilər
toparlanaraq böyük qüvvə ilə üstümüzə
gəldilər. Biz arxadan kömək istədik, kömək gəlmədiyinə
görə, məcbur olub aldığımız yüksəkliyi
tərk etdik. Mən dəli olmaq dərəcəsinə gəlirdim,
necə ola bilər ki, arxadan kömək istədik gəlmədi?
Axı kinolarda elə görməmişdik. O vaxt baxmayaraq ki,
40 yaşım var idi, ancaq hadisələrin mahiyyətini anlaya
bilmirdim, necə ola bilər ki, kömək gəlməsin? Bu kimi məsələləri
öyrənmək, suallarıma cavab tapmaq üçün
tez-tez cəbhə bölgəsinə
gedirdim. Səfərlərdən birində Hatəmi Tantəkin dedi ki,
"qardaşoğlu, sən buralarda bizdən çox olursan,
gəlsənə səni dəstəmizə cəlb edim".
Gülümsəyrək dedim ki, necə məsləhətdir.
Və mənə vəsiqə təqdim olundu. Otuz ildir ki, həmin
vəsiqəni saxlayıram. Həm "Səs", həm də
"Elm" qəzetində cəbhədən xəbərlər
və məqalə yazırdım. Yadımdadır, Xocavənd
rayonunun icra başçısı Eyvaz Hüseynov xahiş etmişdi
ki, bizim də rayona gələrək camaatla görüş
keçirək. O zaman onun qardaşlarının
başçılığı ilə
döyüşçülərimiz Haramı düzündə çox
yaxşı mövqe tutmuşdular. Biz- akademik Fərəməz
Maksudov, fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar
Əsgərov və mən. Haramıya gedərək camaatla xoş bir
görüş keçirdik. Demək istəyirəm ki, mütəmadi olaraq cəbhəyə
getmişəm və o zaman döyüşmüş bir
çox adamları tanıyıram.
-Səyyad müəllim, indi də
mühüm bir post tutursunuz, Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi sədrinin birinci müavinisiniz.
Ölkənin dini durumunu necə dəyərləndirirsiniz,
ölkəmizə qarşı xarici dini təhdidlər
müşahidə olunurmu?
-Ölkəmizə
qarşı xarici təhdidlər var və biz bunu bilirik. Amma
44 günlük müharibədə düşmənə necə
zərbə vurmuşuqsa, pozuculuq məqsədilə Azərbaycana
gələn emisarlar, elə yaxın dövlətlərdən
də gələnlər, Azərbaycan dövlətinin və
prezidentinin bu sahədəki qətiyyətini görərək
hələlik öz yuvalarında gizlənirlər.
Ümumilikdə isə ölkədə dini durum sabitdir. Bizim
Komitə təkcə İslam dini ilə bağlı yox, həm
xristian, həm yəhudi, həm də digər dinlərlə
fəal iş aparır. Eləcə də dini dostluq,
qardaşlıq səviyyəsində tədbirlərimiz
keçirilir. Amma kim ki Azərbaycan
xalqının Konstitusion əsaslarını sarsıtmağa
yönələn hərəkətlər edirsə, fəaliyyət
göstərirsə, təbliğat aparırsa, onlara
qarşı mübarizəmiz çox sərtdir, ciddidir və
heç vaxt hansısa bir dini qrupun, yaxud sektanın üzvlərinin
Azərbaycanda qeyri-konstitusion fəaliyyətinə imkan verməyəcəyik.
-Parlament fəaliyyətinizdə siz həm
də "Kütləvi İnformasiya Vasitələri
haqqında" qanunun müəlliflərindən biri olmusunuz.
Bu günlərdə isə ölkədə "Media
haqqında" yeni qanun qəbul edildi. Belə bir qanunun qəbuluna
nə dərəcədə ehtiyac var idi?
- Mənə
elə gəlir ki, bu bir az inkişafa, bir sıra
dolaşıq və mənası tam aydın olmayan hərəkətlərə,
davranış tərzlərinə və fəaliyyət
proqramına müsbət təsir edəcək.
Alim Hüseynli
Olaylar.- 2022.- 14-20
yanvar.- S.14-15.