Vətən ulularımızın
müqəddəs məbədidir
İstiqamət: gənc nəslin
milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
hisslərinin tərbiyəsi
Milli ləyaqət hissi
gəncləri Vətəni qorumağa
çağırır
Milli özünüdərk vətənlə, torpaqla, mədəniyyətlə, incəsənətlə bağlı gerçəkliyin təzahürü olub, sosial-iqtisadi, mədəni və mənəvi mühitin qavranılması, dərk edilməsi və təsdiqidir. Milli mənlik şüuru formalaşmış və tərbiyə olunmuş hər bir insan, vətəndaş, öz xalqının mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir, ona düzgün qiymət verir. Tarix təsdiq edir ki, heç bir inkişaf, heç bir təkamül, heç bir hadisə zaman və məkan təsirindən kənarda baş vermir. Milli-mənəvi mühitin təşəkkülü, sosial mühit bütün xalqımızın, o cümlədən, gənclərin cəmiyyətdəki sosial vəziyyətinə, öncə, onların hiss və duyğularına, ictimai, həyatın hadisə və faktlarını duymaq, qavramaq və dərk etmək qabiliyyətinə əsaslı təsir göstərir. Gənclər mənsub olduğu millətə aid bütün artibutlara-milli bayrağa, gerbə, himnə, dini etiqada və s. fəal münasibət bəsləyir, qiymət verir, özlərinin əməli fəaliyyəti üçün nəticə çıxarmaq imkanı əldə edirlər. Torpaq, vətən insanın yaşayış və əbədiyyət məskəni, ulularımızın müqəddəs məbədidir. Beləliklə, vətənpərvərlik Vətənə olan ülvi məhəbbətdir. Vətənpərvərlik insanın daxilində olan bir hissdir. Bu hiss insanın daxilində yaranmayıbsa, o zaman nə Vətənini, nə torpağını, nə də valideynlərini sevə bilməz. "Vətənpərvərəm" deməklə iş bitmir. Hər bir insan vətənpərvərliyi əməlləri, gördüyü işlər ilə sübut etməlidir. Vətənpərvərlik daxildən gələn bir hissdir ki, onu da müəyyən vasitələrlə tərbiyələndirmək, düzgün istiqamətə, milli mənlik şüurunun möhkəmlənməsinə yönəltmək lazımdır. Məhz milli ləyaqət, torpağa bağlılıq, vətəndaşlıq dəyanəti bu qaynaqlardan nəşət edir, hər bir yeni nəsli azadlığa, müstəqilliyə, Vətəni qorumağa çağırır. Hər bir insanda milli mənlik şüuru belə bir zəmin üzərində təşəkkül tapır və belə bir həqiqəti təsdiq edir ki, mədəniyyətin, elmin, ədəbiyyatın inkişafı xalqın böyüklüyü və kiçikliyindən deyil, həmin xalqın müdrikliyindən, zəngin təfəkkür tərzindən, torpağa, elə bağlılığından asılıdır. Əsl vətənpərvər Vətənin gələcəyi naminə çalışan, Vətənin mənafeyini şəxsi mənafeyindən çox-çox yüksəkdə tutan, dar gündə əldə silah sərhədlərimizin keşiyini çəkmək üçün yollanmağa hazır olan insandır. Əsl vətənpərvər şagirdlərini öyrətməklə bərabər, həm də özü öyrənən müəllimdir, əsl vətənpərvər yalnız fəaliyyət göstərdiyi sahəyə xeyir gətirməyi düşünən mühəndisdir, tədqiqatları ilə elmə yenilik gətirən alimdir, xalqın mənafeyini hər şeydən uca tutan siyasətçidir. Bir sözlə, əsl vətənpərvər əsl vətəndaşdır! Bu gün Vətənimizin gələcək taleyi əsl vətənpərvərlərin əlindədi. Azərbaycan, xalqın azadlıq arzusu və mübarizəsi nəticəsində müstəqilliyini qazandı. Bu müstəqilliyi itirməmək üçün xalqımız çox sınaqlardan, məşəqqətlərdən keçdi. Sovetlər İttifaqı dağıldıqdan sonra yaranmış çətin iqtisadi-siyasi vəziyyət, digər tərəfdən Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları və dövlətimizə qarşı açıq hərbi təcavüzü müstəqilliyimizi təhlükə qarşısına qoymuşdu. Məlum olduğu kimi Prezident İlham Əliyevin ən ali prinsiplərindən biri Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, onu dünyada demokratik, hüquqi dövlətə çevirmək olmuşdur. Bu gün əminliklə demək olar ki, Azərbaycan dünyada demokratik dəyərlərə söykənən, insan azadlığına dəyər verən bir dövlətdir. Bu gün insanlarımız rifah içində yaşayır, onların gözəl həyat sürmələri üçün hər cür şərait yaradılmışdır. Müstəqilliyimizin qorunması, suverenliyimizin və ərazi bütövlüyümüzün təmin olunmasında xalqımız böyük mərdlik göstərmişdir. İgid oğullarımız canlarından, qanlarından keçərək ərazi bütövlüyümüzü təmin ediblər.
Vətənpərvər Azərbaycan gənci özünü döyüş meydanında, mənfur düşmənə qarşı mübarizədə ən yaxşı cəhətdən göstərdi. Bütün döyüş tapşırıqlarını cəsarətlə, igidliklə yerinə yetirdi, şücaət və qəhrəmanlıq nümayiş etdirdi. Şuşa kimi qala şəhərini sıldırım qayalara dırmaşmaqla, çətin cığırlardan keçməklə, yüngül silahlarla az qala əliyalın aldı. Bir sözlə, Azərbaycan gəncinin nəyə qadir olduğunu, əsil vətən sevgisinin necə olduğunu bütün dünya gördü. Azərbaycan Ordusunun möhtəşəm hərbi əməliyyatları, 44 günlük zəfər müharibəsində Müzəffər Ali Baş Komandanın irəlicədən söylədikləri bütünlüklə həyata keçdi. Vətən müharibəsi ilk növbədə zəka, uzaqgörənlik, müdriklik, qətiyyət və möhkəm iradə müharibəsi idi. Döyüşən ordulara rəhbərlik edənlərin bu sahədəki fərqi özünü hərbi əməliyyatların gedişində, orduların hazırlıq səviyyəsində, seçilən taktika və strategiyada, müharibəyə hazırlıq və döyüşlərin davam etdiyi müddətdə yeridilən daxili və xarici siyasət, atılan diplomatik addımlar - bütövlükdə maharibənin nəticəsində özünü parlaq şəkildə göstərdi. Şanlı Zəfər bu gün Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Azərbaycan Prezidenti məhz bu reallıqlar fonunda yeni əməkdaşlıq platformalarının yaradılması istiqamətində təkliflərini səsləndirir. Yəni şərtləri indi İlham Əliyev diktə edir. Məğlub Ermənistan isə Azərbaycan Prezidentinin irəli sürtüyü şərtlərlə hesablaşmağa məhkumdur. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun bu tarixi qələbəsi bizim haqqımızda uydurulmuş məğlub xalq sindromunu birdəfəlik sındırdı və inamımızı özümüzə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır və qovuşdu da. İşğal altında olan torpaqlarımızın azad edilməsinin ən başlıca səbəbi isə Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, Prezident -xalq birliyinin sıx vəhdətidir. Qarabağı "dəmir yumruq" əməliyyatı ilə cəmi 44 günə düşməndən təmizləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün dəmir iradə ilə işğaldan azad olunmuş torpaqlarımızda böyük tikinti-quruculuq işlərinə başlayıb. Erməni barbarlarının daşı-daş üstündə qoymadıqları şəhərlərimizin Baş Planını təsdiq edərək daha möhtəşəm şəhərlər qurur. Bir vaxtlar torpaqlarından didərgin düşmüş bir milyona yaxın insana çadır şəhərçikləri yaradan, sonradan onlar üçün yeni yaşayış komplekskəri tikən ölkə bu gün həmin vətəndaşın öz doğma yurduna qayıtması üçün Qarabağı yenidən qurur. Bu, ilk növbədə Prezident İlham Əliyevin son 18 ildə tarixinin ən qüdrətli dövlətinə çevirdiyi Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Media
İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap
edilmişdir
Olaylar.- 2022.- 20-26 yanvar.- S.11.