ŞƏHİDMİ
OLDU ƏSGƏR?!
CƏNNƏT QOXUDU HƏR YER!
Səni dağlara yazsam
yağışlar, göylərə yazsam buludlar, gözlərimə
yazsam yaşlarım silər. Səni qəlbimə
yazdım, artıq kimsə silə bilməz, Azərbaycan! Vətəninə
canını fəda edən igidimiz, şəhid Cabbarov Oruc Akif oğlunun
sevimli kəlmələri
dillərdə əzbər
olub indi.
Cabbarov Oruc Akif oğlu
1999-cu il dekabr ayının 6-da Yevlaxın Nərimanabad kəndində anadan olub. Üç uşaq olublar
ailədə. Gülsüm ailə həyatı qurub, Gülər VI sinifdə oxuyur. Oruc isə bir evdə
doğuldu, bir elin oğlu oldu. Nərimanabad
kənd tam orta məktəbi qurtardıqdan
sonra 2017-ci ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini ləyaqətlə
başa vursa da, həyatını hərbə həsr edərək müddətdən
artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyətinə davam
edir. Sentyabrın 27-də düşmənin elan olunmamış müharibəsi neçə-neçə
oğullarımızın arzularını
ürəyində qoydu.
Elə həmin gün
də Oruc hərbi hissədən Tərtər, Ağdərə
istiqamətində gedən
qızğın döyüşlərə
qatılır. Atası Akif
I Qarabağ müharibəsinin
iştirakçısı kimi
könüllülər batalyonunda
vuruşub. Ata müharibənin nə demək olduğunu yaxşı bilirdi, göydən yağan güllə yağışına
nə dayan, nə də dur, demək olmur. Ona görə çox
narahat olurdu.
Oktyabır ayının 6-sı səhər saat 04:00-da Oruc atası ilə danışır: "Ata, narahat olma, yuxarı çıxırıq. Hər şey yaxşı olacaq" -deyib ümid verir. Dayısı Zeynal Zamanov da müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi, Orucla bir yerdə döyüşürdü. Həmin gün əmr verilib ki, tabor döyüşə getməlidir. İgidlərimiz dərhal hazır vəziyyətdə olublar. Oruc əvvəlki döyüşlərdə ayağından yaralansa da, döyüş yoldaşlarına qoşulur. Talış-Ağdərə-Suqovuşanın sol sahilindəki yüksəklikdə vuruşurlar. Yüksəklik düşmənin nəzarətində olduğundan xətti yarmaq çətin olur, amma ağır döyüşlərlə yüksəklik azad edilir. Oktyabrın 10-da həmin ağır döyüşlərdə Oruc qəhrəmancasına şəhid olur.
Oruc babasının adını daşıyıb və onlarla bir yerdə yaşayıblar. Çox sevərmiş Oruc babası adaşını. Nə hikmətsə, Oruc babanın rəhmətə getdiyinin 40-cı günü nəvə Oruc da şəhidlik zirvəsinə yüksəlib.
Oğul dünyaya gətirən ananın sevinci ilə, oğlu şəhid olan ananın kədəri heç nə ilə ölçülmür.
Anası Ülviyyə deyir ki, Oruc kimə zəng eləsə mütləq deyirdi ki, telefonu anama verin. Ailəyə, evinə çox bağlı idi: " Niyə belə vəfasız oldu balam? Neçə aylardır qulağım səsdədir, kimsə deyəcək ki, al telefonu, Oruc səninlə danışmaq istəyir. Necə darıxmışam, balam üçün, bir biləsiz..."
Ailənin od tutub alışan ürəyinə su səpən şəhidin döyüş dostlarıdı, sağ olsunlar, tez-tez ailəyə baş çəkirlər. İgid, qorxmaz, cəsarətli Oruc haqqında qürurla danışırlar. Çox böyük ruh yüksəkliyi vardı Orucda, tez bir zamanda düşməni məhf edəcəyik, deyirmiş. 44 günlük müharibə yurd həsrətimizə son qoysa da, anaları, ataları övlad həsrətli qoydu. Ürəyi köz-köz olan ata-anlar, vətən sağ olsun, təki düşmən torpağımızdan rədd edilsin, deyirlər.
Hər bir şəhid ailəsinə təskinlik üçün söz axtarırsan, bir anda yaddaşın səni özünlə tək buraxır və özündə güc toplayıb şəhid ailəsinin qapısını döyürsən, həm kədərlə, həm də qürurla! Bu dəfə də Nərimanabad kəndində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yevlax rayon filialının sədri Elxan Hümbətovla yenidən Orucun ailəsini ziyarətə gəldik. Hər kəs Oruc haqqında gözəl söz demək istəyirdi. Dayanırdıq, dinləyirdik, qürurlanırdıq. Ailənin necə bir oğlu olduğunu, onu necə sevdiklərini görürdük, Kənd camaatı Oruca və ailəsinə görə evində şadyanalıq, xeyir iş etmirlər. Belə bir milləti məğlub etmək olarmı!?
Nərimanabad kənd qəbristanlığına yollandıq. Elə ilk addımımızda, hamıdan irəli şəhidin məzarı durur.
Bizə necə qürurla baxırdı, sanki: Mən də özümlə fəxr edirəm, şəhid olduğum üçün, deyirdi.
Ruhun aydın, qəhrəman Oruc. Zəfərimizin ildönümündə Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə daha bir ödüllə - "Suqovuşanın azad olunmasına görə" medalı ilə də təltif olundun.
Bir ildən sonra yenə sizdəyəm. Evin havasından
tutmuş, insanınacan,
əşyasınacan hər
yer həsrət qoxuyur, Oruc həsrəti.
80 yaşlı Xurşud nənənin nəvə həsrəti,
acı göz yaşları. Bir zamanlar
qoynunda-qucağında bələyib,
minbir oxşamayla böyütdüyü körpə
quzusu, millətinə
tarix dərsi yazıb. Nəvəmi istəyirəm, ondan
ötrü darıxıram
deyən, nənənin
göz yaşlarına
mən də tab gətirmirəm.
Atan Akif, anan Ülviyyə
xanımla da danışmaq çox ağırdır. Sevgi, təbəssüm
və gözəl günlərimizi Orucla birgə itirdik, deyir valideynlərin. Övlad dərdi bellərini büksə, sıxıntı içində
yaşasalar da, nikbindilər,nə edək, balamız vətənə lazım idi, o da borcunu
qanilə verdi, deyirlər. Böyük bacın Gülsümün
həyat yoldaşı
Aqşin İbrahimov müddətdən artıq
həqiqi hərbi xidmət qulluqçusudur,
kiçik bacın Gülər isə VII sinfə keçib. Əlbəttə, tutunmağa, yaşamağa
səbəb vardır,
ən böyük səbəb isə sənin adınla şərəflə yaşamaqdır.
Ata-anan çox
böyük nəzakətlə
ölkə başçısı,
rəsmi qurumlar və qədirbilən xalqımız tərəfindən
onlara göstərilən
hərtərəfli diqqət
və qayğıdan razılıqla danışdılar.
Rahat uyu, gözəl şəhidim!
Cabbarov Oruc Akif oğlu
ölümündən sonra
Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin sərəncamı
ilə "Vətən
uğrunda" və
"Suqovuşanın azad
olunmasına görə"
medalları ilə təltif olunmuşdur. Orucun uğrunda canından keçdiyi Qarabağ Azərbaycandır!
Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti
Olaylar.- 2022.- 28 yanvar- 3 fevral.- S.18.