“Azərbaycanın sakral coğrafiyası”
silsiləsindən
“...Mənaqibnamə”nin
dini-irfani təlimi...
(XXV
yazı)
"Ü(İ)çmüəzzin
Ruhani seminariyasının tədris proqramına hərbi iş
daxil edilməli, məzunlara zabit rütbəsinin verilməsi,
hərbi incəsənət (?) kurslarının
keçirilməsi, dəqiq elmləri öyrədilməsi...məsələləri
ilə bağlı kilsə rəhbəri və Müdafiə
naziri Seyran Ohanyan arasında mütəmadi olaraq məsləhətləşmələr
aparılır, nəticələr ümidvericidir. Həm də
nəzər alınır ki, nazirliyin təqdimatı ilə hərbi
xidmət keçənlərə seminariyaya qəbul da
üstünlük verilsin."
(A.Mikaelyan, "Voskaparat.info" portalı, 18.08.2020)
Türk-Müsəlman dünyasının İlahi Haqqa
tapınması, İrfani-Ruhani
dünyagörüşünün daşyıcısı kimi
Müqəddəsliyin yayımında Səmavi Öyüdlərə
yer verməsi minilliklərdir ki, Doğudan Batıya nur
saçmaqdadır. Bu dini yolun yolçusu olmaqdan şərəf
duymaqdadır Türk-Müsəlman qövmü. İstər Yaqutlar ölkəsində olsun, istərsə
də Anadolu yaylasında, Ruhani duyğusallığını
qoruyub saxlamaqdadır, ətrafı kafirlərə əhatələnsə
də Haqq yolundan dönməzdir. Son qərinədə
şahidi olduğumuz qatı və qəvi düşmənlərimizin
törətdiyi soyqırım və amansız qətliamlar nəinki
Qərbi Azərbaycandan, eləcə də Qarabağdan
Türk-Müsəlman
İrfanlığının-Ruhsallığının
izini-irsini silə bilməmişdir.
Çünki,
Bütöv Azərbaycanda olduğu kimi, Qərbi Azərbaycanda
və Qarabağda Müqəddəs Səmavi Dinimizin hər
iki bölgədə, ziyarər edilən yurdlarında həm
də unudulmaz tarixi-coğrafi ocaqları qalmışdır.
Milli-mənəvi dünyamızı Diri saxlayan, dini tariximizin
bir səhifəsini yaşadan, Ruhani varlığın Haqqa təslim
olmasının ideoloji xəttini özündə ehtiva edən
Təsəvvüfi-Sufiliyi (kəşf və kəramətin kəsərliyi,
nəfsin istəmdiklərini etmək, Ruhən Haqqı təmsil
etmək...) düşüncə və yaşam
dünyasında təcəssüm etdirən Qarabağlı Pir Məhəmmədə
həsr edilən tədqiqat əsəri (tədqiqatçılar
Fariz Xəlilli və Şəhla Xəlillinin mötəbər
mənbələrə istinadən elmi-nəzəri
araşdırmaları ilə ərsəyə gətirilən
"Qarabağlı Pir Məhəmmədin Mənaqibnaməsi"
əsəri Bakı şəhəri, "Elm və Təhsil"
nəşriyyatında 2020-ci ildə çap edilmişdir) bu ocaqların "gözərən
daşları"dır. Hansı ki, bu
ocağın nurundan nəinki Qərbi Azərbaycanın Zəngəzur,
Göyçə, Ağbaba... mahallarına, eləcə də
Borçalı-Kürqırağı, Şirvan-Dərbənd,
Naxçıvan-Ərdəbil... ellərinə də
işıq düşmüşdür.
XII əsrdə
Şeyx Şəms Təbrizinin "şəcərə
qığılcımı" Qarabağda Pir Məhəmməddə,
Ərdəbilli Şeyx Səfiəddinin nuru Göyçədə
Miskin Abdalda və Dədə Ələsgərdə...,
Şirvanda-Qobustanda Şeyx Qubad və Şeyx Eyyub həzrətlərində
təcəlla etmiş, cəmi Qafqaz küliyyatını əhatə
etmişdir.
"Qarabağlı
Pir Məhəmmədin Mənaqibnaməsi" əsəri bu
mülahizələrə də aydınlıq və nikbinlik gətirmişdir.
Əvvəlki
yazılarımızda adı çəkilən tədqiqat əsəri
barədə qısa da olsa söhbət
açılmış, indi isə davamını nəzərinizə
çatdırırıq.Qeyd etmək lazımdır ki, Azərbaycanın
sakral coğrafi mövqeyi, sakral
dünyagörüşünün
daşıyıcısı kimi Qafqazda öncüllüyü
ümumən Türk-Müsəlman dünyasının
dini-irfani coğrafiyasını da özündə ehtiva
etmişdir. Çünki Yaxın Şərq və Qafqaz
bölgəsinin Dini-Ruhani mərkəzi Bütöv Azərbaycan
timsalında tarixən formalaşamış və qonşu
mahallara yayılmışdır (səhifə 7-də qeyd
olunur: "Xəlifə Osman ibn Affan (3-cü Rəşidi xəlifəsi,
574-656-cı illər-Q.Y.) dövründə Qurani-Kərimin
yazıya alınmasında Azərbaycandan göndərilən
məktubların əsas rol oynadığı da məlumdur. Xəlifə Əli ibn Əbu Talib (4-cü Rəşidi
xəlifəsi, 601-661-ci illər-Q.Y.) dövründə ilk
tabeinlərdən olan və müsəlman yürüşlərinə
qatılan Üveys əl-Qəraninin (Türk əsilli
övliya-filosof, 594-657-ci illər-Q.Y.) Azərbaycanda
şəhid olması və dəfn edilməsi bilinir. Beləliklə, İslamın ilk illərində Azərbaycan
ərazisi və əhalisi hadisələrin mərkəzində
görünür."
Bütöv Azərbaycan timsalında İrfani-Ruhsal təriqət
kimi Təsəvvüfi-Sufiliyin ustad məkanları kimi Cənubi
Azərbaycanın Təbriz, Şiraz, Xoy, Ərdəbil...
şəhərləri xüsusilə fərqlənmişdir.
Arazboyu vadilərdən şimala axan Müqəddəs
Ruh seli Naxçıvanı, Ağbabanı, Göyçəni,
Borçalını...bürüdü və məşhur
şeyxlər, mürşidlər, müridlər...yetişdi. Adları
hörmət-izzətlə xatırlanan həmin din xadimləri
həmişə yad olunmuş, haqq dünyasına
qovuşduqları məqamlar isə el-oba ziyarətgahına
çevrilmişdir.
Bu
baxımdan Qarabağ və Şirvan-Qobustan Sufiliyinin ocaq
Ustadları kimi Pir Məhəmməd və Şeyx Qubadla
yanaşı əsərdə Şah Qubadın şeyxi Quba
nahiyəsinin Rük kəndində olan Məhəmməd
Rükkinin, Şeyx Əmir Ağdaşi-Mişlişinin,
Şeyx Məhəmməd Dağıstaninin, Şeyx Mənsurun
(vərəndəli) və Ağdam nahiyəsinin Maqsudlu
obasından olan Qara Məhəmmədin, eləcə də
Osmanlı dövləti ərazisində təriqət
davamçısı olan şeyx
Əbdülməcid Şirvaninin, Ağqoyunlu dövlətinin
himayəsi altında Qarabağda fəaliyyət göstərən
Dədə Ömər Rövşəninin (Şeyx Qubad onun
müridi olub) də adları çəkilir.
Göründüyü
kimi, orta əsrlərdə Azərbaycan hüdudlarında dini
dünyagörüşün elmi-nəzəri təsəvvürü,
izahı və təbliği istiqamətində əsas vasitə
olan təriqət cərəyanı kimi Təsəvvüfi-Sufiliyin
yayılması sərhədsiz olaraq Dərbənddən
Naxçıvana kimi İrfani təlim mərkəzləri və
Ruhani mərasimləri timsalında geniş şəbəkəyə
malik olmuşdur, ictimai-sosial fərq olmamışdır.
Tədqiqat
əsərinin məlumatları bunu deməyə əsas verir.
Belə ki, bildirilir ki, şeyx Qubad 1543-cü ildə
yüz yaşında vəfat etdikdən və Şirvanda dəfn
olundan sonra Pir Məhəmməd Qarabağda irşad fəaliyyətinə
başlamışdır. Şeyx Qubad
mürşidlərindən olan Şeyx Əmir isə xəlvəti-irşadi
ömür sürdüyü Dağıstanın
Mişleş kəndində 1563-cü ildə Haqqa
qovuşmuş, orda torpağa tapşırılıb, qəbri
üzərində inşa edilən türbə hazırda
ziyarət ocağı kimi ibadət edilir.
Cənubi
Qafqazda Sufiliyin nəqşibəndi ocağının geniş
yayılmasında Şeyx Qubadın, Pir Məhəmməd
Qarabağlının və Şeyx Əmir Ağdaşinin
dini-irşadi təlimlərin rolu böyük olmuşdur.Və
o da anlaşılır ki, Qarabağ-Şirvan Sufiliyinin
İrfani-Ruhani daşıyıcıları həm də Osmanlı
Türkiyəsində bu təriqətin təbliğini icra
etmişlər.
Ustad Nəsiminin
"Ənəlhəq" təcəllası sanki Yunus
Əmrə surətində-timsalında bulunmuşdur
Kitabın
30-37-ci səhifələrində Qarabağ-Şirvan sufiliyinin
mürşidləri-müridləri sırasında digər
öncül yer tutanların, Kəramət-Ruhanl dərəcələriilə
seçilən övliyaların mübarək ismi-şərifləri
xatırlanır: Şeyx Əbdülməcid Şirvani
(Şeyx Əbdül), Şeyx Əmir, Canağa (Pir Məhəmmədin
böyük qardaşı), Zeynəb ana (Pir Məhəmmədin
xanımı), Şeyx Ağası, Molla Məhəmməd (Dəmirçihəsənli
obasından olub, Pir Məhəmmədin xəlfəsi), Molla
Baba (Ərəş şəhərindən idi, Şeyx Məhəmmədin
xəlfəsi), Qara Molla Nemətullah (müridlərdən
olub), Qara Kəndxuda (mürid olub, Pir Məhəmməd dediyi
gündə o, vəfat edib), Molla Adil Paşa, Molla Pir Qədəm,
Molla Feyzullah, Molla Əvəz, Bəşarət (mürid, kəşf
və kəramət sahibi), Üveys ağa, Pir Məhəmmədin
böyük oğlu Vəli Məhəmməd, Həbib Məhəmməd,
Üveys əl-Qərani (Ağdaşda Veysəl Qərani
ocağı var), Göy Molla Əli əfəndi (Ərzurumlu
mürid), Şah Təhmasib (I Şah İsmayılın
böyük oğlu, Pir Məhəmmədin övliya
olduğunu və kəramət sahibliyini sınaq etdikdən
sonra ona qarşı inamı daha da artmış, onunla paytaxt Qəzvin
şəhərində görüşmüşdür)...
"Qarabağlı
Pir Məhəmmədin Mənaqibnaməsi"nin 38-48-ci səhifələri
əsərin dini-irfani məzmunu daxilində adı çəkilən
və XVI əsrdə Qarabağ bölgəsində tarixən
yayılmış antro-hidri-orotoponimlərin (oba, kənd,
çay, dağ, dərə...) silsiləsi, mənası və
məzmunu barədə bilgilərə ayrılıb. Və bildirilir ki, Qarabağ diyarı minilliklər
boyunca əski türkdilli kimmer, skif, sak, hun, xəzər,
sabir, türk, oğuz, səlcuk, monqol, tatar, türkmən... tərəkəmə
tayfalarının-elatlarının yurdu-ocağı,
yaylağının, qışlağının məkanı,
döyüş-cəng oylağı olmuşdur. Bu
obalarda sufi rituallarının ilk
rüşeymləri kök atdığından artıq orta əsrlərdə
Təsəvvüfi-Sufiliyin çeşidli şəbəkəsi
formalaşmışdır, yəni təsadüfi yox, bu
İlahi Hökmə qul olan mistik-duyğusallığın məntiqi-təbii
mərhələsi idi. Eləcə də
ayrılıqda Qarabağ bölgəsinin toponimləri də
bu milli Ruhdan yaranmış, minilliklərlə bu adlar qorunub
saxlanılmışdır.
Toponimlərin
sistemli qruplaşdırılması aşağıdakı
qaydada təsvir edilib:
-Qarabağ
diyarının tarixi-coğrafi sərhədləri, yer
adlarının (toponimlərinin) mənşəyi, təbii
şəraiti Yunan-Ərəb
coğrafiyaşünaslarının (e.ə.484-425-ci illər,
qədim yunan tarixçisi Herodotun "Tarix" əsəri
(Skif (İskit)-Sak tayfaları barədə məlumat hissəsi);
Strabon (e.ə.63-e.24-cü illəri, qədim yunan
tarixçisi və coğrafiyaşünası, 17 kitabdan ibarət
"Coğrafiya"nın 11-ci cildi Azərbaycana (Qafqaz
Albaniyasına) həsr edilib); Klavdi Ptolomey (100-170-ci illər,
"Almaqest" əsəri); Yaqut əl-Həməvi
(1178-1229, yunan əsilli ərəb
coğrafiyaşünası və səyyahı, toponimika
mövzusunda "Ölkələrin lüğəti"
kitabı...) əsərlərində-əski xəritələrində
təsvir edildiyi kimi Kür çayının sağ-Araz
çayının sol sahillərini və Kiçik Qafqaz
hövzəsinin bir hissəsini əhatə etməklə
Qarabağ sıra dağlarını, Qarabağ vulkanik
yaylasını əhatə etməklə, etnogenetik məskunlaşma
arealı Türk-Müsəlman qövmünü (həm də
Təsəvvüfi-Sufiliyin şifahi xalq mərasimlərini-zikrlərini
(İlahi Ruhu oyadan irfani kəlamları yaşadan)
özündə yaşatmışdır;
-Gəncə-Qarabağ
bəylərbəyliyi (1501-1747-ci illərdə inzibati-idarəetmə
ərazisi, ilk hakimi Türkmən-Qacar tayfasından Qara Piri bəy
Qacar olub) bir çox "Qarabağlı",
"Qarabaği", "Qarabağ"... antro-oro toponimlərinin
yaranması üçün əsas olmuşdur;
-Maqsudlu
obası, Qarapirimli kəndi-Pir Məhəmməd
Qarabağlının əcdadlarının doğma yurdu,
dini-irfani təlimin mərkəzi və haqq dünyasına
qovuşma məkanı (eləcə də
övladlarının, xəlfələrinin, müridlərinin
türbə və qəbirləri) olan yaşayış məntəqələri;
-Cirgis
çayı (indi Gülyataq çayı adlanır)-Papravənd
və Qarapirimli kəndləri arasından axır,
yaxınlığında Şeyx Məhəmmədin xanəgahı
yerləşir;
-Nərgizli
dərəsi-Cigis çayı sahilində, Qarapirimli kəndi ərazisindədir,
Şeyx Məhəmmədin cüt sürdüyü, əkin
apardığı yer olub, bu yerdə türk, ərəb, fars, suryani dillərində olmayan dili öyrənmişdir;
-Cavanşirlər
obası-Qarabağda məşhur Türk tayfalarının
(Köçərli, Tərəkəmə, Nəsibbəyli,
Hümmətəlibəyli, Qaraxanlı, Sarıcalı...) və
dini-ruhani (Seyidimli, Sofulu, Şıxbabalı, Pirqayalı,
Şıxlar, Molla Məmməd...) obalarının
ünvanı;
-Şirvan
diyarı-təbii-coğrafi ərazi kimi Kür
çayının sol sahilini, Böyük Qafqazın hər
iki yamaclarını və Xəzərsahili əraziləri
tutur, Şeyx Məhəmməd Qarabağlının bu diyarla
əlaqəsi güclü olub, Şah Qubadın Xəlvətilik
təriqəti dərgahının mürşidlərindən
biri idi, ondan icazə almışdır;
-Dağıstan
diyarı-"Mənaqibnamə"də Sufiliyin
yayıldığı bu mahalın (Böyük Qafqaz
dağlarının şimal hissəsi, Samur
çayının sol sahili, Xəzər dənizinin
şimal-qərb əraziləri) və xəlvəti-sufi
müridi Şeyx Əmirin
adı çəkilir;
"Mənaqibnamə"də yer adlarının (...Vərəndə
nahiyəsi, Tərtər çayı, Quzanlı qəbirstanlığı,
Qəzvin şəhəri, Dəmirçihəsənli
obası, Ərəş və Gəncə şəhərləri,
Rəvan bəylərbəyliyi və Rəvan şəhəri
(indiki Qərbi Azərbaycanda İrəvan şəhəri),
Üçoğlan obası, Lənbəran nahiyəsi, Bərdə
qəsəbəsi, Kürəkçay, Naxçıvan
duzdağı..) təsvir edilməsi, bu toponimlərin
sıralanması tarixi-coğrafi məlumatlar olmaqla
yanaşı, həm də bu yerlərin dini-irfani irsi barədə
elmi-nəzəri təhlillərin aparılmasına əsas
verir, maddi-mənəvi irsimizin zənginliyi barədə təsəvvür
yaradır.
Tarixi irs
araşdırıcıları, "Miras" Mədəni
İrsin Öyrənilməsinə Kömək İctimai
Birliyinin üzvləri Fariz Xəlilli və Şəhla Xəlillinin
mötəbər mənbələrə istinadən elmi-nəzəri
araşdırmaları ilə ərsəyə gətirilən
"Qarabağlı Pir Məhəmmədin Mənaqibnaməsi"
əsəri dini-sakral tədqiqatlar
sahəsində görülən qiymətli elmi-nəzəri
mənbə rolunu oynayacaqdır, "Azərbaycanın sakral
coğrafiyası"nın zənginliyi baxımından bu
cür əsərlərə ciddi ehtiyac duyulmaqdadır.
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin
müəllimi
Olaylar.- 2022.- 28
yanvar-3 fevral.- S.17.