"Uçurum"dan uçuruma baxış...

 

 Yunus Oğuzun "Uçurum" romanının təqdimatı keçirilib

 

Azərbaycan Yazıçılar  Birliyinin  "Natəvan" klubunda   yazıçı- publisist, dramaturq, "Olaylar" İnformasiya Agentliyinin və eyni adlı qəzetin baş redaktoru Yunus Oğuzun "Uçurum" romanının təqdimatı keçirilib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin yaranmasının 30 illiyinə həsr olunmuş romanın təqdimat mərasimində   millət vəkilləri, media rəhbərləri, şair-yazıçılar iştirak ediblər.

"525-ci qəzet"in  baş  redaktoru, Azərbaycan  Yazıçılar  Birliyinin  sədrinin birinci müavini Rəşad Məcid  giriş sözü ilə çıxış edib:

"Mən Yunus Oğuzun əsərləri barədə danışanda hər zaman demişəm ki, Azərbaycanda Yunus Oğuzun ən sadiq və ardıcıl oxucusu mənim anamdır. Kitabları nəşr edilən kimi ilk ona göndərirəm. Bu kitabı da göndərmişdim. Ağcabədidə olanda televiziyada narkotiklərə qarşı mübarizədən danışanda anam dedi ki, bunların hamısı Yunus Oğuzun romanından sonra olub. O, bu məsələləri öz romanında işıqlandırıb. Ona görə mən belə  sanballı  əsər  münasibətilə  Yunus Oğuzu təbrik edirəm, əsərlərinin ardıcıl olmasını arzulayıram. Və  Yunus bəyin təkidi, bizim də xahişimizlə bugünkü tədbiri hörməti akademik Nizami Cəfərov idarə edəcək".

 

Yeni tariximizin ən yeni romanı

 

Filologiya elmləri doktoru, akademik, millət vəkili Nizami Cəfərov çıxışı zamanı qeyd edib ki, "Uçurum" romanı həqiqətən bizim ən yeni tariximizin ən yeni romanlarından biridir:

"Yunus Oğuzun elə bir əsəri yoxdur ki, mən onu nəinki oxumayım, hətta, haqqında yazmayım. Yunus Oğuzun  Azərbaycanın tarixini araşdıran, detallarına gedən, bu tarixin məntiqini tapmağa çalışan yazıçı olması bir faktdır. Bizim hər bir vətəndaşımız öz tarixinin məntiqinin  hardan gəlib, hara getdiyini bilməlidir. Bir az təxmini də olsa, mütləq bilməlidir. Bu da ədəbiyyatdan keçir. Çünki, ədəbiyyat çox səmimidir, tarixin özündən daha tarixidir. Ədəbiyyat hər bir insana, onun şüuruna təsir edə biləcək səviyyədədir.

Bu gün bizim mətbuatımız bizim cəmiyyətimizi tarix üzərində xeyli dərəcədə kölgələyir. Amma dünyanın heç bir yerində mətbuata çox ümidli olmuruq. Çünki,  mətbuat ictimai şüura təsirdə həmişə effektivliyə, tendensiyalılığa çox gedir, çünki  buna məcburdur. Hər dövrün, hər ayın, bəzən bir neçə günün elə emosiyaları olur ki,  mətbuatda qabardılır və bununla da tarixin məntiqi tamamilə ayrı istiqamətə yönəldilə bilir. Amma ədəbiyyat təmkinlidir. Ədəbiyyatda qərarlaşan tarixi şüur cəmiyyətin tarixi şüuru, milli tarixi şüurdur. Ruslarda belədir, məsələn, onlar öz tarixlərini Tolstoydan öyrənirlər. Bizdə belədir, bizim tariximizin ən çoxu elə ədəbiyyatımızda əks olunub. Məsələn, tarixçilərin belə hesablaşdığı Səməd Vurğun  haqqında deyirdilər ki, o, bədii kitab, bədii əsər oxumur. Amma elə yazır ki, elə bil oxuyub. Bu bir növ inersiyanı qiymətləndirmək deməkdir əslində. Şairin, yazıçının inersiyasında tarixilik əks olunmalıdır.

Yunus Oğuz bu məsələlərə əsaslıqla daxil olan, eyni zamanda bu tarixin fəlsəfəsini dərk etməyə çalışan bir yazıçıdır. Mən Yunus müəllimin Kiyevdə, Daşkənddə əsərlərinin təqdimatında çox böyük tarixçilərin, yazıçıların iştirakı ilə iştirak etmişəm. Bu yerlərdə Yunus Oğuz Azərbaycanla bağlı kitablarını deyil,  həmin regionla  bağlı kitablarını təqdim edib. Məsələn, Daşkənddə "Əmir Teymur" romanının təqdimatı keçirilib.

O ki qaldı "Uçurum" romanına, bu roman  həqiqətən bizim ən yeni tariximizin ən yeni romanlarından biridir. Yunus müəllimin  əsərləri, yaradıcılığı bizim üçün yeni üslub deyil. Amma Yunus müəllim onu çox parlaq şəkildə təqdim edə bilib, paralellik aparıb. Məsələn, eyni hadisə - gömrük işi, narkotika idarəsi ilə bağlı eyni hadisəni XVI əsrin I yarısından, Təhmasib Şahın dövründə gedən proseslərin təhlili kimi də verir, bugünkü günlərin hadisəsi kimi də.  Qəhrəmanlar da demək olar ki, eynidir. Onların müdafiə sistemi də eynidir, aşağı və yuxarı təbəqələrin münasibəti, beynəlxalq təsirlər də eynidir. Bir mənada tarixin fəlsəfəsi də bundan ibarətdir. Eyni hadisə tarixin müxtəlif dövrlərində cərəyan edir və bu hadisənin aktuallığı da demək olar ki, eynidir.

Əsərdə bir xeyli sirlərin üstünü açır. Təsvirləri daha effektivdir. O vaxt sovet dövründə də deyirdilər ki, məsələn, mən bir roman və ya poema yazdım və hökumətimizin, məsələn, neft sənayesi sahəsindəki problemini həll etdim və yaxud xarici düşmənlərə qarşı mübarizəni yekunlaşdırdım. Yəni, həll etdim, bu iş qurtardı. Amma Yunus müəllimin qəhrəmanı "Baron" yenə də salamat qalır və böyük məmnuniyyətlə belə yaşamağını davam etdirir. Hətta, tarixdən belə bir məlumat göndərir ki, "əvvəl-axır sən cəzanı alacaqsan". Oxucu da tamamilə əmindir ki, bu yoldaşlar cəzalarını alacaqlar.

Bütün bu həyatın gerçəkliyi, bizim gördüyümüz, müəyyən cəhətdən inandığımız bunu deməyə beynimizdə boş, ağ yer buraxır. Amma eyni zamanda da, Yunus müəllim inandıra bilir ki, bizim narkotikaya qarşı mübarizə aparan, xüsusilə, bu təkcə gömrük orqanlarının işi deyil, daha genişmiqyaslı işdir, oğullarımız, igidlərimiz var ki, onlar belə şeyləri heç vaxt, heç kimə bağışlamayacaqlar. Bu hər zaman belə olub, indi də belədir. Həmin oğullardan biri, Yunus müəllimin qəhrəmanı Fikrət müəllim (polkovnik Fikrət Ələsgərli-red.) də bu tədbirdə iştirak edir.

Bizim gömrük orqanları da bu əsəri bəyənib və   yayılması, daha geniş auditoriyada oxunması  üçün müəyyən cəhdlər göstəriblər. Çünki, kitab hər bir gömrük işçisinin sevərək oxuyacağı, istinad edəcəyi, gördüyü işin dəyərini təkrar-təkrar anlaması üçün çox qiymətli bir əsərdir. Bütün bunların hamısı bu əsərə üstünlük verir. Ona görə də biz bu gün bu əsərin təqdimatı üçün bura yığışmışıq. Hər kəsə iştirakı üçün təşəkkür edirik".

 

"Alay oğlu"

 

Xalq şairi, deputat Sabir Rüstəmxanlı  yazıçının ədəbiyyatımızdakı rolu haqqında danışmaq istədiyini bildirib:

"Nizami müəllim Yunus Oğuzun ümumi yaradıcılığı haqqında çox vacib məsələlərə ciddi və dəqiq toxundu. Yunus Oğuzun təqdimata da ehtiyacı yoxdur. Amma ümumilikdə ədəbiyyatımızda, ictimai həyatımızda, düşüncəmizdə Yunus Oğuz kimdir, bu barədə danışmaq istəyirəm.

Bu gün Azərbaycanda bizim ən böyük problemlərimizdən biri tarix yaddaşı, düşüncəsidir. Biz, uşaqlarımız özümüzü, tariximizi necə tanıyırıq, bu gün məktəblərimizdə o tarix necə təqdim olunur?  O təqdim olunan tarixin sovet dövründəkindən nə fərqi var?

Yunus Oğuz cavan vaxtlarından bu yola düşdü. "Qədim Anadolu və Azərbaycan türkləri", "Türkün tarixinə yeni bir baxış" və s. bu kimi məsələləri araşdırmağa başladı. Sizə deyim ki, təbii ki, orda mübahisəli məsələlər ola bilər, tarixlə bağlı müxtəlif fikirlər ola bilər. Amma hadisələrin qoyuluşu son dərəcə doğru və düzgün özünü ifadə edib. Mən ümumi məsələyə keçmək istəmirəm. Hər tərəfdən müxtəlif fikirlər irəli sürülürdü. Bir sıra tarix araşdırmaları var ki, son dərəcə dəqiq faktlarla qeyd edilir.

Yunus Oğuzun tarixə münasibəti, tarixə baxışı yeni bir baxışdır, çoxlu suallar doğura bilər. Amma eyni zamanda çoxlu yollar da açır ki, bu yolda biz gedə bilərik.

Aristotel yazırdı ki, ədəbiyyatçılar  tarixi tarixçilərdən daha dəqiq yazırdılar. Çünki, tarix ancaq quru faktlara əsaslanan və mübahisəli ola bilər. Amma ədəbiyyat bunu qəbul etmir. Ona görə ədəbiyyatçıların tarix axtarışlarına tarixçilər qısqanclıqla yanaşmamalıdırlar.

Yunus bəyin  Əmir Teymur haqqında yazması böyük hadisədir. Nizami müəllim də qeyd etdi, biz Nəsimi haqqında film çəkəndə və orada Əmir Teymur obrazını yaradanda, özbəklər Əmir Teymur adını öz ensiklopediyalarına salmağa qorxurdular. Azərbaycanın haqqı var bu barədə danışmağa.

Yunus bəy tarixi romanlarını bütün silsilə ilə, tarixin görkəmli adamları haqqında yazıb. Əsərə nəzər yetirdim, burada hətta, ümummilli  lider Heydər Əliyevin də obrazı var və onun Bakıya gəlməsi də çox obyektiv şəkildə işıqlandırılıb. Mən bir dəfə dedim ki, cavanlıqda Heydər Əliyevlə   çox görüşmüşəm, bizi rayonlara aparırdı, yazsam, bir kitab olar. Amma nə qədər ki, İlham Əliyev prezidentdir, onu yazmaram deyirdim. Sonra öz-özümə fikirləşdim ki, bu qətiyyən düzgün mövqe deyil. Sən onu yaz, çap elətdirirsən və ya elətdirmirsən, nə qədər ki yaddaşında varsa, yaz. Bu gün İlham Əliyevin Qarabağ savaşı ilə də bağlı roman yazmaq olar. Kim buna hansı münasibət bəsləyir, bəsləsin. Təki ortada ədəbi əsər olsun. Ona görə biz ən yaxın, ən uzaq tariximizə çox ciddi yanaşmalıyıq, unutmadan yazılmalıdır.

Mən Yunus bəyin xətrini çox istəyirəm. Cavanlıqda ona həmişə "Alay oğlu" deyirdim. Çünki, bu tək idi. Xalq Cəbhəsinin ən güclü vaxtında, müharibə dövründə Valentin Katayevin "Alay oğlu" romanı var idi. Yunus o cür saf, təmiz, vicdanlı, hər yerdə öz mövqeyi olan, qara-qura işlərə qarışmayan biri idi. O vaxtdan onun fikri bu günün mənasız fikirlərində yox, tarixin həqiqlərində idi. O, həmin yolu  bu gün də davam etdirir.

Yunus gəncdir, mən ona cansağlığı və uğurlar arzulayıram. Yeni romanlarını, yeni kitablarını gözləyirik".

 

Uçurumu göstərən "Uçurum"

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova çıxışı zamanı bildirib ki,  Yunus Oğuz müxtəlif dövr Azərbaycan ədəbiyyatında tarixi roman janrının ən böyük ustadır. Çünki, indi  müxtəlif dövr ədəbiyyatına baxanda tarixi roman janrında ardıcıl olaraq əsərlər ortaya qoyan bir imza Yunus Oğuzdur:

"Tarixi roman yazan yazıçının önündə hər zaman 2 seçim olur: ya o tarixi əks etdirməlidir bədii boyalarla, ya da alternativ tarix variantı təqdim etməlidir. Yəni, tarixdən yazsa da, tarixi hadisələri, obrazları öz təxəyyülünə uyğun dəyişərək təqdim edə bilər.

Bu gün insanlar real faktın arxasındakı qeyri-reallığa maraqlı olurlar, alt qatda, kulisdə baş verənlər daha maraqlıdır. Yunus Oğuz tarixi bütün dərinliyi ilə, mənbələrə əsasən təqdim edir. Lakin, onu elə təqdim edir ki, əsərin bütün bədiiliyi, rəngləri yerli -yerindədir. Bu gün oxucu da həmin əsəri qəbul edir, ümumiləşdirir və inanır. Bu həqiqətdir. Bədii əsər oxuyanda oxucu onu ilk öncə gözlərinin önündə canladırmalıdır. Əgər canlandıra bilirsə, özü inanır, canlandıra bilmirsə, alınmır. Bu baxımdan Yunus Oğuzun tarixi romanlarının hamısında eyni element keçir.

"Uçurum" romanı Yunus Oğuz yaradıcılığında köklü mövqeyə malikdir. Bu sırf tarixi roman kimi qəbul olunmur. Burada həm də müəyyən başqa elementlər də var. Burada əsrin bəlası olan narkomaniyaya, narkoşəbəkəyə qarşı mübarizə önə çəkilib. Bu tarixi romanın məzmunu necə getməlidir? Sadəcə bir insanın üzərindəmi göstərmək, yoxsa bu bəlanın kökünəmi enmək? Yunus Oğuz ikinci variantı seçib, bəlanın kökünə enib. Hardan, nə vaxtdan başlayıb və nəyə görə davam edir? Həmin, Nizami müəllimin də qeyd etdiyi kimi, hadisələrin tarixi paralelliyi -  XVI - XX əsrin sonu, XXI əsrin əvvəlləri-qoruyur.

Əsərin obrazları arasında mübarizə davam edir. Lakin, obrazlar arasında həm mənfi, həm müsbət obrazlar var. Bütün obrazlar öz üzərinə düşən vəzifələri mükəmməl şəkildə yerinə yetirirlər.

Əsər boyu müşahidə  edirik: əsərdə ən çox diqqətimizi cəlb edən, yazıçının oxucuya demək istədiyi nədir?  Diqqətlə bax, nə görürsən? Nə etmək istəyirlər? İstəyirlər ki, sənin aləmini, ənənəni, özlüyünü məhv etsinlər. Bunun yolu hardan keçir? Bunun üçün gərək səni unutsunlar. Bunun  üçün  gəncləri yollarından azdırmaq lazımdır.Narkotikaya qurşandırmaq, bu bəladan  asılı  vəziyyətə  salmaq və  UÇURUMUN kənarına gətirmək!  Bütün gənclərə ünvanlanan bir kitabdır bu. Hamınız diqqətlə baxın, gələcəyimiz sizin əlinizdədir. Siz əgər qalib olsanız, gələcəyimiz gözəl olacaq. Əgər vaxtında mübarizəyə qoşulsanız, özünüzü qorusanız, gözəl bir Azərbaycanda yaşayacaqsınız.

Ümumiyyətlə, əsərdə narkoşəbəkəyə qarşı  Dövlət Gömrük Komitəsinin apardığı mübarizə təsvir olunub. Biz burada sadəcə mübarizəni görmürük. Həm də gənclərə bildirilir ki, bu uçurumdur, insan uçuruma doğru gedir. Proloqdakı qəhrəman uçurumun kənarında dayananda onun düşüncələrindən başa düşürük ki, bu yolun sonudur, geriyə yol yoxdur. Lakin, bu uçurum hardan yaranıb? Uçurum uçurumlardan yaranıb. Bu uçurumu uçuruma yuvarlanan digər insanlar yaradıb -siyasi uçuruma yuvarlananlar, xəyanət uçurumuna yuvarlananlar, öz daxilindəki uçurumlardan qurtula bilməyənlərin yaratdıqları uçurumlar günahsız insanları uçuruma yuvarlayır.

Bu kitab Dövlət Gömrük Komitəsinin 30-cu ildönümünə həsr olunmuş çox dəyərli kitabdır. Əsərdəki obrazın çətin yaradılması, onun keçdiyi yollar, bu vəzifənin çətinliyi, məsuliyyəti çox gözəl vurğulanıb. Seçilən qəhrəman da oxucuda rəğbət oyadır və oxucu onu real olaraq öz təsəvvüründə canlandıra bilir.

Mən bizim gömrük işçilərimizə təşəkkür edirəm ki, onlar hər zaman bizim gəncliyimizin, gələcəyimizin keşiyində dururlar".

 

"Eşq olsun, Yunus Oğuz. Yaxşı ki, milləti belə ayıldırsınız"

 

İctimai-siyasi xadim, filologiya elmləri namizədi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad  Aran  deyib ki,   Azərbaycan tarixi roman janrı Məmməd Səid Ordubadi, Yusif Vəzir Çəmənzəminlidən başlayaraq, 60-cı illərin axırında Fərman Kərimzadə, sonra Sabir Rüstəmxanlı ilə davam etmişdir: " Amma bu üçüncü nəslin ən parlaq nümayəndəsi Yunus Oğuzdur. Həm əsərlərinin sayına, həm də bədii keyfiyyətinə görə. Yunus Oğuzun əsərləri Azərbaycan ədəbiyyatında yeni yanaşmadır. Tarixi abidə və şəxsiyyətlərə yeni rakursdan baxmağın ən gözəl nümunələrindən biridir. O cümlədən, onun "Uçurum" romanı.

Kitabı oxuyub bitirdim və bizim məşhur məsəlimiz yadıma düşdü. Necə deyərlər, içim qaynadı, başım hərləndi. Mən düşündüm ki, Allah, neçə dəfə? Bizim belə bir məşhur məsəlimiz var, kor eyni yerdə iki  dəfə yıxılarmış. Səhl Sumbatdan üzü bəri biz erməni məsələsində 200 dəfə yıxılırıq, yenə də ürəyimizin dərinliyində "düşmənim yoxdur" deyirik. Amma bir sıra adamların, o cümlədən, ziyalı təbəqələrinin nümayəndələrinin ifadələrindən, yazılarından, üslub manevralarından hiss edirəm ki, yenə də qənaətlidirlər.

Mən saydım, kitabda 6-7 dəfə "uçurum" sözü işlənib. Yunus Oğuz bu 6-7 "uçurum" sözünü hər dəfə fərqli rakurslardan ifadə edib. Sözlə onu başa salır və daim oxucusuna aşılayır ki, ayıq-sayıq ol.

Romanın ən böyük keyfiyyətlərindən biri demək olar ki, maarifçilik istiqaməti, damarıdır. Başa salır ki, necə səhvlərin ucbatından nə qədər böyük əzablar yaşadıq. Necə deyərlər, laqeydliyə, biganəliyə getməyin.

Eşq olsun, Yunus Oğuz. Yaxşı ki, milləti belə ayıldırsınız. Bədii nümunələrin ən üstün cəhətlərindən biri insanın heç kimin təsir edə bilməyəcəyi təbliğat, təşviqat və s. üsullarla təkbətək üz-üzə qalanda, bu kitabın təsiridir.

Bu həm ikiqat bir dərsdir. Burda qeyd etmişəm ki, müəllif əsərdə hadisələr fonunda həm də gənclərə maraqlı bir dərs də keçir. Gənclər tarixə meyl edirlər. Allah eləsin ki, bundan daha çox, düzgün meyl etsinlər. Əgər elə olarsa, biz xoşbəxt olarıq.

Bu kitablar milləti təmizləyəcək. Əxlaqda, mənəviyyada, ideyada təmizlik prosesi getməlidir. Bədii ədəbiyyat və Yunus Oğuz kimi yazıçıların qəlbindən çıxan gözəl romanlar onu ən gözəl şəkildə həyata keçirir.

Yunus Oğuzu təbrik edir, ona böyük uğurlar arzulayıram. Bütün istedadlı adamlar kimi onun da ürəyi təmiz, sadə, dostunun uğuruna sevinəndir. Və heç zaman qəlbində ilan balalamır. Yunus Oğuz bu xarakteri ilə cəmiyyətimizdə də, ədəbiyyatımızda da nadir adamlardan biridir. Hər zaman belə olmasını arzulayıram."

 

Yunus  Oğuz  Amerikada  yaşasaydı...

 

Azərbaycan Yazıçılar  Birliyinin  katibi  Elçin  Hüseynbəyli: "Bu gün qələm adamları üçün həm maraqlı, həm də xoş bir gündür. Çünki biz növbəti kitabın təqdimatına yığışmışıq. Bəlkə də, yazıçıların növbəti qurultayında tarixi romanlar məruzəsini Sabir Rüstəmxanlı edə bilər.

Mən çox məmnuniyyətlə Yunus Oğuzun 3 kitabının redaktoru olmuşam. Düşünürəm ki, müstəqillik dövründə biz tarixə fərqli gözlə baxırıq. Mənim gördüyümə görə tarixi romanlara 2 cür yanaşma var:

1. Akademik yanaşma - daha çox tarixə istinad edir;

2. Bədii yanaşma - dastan, epos yanaşması.

Yunus bəy   çalışıb ki, onların ikisini də birləşdirsin və bir sintez yaratsın. Həm də bu kitab niyə maraqlıdır deyə soruşanda, Dövlət Gömrük orqanları barədə Azərbaycan ictimaiyyətinin birmənalı münasibətlərini görürük. Başqa bir rakursdan biz burada Gömrük Orqanlarının fəaliyyətini və onların Azərbaycan xalqının gələcəyini düşündüyünü görürük.

Mən Yunus bəyi təbrik edirəm, uğurlarının davamını arzulayıram".

Mətbuat  Şurasının  sədri  Əflatun  Amaşov  çıxışında  maraqlı  məqamlara  toxund­u: "Həmişə tarixi romanlar maraqlı olur. Mən düşünürəm ki, məhəbbətdən yazılan romanlar, nə qədər ki insan yaranıb, sevib, nifrət edib, bunlar insanlar üçün, gənclər üçün hardasa arxada qalmış mövzulardır. İnsanlar həm də əsərlərdə bir tarixi nəfəsin axtarışındadır.

Xarici ölkələrdə belə mövzulardakı əsərlərə müxtəlif filmlər çəkilir. Yunus bəy 2006-dan bu yana hər il bir mövzuda əsər yazır. Düşünürəm ki, əgər Yunus bəy Amerikada yaşasaydı, indi yəqin ki, əsərlərindən müxtəlif filmlər çəkilərdi."

Azərbaycan Yazıçılar Birliyinin üzvü  Abid  Tahirli: "Mənim   istənilən bir əsərdə - istər nəsr olsun, istər şeir, fərq etməz, ən əsas diqqət yetirmək istədiyim cəhət əsərin aktuallığıdır. Bu əsərdə də diqqətimi çəkən ən böyük cəhət əsərin çox aktuallığı, vaxtında yazıldığıdır. Bu bir siqnaldır, bu bir SOS-dur, bu  əslində müxtəlif mövzularda müxtəlif problemlərə yazıçının  harayıdır. Narkotika ilə bağlı radio-televiziya və yaxud sosial şəbəkələr vasitəsilə kifayət qədər məlumat əldə edirik ki, narkotiklərə qarşı mübarizə aparılır.

Mən Yunus Oğuza uğurlar arzulayıram və arzu edirəm ki, o möhürünü necə bu romanlarına vurubsa, bundan sonra da bu qəbildən olan əsərlərini gözləyirik."

 

Bu uçurum həqiqətən o qədər yaxınımızdadır ki...

 

AzNews.az analitik-informasiya portalının baş redaktoru Taleh  Şahsuvarlı: "Burada çox dəyərli insanlar öz fikirlərini dedi və əlavəyə xüsusilə ehtiyac yoxdur. Bayaq Əflatun müəllim bir mövzuya toxundu, yadıma bir şey düşdü. Mən Yunus müəllimin bütün əsərlərini olmasa da, heç olmazsa yarısını oxumuşam. Ən önəmli cəhətlərdən biri budur ki, xarici yazıçılardan fərqli olaraq Yunus Oğuz öz əsərlərində bədii həlli tapmağa daha çox üstünlük verir. Baxmayaraq ki, həm tarixi, həm bədiilik baxımından konseptuallıq var.

Bəlkə də bu silsilə kitabların, tarixi romanların Yunus müəllimin müəllifliyi ilə ən böyük əhəmiyyəti odur ki, biz o milliliyi tapmağa çalışırıq və onu yenidən təqdim edirik. Halbuki, Azərbaycanın tarixini qeyri-baxımdan götürsək, bizim tariximiz həmişə yad konsepsiyalarına yazılıb. Ona görə tarixin elmi baxımdan yanaşdığı o ədəbiyyat istiqamətinin inkişaf etdirilməsi olduqca mühüm və tarixi xidmətlərdir. Bu xidmətləri göstərən Yunus müəllimə uğurlar arzulayıram."

Dövlət Gömrük Komitəsinin  əməkdaşı, polkovnik  Fikrət Ələsgərlinin  çıxışından:  "İlk öncə onu deyim ki, Dövlət Gömrük Komitəsi adından tədbirdə iştirak edirəm. Ona görə də digər gömrükçülər adından Yunus müəllimə öz təşəkkürümü bildirirəm.

Bilirsiniz, Dövlət Gömrük Komitəsinin gömrükçüləri adına sosial şəbəkələrdə çox tənqidi fikirlər irəli sürülür. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı bizi ittiham edirlər ki, guya  biz onların satışı ilə məşğul oluruq. Təsəvvür edin ki, bu cür ab-havanın içərisində hansı gömrükçü ruhlanıb bu sahədə yaxşı mübarizə aparar? Belə bir vəziyyətdə Yunus müəllim bizə göydəndüşmə bir şans, fürsət oldu ki, biz onunla tanış olduq və bu ümumbəşəri bəla olan narkotika ilə mübarizə işimizi işıqlandırmağa imkan verdi.

Çox gözəl fikirlər səsləndi ki, ümumilikdə gömrüyün Azərbaycan vətəndaşlarının tanıdığı hissəsindən bu gün bu kitab sayəsində digər tərəfi də tanıyacaq.

Biz gömrükçülər olaraq bu ümumbəşəri bəlanın həqiqi tərəfini görürük və bu hissə bizə o qədər acı gəlir ki, bu uçurum həqiqətən o qədər yaxınımızdadır ki, əxlaq normalarının pozulduğunu müşahidə edirik. Yəni, inanın ki, bacı-qardaş, ana-oğul və yaxud da ki, ata-övlad münasibətləri bu bəlanın üzündən çox bərbad vəziyyətə gəlib çıxıb.

Biz özlüyümüzdə deyirik ki, bundan o tərəfi ola bilməz. Amma baxırıq ki, daha da acınacaqlı səhnələrin şahidi oluruq.

Yunus müəllim kitabın sonunda mənə zəng edib dedi ki, istəyirəm səni öldürüm. Dedim, niyə, nə məsələdir? Dedi, yəni, bu işin sonu nə olacaq?

Bir məqamı da qeyd etmək istəyirəm ki, kitab nə qədər tarixi roman olsa da, reallığı əks etdirir. Biz Biləsuvar Gömrük postundan çıxanda yolun qabağından yavaş-yavaş bir turac keçdi. Yunus bəy həmin səhnəni də bu əsərdə əks etdirib və o bir xatirə olaraq gözümüzün qabağında canlanır.

Mən Yunus bəyə bir daha təşəkkürümü bildirirəm."

Tədbirdə Yunus Oğuza  İctimai Nəzarət  Koalisiyası   adından  qurumun  idarə  heyətinin  sədri  Rasim Məmmədovun "İlham Əliyev siyasətində ictimai nəzarət fəlsəfəsi" kitabı təqdim edilib, fəaliyyətində uğurlar arzulanıb.

Tədbir yazıçı Yunus Oğuzun çıxışı ilə yekunlaşıb:

"Fikirləşirəm ki, gələcəkdə bu romanın ikinci, üçüncü kitabı yazılacaq. Onsuz da necə deyərlər, mafiya ölməz. Mən hamıya tədbirə gəldiyinizə, diqqətlə qulaq asdığınıza görə təşəkkürümü bildirirəm".

Sonda Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən yazıçıya hədiyyə təqdim edilib. Həmçinin, yazıçı tədbir iştirakçılarına "Uçurum" romanını hədiyyə edib.

 

Röyalə  Xəyal

 

Olaylar.- 2022.- 28 yanvar-3 fevral.- S.12-13.