Arazın o tayı
VƏTƏN,
bu tayı VƏTƏN...
Zəngin bir yaradıcılığa malik
olan görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin (1925-2009) əsərlərində Azərbaycan xalqının
istiqlalı ilə bağlı mövzular
qələmə alınmış, türk
milli birliyi
ideyasını ehtiva etmişdir.
Azərbaycan xalqının milli və siyasi taleyi, suverenliyi, birliyi və s. kimi motivlər onun
yaradıcılıq amalı və taleyi olmuşdur.
İstiqlal şairimizin yaradıcılığı ikiyə bölünmüş xalqımızın birlik və bütövlük hayqırışıdır desək heç yanılmarıq. Şairin məşhur "Gülüstan" poeması Azərbaycanın Güney və Quzey olaraq ikiyə bölünməsinə səbəb olan "Gülüstan" müqaviləsinə həsr olunmuş, milli istiqlal mücadiləsi və oyanış vaxtlarında ən çox oxunan əsərlərdən biri olmuşdur. Vaqif Yusifli çox gözəl deyir ki, ""Gülüstan" bir xalqın tarixi faciəsinin ibrət dərsidir". "Gülüstan" əsəri Azərbaycan xalqının milli mücadilə tarixinin görkəmli nümayəndələrindən olan Səttarxan və Şeyx Məhəmməd Xiyabaniyə həsr edilmişdir. Əsərdəki bu misralar bir xalqın ayrılıq faciəsini çox uğurla ifadə edir:
Bir qələm əsrlik hicran yaratdı
Bir xalqı yarıya böldü qılınc tək.
Öz sivri ucuyla bu lələk qələm
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı, ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.
Əsərin girişindən olan bu parçada şair bir müqavilə ilə Azərbaycan kimi neçə əsrlik bir dövlətin, xalqın və torpaqların - Vətənin necə paçalandığını dərin bir kədərlə qələmə almışdır. Burdakı "Bir qələm əsrlik hicran yaratdı" misrası da məhz zamanının böyük türk dövlətlərindən biri olan Azərbaycanın necə iki hissəyə parçalandığını anladır. "Başını qaldırdı, ancaq dəmbədəm Kəsdilər səsini Azərbaycanın" misraları zaman-zaman Azərbaycan xalqının birlik və istiqlaliyyət uğrunda apardığı milli mücadilədən bəhs edir. Neçə dəfə Cənubi Azərbaycan deyə bəhs olunan Azərbaycanın cənub hissəsində Səttarxan, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri kimi görkəmli mücahidlərin liderliyi ilə xalq hərəkatı baş qaldırmış, vəhşiliklə istilaçılar tərəfindən yatırılmış, minlərcə Azərbaycan oğul və qızları qanlarına qəltan olunmuş, Azərbaycan naminə şəhid olmuşlar. Böyük şairimiz də məhz bir misra daxilində bu böyük tarixi xatırlatmağa çalışmış, kiçik bir misra daxilində Azərbaycanın böyük bir mücadilə tarixinə baş vurmağı, bir xatırlatma etməyi məqsəd bilmişdir.
Onun əsərlərində Azərbaycan türklərinin milli və siyasi (Güney və Quzey Azərbaycan) problemləri, habelə Azərbaycan türklərinin milli-siyasi müstəqilliyi, türk dünyasının birliyi, qardaşlığı və s. kimi əhəmiyyətli mövzular və motivlər yer almaqdadır. Mənsub olduğu xalqının istiqlaliyyətini düşünən şairin "Gülüstan", "İstiqlal" və "Şəhidlər" kimi əsərləri Azərbaycan xalqının istiqlal uğrunda mübarizə mövzusunu qələmə alır. Habelə "Dar ağacı", "Özümüzü kəsən qılınc", "Fəryad", "Atamın kitabı" kimi digər əsərlərində xalqın istiqlalına maneə olan problemlər, daxili və xarici düşmənlərin mənfur əməlləri əks etdirilmişdir. Bu da maraq doğurur ki, şairin özü "İstiqlal" əsərini böyük Azərbaycanın parçalanma tarixini anladan "Gülüstan" əsərinin davamı olduğunu qeyd etmişdir. Çünki XX əsrin sonunda Sovet Rusiyasının çökməsi ilə əlaqədar Azərbaycanda xalq hərəkatı baş qaldırır və xalq istiqlaliyyət uğrunda savaş açaraq öz müstəqilliyini qazanır, suveren Azərbaycan dövləti yenidən bərpa edilir. Bu üzdən şair:
Məndən rica etdi bir vətənsevər
Yazım davamını mən "Gülüstan"ın -
deyə illərin döndüyü, xalqın milli birliklə apardığı istiqlaliyyət mücadiləsinin nəticələrini qəsd edərək sonrakı zamanlarda Azərbaycanla İran arasında yaranan əlaqələrin verdiyi imkanlar daxilində iki qardaş - Güney və Quzey Azərbaycan arasındakı həsrətin qismən keçməsi kimi mövzuları əks etdirir. Şair:
"Şəhidlər" nəticə, "Gülüstan" təməl.
Azadlıq verilməz, bilək bir kərə
Azadlıq alınar, budur doğru yol -
deyə 1988-ci ildən başlanan istiqlal mücadiləsi, Azərbaycanın qazandığı suverenlik və milli birlikdən söz açır, 1990-cı ildə Azərbaycan xalqına qarşı amansızlıqla törədilən 20 yanvar qətliamına həsr etdiyi "Şəhidlər" əsərinə işarə edir. Beləliklə, "Gülüstan" əsərində şairin qaldırdığı ayrılıq fəryadı və parçalanma dərdi "İstiqlal" əsərində istiqlaliyyətin alınması coşqusu ilə əvəzlənir, Azərbaycan xalqının milli müstəqilliyi və istiqlaliyyəti mövzusunda "Şəhidlər" əsərinin əhəmiyyəti qabarıq şəkildə görünür. Əsərdəki:
İnsan
insan olur öz hünəriylə,
Millət, millət olur
xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər -
misraları ilə şair hünər və qəhrəmanlığın bir millətin və onun vətəndaşının müstəqillik və səadətinin təməlində dayandığını ifadə edir. Yaşından, cinsindən asılı olmayaraq bütün azəbaycanlıların mücadiləyə həmrəy olmaları əsərin mərkəzində dayanır və şair xalqın istiqlaliyyət coşqusunu göstərməklə bərabər uşaqdan tutmuş böyüyə qədər hər kəsin istiqlaliyyət uğrunda şəhid düşməsini ön plana çəkir.
Şeirlərində də şair Azərbaycan xalqının ən böyük dərdi olan ikiyə bölünmək ağrısını əks etdirmişdir.
Neyləyək ki zamanın
Uğursuz yollarında
İkiyə bölünmüşəm.
İki başlı, bir qəlbli
Bir bədənə dönmüşəm.
Həm Təbriz, həm Bakıdır
Məkkəm, Mədinəm mənim -
misralarında uzun zamanlar Azərbaycan dövlətinin paytaxtı olmuş Təbriz və Bakı şəhərlərini dini mərkəzlər, qibləgah olan Məkkə və Mədinə ilə müqayisə edir, Təbriz və Bakını Azərbaycan adlı vətənçilik etiqadına tapınan dinin Məkkəsi və Mədinəsi elan edir.
Azərbaycanın bütövlüyü, böyüklüyü və istiqlalı Bəxtiyar Vahabzadə əsərlərinin ana mövzusunu təşkil edir. Şair nə yazırsa yazsın, Azərbaycanın istiqlalı və türk milli birliyi həmişə onu düşündürür. "Vətəndən vətənə", "Azərbaycan oğluyam", "Mənim şeirim", "Şair-vətən", "Əgər qorunmazsa istiqlalımız" və başqa şeirlərində də bəhs edilən mövzu əhəmiyyətli yer tutmaqdadır:
Arazın
bu tayı Vətənim,
o tayı Vətənim.
Vətəni görməyə amanım yox mənim.
Bu, necə vətəndir?
Görmədim üzünü
Çatsam da bu yaşa
Ömründə bir dəfə.
Bəs salam verməzmi
Qardaş da qardaşa?
...Füzuli həsrətlə qürbətdən Vətənə baxırdı,
Mən isə...Vətəndən-Vətənə baxıram.
Şair "Azərbaycan oğluyam" şeirində milli xarakterdən bəhs etməklə yanaşı Azərbaycanın ikiyə bölünməyindən söz açır:
Neyləyək ki, zamanın
Uğursuz yollarında
İkiyə bölünmüşəm".
Yaxud:
Əlimiz
də bir bizim,
Dilimiz də bir bizim.
Vətənimiz bir bizim,
Dünənimiz bir bizim,
Olmuşuq bir Vətəndə
Biz bu gün başqa-başqa.
Bizim talelərimiz
Bəs neçün
başqa-başqa? -
kimi düşündürücü
suallarla millətinin acı taleyini göstərməyə çalışır,
onun taleyinin uğursuzluğuna diqqəti
cəlb edir, oxucusunu düşündərməyə,
milli tarixini, keçmişini ona anlatmağa, xatırlatmağa
səy göstərir.
Bəxtiyar Vahabzadə
"Şair - vətən"
şeirində:
Bəlkə də ən zəif, ən kiçik şair
Böyük vətəndaşdır Vətənimizə...
Şairin
bədəni - bu ana torpaq,
Nəfəsi - xəzridir, qanı
- Kür, Araz.
Çox
şəy Vətənsiz
də yaşayır, ancaq
Şairsə Vətənsiz, əlsiz
yaşamaz -
söyləməklə bütün
şairlərin, əlbəttə,
özünün də
vətəninin hayqırışı,
səsi, fəryadı,
duyğularının ifadəçisi
olduğunu bildirir.
Bəxtiyar Vahabzadənin dramaturji əsərlərində də
istiqlal motivləri başlıca yer tutur. Şairin görkəmli
Azərbaycan dramaturqu Cəfər Cabbarlıya həsr etdiyi və onun "Od gəlini" əsərinə iqtibas edərək yazdığı
"Dar ağacı" əsərində
orta əsrlər hadisələrinin əsasında
XX yüzilliyin sonlarına
doğru Azərbaycan cəmiyyətində baş
verən hadisələrin
məzmunu təqdim edilmişdir. Bütün ömrü boyu
ərəb xilafətinə
xidmət edən Aqşinin axırda "mən öz vətənimə qarşı
vuruşanda ölü
olmuşam" - deyə
etiraf etməsi öz xalqının ideallarına qarşı duran adamlara ünvanlanan mənalı nəsihətdən ibarətdir.
B.Vahabzadənin yaradıcılığı bu
gün də xalqımızı azadlıq
yolunda həmrəyliyə
çağırır. B.Vahabzadənin
mübarizə və istiqlaliyyət dolu misraları bütün azərbaycanlıların səsinə
çevrilərək Cənubi
Azərbaycanda yaşayan
qardaşlarımızın müdafiəçisi kimi çıxış
edir, hər bir azərbaycanlını
istiqlaliyyət naminə
birliyə və mübarizəyə dəvət
edir. Bu gün
Bəxtiyar Vahabzadənin
misraları azadlıq
mücadiləçilərinin dilində silah, canında təpər, yolunda körpü rolunu oynayır.
RAMİZ QASIMOV
AMEA Naxçıvan
Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə
doktoru, dosent
Olaylar.- 2023.- 7-13 aprel.- S.19.