Ədəbiyyatşünaslıq və ictimai

fikirdə Abbas Zamanov cəsarəti

 

Vaxtilə böyük ustad Cəlil Məmmədquluzadə deyirdi ki, "sözün doğrusunu danışmaq hünərdir". Bu mənada həmişə xalqın taleyüklü məsələlərinin həll olunmasında milli ziyalıların fəallığı mühüm amil olub. Buna görə də milli ziyalılıq həmişə özünü elmlə ictimai fəallığın birliyində tam mənası ilə nümayiş etdirib.

Görkəmli elm xadimi Abbas Zamanov məhz belə ziyalı idi. Bu mənada Abbas Zamanovun adı təkcə Azərbaycan elmi mühitində, ədəbiyyatşünaslıq, mətnşünaslıq sahəsində deyil, Azərbaycan ictimai fikrində böyük fəxrlə çəkilməkdədir. Görkəmli alim Abbas Zamanovun Azərbaycan ictimai-mədəni mühitində adı həmişə cəsarət və qeyrət ünvanı kimi xatırlanır. Sözün milli təəssüb dəyərində Abbas Zamanovun özünəməxsus adı yer almaqdadır.

Abbas Fəttah oğlu Zamanov 10 oktyabr 1911-ci ildə Naxçıvan Muxtar Respublikasının Maxta kəndində anadan olmuşdur. Ailəsinin çətin güzəranına görə alim on yaşında uşaq evlərinə düşməyə məcbur qalsa da, gözüqıpıq böyümür. Bütün çətinliklərə rəğmən Abbas Zamanov əsl qeyrətli kişi kimi böyüyür, vətəndaşlıq keyfiyyətlərini xarakterinə hopdurur.

Abbas Zamanovun adı çox vaxt kişilik, qeyrət ünvanı kimi çəkilir. Onun sovet dövrünün qılıncının iti kəsdiyi bir zamanda ictimai fikirdə göstərdiyi qeyrət və cəsarət əzmi hələ də heyrətlə anılmaqdadır. Erməni diasporunun sovet dövründə də böyük qardaşları ruslarla birləşib Naxçıvanı Azərbaycandan qoparmaq istədikləri bir zamanda Abbas Zamanov bütün qeyrətilə bu ideyaya qarşı mübarizə aparırdı. Onun Səməd Vurğunun  xatirə gecəsində Akademiyanın iclas zalında dediyi sözlər ağıllarda cəsarətin, qeyrətin və vətəndaş mübarizliyinin nümunəsi olaraq qalıb. Bu çıxışı yazıçı Elçin belə xatırlayır: ""Qardaş olub Hayastan - Azərbaycan!" kimi süni mahnıların sədaları altındakı yalançı "xalqlar dostluğu" şüarçılığı mühitində Abbas Zamanovun o axşamkı çıxışı sosialist Bakısının XX partiya qurultayından bir neçə il keçdikdən sonra ətalət içində mürgüləyən ictimai həyatında günün günorta vaxtı çaxan qəfil ildırım kimi bir şey oldu. Sonralar isə məlum oldu ki, o çıxış Azərbaycanın taleyində mühüm rol oynayıb". Abbas Zamanov həmin çıxışında böyük qeyrət və vətəndaşlıq sevgisi ilə demişdi: "Səməd Vurğun da bu gün sağ olsaydı, bax, bu xitabət kürsüsündən deyərdi: "Naxçıvan qədim Azərbaycan torpağıdır! Qara niyyətlərinizdən əl çəkin, daşnaklar! Naxçıvan heç zaman ermənilərin olmayacaq!".

Böyük ədəbiyyatşünas alimin qələmindən çıxan "Əməl dostları", "Füzuli və Sabir", "Şərqin böyük ədibi", "Aydan arı, sudan duru", "Əliqulu Qəmküsar", "Həyat aşiqi", "Tənqidimizin ağsaqqalı", "Azərbaycan! Azərbaycan!" kimi əsərləri Azərbaycan ədəbiyyatşünaslığında azərbaycançılıq qayəsini mükəmməlliklə nümayiş etdirir.

Abbas müəllim olduqca fəal, yaradıcı bir şəxsiyyət idi. Onun həm ictimai işlərdə, dövlətçilik sahələrində olan xidmətləri, həm də elmi-publisist fəaliyyəti mühüm əhəmiyyəti və ictimai faydası ilə yaddaşlarda qalmaqdadır. Görkəmli alim o vaxtlar "Gənc işçi" qəzetində redaktor müavini, "Ədəbiyyat" qəzetində məsul katib və s. işləməklə mətbuat sahəsində ictimai qeyrət və vətəndaşlıq namusunu ifadə etmişdir.

Abbas Zamanov sözün əsl mənasında cəsarətli və qeyrətli alim idi. Abbas Zamanov şəxsiyyətindəki vətəndaş qeyrəti elmi-ədəbi məsələlərə də münasibətində özünü təzahür etdirir. Bu böyük alim Azərbaycan ədəbi fikrinin nümayəndələrini təkcə Azərbaycanda yox, bütün dünya miqyasında tanıdılması və təbliğ edilməsi məqsədinə xidmət göstərirdi. Abbas Zamanov var-qüvvəsilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini müxtəlif dillərə tərcümə etdirir, yayılması və təbliği qayğısına qalırdı. Abbas Zamanov Azərbaycan klassik ədəbiyyatı irsini ərəb əlifbası ilə də çap etdirməyə xüsusi üstünlük verirdi ki, özünün dediyi kimi "cənubda da oxuya bilsinlər". Təbrizdəki Tərbiyə kitabxanasına Abbas müəllimin göndərdiyi kitablar onun vətəndaşlıq qeyrətinin və Cənubi Azərbaycandakı qardaşlarımızın milli ideyalılıqda inkişaf tapmalarına göstərdiyi qayğının nümunəsi idi. Türkiyənin Ərzurum Universitetinin otaqlarından birinin qabağında sərlövhədə "Abbas Zamanov bağış kitablığı" yazılıb. Bu həmin kitablardır ki, Abbas Zamanov sovet ideologiyasının möhkəm qərar tutduğu, tüğyan etdiyi bir zamanda qardaş Türkiyə Respublikasına öz vəsaiti və səyi hesabına kitablar alıb göndərmişdir. Abbas Zamanov həm də elə bir qeyrət sahibi idi ki, xaricdə olan Azərbaycana aid gizli, hətta qadağan olunmuş ədəbi-mədəni nümunələri də tapıb hər necə olursa-olsun Azərbaycana gətirirdi. Abbas Zamanov sovet dövlətinin qatı düşmən elan etdiyi, adını çəkməyə belə icazə vermədiyi böyük fikir adamı Əli bəy Hüseynzadənin oğlu, Parisdə yaşayan gözəl rəssam Səlim Turanı tapmış, onunla münasibət saxlamış və hətta əsərlərinin bir neçəsini Nizami adına Ədəbiyyat İnstitutuna hədiyyə də etmişdi.

Beləliklə, özünəməxsus yaradıcılığı, Azərbaycan, vətən, milli qeyrət məzmunlu mündəricəsi ilə Azərbaycan ədəbiyyatşünaslığında Abbas Zamanov ünvanlı bir qeyrət qalası, cəsarət yolu yaşayır. Ümumiyyətlə, nə qədər zaman, dövr keçsə də, Abbas Zamanov kimi insanların adı da yaddaşlardan silinməyəcəkdir. Təkcə ona görə yox ki, Azərbaycan ədəbiyyatşünaslığında Abbas Zamanov özünəməxsus bir yerə sahibdir. Həm də ona görə ki, Abbas Zamanov kimi qeyrətli adamlarımızın sayəsində böyük qeyrətlə milli maraqlarımız qorunmuş, milli yaddaşımız hifz olunmuşdur. Bütün bunlara görə, fikrimizcə, Abbas Zamanov şəxsiyyəti  ədəbiyyatşünaslığımızın qeyrəti kimi dəyərləndirilə bilər. Azərbaycan ictimai fikri və elmində oynadığı böyük rola görədir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı  5 oktyabr 2011-ci il tarixli sərəncamı ilə bu görkəmli ədəbiyyatşünas alimin 100 illik yubileyi böyük təntənə ilə qeyd edilmişdir. Sərəncamında da deyildiyi kimi: "Özünün zəngin elmi fəaliyyəti ilə Abbas Zamanov milli ədəbiyyatşünaslığın bir məktəb kimi formalaşdırılması və inkişaf etdirilməsi sahəsində təqdirəlayiq xidmətlər göstərmişdir. Ölkəmizdəki yüksək ixtisaslı kadrların Azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda hazırlanmasında onun böyük əməyi vardır".

 

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

Filologiya üzrə fəlsəfə doktoru, dosent   

 

Olaylar.- 2023.- 14-20 aprel.- S.16.