PEŞƏSİNİ ƏDƏBİ NİSBƏSİNƏ ÇEVİRƏN

SƏNƏTKAR – DOKTOR NƏRİMAN NƏRİMANOV

 

Doktor Nəriman Nərimanov (1870-1924)... Böyük ictimai-siyasi xadim, maarifçi, pedaqoq, yazıçı və dramaturq... Onun adı Azərbaycanın ictimai fikir və mədəniyyət tarixində mühüm yerə malikdir. O, bir tərəfdən ədəbiyyat tariximizdə görkəmli nasir, böyük dramaturq, digər tərəfdən də fəal milli ziyalı və publisist kimi tanınıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bu görkəmli ictimai-siyasi xadim və yazıçının fəaliyyətini yüksək qiymətləndirərək demişdir: "Nəriman Nərimanovun əməkçi kütlələri maarifləndirmək əzmi, insanlara xidmət etmək kimi nəcib bir arzusu, hadisələri dərindən başa düşməsi, istedad və bacarığı onu Azərbaycan demokratik və ictimai-siyasi fikir nümayəndələrinin ön cərgəsinə çıxartdı. ...Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir".

Görkəmli siyasi xadim və ədib Nəriman Nərimanovun qələmindən çıxan "Nadanlıq", "Şamdan bəy" və "Nadir şah" kimi dram əsərləri  Azərbaycan dramaturgiyasının inkişafı və zənginləşməsinə mühüm töhfələr verib. Ədibin "Bahadır və Sona" romanı, "Pir" povesti, "Bir kəndin sərgüzəşti", "İdil kənarında", "Şeytan bazarda" kimi hekayələri Azərbaycan bədii nəsrinin inkişafına istiqamət verən əsərlər olaraq əhəmiyyət qazanıb. Ədibin "Bahadır və Sona" əsəri Azərbaycan ədəbi düşüncəsi və yaradıcılıq ənənələrinin üzərində qurularaq meydana gələn və Azərbaycan tolerantlığı, multikultural düşüncəsini nümayiş etdirən, ictimai-siyasi görüşlərini ortaya qoyan əsərlərdən biri kimi qiymət qazanıb. Çoxsaylı publisist yazılarında mənsub olduğu xalqının və ölkəsinin qayğılarını dilə gətirməyə, problemlərinə çözüm gətirməyə səy göstərib. Nəriman Nərimanov həm də qüvvətli dramaturq, Azərbaycan teatrının inkişafına töhfələr verən böyük sənətkardır. Böyük istedadla ərsəyə gətirdiyi "Nadanlıq", "Şamdan bəy" və "Nadir şah" kimi dram əsərlərinin hər biri ayrılıqda Azərbaycan dramaturgiyasının inkişafında mühüm yer tutur. Lakin, söz yox ki, bu əsərlərin arasında adı da, mövzusu və problematikası da daha fərqli və ümumi-ictimai maraqlılıq baxımından "Nadir şah" əsəri təkcə ədibin öz yaradıcılığında deyil, ümumən Azərbaycan dramaturgiyasında xüsusi bir əhəmiyyət qazanıb.

"XIX əsrin 70-90-cı illərini Azərbaycan ədəbiyyatının "yetimlik dövrü" adlandırırlar", - deyə yazan görkəmli elm adamı akademik İsa Həbibbəyli Nəriman Nərimanov kimi ədəbi simalar haqqında haqlı olaraq dəqiq və səlis şəkildə göstərirdi ki: "Heç bir müəllimi, ustadı, canlı sələfi olmayan C.Məmmədquluzadə, N.Nərimanov, S.Qənizadə, M.Ə.Sabir və başqaları kimi şairlər XIX əsrin 80-"90-cı illərində yazdıqları əsərlərlə ədəbiyyatı yetimlik dövründən xilas etdilər. Dərinləşməkdə olan ədəbi böhranın və ya uçurumun aradan qaldırılmasında 1894-cü ildə yazılmış iki əsərin - Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povestinin və Nəriman Nərimanovun "Nadanlıq" dramının xüsusi yeri var idi". Bu mənada görkəmli ədibin 1894-cü ildə ərsəyə gətirdiyi "Nadanlıq" əsəri mühitin avamlıq və geriliklərinə qarşı ən sanballı ədəbi nümunələrdən biri və dram əsərlərinin birincisidir. Vaxtilə bir pedaqoq, xalq müəllimi kimi Qızılhacılı kəndində fəaliyyət göstərən, mühiti yaxından müşahidə edərək onun problemlərini öyrənən ədibin özü də bu əsərini yazmaq məqsədini belə ifadə etmişdi: "Məzkur əsəri yazmağıma səbəb Qafqaz müsəlmanlarının əksərinin bimərifət və nadanlığı oldu". Əsərin baş qəhrəmanlarından olan Məhəmmədağa kənddə məktəb açıb xalqın balalarına elm və təhsil vemək məqsədilə yanıb-tutuşan milli ziyalılardan biridir. Pozivitizmin Azərbaycanda xüsusi mərhələ, hərəkat təşkil etdiyi XIX əsrdə, ümumiyyətlə, bu mövzu da, problem də başlıca yeri təşkil edirdi. Məhəmmədağa da məhz ədibin özü və müasirləri kimi xalqın gələcək inkişafı və oyanışına nail olmaq yolunda fədakarlıqla xalqın övladlarını maarifləndirməyə dəvət və səy edən xalq müəllimlərinin ümumiləşdirilmiş  obrazı idi. Əlbəttə, mövzu da, problematika da maarifçi realizm üçün ənənəyə uyğun idi. Lakin köhnə düşüncə, ənənələrlə yaşayan və yaşamağa sövq edilən mühit hələ möhkəm idi: yeni üsullu təhsili, mədəniyyəti qəbul etmir, müasirliyi ağlı almır, qəlbinə yatmırdı. Mühitin başçısı və ağsaqqallarından olan, bir övladını da təhsilə verən Hacı Abdullanın Məhəmmədağaya dediyi sözlər əslində müsəlman cəmiyyətində məktəb, təhsil və elmə qarşı münasibətsizliyin genezisini təyin etmək baxımından maraq doğurur: "Ay Məhəmmədağa! Boş yerə başını niyə ağrıdırsan? Bizim adam oxumağa uşaq verməz! Hər kəsin özünə görə bir dərdi var: birinin uşağı qaramal otarır, o birininki qoyuna gedir, biri yer əkir. Uşaqlarını da sənə versinlər, bəs işləri necə olsun? Ondan masəva, doğrusunu demək: "Rusca oxuyan düz yoldan çıxır"". Əsərdəki bu sözlər onu ideya və problematika cəhətdən Azərbaycanda tənqidi realizmin banisi və böyük ustadı Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin müəllimi" və "Danabaş kəndinin məktəbi" əsərlərilə birləşdirir. Əsərin sonunda - finalda isə Məhəmmədağanın maarifçi fikirlərinə tərəfdar çıxan, maarifə can etən gənc nəsli təmsil edən Ömərin güllələnib öldürülməsi məhz bu nadanlığın nəticəsi kimi kədər və təəssüf doğrur. Ömərin son sözləri məhz bu fikirləri qət edir: "Məni ... nadanlıq ...avamlıq ... bi...mərifətlik güllələdi. Bunlar hamısı ... Ah! ... adamı ... heyvan edərmiş!  Ah! Nadanlıq!"

Ədibin ikinci dram əsəri olan "Dilin bəlası, yaxud Şamdan bəy" əsəri milli düşüncədə istiqlal ideyalarının pərvazlanmağa başladığı bir zamanda yaramaz, fırıldaqçı və fürsətgir burjua nümayəndələrinin millətin başına gətirdiyi bəlalardan söhbət açır. Özünü savadlı, geniş münasibətlər sahibi, müasir və millətpərvər biri kimi tanıdan Şamdan bəy konkret dövrün ortaya çıxardığı fırıldaqçı və fürsətgir burjua gənclərinin qüvvətli nümayəndəsidir. Biz müxtəlif müəlliflərin əsərlərində belə surətlərə rast gəlirik. Müxtəlif əsərlərdə öz elmini xalqın başına torba edərək keçirən və qazanc əldə etmək istəyən fırıldaqçı qəhrəmanların surətlərini müşahidə etmişik. Şeyx Nəsrullah bu surətlərin ən tipik olanıdır: o, ölüləri diriltmək adı altında diriləri öldürən, mənəvi əsarətə, fanatizm və mövhumatla gözlərini, əql və düşüncələrini bağlayan, hislərini alan məharətli bir fürsətgirdir. N.Nərimanov da sosial-demokratlar cəbhəsinin bir nümayəndəsi kimi məhz belə fırıldaqçı burjua nümayəndələrinin konkret tipini yaratmaqla həm onların faciəsini göstərmiş, həm də belə fırıldaqçılara qarşı xalqın birliyi və oyanıqlığı zərurətini ortaya qoymuşdur. Şamdan bəy ona qapılarını açan, ona yer və çörək verən dostu Yusifin sevgilisinə nail olmaqla Hacı İbrahimin var-dövlətinə sahib olub xoşbəxtliyə çatmaq düşüncəsilə özünü məhvə məhkum edir. Xainlik, hirs, nifrət sonunda onun öz-özünə xətər yetirməsilə nəticələnir. Son məclisdə iştirakçıların onun haqqında ifadə etdikləri fikirlər xalqın oyanıqlığı və birliyini nümayiş etdirmək baxımından əhəmiyyətlidir. Yusifin onun meyidi üzərində dediyi sözlər də Şamdan bəylərin faciəsinin səbəbini uğurla açıb göstərən replikadır: "Axırda bu günə düşməyin təbiidir... Yaman dil başa bəladır! Xain və yalançı bir adamın aqibəti belə olur. Bu zavallının məhv olmağına səbəb nə oldu? Camaatın ittifaqı! Belə bir ittifaq ilə yaman vücudlardan topsuz-tüfəngsiz xilas olmaq həmişə mümkündür".

N.Nərimanovun arzuladığı, xalqda tapmaq, görmək istədiyi birlik və mübarizənin qüdrətini həm onun öz yaradıcılığında, həm də Azərbaycan ədəbiyyatı tarixində olduqca mühüm əhəmiyyəti və yeri olan məşhur "Nadir şah" (1898) əsərində rast gəlirik. Əslində butün bu keyfiyyətlər baxımından Nərimanovun dram əsərlərini mövzu və problem baxımından konseptual olaraq bir-birini tamamlayan əsərlər kimi səciyyələndirmək olar. Ədibin "Nadanlıq" əsərində əgər müasirlik və inkişafa maneə, əngəl olan yerlərdəki avamlıq və nadanlıq tənqid edilirsə, "Şamdan bəy" əsərində geniş ictimai qüvvələrin ümid bəslədiyi gənc burjua nümayəndələrinin ümumiləşdirilmiş obrazı olan Şamdan bəyin timsalında bacarıqsızlığı və şəxsi mənafe naminə ümidləri boşa çıxarması, ictimai ümidsizlik yaratması bədii düşüncənin meydanına gətirilir, "Nadir şah" əsərində isə millətin son və başlıca nailiyyəti olan dövlət qurmaq və onun fəaliyyəti üçün mövcud olan əsaslar barədə fikirlər bədii ədəbiyyatın təlqin dairəsinə daxil olur. Akademik İ.Həbibbəylinin yazdığı kimi, ""Nadir şah" dramında ədəbiyyatda ilk dəfə olaraq xalq hakimiyyəti ideyası irəli sürülmüşdür. "Nadir şah" Azərbaycan ədəbiyyatında birinci milli-tarixi dram əsəri idi".

Fikrində vətənə rövnəq verməkdən, onu düşmənin zülmündən, məşəqqətindən qurtarmaqdan başqa bir şey" olmayan Nadir öz saf niyyəti, mütərəqqi ideyaları ilə xalqı, döyüşən qüvvələri başına toplayarq tarixə yeni bir dövlət bəxş edir. Nadir şah öz idarəçiliyi, islahatlar ideyası ilə də tarixdə böyük iz buraxır: sünni və şiə məzhəb düşmənçiliyi, fikir ayrılığını ortadan qaldırmaqla müsəlman aləmini birliyə gətirmək, İncili tərcümə etdirməklə multikultural  düşüncə və dini-mədəni dözümlülük üzərində xalqlar və mədəniyyətlər arasında barış yaratmaq, dini dövlətdən ayırmaq (mollaların ixtiyarını azaltmaq) və səfaləti ortadan qaldırmaq. Bu zəruri, dövləti və milləti əbədi, dayanıqlı tutan vacib ideyalar bir tərəfdən Nadir şahın uzaqgörənliyinin göstəricisidirsə, digər tərəfdən ictimai-siyasi görüşləri və fəaliyyətilə xalqımızın dövlətçilik tarixində yer tutmuş müəllif Nəriman Nərimanovun özünün ürəyindən xəbər verən məsələlərdirlər. Tarixi həqiqətlərə sadiq qalan böyük ədib Nadir şahı ictimai-siyasi fikirlərinin ruporuna çevirir. Bu əsərində xalqı ilə bağlı arzu və ideallarını toplayır, məqsəd üçün lazım olan zəruri ictimi keyfiyyətləri nümayiş etdirir. Görkəmli ədib Nadir şahın faciəsində hələ çatışmayan ictimai keyfiyyətləri, yetişməyən mühiti, ehtiyac olan siyasi düşüncəni və s. ehtiva etməyə çalışır. Nadir şah həm öz idealları, həm də faciəsi ilə Nərimanovun şəxsi taleyi baxımından da ümumilik və oxşarlıq nümayiş etdirərək onun taleyi ilə birləşir. Əsərin sonunda bir qrup qüvvələr tərəfindən sui-qəsd törədilərək arxadan vurulan Nadir şahın: "Pərvərdigara! Günahım çoxdur! Yaman dərdlə ölürəm, nahaq yerə. Heç kəsə pislik etməmişəm. Hər kəsə də yamanlıq etmişəm. Ümumi xeyri nəzərdə tutmuşam. Vətən salamat qalsın fikrində olarkən canımı vətənin və millətin yolunda sərf... etmişəm... Oğlumun gözlərini vətənə qurban etmişəm... Pərvərdigara!.. Özün kömək et bu başsız millətə!" kimi sözləri artıq həyatı çoxdan dərs etmiş, öz yolunu, fəaliyyətini saf-çürük edərək günahı və savabını vicdan tərəzisində ölçən Nəriman Nərimanovun son məktubları və məqalələrindəki fikirlərilə tale və məzmun oxşarlığı ortaya qoyur. Müzakirələrə hələ də açıq olan ədəbiyyatımızın şah əsərlərindən biri kimi "Nadir şah" haqqında müəllif özü də yazacaqdı ki: ""Nadir şah" adlı tarixi faciəmdə mən şahın şəxsiyyətini heçə endirmişəm və başa salmaq istəmişəm ki, qaranlıqda qalan kütlənin adət olaraq qəbul etdiyi kimi hökmdarın şəxsiyyəti heç də müqəddəs deyil və əgər o, məmləkəti idarə edə bilmirsə, onu tapdalayıb keçmək olar".

Həm də ədəbi tərcüməçilik fəaliyyətinə malik olan Nərimanov dilimizə tərcümə etdiyi Qoqolun "Müfəttiş" və Qriqori Genin "Edam" əsərlərilə tərcümə sənəti və ədəbi əlaqələrimizə mühüm töhfələr vermişdir. Nəticə etibarilə tam qətiyyətlə demək olar ki, Nəriman Nərimanov xalqın dərdlərini, mərəzini sağaltmağa yönəlik öz peşəsini ədəbi nisbəsinə çevirərək "Doktor Nərimanov" (Həkim Nizami kimi-müəllif) olaraq yaddaşlarda əbədi yer tutan çox azsaylı görkəmli simalardan biridir. Bu görkəmli ədəbi şəxsiyyətin tanınmış tədqiqatçılarından olan Teymur Əhmədovun yazdığı kimi: "Azərbaycan xalqının xoşbəxtliyi və səadəti uğrunda ömrü boyu inamla mübarizə aparan Nəriman Nərimanovun zəngin ədəbi irsi bu gün də öz aktuallığı ilə diqqəti cəlb edir. Onun əsərləri ölkəmizdə milli müstəqilliyin, dövlətçiliyin möhkəmlənməsi və ərazi bütövlüyümüz uğrunda mübarizə aparan hər bir azərbaycanlı üçün qiymətli və əzizdir". 

 

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Olaylar.- 2023.- 28 aprel-4 may.- S.18.