Ən böyük arzum prezidenti görmək,
qucaqlayıb öpmək,
ona “özündən və
Azərbaycandan
muğayat ol” deməkdir...
Emma Kazımova
Tofiq İsmayılov adına 6
saylı məktəb - liseydə müəllim işləyib. O, prezident İlham Əliyevin
biologiya müəllimi olub.
İllər öncə
Emma Kazımova ilə görüşüb ondan
şagirdi haqqında danışmasını xahiş
etmişdim. Müəllim
İlham Əliyevin məktəb illəri ilə
bağlı maraqlı söhbət etmişdi. Söhbət
zamanı Emma xanımın Azərbaycan
Respublikasının prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyevi nə qədər çox sevdiyinin, ona öz
övladı qədər dəyər verdiyinin şahidi
olmuşdum. Zərifə
xanımın ünvanına da
səmimi fikirlər
söyləmişdi. Onunla olan həmin
söhbətin bu günlərdə
- Zərifə xanım
Əliyevanın 100 illik yubileyində oxucular üçün
maraqlı olacağını düşünüb yazıya
köçürdüm.
Emma müəllimi də soraqladım. Öyrəndim ki, iki il öncə dünyasını dəyişib. Nur içində yatsın.
***
- Bütün şagirdlərimi sevmişəm. Onlar da mənə hörmətlə yanaşıblar. İlham Əliyev isə bir şagird kimi bütün dəcəlliyi, təmkini və ləyaqəti ilə yaddaşıma hopub. O, sevimli şagirdlərimdən biri idi. Mən ona biologiya fənnindən dərs demişəm. Yaxşı da oxuyurdu. İlham heç vaxt dərs buraxmır, gecikmirdi. Yadıma gəlmir ki, bir dəfə də olsun üzürsüz səbəbdən dərsdən kənarda qalsın. Xoşbəxtlikdən xəstələnmirdi, ciddi bir xəstəliyinin olduğuna şahid olmamışam. Ucaboylu, sağlam oğlan idi. Yadımdadır, uşaqlar mikroskopa baxanda başlarını aşağı əyirdilər, o isə onların başının üstündən baxırdı. Yaşca sinif yoldaşlarından kiçik olsa da, bu, onun intellektində, hazırcavablıq qabiliyyətində, savad və bacarığında hiss olunmurdu. Yaşının balaca olduğunu isə rəhmətlik Zərifə xanım söyləmişdi. Bir dəfə dəhlizdə gördüm ki, Zərifə xanım əyilib İlhamın ayaqqabısının bağını bərkidir. Onda İlham birinci, ya da ikinci sinifdə oxuyurdu. Mən ərklə Zərifə xanıma irad tutdum:
-İlhamın ayaqqabısının bağını siz niyə bağlayırsınız? Böyük oğlandır, buraxın özü bağlasın.
Olduqca mehriban, olduqca sadə, səmimi, mələk üzlü, böyük ziyalı Zərifə xanım gülümsündü:
-Emma Əlihəsənovna, İlhamın belə böyük görünməyinə baxmayın, onun hələ yaşı çatmır, sinif yoldaşlarının hamısından kiçikdir.
Heydər Əliyev Mərkəzi Konitənin birinci katibi olmasına baxmayaraq həyat yoldaşı Zərifə Əliyeva övladlarını aşağı siniflərdə oxuyanda şəxsən özü aparıb - gətirirdi. Heç vaxt digər valideynlərdən fərqlənməyə çalışmırdı. Hamı kimi o da uşaqlarının tərbiyəsi ilə şəxsən məşğul olur, dərsləri ilə ciddi maraqlanırdı. İndi mən görürəm ki, bir az imkanı olan valideynlər var ki, uşaqlarının dalınca məktəbə gəlməyi özlərinə sığışdırmır, bütün yükü məktəbin boynuna qoymağa çalışırlar. Uşağını evə aparmağa ya qulluqçusunu, ya sürücüsünü, ya da ki, digər tanışını, qohumunu göndərir. Zərifə xanım isə daim məktəblə əlaqə saxlayır, müəllimlərlə çox səmimi və ədalətli davranırdı. Oğlu İlhamın hər addımını izləyir, diqqətdən kənarda qoymurdu. Bəzən elə olurdu ki, Zərifə xanıma deyirdim:
-İlham filan dərsi pis öyrənib, yaxud da filan tapşırığı yerinə yetirməyib.
Bu sözdən Zərifə xanım çox narahat olurdu, ciddi-ciddi deyirdi ki, siz narahat olmayın, tapşıracam sabah hazırlaşıb daha yaxşı cavab versin. Elə də olurdu. Növbəti dərsdə İlham ev tapşırığı ilə birlikdə əvvəlki səhvini də düzəldirdi. Bir dəfə o, dərsini yaxşı öyrənməmişdi. Mən bundan çox narazı qaldım. O zaman Heydər Əliyev Bakıda yox idi, Moskvada ittifaq əhəmiyyətli hansısa bir tədbirdə idi. Həmin gün axşam Moskvadan evə zəng vurub. Zərifə xanım ona bildirib ki, İlham dərsinə zəif hazırlaşıb. Atası ona qəti tapşırıb ki, dərslikdən əlavə "Böyük Uşaq Ensiklopediyası"nı tapıb oxusun, tapşırığı ətraflı öyrənsin. İlham elə də etmişdi. Növbəti dərsdə verdiyi cavab olduqca hərtərəfli, dolğun və mükəmməl idi. Ümumiyyətlə Əliyevlər ailəsi təkcə övladlarına qarşı deyil, həm də məktəblə, müəllimlərlə davranaışlarında çox həssas və diqqətli idilər.
1977-ci il idi. Buraxılış gecəsinə hazırlaşırdıq. İlham dedi ki, atası da tədbirə gələcək. Doğrusu dediklərinə bir az inanmadıq, bəlkə elə-belə zarafat edir, deyə çox da dərinə getmədik. Düşündük ki, ölkə başçısının işi çox olduğu üçün məktəbə gələ bilməz. Amma Əliyevlər gəldilər. Zərifə xanım üç qutu şokolad gətirmişdi. O zamanın ən qiymətli konfeti idi. Yalnız Mərkəzi Komitənin işçiləri üçün istehsal olunurdu. Zərifə xanım qutuları açdı, uşaqlar konfeti bir göz qırpımında yedilər.
İndi o anları xatırlayarkən məktəblilərin şən qəhqəhələri, rəqsləri gözümün qabağına gəlir. Çox gözəl və şirin anlar idi. Uşaqların sevinci, müəllimlərin və valideynlərin fərəhi musiqi səsinə qarışıb xüsusi ahəng yaratmışdı. Ölkə başçısının tədbirdə iştirak etməsi də hər kəsdə böyük coşqu yaratmışdı.
Həmin gün Heydər Əliyev və Zərifə xanım düz iki saat bizimlə, deyib-güldülər, şagirdlərlə şənləndilər, övladlarının xoşbəxt anlarına şahid oldular. O zaman biz - Xb sinfində dərs deyən müəllimlər Heydər Əliyevlə birlikdə xatirə şəkli çəkdirdik. İndi həmin müəllimlərdən məktəbdə qalan təkcə mənəm. Bəziləri dünyasını dəyişib, qalanları isə müxtəlif xarici ölkələrə gediblər.
Düz 24 il sonra 2001-ci ilin sentyabrında Heydər Əliyev müstəqil Azərbaycanın prezidenti kimi təkrar məktəbimizə gələndə mən o şəkli göstərdim. Ulu Öndər şəklə baxıb gülümsündü, üzündə xoş bir ifadə yarandı. O günü unutmadığını, yaddaşında xoş hisslərlə qaldığını söylədi. Buraxılış gecəsini isə xırda detallarınadək yadında saxlamışdı...
İlham isə... Mən onun dəcəlliyini buraxılış gecəsində bir daha yenidən gördüm. Həmin gün o, tamam dəyişmişdi. Başqa vaxt təmkini ilə seçilən İlham bütün çərşivələrdən çıxmışdı. O qədər rəqs etdi ki, məcbur olub üç dəfə köynəyini dəyişdi.
Bilirsiniz ki, orta məktəbdə sovetlər dövründə əxlaqdan da qiymət verilirdi: yaxşı, əla, nümunəvi. İlham bu dərsdən həmişə nümunəvi qiymət alırdı. Bu, onun ailə tərbiyəsindən, valideynlərindən aldığı öyüd-nəsihətdən irəli gəlirdi. O, ata-anasının nüfuzuna söykənərək nə başqalarına himayədarlıq, nə də ərköyünlük edirdi.
Müxtəlif dövrlərdə Azərbaycanın rəhbərləri olmuş Ayaz Mütəllibovun, İmam Mustafayevin, digər bir çox yüksək vəzifəli şəxslərin də uşaqları bizim məktəbdə oxuyublar. İnsafən... onlar da pis oxumayıblar. Heydər Əliyevin övladları isə doğrudan da fərqləniblər.
Mənim şagirdim bu gün müstəqil Azərbaycanın
prezidentidir. Mən onunla
fəxr edir, qürur duyuram. Baş nazir təyin olunanda da,
prezident seçiləndə də məktəbimizin kollektivi
zəng vurub İlham Əliyevi təbrik edib. Həyat
yoldaşı Mehriban xanım 23 saylı məktəbdə
oxuyub, qızıl medalla bitirib. Mehriban xanım mənim
çox xoşuma gəlir. Özünü cəmiyyətdə
ləyaqətli və təmkinli aparır. İlhamla
Mehribanın toyları
haqqında da məlumatım var. Əla cütlükdür.
İlk
prezident seçkisində İlham Əliyev bizim məktəbdə
- on il təhsil aldığı təhsil ocağında səs
verdi. Bu vaxta qədər Ulu Öndərimiz Heydər
Əliyev seçkilərdə
səs vermək üçün Tofiq İsmayılov adına
Uşaq Gənclər Sarayına gedirdi. İlham Əliyev isə
o ənənəni pozdu. Bu, bizim üçün böyük
şərəf idi. Mən ona yaxınlaşa bilmədim. Rəsmi
şəxslər, jurnalistlər onu əhatəyə
almışdılar. Lakin
inanıram ki, bir gün onunla görüşəcəm.
-Görüşsəniz nə edərsiniz, nə deyərsiniz,
hansısa bir istəyiniz olarmı?
- Onu
bağrıma basıb bərk-bərk öpərəm. Ancaq
bilmirəm boyum çatarmı? Mən hələ heç
kimdən heç nə xahiş etməmişəm. Ancaq ola
bilər ki, keçmiş şagirdimlə görüşəndə
hansısa istəyimi dilə gətirim. Amma yox, bacarmaram....
Sonuncu görüşümüzdən xeyli vaxt keçsə də,
inanmıram ki, məni tanımasın. Yəqin ki, müəlliməsini
yaddaşından silməyib.
Televiziya
ilə onun bütün fəaliyyətini izləyirəm. Bilirəm
o, Azərbaycan üçün hər şey edəcək.
Bioloq olduğum üçün genlərin ötürülməsi
barədə geniş məlumatlıyam. Genetikasındakı qətiyyətlilik
və cəsarətlilik, üstəlik də ailədən aldığı tərbiyə,
atasından öyrəndikləri ona imkan verir ki,
potensialını xalqın rifahının
yaxşılaşdırılmasına sərf etsin, Azərbaycanı
daha güclü və qüdrətli dövlətə
çevirsin. Bu, məhz belə də olacaq. Mən şagirdimə inanıram.
İnanın
ki, ürəyimdən keçənləri tam ifadə edə
bilmirəm. Ən böyük arzum İlhamı görmək,
qucaqlayıb öpmək, ona "özündən və Azərbaycandan
muğayat ol" deməkdi. Düzdür, bu məsləhəti
ona Heydər Əliyev kimi dahi şəxsiyyət verib. Amma
müəllim də müəllimdir. Tapşırıq vermək
onun bir nömrəli vəzifəsidir. Yaxşı şagird
müəllim tapşırığına hər zaman yerinə
yetirir...
Züleyxa
NADİR
Olaylar.- 2023.- 28 aprel-4 may.- S.9.