SÖZ dünyasında izi,
yaddaşlarda SÖZü qalacaq kitab
Bir müddət
əvvəl jurnalist Qalib Rəhimlinin publisistikasının bir hissəsini özündə
əks etdirən
"Dedim bəlkə
sözüm qala..."
kitabı çapdan çıxıb.
Kitab haqqında bir soz demək, məzmunu ilə bağlı fikirlərimi söyləməkdən
vaz keçərək
onunla etdiyim müsahibəni oxucuların
ixtiyarına verirəm.
Düşünürəm ki, həmsöhbətimlə etdiyim
yaradıcılıq söhbəti
kitabda nələrdən
bəhs edildiyindən
xəbər verir.
-Öncə səni cani-könüldən təbrik edirəm. Uğurların daha da bol olsun, necə deyərlər, kitabının xeyrini görəsən.
-Sevincimi bölüşüb, yanımda olduğun, xeyir-duan üçün çox sağ ol, Züleyxa xanım.
-Yaradıcı adam üçün onun ortaya qoyduğu kitab övladı qədər əziz və doğma olur. "Dedim bəlkə sözüm qala..." sənə hansı "məsafədə" yaxındı?
-Maraqlı sualdır. Doğrudur, insanın yaratdığı ona çox doğmadır. Övlad da doğmadır, illərin söz yükünü özündə daşıyan kitab da. Məsafəyə qaldıqda isə məncə bu iki doğmam arasında məsafədən danışıb qısqanclıq yaratmasaq yaxşıdır.
-63 yaş peyğəmbər yaşıdı - mən belə düşünürəm. Bu yaşda araya-ərsəyə gətirdiyin bu kitabı ömrünün 63-cü ilinə bağlayan hansısa mistika, yaxud hikmət varmı?
-Əslində, mən kitab nəşr etdirmək barədə çox az düşünmüşəm. Bəlkə də heç yaxına da buraxmamışam ki, nə vaxtsa kitab yazacam, daha doğrusu, uzunmüddətli yaradıcılığımdan nümunələri bir araya toplayıb nəşr etdirəcəyəm. Amma "Gəncənin səsi" qəzetinin baş redaktoru, şirin dilli, şirin sözlü, çox sayda kitab müəllifi Rəfiqə xanım Sadıqova bir an belə məni rahat buraxmırdı, kitabım olmasını təkidlə tələb edirdi. Hətta kifayət qədər məsləhətlər də verirdi. Düşündüm, belə qərara gəldim ki, arxivimdə olan, çox böyük həssaslıqla qoruduğum və çap olunduğum 50 illik qəzetləri yenidən vərəqləyim. Yeri gəlmişkən deyim ki, mən elə bir adamam ki, 13 yaşımdan bugünədək çap olunan bütün yazılarımı saxlayıram. Hətta televiziyalarda işlədiyim müddətdə belə efirə gedən süjetlərimi, verilişlərimi, reportajlarımı efirdən lentlərə yazıb saxlamışam. Axı, bunlar mənim sərvətim idi. Mən onu qorumağa çalışırdım. Artıq uzun illərədən bəri saxladığım qəzetlər belə saralmışdı, şriftlər çətinliklə oxunurdu. Nə qədər yorucu olsa da böyük ruhla həmin qəzetləri vərəqlədim və daha gərəklilərini bir kənara qoydum. Artıq beynimdə belə bir fikir də formalaşmışdı: yaradıcılığımın ən yaxşı nümunələrini Ulu Öndər, dahilik zirvəsini fəth edən Heydər Əliyevin 100 illiyinə, onun ölməz ruhuna ithaf edəcəm. Bu mənə çox güc verdi. Yorulsam da inadkarlıqla davam etdim. Nə qədər özüm yaza bildimsə, qəzetlərin səhifələrindən məqalələri yenidən kompüterdə yazdım. Tələsirdim. Tez başa çatdırmaq istəyirdim. Amma fiziki güc və vaxt yetmirdi. Köməyimə iş yoldaşım Lamiyə xanım gəldi, qolumdan vaxtı ilə ADAU-da işləyən Rəfiqə bala tutdu. Köməkli bu yazıları başa çatdırdıq. Bir məsələni də səmimiyyətimlə deyəcəm. Mən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə məhz Ulu Öndərin hələ o dövrlərdə təhsildə yaratdığı şəffaflığın və əmək meydanlarından gələnlərə üstünlük verilməsi tələbinin nəticəsi olaraq 3-cü il qəbul ola bildim. İldə qəbul olunacaq 17 tələbədən biri oldum. Əgər bu cür şərait yaradılmasaydı bəlkə mən heç zaman jurnalist olmaq arzumu gerçəkləşdirə bilməzdim. Bax, bir də mən bu müdrik insanın böyük xidmətlərinə, taleyimdə olan yerinə azca da olsa, yəni gücüm qədər, belə qiymət verməyə çalışdım.
-"Dedim bəlkə sözüm qala..." səhifələrində Azərbaycan tarixində izi, xalqın yaddaşında özü qalan Ulu Öndər Heydər Əliyevə geniş yer verib. Yəqin ki, Ulu Öndərlə bağlı xatirələrin səni belə bir addım atmağa vadar edib.
-Bundan öncə bu barədə qismən danışdım. Amma onu demədim ki, kitabın birinci fəsli "Dahilik zirvəsinə ucalan insan" adlanır və bölmə sırf Ulu Öndərlə bağlıdır, özümün yazdığım, dövrü mətbuatda, əksəriyyəti də respublika qəzetlərində çap etdirdiyim yaradıcılıq nümunələridir. Özü də 1991-1992-ci illərdə. Onda fərqli zaman idi. Heydər Əliyevlə bağlı hər hansı bir yazı yazmaq təqib idi, addımbaşı təzyiqə çevrilirdi. Adam hər cür gözlənilməz həyati təhlükə yaradan hadisə ilə qarşılaşırdı. Içimdə bir ömür ölməyən bir sevgi var idi. Bu dahi insana güclü inam bəsləyirdim, başımıza açılan bəlaların ancaq onun müdrikliyi hesaıbına sona çatacağına ümidliydim. O üzdən söyülsım də, təqib edilsəm də yazırdım. Bu gün isə çox qürurluyam. Yəni, mən sözü zamanında dedim. "Gəncəlilər Heydər Əliyevin siyasətini bəyənir, müdafiə edir" adlı müsahibə, "Bizə rəhbər lazımdır", "Gəncə tufanı sovuşdu" və digər geniş təhlillər bu gün mənə qürur verir. Zamanında çəkdiyim, yaşadığım acı və stressləri unutdurur. Dediyin kimi bax bunlar məni bu kitabı nəşr etdirməyə vadar etdi. Yeri gəlmişkən onu da deyim ki, Mir Cəlal müəllimlə bağlı vaxtilə çəkdiyim filmin ssenarisini də kitabda yerləşdirmişəm. Düşünürəm ki, Mir Cəlal müəllimi daha yaxşı tanımaq, onun şəxsiyyətinə yaradıcılığına bələd olmayan oxuculart üçün maraqlı olar. Biz onun tələbələri olmuşuq, şəxsiyyətinə yaxşı bələdik. Amma ola bilər ki, bu günkü gənclik və gələcəyin oxucusu onu dərindən tanımaya bilər. Bu baxımdan kitabımın 1-2 oxucusu belə o gözəl insan haqqında bilgi əldə edə biləcəksə, mənə yetər.
-Kitab yazmaq nə qədər çətin və uzun vaxt aparan işdirsə, onun çap prosesi də xeyi zəhmət tələb edən bir işdir. Bu işi necvə həll edə bildin?
-Bu işi şair dostum Rəfail İncəyurda həvalə etmişdim. Sağ olsun kitabın çap prosesində tələb ounan korrekturadan tutmuş dizayna qədər hamısını sevə-sevə edib. Fürsətdən istifdə edib ona də təşəkkür edirəm.
-Kitabdakı siyasi motivli yazıları bir qədər fərqli yazmısan. Hadisələrə yanaşman da, sözün yaxşı mənasında, ütüsüz, sığalsızdır. Siyasətçi olmadığın üçün belədir, yoxsa mövzuya rəng qatmaq istəmisən?
-Rəng qatmaq istəməmişəm. Şüuruma bir o hakim kəsilib ki, Ulu Öndər təbii münasibəti, içdən gələn yazıları, onu olduğu kimi dərk edənləri sevib. Sadəliyə böyük önəm verib. O, elə bir siyasi xadim idi ki, ütülü sözlərə heç vaxt ehtiyac duymayıb. Fikrini konkret deyərdi həmişə. Onu Naxçıvanda işlədiyi illərdə diqqətlə izləyirdim. Nə zaman respunlika rəhbərliyinə qayıdacağına səbrsizlənirdim. Bu yazılar da həmin izləmələrin hesabına, içimdən gəldiyi üçün sənin də dediyin kimi ütüsüz və sığalsız olurdu.
-44 günlük Vətən müharibəsindəki Zəfər hər bir azərbaycanlının qan yaddaşına yazıldı. Həmin Zəfərin əsas müəllifi Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, şəhidlər və qəhrəman qazilərdi. Bu igidlərlə bağlı yazarkən mövzunun ağırlığına necə tab gətirdin?
-Yazı üçün hər şəhid qapısını döyəndə, qazilərlə üz-üzə olanda içim göynəyib, qəlbim sızıldayıb. Onları dinləmək sözün həqiqi mənasında çətin idi. Tab gətirmək olmurdu. Amma dözməkdən başqa əlacım da yox idi. Hər yazını yana-yana yazmışam. Gözümün yaşı yanaqlarıma deyil, qəlbimə axıb. Nə yaxşı ki, yazmışam. Nə yaxşı ki, üzü Qazaxdan Qarabağa qədər bütün döyüş bölgələrində döyüşçülərimizlə çiyin-çiyinə olmuşam. Onlarla bir səngərdə sürünmüşəm. Arzularını dinləyib, ehtiyaclarını qələmə almışam. Ağır da olsa, bunu etmişəm.
-Kitabda diqqətimi çəkən bir məqamla bağlı soruşmaq istəyirəm. "Rəhbər boğaz çəkir və ya torpaqdan pay olmaz", "Verilən söz yerinə yetirilmədi", "Kəmərlidə Battaqlı bulağında döyülən baş nazirin müavinləri kimlər idi"? adlı yazıları 40 il əvvəl yazmısan. Qazaxda baş verən hadisədən bəhs edən yazıları 40 il sonra kitaba yerləşdirərkən hansı hisslərlə qolboyun oldun?
-40 il əvvəl bu yazı üçün təqib edilirdim. Müxtəlif yollarla qorxudulurdum. Indi isə çox haqlı olduğumu bildikdən sonra, həm də həmin hadisələr tarixin yaddaşından silinməsin deyə onu kitaba daxil etdim. Həm də açıq demək gərəkirsə, Qarabağ müharibəsinin ilki elə Qazağın Kəmərli kəndindən başladı. Özü də Sovetlər birliyi dediyimiz dönəmdə.
-Jurnalistin yazdığı ağrılı mövzulardan biri də tənqidi yazılarıdı. "Dedim bəlkə sözüm qala..." öz səhifələrində bu mövzuya da yer verib. Soruşmaq istəyirəm: sənin tənqidindən nəticə çıxaranlar var idimi?
-Züleyxa xanım, mənim bu günədək yazdıqlarımın 70 faizi tənqid olub. Sosial mövzuda çox sayda yazılarım çap edilib. Vəzifə səlahiyyətlərini aşanlara, yarıtmaz xidmət göstərən məmurlara az tənqid ünvanlamamışam. Bu üzdən də hər yazım geniş oxucu auditoriyası qazanıb. Nəticə verənləri də az olmayıb. Qaldırdığım problem araşdırılıb, həllini tapıb. Bax o zaman uşaq kimi sevinirdim. Kiməsə kömək etdiyim üçün çox duyğulanırdım və həmin anı ömrümün ən ləzzətli anı hesab edirdim.
-Azərbaycan xalqı 30 il Qarabağ "yaralarının" sızıltısı ilə yaşayıb. Bu gün o "yaraya" Böyük Zəfərimiz məlhəm oldu, sağaltdı. Bu mövzuda yazdığın yazılardan birinin sərlövhəsi belədir: "Könlüm keçir Qarabağdan". Kitabı çapa hazırlayarkən sırf bu mövzu ilə bağlı könlündəndaha nələr keçdi?
-(Gülür). Yaman yerdə tutdun məni. Bu bir
imtahanmı, Züleyxa xanım?! Kitabı çapa
hazırlayanda yalnız bir duyğuya köklənmişdim. Mən
ərazi bütövlüyünü tam təmin edən bir
dövlətin jurnalisti, qələm əhli kimi nəşrə
kitab hazırlayırdım. Bu çox böyük qürur
idi. Mənə bu qüruru yaşadan Ali Baş Komandanıma
çox minnərdaram. Şəhid ruhları
qarşısında baş əyirəm, qazilərin əllərindən
öpürəm. Tariximin səhifələrinə
qızıl hərflərlə qələbə-Zəfər
yazan müzəffər ordumla qürur duyuram. Azərbaycan
tarixində bu bir ilkdir ki, indiyə qədər itirdiklərimizi
tam bərpa etdik. Bundan böyük nə hiss yaşaya bilərdim
ki?!
-30 il ərzində baş verən
iki müharibənin şahidisən, həm də
dolayısı ilə qələminlə iştirakçısısan.
Kitabda bu mövzuda məqalə, zarisovka, oçerk, müsahibələrin
diqqət çəkir. İllər öncə
yazdıqlarına bu günün Zəfər rəngi
hopmuş əlvan duyğularını
qarışdırıb yazı hazırlasan ilk cümlən
necə olar?
-Birinci cümləmi belə yazardım. Bir
zaman könlümün, ruhumun keçdiyi Qarabağdan indi
cismim keçir... Sonra həsrətimin sevincinin ən ülvi
məqama yüksəldiyini ağlımın və qələmimin
gücü ilə davam etdirərdim. Dediyin kimi Zəfər rəngi
hopmuş duyğularımı olduğu kimi, çox təbii
şəkildə deyərdim.
-Sən gənclik illərimdən qəlb
duyğularına yaxından bələd olduğum, ruhunun
işığını görə bildiyim tələbə dostum,
qardaşımsan. Kitabda belə
duyğularla "yüklənmiş", elə birinci cümlədən
adamı ahənrüba kimi
özünə çəkən,
sona qədər oxumağa həvəsləndirən
yazılar var. Gənclik illərində SÖZə
çevirdiyin özünün də dediyin kimi, bir az qorxaq,
bir az da kövrək hisslərə bələnmiş hekayələrin bənzərini 63-dən sonra yaza
bilərsənmi? (Burada bir təbəssüm işarəsinə
ehtiyac var).
-Təbii ki, yox. O zamanlar
başqa zamanlar idi. Sevdalı, dəli-dolu günləri
çox qayğısız yaşayırdıq. Qarabağ
adlı ağrımız yox idi. Sənin də dediyin kimi
heç pandemiya adlı bəla da gəlib bizə
bulaşmamışdı. İndi ancaq 30 ilin
acılarını yaşayıram hər gün. İndi
tarixi qələbəyə imza atan dövlətin vətəndaşı
kimi Zəfərin təntənəsini düşünürəm
hər an. Bax bunlardan böyük coşqu ilə
yazardım...Sualında yazılara verdiyin önəm
üçün də sənə təşəkkür etməyə
bilmirəm.
-"Dedim ki, bəlkə sözüm qala..." lap yaxınlarda çap olunmuş
kitabdır. Kitabı oxuyub ona dəyər verən, anlayan, nəsə
öyrənən varmı?
-Gəncə şəhər
icra hakimiyyətinin
başçısı Niyazi Bayramov kitabımı oxuduqdan
sonra mənimlə görüşdü. O, Ulu Öndəör
Heydər Əliyevin 100 illiyinə həsr etdiyim bu töhvədən
razı qaldığını bildirdi. Bu, mənə çox xoş oldu,
gözəl təsir bağışladı.
Başçıya bildirdim ki, kitab yaradıcı insanın
ömrünün ehtiva elədiyi ədəbi-publisist
düşüncələrinin bir hissəsidir. "Dedim ki, bəlkə
sözüm qala..." müxtəlif
sahələrdə dövlətinə, elinə xidmət edən
ləyaqətli insanlardan bəhs edir, həmçinin ədəbiyyat
və poeziya sevdası ilə dolu olan çox sayda
yazılardan ibarətdir.
-Son olaraq: bir az
şablon sual olsa da,
düşünürəm ki, hər zaman aktualdır. Bu
gün SÖZü urvatdan salanlara illərini jurnalistikaya
vermiş SÖZ xiridarı olaraq hansı
tapşırığı (məhz tapşırığı)
vermək istəyirsən?
-Ilk olaraq vicdanının səsini dinləməyi. Bu böyük ada ləkə
gətirməməyi, sözün çəkisini ucada
saxlamağı, xırda hisslərdən uzaq olub hər rəngi
öz çalarında görmək
tapşırığını verərdim. Jurnalist
belə olanda həmişə ucada dayanır.
Züleyxa NADİR
Olaylar.-
2023.- 1-7 dekabr, ¹44.- S.22.