“Azərbaycanın sakral coğrafiyası” silsiləsindən

Təqva yolunun başlanğıcı...

 

İlahi Hökmün dini-irfani yolu...ruhani-fəlsəfi təlimin başlanğıcı kimi

 

İnsan həyatının mənasına çevrilməsi qısa bir Ömür yolu (yaşantısı) olsa da, ümumilikdə Bəşər İnsanının əbədi, Axirət dünyasına açılan bir Qapısıdır. Sakral dünyagörüşünün təlim və  təqva yolundan ibarət vəhdətliyinin keçdiyi bu Qapı Ruh müqəddəsliyinə açılır, ruhani-fəlsəfi həyat dərkini təlqin edir, Ya Allahu-Təala zikrləri ilə, vahid dünyəvi dinin hökmü ilə. Havasına sonsuz zikrlər, dualar qarışmış, suyuna tutiyə ruhu hopmuş, torpağına ibadət ocaqlarının müqəddəsliyi qovuşmuş coğrafi məkanlardan biri Bütöv Azərbaycanın Qobustan-Şirvan bölgəsinə-Qapıya uzananondan keçən yol, həm də təqva (günahlardan uzaqlaşma və halallığa sığınma) və kamilliyi özündə təcəlla edir...

Dini-irfani mistik Hökmün ruhuna rəğmən ziyarətgahlar-ibadətgahlar coğrafi məkanı olan Qobustan bölgəsinə günçıxan-şərq tərəfdən açılan Qapı "Qırxlar piri" ziyarətgahından keçir, Haqq tərəfindən buyrulmuş (bəyənilmiş) bir Şəhid məqamı da var bu Qapının girişində-1918-ci ildə hay-daşnakrus-bolşevik silahlı qüvvələrinə qarşı Bakı şəhəri uğrunda aparılan döyüşlərdə Ruhunu, Canını və Qanını qurban vermiş Osmanlı Türk əsgərinin müqəddəs məzarı uyuyur burada, Qobustanın yovşanlı "Bayan Ata" düzündə (toponimin morfogenezisisanki mistik hökmlə bağlıdır), üstündə doğma İki Bayraq dalğalanmaqla...

Bölgənin bu giriş Qapısının digər bir bərəkətli yatağında-"Bürgüt qışlağı"ndakı yaşı bilinməyən qəbirstanlıqda da Şəhid Türk əsgərlərinin məzarı var, axı bu yataq müqəddəs ocaqlardan biri olan Soxa Məhəmməd Yaqub oğlunun, Sofu Dəmir Məhəmməd oğlunun, Şeyx Baba Dəmir oğlunun...yurdu idi... İlahi hökmə və halallığa qul olan bu ocağın irfani xələfi Nəsib Baba Şeyx Baba oğlunun (1873-1978) bərəkətli sürüləri hesabına 1936-cı ildə doğma Qurbançı kəndində kolxoz yaranmış, ildən-ilə sayı artmışdır (1970-ci illərdə bu təsərrüfatın 12 qoyunçuluq briqadası, hərəsində 1000 başdan çox davar olub), sonuncu dəvəsini isə 1964-cü ildə kəsmişdilər...

Bircə XX əsrin əvvəllərində Qırğız diyarından gətirilmiş kəhər atı saxlamışdılar Nəsib Babanın ocağında.

...1992-ci ilin payız aylarının əvvəlində Qobustan rayonunun Ərəbşalbaş (Ərəbcəbirli) kənd sakini, dədə-baba halal, bərəkətli tərəkəmə soyundan olan Ərzuman Oruc oğlu Poladov (1927-2007) Baba dağın yaylaqlarından qayıdanda hardasa sürüsünə 5-6 qoyun qoşulub (mistik hökmlə bəlkə də, Ruhani sınağa çəkilibmiş). Kəndə çatanda qarışan qoyunları qabağına salıb bütün qapıları gəzdi, soruşdu ki, bu heyvanlar kimindir, yiyəsi kimdir?

-Mən cəhənnəm əzabına dözə bilmərəm, əbədi cəhənnəm odunda yanmaqdan qorxuram, amanın günüdür, ay el, ay oba, ay camaat, heyvanların yiyələrini tapmaqda mənə kömək olun... deyərək, hətta qonşu Təklə, Çuxanlı, Sündü kəndlərini də dolaşdı, axır ki, kimisə tapıb, heyvanları qaytardı, ondan sonra sakitcə evinə qayıtdı, Ruhən sakitləşdi...

Nəsil və ömrüboyu tərəkəmə həyatı yaşayan Ruh adamının təqva duyğusallığının kök rişəsi nədən qidalanır, mənəvi dəyərinə səbəb nə olmuşdur? Bir kitab üzü açmayan, bir hərf tanımayan, həyatı bərəkətli qoyun sürüsü ilə bağlı olan bu İnsan necə nail olub Ruh-İrfan paklığına, Qəlb təmizliyinə, İman-İnam qulu olmağa? Bu duyğusallığın bölgə hüdudlarının torpağı-suyu-havası ilə bağlılığı varmı? Qarşısında bərəkəti aşıb-daşan sürü olduğu halda hər kəlməsində Allahu-Təalanı zikr  bir tikə çörəyin halal olmasını dua etməyin hikməti nədədir? Axı, bu İnsan müqəddəs "Qurani-Kərimi" də oxumayıb? İlahi hökmə boyun əyən Ocaq yiyəsi halal bərəkətindən sidq-ürəklə, xeyir-dua ilə əl çəkirsə, Dini təlimin gücünə bunca şərik qoşmaq olarmı?

Dini-Rihani hökmün təqva dərki və ibadət yolu (günahdan qorxma və halallığı tapınma) Ömrün hansı çağında və necə seçilmişdir? Sakral dünyadərginin və İnsan olmağın təlimi necə qurulmuşdur, ucqar əyalət ocağında, tərəkəmə obasında? Bəlkə, cəmi  Peyğəmbərlərin tərəkəmə olması elə  İlahi Hökmə bir işarədir?

Kifayət qədər mürəkkəb, dərk edilməsi zəruri (və çətin) olan suallardır və "Azərbaycanın sakral coğrafiyası"nın məqsədlərindən biribu Sirri-Xudanın açılmasına işıq salmaqdır, bu kimi ruhani-irfani gözəlliyə, inam-iman yolunun seçilməsinə səbəb olacaq İnsan ruhunun yetişməsinə vəsilə olmuş mənəvi paklığa agah olmaqbu səbəbə aydınlıq gətirməkdir, Bütöv Azərbaycan timsalında.

  "Azərbaycanın sakral coğrafiyası" ayrı-ayrı bölgələrimizdə dini-irfani təlimin sakral irsini (izini) Naxçıvan, Qərbi Azərbaycan, Cənubi Azərbaycan, DağAran Borçalı, Qarabağ-Şərqi Zəngəzur, Lənkəran-Muğan, Şabran-Dərbənd, Abşeron-Şirvan...bölgələri üzrə öyrənməklə yurdumuzun müqəddəs ocaqlarında yer alan Mistik-İrfani zənginliyin naxışları ilə Dini-Fəlsəfi dəyərlərə möhtac İnsan Ruhunun təşnəsini üzə çıxarır, tarixi-coğrafi dövrlərdə Türk-Müsəlman dünyagörüşünü yaşadan Şəriətin gücünü öyrənir.

Bu yanaşma həm də Xalqımızın mənəvi-ruhani tarixini öyrənmək (ruhani mirası mənimsəmək), irfani dəyərlərimizin qorunması və zənginliyinə vaqif olmağa yönəlikdir. Təkcə İslam dini hökmünün irfan-ruh dəyərləri deyil bütün Şəriət mövcudiyyətinin əsaslarını təşkil edən, həm də Bütöv Azərbaycan hüdudlarında minilliklərlə (Alban-Xristianlığa qədrki dövr və sonrakı mərhələ də daxil olmaqla) Mərifət qaynaqları çağlamışdır ki, indiki dillə desək-Milli-Mənəvi-Dini kult (kulturalizm) bütövlüyünə nail olunmuşdur, irqindən-milliyyətindən asılı olmayaraq...  ...1993-cü ilin yay aylarıdır. Günorta, Şamaxı şəhərinin Yuxarı məhəlləsindəki bazar meydanında canlanmadır...

Gur bir səs (şivə, dilalekt, tələffüz fərqi olmadan) ucalır:

-Kimindir bu saat?

Hamı gur səsin axarına və qol saatını yuxarı qaldırmış ucalan ələ baxır, tanıyırlar, Rus olsa da Ruhu hallallıqla yoğrulmuş Təqva yiyəsidir-65 yaşlı Nağaraxana kənd sakini Vasili İvanoviç Pominov...

Bu hallallıq nədəndir, bu torpağın suyumu, havasımı, bərəkətimi...vəsilədir? Yoxsa, bu torpaqda XIX əsrin 40-50-ci illərindən başqa dini təriqətə mənsub olmaqla bərabər burada yaşadığı illərdə kökənli ocaqlarla qaynayıb-qarışmağındadır bu Halallıq?

Axı, bu torpağa uzaq Hindistandan ziyarətə gəlmiş Atəşpərəstlər də olmuş, məhz "Nağaraxana" toponiminin yaranamsı bu tarixi-coğrafi amillə bağlıdır...

Bu hal dövlətimizin hər guşəsində Xalqımıza xas olan Ruhanilikdir, nəsildən-nəsilə ötürülən milli-mənəvi dəyərlərlə, hökmlərlə-Din xadimlərimizdən, Ağsaqqallardan, Ağbirçəklərdən, Böyüklərdən...gələn, Təqvadan güc alan İrfanilikdir...

Qobustan-Şirvan bölgəsinin müqəddəs və ibadət edilən ocaqları o qədər zəngindir ki, təkçə Şamaxı şəhərində 17 məscid olmuşdir XIX əsrin sonlarınadək və yaxud, Şamaxı şəhərinin 5 qat dərinliyində üstündə olmuş zənginlik qədər Sirri-Xuda ocaqları hələ də tədqiqini gözləyir...

Ona görə də "Azərbaycanın sakral coğrafiyası" qarşısında duran və öyrəniləsi suallardan biri də Təqva yiyəli İrfaniliyə çatmağın yollarına elmi-nəzəri və dini-fəlsəfi baxımdan yiyələnməkdir.

...Qobustan bölgəsinin Ərəbşalbaş kəndi. 1924-cü il təvəllüdlü Səltənət Mahiyəddin qızı Əliyeva 1941-ci ildə təzəcə ailə qurduğu və müharibəyə yola saldığı əmisi oğlunu gözləyir, baxmayaraq ki, gedişindən 40 gün sonra "qara kağızı"nı alıb...

Evinin qapısını həmişə açıq qoyurmuş:

-Bu axşam gələcək... deyə-deyə...

Neçə onillər ötsə də, qonum-qonşu, yaxın-uzaq kim nə deyirdisə, kim nə xəbər çatdırırdısa, həmişə bir cümlə işlədirdi:

-Bu axşam gələcək...

...ta ömrünün son gününə kimi-2002-ci ilədək.

Dəfn mərasimində çoxları onun cənazəsini çiyninə almağı, uzaqlaşan Ruhuna "yol yoldaşı olmağı" özünə şərəf bilmişdir...

 "Azərbaycanın sakral coğrafiyası" mistik-duyğusal ömrün məna qatlarını (mənəvi laylarını) tədqiq, təbliğ və təşviq etmək amacındadır.

Axı, bu dünyamız Axirət dünyasına açılan Qapıdır, bu Qapıdan Təqvalı keçməlidir Haqqın yaratdığı İnsan, Dini Hökm bunu təlqin edir, çünki mistik inanclar buna bir İlahi işarədir:

-1972-ci ildə Orta Asiya respublikalarından və Azərbaycandan olan nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir və bir gün onları İstanbul şəhəri yaxınlığındakı dağda, mağarada yaşayan Abidlə görüşə gedir, hardasa 150 nəfərə yaxın. Mağaranın giriş hissəsində "qara döşək üstündə uzanmış və başı altında qara balış" olançəlimsiz Abidlə rastlaşırlar. Diqqətlə baxdıqdan sonra gələnlər görürlər ki, "döşək və balış" tərpənir, bir azdan ilanlar Adiddən aralanır və uzaqlaşır. Heyət üzvləri qorxudan dağın yamacı boyunca, üzü aşağı qaçmağa başlayanda Abid onları arxadan səsləyir:

-Ey kafirlər, siz necə müsəlmansınız, məgər bilmirsiniz ki, Allahu-Təaladan əmr gəlməsə bunlar adamı vurmur...

-1982-ci ilin yaz aylarıdır, Qobustanın qış otlaqlarının birində ruhən sarsıntılı 20 yaşlı gənc bir qız əlində talxa gürzə binədə cövlan edir, əlindəki gürzə və qız heç kimi yaxına buraxmır. Hamı qorxu içindədir, qız hərdən ilanın başını sinəsinə basıb sıxır, əli ilə sığallayır, atası-anası dua edir...ağır olsa da birdəfəlik, biçarə balalarından qurtulmaq üçün...bir saatdan sonra qız da, ilan da sakitləşir, bir-birinə sarılaraq uzanıb yatırlar...

-Məsləhət bilməsə bizi Yaradan,

Çalmaz insanları zəhərli ilan...

Bəs bu Hökmü dərk etmək buncamı müşküldür, mümkünsüzdür, çətindir... insanlar haqq yoluna keçə bilmir?

Bu yolun təsfirini  "Azərbaycanın sakral coğrafiyası" təşfiq etməklə xalqımızın Dini-Fəlsəfi təlim zənginliyini Türk-Müsəlman irsi baxımından qiymətləndirməyi başlıca məqsəd sayır. Çünki, bu zənginlik Təqva  özünütəsdiqi ilə ölçülür, Axirət imtahanına toparlanmaqdır.

Nəfsə hakim kəsilmək, Halallığa ruhən bağlılıq, Doğruluqla qəlbən yolçu olmaq... Təqva yolunda əsas şərtdir-Qobustanın Şamlı camaatının uzun illər mollası olmuş Hacı Abdulla Nəbi oğlu (1933) heç vaxt getdiyi və idarə etdiyi yas məclislərindən haqq almayıb, əziyyətini Haqq yoluna qurban verib...

Şəriətdə Təqva yolu Mərifətə uzanır, Allahu-Təala qulunun (dərvişinin) çöhrəsini nurlandırır, Cəmiyyətin (Toplumun) dini-irfani fəlsəfəsini zənginləşdirir, Özünü və Dünyadərkini şərtləndirir, "Azərbaycanın sakral coğrafiyası"nın məzmunu təşkil edir...

 

(ardı var)

 

Qismət  Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

Olaylar.- 2023.- 3-9 fevral.- S.17.