SÖZün qulu, jurnalistikanın

nökəri, mətbuatın fəhləsi

 

Sərlövhəni oxuyanda yəqin beyninizdə sual yaranacaq ki, kimdi bu adam? Səbr edin, indi deyəcəm. Onu 44 ildir tanıyıram - 1979-cu ilin sentyabrından, Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olduğum ilk gündən. O vaxtlar universitet  statusunu ölkə üzrə bircə ali məktəb - indiki Bakı Dövlət Universiteti  daşıyırdı. Geridə qalan bütün ali məktəblərə institut deyilirdi.  Ona görə də Azərbaycan Dövlət Universiteti  barmaqla göstərilirdi, tələbələrinə də  digər ali məktəblərdə oxuyanlar qibtə ilə baxırdılar. Belə bir universitetin  tələbəsi olmaq şərəf idi. Haqqında söz açacağım xanım da həmin ali məktəbin tələbəsi idi. Sarışın, olduqca suyu şirin, ürəyə yatımlı, gözlərində işıq, üzündə xoş təbəssüm olan arıq bir qız idi.  O, dördüncü, mən isə birinci kursdaydım...

Züleyxa Nadiri deyirəm. Azərbaycan mətbuatında öz dəsti-xətti olan, sözünün çəkisini bilən, sadə dilli, şirin sözlü bu qələm adamı 44 il əvvəl necə idisə bu gün də elədir. Heç dəyişməyib. Yenə də istiqanlı, dostu, sirdaşı unutmayan, daxili də, zahiri də  nur  olan, SÖZ fədaisi bir xanımdır. Onların qrupunda mənə doğma olan tələbələr çox idi. Ruhu şad olsun Alı Mustafayevin - Milli Qəhrəmanımızın,  Cümşüd İsgəndərin, Qərənfil Xəlilovanın (Allah hər ikisinə ömür versin) vasitəsilə tanımışdım bu gözəl qızı. Onda bilmişdim ki, tovuzludur. Heç demə bu şirinlik  ona doğulduğu yurddan gəlibmiş. Çox şən görünüşü, dik duruşu, xoş təbəssümü çox aydın idi.  Sanki baxışları baxdığı dünyanı daha aydın göstərirdi.  Bunları deməkdə məqsədim Züleyxanın gözəlliyini təsvir etmək deyil. İstəsəm də edə bilmərəm. Sözümün gücü bu gözəlliyi vəsf etməyə çatmaz. Məqsədim "özü şirin olanın sözü də şirin olar" deyimini təsdiq etməkdir. Mənim düşüncəmdə və baxışımda Züleyxa məhz belə bir qızdır, daha doğrusu, xanımdı. Söz adamıdı, SÖZü bütün dəyərlərdən ucada tutan jurnalistdir. Yəqin elə bu səbəbdən özü haqqında hər zaman belə deyir: "Mən SÖZün qulu, jurnalistikanın nökəri, mətbuatın fəhləsiyəm".

Züleyxa yoldaş kimi də, bacı kimi də çox etibarlıdır, dost kimi qəbul etdiyinə çox vəfalıdır. Tələbə vaxtı həmişə yanımda olub, çəkindiyim müəllimlərin xarakterini mənə açıqlayıb. Hətta həmin fənnə aid bilgilərini belə mənimlə paylaşıb. Əlavə ədəbiyyatın siyahısını verib, hansı kitabxanada tapa biləcəyimi söyləyib. O, sirdaş kimi də verdiyim "sirrləri" özündə saxlaya bilib. Balaca qardaşı kimi qayğımı çəkib, məni qorumağa çalışıb. Beləcə də bir ömür yaddaşıma yazılıb və həmişə onu minnətdarlıqla xatırlamışam. Məndən 4 il əvvəl təyinat yerinə - Şəmkir rayonundakı "Ulduz" qəzetində işləməyə getdi. Ara-sıra xəbər tuturduq bir-birimizdən. Universiteti bitirdikdən sonra mən də təyinatla Yardımlıda çıxan rayon qəzetində işləməəyə göndərildim. Əlaqələrimiz seyrəldi və bir ara  tamamilə kəsildi. Mən Gəncəyə köçəndən sonra itən əlaqələrimizi yenidən bərpa edə bildik. Onda Züleyxa "Xalq qəzeti"ndə işləyirdi. Paytaxta yolum düşən kimi birinci onu axtarırdım. Şükürlər olsun ki, indi daha sıx əlaqə saxlayırıq, hətta ailəcə bir-birimizi tanıyırıq. Ailəmizin qonağı olub, evimin xanımı ilə qaynayıb - qarışıb. O da taleyin xoş qisməti idi ki, oğlu Məcid hərbi xidmətini Gəncədə keçdi. Züleyxa xanım oğul sevgisindən dolayı qardaş qapısını döydü. Gəlişi toy - bayram oldu bizə, nəvələrimə. Sevdilər bir-birlərini. Heç yanından ayrılmadılar Züleyxa bibilərinin.

Bu günlərdə isə yubiley yaşının olacağını öyrəndim. Sabah 65 yaşı tamam olacaq. Bir az təəccübləndim. Bu şirin qız (o mənim üçün hər zaman gənc qız statusundadı) yubiley qapısını nə  tez döydü?!  Zaman bu qədərmi tez keçib getdi?! Elə bil hər şey dünən idi. 80-ci illərin əvvəllərində tənəffüslərdə fakültədəki dəhlizin pəncərəsi önündə dayanıb söhbətlər edirdik. Danışıb - gülürdük, şən və qayğısız idik. O gözəl və romantik illər  nə tez xatirəyə çevrildi?  Amma  hər xatirəni xatırladan bir məqam da var. İndi bu sətirləri yazarkən gəncliyimizin tələbəlik  illərinə səyahət etdim, jurnalistika fakültəsinin auditoriyalarını gəzdim, tələbə dostlarımı yada saldım, onların ömür yolunu gözümün önünə gətirdim. Və Züleyxa Nadirlə bağlı ürəyimdən bir qürur duyğusu keçdi. Çünki onun tale yoluna olduqca çətin və ağrılı illər yazılıb. Gənc yaşında sevimli  həyat yoldaşını itirib. Üç yaşından atasız qalan yeganə övladını tək böyüdüb. İllərin əzabına dözüb, zamanın tufanına, boranına, çovğununa sinə gərib. Yoluna çıxan hər cür maneəni öz gücünə aşıb, səbr edib, dözüm göstərib. Hər zaman qadınlıq şərəfini, xanımlıq qürurunu və jurnalist ləyaqətini uca tutub. Vəfası və sədaqəti ilə başqalarına nümunə olub. Bütün bu şəxsi keyfiyyətləri onun jurnalist ömrünə naxış vurub. SÖZlə bağlı duyğuları bəzən kədərə bürünsə də, bütövlükdə xoşdu, nikbindi - özü kimi. Onu ayaqda tutan, yıxılmağa qoymayan nikbinliyi olub. Məhz həmin nikbinlik Züleyxa xanımın jurnalist taleyinə hopduğu üçün illərini boşa xərcləməyib. Azərbaycan mətbuatında gözü tox, alnı açıq, başı dik jurnalist kimi iz qoyub.

Özünü dərk edəndən qələmə sarılıb, SÖZ səltənətinə üz tutub. Qram-qram, pillə-pillə ucalıb SÖZlə. Onu gücü çatdığı qədər ucaldıb. Züleyxa Nadirin yaradıcılığına tam bələd olmasam da, oxuduğum, izlədiyim yazıları çox olub. Bizim təhsil aldığımız jurnalistikanın da, işlədiyimiz mətbuatın da tələbləri fərqli idilər. Onların beyin məhsulu gündəlik xəbərlər də olurdu, günün yaratdığı problem xarakterli yazılar da. Züleyxa daha çox cəmiyyəti narahat edən məsələlərdən yazırdı. Uzun müddətli araşdırmalar aparıb sonra qələmə sarılırdı. Bu üzdən də onun qələm, düşüncə məhsulları sevilə-sevilə oxunurdu. Adama elə gəlirdi ki, yazı oxumursan, Züleyxa səninlə üz-üzə dayanıb şirin ləhcəsi ilə söhbər edir, danışır, problemin həll yolunu göstərir. Bu da təbii ki, dilinin sadəliyi, şirinliyi ilə yanaşı fikirlərinin daha məntiqli və dolğun çatdırılmasından irəli gəlirdi. Belə yazırdı və yaddaşlara da beləcə yazılırdı Züleyxa Nadir.

Fakültəmizin mərhum dekanı Tofiq Rüstəmov haqqında yazdığı "Biz abır-həyanı Ondan öyrənmişik" adlı yazısını dönə-dönə oxumuşam. Tofiq Rüstəmov mənim də sevimli və unudulmaz müəllimim idi.  Nə qədər təmkinlə, nə qədər sərrast və məntiqli sözlərlə başlayır mövzunu Züleyxa.  "Dünyanın düz vaxtları idi. Taleyimizə xoşbəxtliyimizin rəngarəngliyi hopmuşdu. Sözün həqiqi mənasında bəxtəvər idik. Dərdimiz-sərimiz yox idi, sevinclə, təbəssümlə qolboyun yaşayırdıq. Kədərin nə olduğunu elə də kəsdirə bilmirdik, ya da görmürdük, buxar olub göyə çıxmışdı. Necə deyərlər, gəncliyimizin şən və mənalı günlərini yaşayırdıq. Dünya gözümüzü al-əlvan rəngləri ilə qamaşdırırdı. Nə Qarabağ dərdimiz var idi, nə şəhidləri torpağa vermişdik, nə də karantin günlərinin "işgəncəsini" yaşayırdıq." Bax, sözün şirinliyi budur.  Axır su kimi. Və qısa, bircə cümlədə qəhrəmanını xarakterizə belə  edir. "Əgər fakültəmizin müəllimlərini çoxlu qaşı olan bir üzüyə bənzətsəm, Tofiq müəllim həmin üzüyün mərkəzindəki ən iri qaşdı." Çox gözəldi onun bu yanaşması. Yormadan və inandırıcı formada fikir çatdırmaq da budur.

Züleyxa Nadirin yazılarının hamısı belədi.  Hamısını sadalamağa, əlbəttə lüzüm görmürəm. Onun 40 illik  yaradıcılığında nələrin olduğunu bilmək,  yaxud da oxucuda hansısa bir təəssürat yaratmaq üçün, ən azı,  40 gün gecə-gündüz vaxt xərcləməlisən.  "Uçurum", "Zülüm-zülüm ağlayan ana dilimiz","Konflikt", "Bizim Hikmət Hacıyev", "Aysberq qadın", "İşıq adam", "Professor", "Yolkəsənlər", "Bakının gözəllikləri və zibillikləri", "Müəllimdən imtahan götürəndən kim imtahan götürüb?", "İlanın başını vaxtında əzmək lazımdı", "Allah qədər gözəl olan müəllim", "Bakının dərdi var, Bakı xəstədi", "Əxlaqsızlıq", "Yaxşılığı Ramazana saxlamayaq", "Bakirəliyi pozulan şəhər", "Çarpışma", "Ovuc içindəki şəbəkə", "Göydən iki alma düşdü" və digər yazıları çox aktualdır, oxunaqlı və düşündürücüdür. Hamısında tərifdən çox, obyektiv tənqid var. Züleyxa Nadir hansı sahədən yazırsa elə bil o sahənin adamına çevrilir. Bu isə o deməkdir ki, jurnalist bütün sahələrdən anlayışlı, bilgili olmasa, söz açdığı məsələdə çox naşı görünər, həmsöhbətini danışdıra, ürəyinə yol tapa bilməz. Bu da jurnalistika fakültəsində tədrisdən gəlmə bilgilərdi və o, hər zaman jurnalistin püxtələşməsinə kömək edir.

Züleyxa xanım həm insan, həm jurnalist, həm dost, həm də tələbə yoldaşı kimi çox zəngindir və onun barəsində yazmaq doğrudan məsuliyyətlidir, çətindir və çox asandır. Bilmirəm bu yazıda onun haqqında nəsə deyə bildimmi? Bildiyim odur ki, 65 yaşında, yubleyində yanında olmaq, sevincinə sevinmək, bir tələbə qardaşı olaraq təbrik etmək istədim.

Təbrik edirəm, SÖZün qulu, jurnalistikanın nökəri, mətbuatın fəhləsi olan  Züleyxa Nadir! Sən bu statusunla öyünür, fəxr edir, şərəf duyursan. Şərəfin uca olsun.  Səsin, nəfəsin SÖZ dünyamızdan heç əskik olmasın. Uca SÖZün ömrü qədər ömrün olsun. Bir ömür ailənə sevinc gətirən nəvəndən dolayı hər zaman sevinəsən, bacım mənim.

 

Qalib RƏHİMLİ        

 

Olaylar.- 2023.- 3-9 fevral.- S.21.