Azərbaycanda ordu quruculuğu

Heydər Əliyevin adı ilə bağlıdır

 

Emin Həsənli: "Ulu öndərin müəyyənləşdirdiyi siyasi kurs Cənab prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir"

 

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin bütün sahələrdə olduğu kimi ordu quruculuğu, ölkədə nizami ordu yaradılması istiqamətində fəaliyyəti əvəzsiz, ölçüyəgəlməz dərəcədə olub. Siyasi və iqtisadi böhran, erməni təcavüzü zamanında ölkədə nizami ordu yaratmağa məhz Heydər Əliyev kimi qətiyyətli siyasətçi, sərkərdə nail ola bilərdi. Elə  Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli də bu qənaətdədir. "Heydər Əliyev İli" çərçivəsində Emin Həsənli ilə görüşüb ümummilli liderin ordu quruculuğu istiqamətindəki fəaliyyətinə nəzər saldıq.

-Emin bəy, bildiyimiz kimi bu il "Heydər Əliyev İli"dir. Əvvəlcə bilmək istərdik ki, rəhbərlik etdiyiniz İctimai Birlik bu il çərçivəsində hansı tədbirlər keçirməyi düşünür?

-Bu il xalqımızın Ümumumilli lideri, Azərbaycan dövlətinin, onun silahlı qüvəllərinin memarı, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu il münasibəti ilə Cənab prezident sərəncam imzalayaraq 2023-cü ili "Heyder Əliyev ili" elan edib. Sevindirici haldır ki, "Heydər Əliyev ili"ndə ilk tədbiri Azərbaycan və Türkiyə qaziləri bərabər qeyd etdilər. Bu il, yanvarın 4-də Türkiyədə səfərdə olan qazilərimiz Adanada Tarsus ilçəsində ulu öndərimizin abidəsini ziyarət edərək orada "Heydər Əliyev ili"nin ilk tədbirini keçirdilər. Daha sonra yanvarın 6-da birliyimiz tərəfindən Ceyhanda Ulu öndərin adını daşıyan parkda Heydər Əliyevin və Mustafa Kamal Atatürkün abidələrinin önündə tədbir keçirildi. Ceyhan bilirsiniz ki, Adanada qəsəbədir və eyni zamanda Bakı-Tiflis-Ceyhan neft boru xəttinin son dayanacaq yerdir. Ulu öndərin adını daşıyan bu kəmərin son dayanacaq nöqtəsi olan Ceyhan qəsəbəsində həmin tədbir keçirildi. Həmin parkda şəhid ailələri üçün də muzey yaradılıb və onlar bildirdilər ki, Heydər Əliyev özü sərkərdə qəhrəman olduğuna görə düşündük ki, bu parkda şəhid ailələri üçün həm muzey, həm də onların toplanacağı bir yer olsun. Ona görə də bu muzey yaradılıb. Həmin muzeylə yanaşı eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən yaradılmış digər bir muzeyi də ziyarət etdik və çox xoş oldu.  Türkiyə və Azərbaycan qaziləri tədbirdə çıxış etdilər. Eyni zamanda Ceyhan bələdiyyəsinin sədri, Ceyhanın ictimaiyyət nümayəndələri tədbirdə iştirak etdi. Ümumiyyətlə, çox geniş bir tədbir oldu. Bu il də təşkilatımız bu istiqamətdə bir çox tədbirlər həyata keçirəcəkdir və hesab edirəm ki bu il təntənə ilə qeyd ediləcək.

-Heydər Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılmasında xidmətlərini necə xarakterizə edərdiniz?

-Azərbaycan xalqı qalib xalqdır və Qarabağda qələbəmizin də memarı Ulu öndər, ümumilli lider Heydər Əliyevdir. Məhz onun yaratdığı ordu, onun yaratdığı dövlət, onun müəyyənləşdirdiyi siyasi kurs Cənab prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Bu uğurlu siyasətin nəticəsidir ki, 44 günlük Vətən müharibəsində böyük bir zəfər əldə edildi. Ümumiyyətlə, Vətən müharibəsində ölkəmizin bütün istiqamətlərində böyük uğurlar əldə edilib, o uğurların əsasını Ulu öndər Ümumumilli lider Heydər Əliyev siyasəti təşkil edirdi.

Ümumiyyətlə, Azərbaycanda ordu quruculuğu da digər sahələr kimi Ulu öndərin adı ilə bağlıdır və onun rəhbərliyi ilə formalaşdırılıb. Heydər Əliyevin ölkəmizə birinci hakimiyyəti dövründə, ulu öndər  bütün təzyiqlərə baxmayaraq 1971-ci ildə Cəmşid Naxçıvanski adına liseyi yaratdı, SSR-nin ayrı-ayrı görkəmli üniversitetlərinə Azərbaycan gənclərinin oxumasını təmin etdiyi kimi, mülki universitetlərlə yanaşı hərbi məktəblərə də Azərbaycan zabitlərini göndərdi. Bilirsiniz ki, Çar Rusiyası dövrü Azərbaycan orduya çağırılmırdı. Sovet Rusiyası dövründə isə azərbaycanlı gənclər yalnız tikinti batolyonlarına aparılırdı və onlar zabit ixtisasına yiyələnmirdilər. Ulu öndərin israrlı tələbləri ilə Naxçıvanski adına hərbi məktəb  açıldı və ulu öndər özü birbaşa bu işə rəhbərlik etdi, prosesi nəzarəti altında saxladı. Məqsəd o idi ki, hər il Azərbaycandan xeyli gənclər bu məktəbə qəbul olsun, eyni zamanda SSR-nin ayrı-ayrı ali məktəblərində oxusun və hərbi peşəyə yiyələnsin.

-Həmin dövrdə nizami ordu yaratmaq nə dərəcədə çətin və ya asan idi və Heydər Əliyev bunu hansı uzaqgörən gedişləri ilə edə bildi?

-Azərbaycan müstqəqillik əldə etdikdən sonra ölkəmiz bölünmək, parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Həmin dövrdə Ulu öndər xalqın təkidli tələbi ilə Bakıya  gəlib Azərbaycanı xilas etdi və eyni zamanda başıpozuq silahlı dəstələri ləğv edərək vahid komandanlığa əsaslanan ordu yaratdı. Bilirsiniz ki, ordudan həmin dövrdə siyasi məqsədlər üçün istifadə edərək çevirilişlər edirdilər. Ordu ayrı-ayrı şəxslərin, Surət Hüseynovun, Əlikram Hümbətovun dəstələrinə bölünmüşdür və bu da ölkə daxilində hakimiyyət çevirilişlərinə, müxtəlif arzuedilməz proseslərə gətirib çıxarırdı.

Xalqımız qəhrəman xalqdır, Birinci Qarabağ müharibəsində on minlərlə şəhid verib, əliyalın səfərbər olaraq torpaqların müdafiəsinə qalxıb. Ancaq o dövrdə vahid komandanlığa əsaslanan nizami ordu yox idi, ordu arasında koordinasiyadan söhbət belə gedə bilməzdi və bəzi hallarda ordu rəhbərləri bir-birinə qarşı fəaliyyət göstərirdi ki, bu da ordu quruculuğuna və dövlət quruculuğuna çox böyük əngəl yaradırdı. Ulu öndərin ilk işindən biri nizami ordu yaratmaq idi. Əvvəlcə hərbi akademiya yaradıldı, təlim-tədris markəzi formalaşdırıldı. Eyni zamanda zabitlərdən əlavə gizirlər və çavuşlar məktəbi yaradıldı, qardaş Türkiyənin hərbi məktəblərində hərbiçilərin oxunmasını təmin edildi. Zabitlərin Türkiyə ilə birgə kursları keçirildi, hərb sahəsi geniş inkişaf etdi. Müasir hospitallar yaradıldı, hərbi hissələr tikildi.

-Bu günkü qüdrətli Azərbaycan Ordusunu Heydər Əliyevin uğurlu addımları, qətiyyətinin məntiqi nəticəsi kimi hesab etmək olarmı?

-Bu gün Cənab prezident İlham Əliyev bu siyasəti uğurla davam edərək ordunun silahlanması, onun saxlanılmasını ən yüksək səviyyədə təmin edir. Ulu öndər ümumilli liderin ən böyük xidmətlərindən biri də ondan ibarət oldu ki, Birinci Qarabağ muharibəsində Füzuli istiqamətində böyük dönüş əldə edərək 1994-cü ilin yanvar ayında məşhur Horadiz əməliyyatına rəhbərlik edib düşməni həmin il may ayının 12-də atəşkəs imzalamağa məcbur etdi. Məhz həmin atəşkəsdən sonra Azərbaycanda dövlət quruculuğu uğurlu ordu quruculuğu,  neft müqavilələrinin bağlanması təmin edildi. Ümumiyyətlə, ulu öndər çox ağır bir şəraitdə fəaliyyət göstərirdi. Ölkəmizin bir milyona qədər qaçqın və məcburi köçkünü, büdcəsinin az, dövlətin təhlükədə olduğu zaman ölkəmizə rəhbərlik edərək Azərbaycanda həm prezident, həm də Ali Baş Komandan kimi qarşıya qoyulan bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirdi. yüz illərə dayanan erməni hücumunun qarşısını kəsərək qüdrətli ordu yaratdı. Azərbaycan haqq işini dünyaya çatdırdı, beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işi Qarabağ məsələsi ilə bağlı çox əlamətdar qərarlar qəbul edildi ki, biz vətən müharibəsində bu uğurların nəticələrini gördük ki, bu da məhz ulu öndər ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

-Hazırda Silahlı Qüvvələrinin gücü, potensialı hansı səviyyədədir?

-Hesab edirəm ki, bütün istiqamətlərdə, həm gənclər, həm təhsil, həm də xarici və daxili siyasətdə, iqtisadi uğurlarımızın əldə edilməsində, ölkədə çox böyük nailiyyətlərə imza atılıb ki,, bütün bunlar da indiki uğurlarımızın birbaşa təminatıdır. Biz ona görə də ulu öndərin bu xidmətlərini yüksək qiymətləndiririk və Azərbaycan xalqı daima ulu öndərin əziz xatirəsini qəlbində yaşadacaqdır. Ulu öndərin  vəsiyyətinə əməl edərək Azərbaycan dövlətinin daha da qüvvətlənməsinə, müstəqilliyin əbədi və dönməz olmasına hərə öz sahəsində tövhəsini verəcəkdir.  Allah Ulu öndərimizə rəhmət etsin. Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir və onun qoyduğu siyasət daimidir.

 

Süleyman İsmayılbəyli

 

Olaylar.- 2023.- 3-9 fevral.- S.9.