Müstəqil Azərbaycanın
dayanıqlı
iqtisadi siyasətinin təməli
Heydər
Əliyev tərəfindən
qoyulub
Müstəqil Azərbaycanın
iqtisadi dayanaqlığının möhkəm olması onun
siyasi nüfuzunun artmasına səbəb olub.
Etiraf
edilməlidir ki, ölkəmizin iqtisasdi inkişafının təməli,
eləcə də dünya ölkələri arasında
layiqli yer tutmasında Ulu öndər Heydər Əliyevin xidmətləri
müstəsna əhəmiyyət kəsb edir. Ötən əsrin
90-cı illərinin əvvəllərində dünya
miqyaslı dövlət xadimi və dahi siyasət korifeyi Heydər
Əliyevin xalqın təkidli tələbi ilə yenidən
hakimiyyətə qayıtması nəticəsində ölkəmiz
tərəqqi yoluna qədəm qoydu, suverenliyimiz əbədi
və sarsılmaz xarakter aldı, davamlı iqtisadi inkişaf
üçün möhkəm təməl yaradıldı,
xalqın milli-mənəvi ruhu yüksəldi, Azərbaycanda
ümumbəşəri dəyərlərə əsaslanan
demokratik, hüquqi, dünyəvi və müasir dövlətin
ideya əsasları və strateji inkişaf istiqamətləri
müəyyənləşdirildi. Ulu öndərin liderlik
keyfiyyətləri, fədakar və yorulmaz fəaliyyəti sayəsində
ölkəmiz müstəqil siyasət yürüdərək
dünya birliyində mövqeyini gücləndirdi. Müstəqil
Azərbaycanın qurucusu kimi gördüyü misilsiz işlər
Heydər Əliyevə çağdaş tariximizdə
xalqımızın xilaskarı və müasir dövlətçiliyimizin
banisi kimi əbədiyaşarlıq qazandırdı. Dövlət
suverenliyinin əldə edilməsini Azərbaycan
üçün müstəsna dərəcədə önəmli
hesab edən və xalqın yüksəlişi, dünyəvi,
demokratik dəyərlərə yiyələnməsi yolunda əsas
amil sayan ümummilli lider bu tarixi nailiyyəti yüksək qiymətləndirirdi:
"Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan
xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz,
məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi
hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir".
Ulu
öndər Heydər Əliyev müstəqil dövlət
quruculuğu prosesində iqtisadi islahatlara böyük önəm
verirdi. Azad bazar iqtisadiyyatının
formalaşdırılması, istehsalın
artırılması, sənayenin inkişafı, mülkiyyətin
özəlləşdirilməsi, torpaq islahatının həyata
keçirilməsi, sahibkarlığın formalaşması bu
baxımdan xüsusi əhəmiyyət kəsb edirdi.
Ümummilli lider iqtisadiyyatın inkişafını dövlət
siyasətinin prioritetlərindən hesab edirdi: "İqtisadi
sahədə strateji yolumuz respublikada bazar iqtisadiyyatına
keçmək üçün iqtisadi islahatlar aparmaqdan və
tədricən Azərbaycanda bütün sahələrdə sərbəst
iqtisadiyyat, bazar iqtisadiyyatı formalarını tətbiq etməkdən
ibarətdir". Qeyd edək ki, islahatlar vasitəsilə Azərbaycanın
milli iqtisadiyyatının formalaşdırılması siyasəti
hələ 1969-cu ildə Heydər Əliyevin ölkəyə
rəhbərlik etməsi ilə başlanan şərəfli və
mühüm missiyanın əsas istiqamətlərindən idi.
Məhz həmin dövrdən etibarən ölkəmizin milli
iqtisadi inkişafının əsaslarının
yaradılması, zəngin iqtisadi potensialın və təbii
sərvətlərin ölkənin gələcək
inkişafına, xalqın rifahının yüksəlməsinə
yönəldilməsi üçün ciddi addımlar
atıldı. Milli inkişaf ideyasından doğan və Azərbaycan
iqtisadiyyatını bütün parametrlər baxımından
Sovet İttifaqında ən öncül yerlərdən birinə
çıxarmağı hədəfləyən bu islahatlar
ümummilli liderin yüksək dövlət idarəçiliyi
bacarıqları və liderlik keyfiyyətləri sayəsində
o dövrdə Azərbaycanda tarixi dönüş yaratdı,
köklü müsbət dəyişikliklərə səbəb
oldu. Ulu öndərin səyi, əzmkarlığı və
ittifaq miqyasında güclü nüfuzu sayəsində siyasi,
sosial-iqtisadi, humanitar və digər sahələrdə
SSRİ rəhbərliyi səviyyəsində Azərbaycanın
inkişafını təmin edəcək əlverişli qərarlar
qəbul edildi, bütün sahələrdə uzunmüddətli
və sistemli proqramların icrasına, iqtisadiyyata
dövrün yeni və mütərəqqi
texnologiyalarının uğurla tətbiqinə
başlandı. Nəticədə Azərbaycan xammal ölkəsi
və aqrar respublikadan qabaqcıl sənaye ölkəsinə
çevrildi, kənd təsərrüfatının
bütün sahələrində inkişafa nail olundu, yeni sənaye
sahələri yaradıldı, ölkəmiz ittifaq
respublikaları arasında iqtisadi uğurları və əldə
etdiyi konkret nəticələri ilə önə
çıxmaq imkanı əldə etdi. Belə ki, 1969-1982-ci
illərdə Azərbaycanda elektron
maşınqayırması, radiosənaye, yüngül və
yeyinti sənayesi üçün maşın və
avadanlıq istehsalı və digər mütərəqqi sahələr,
1971-1985-ci illərdə 581 adda yeni tipli maşın,
avadanlıq, aparat və cihaz nümunələri
yaradıldı. Həmin illər neft-kimya sənayesinin yeni
dövrün tələblərinə uyğun inkişafı
baxımından da önəmlidir. Ümummilli liderin
böyük diqqəti sayəsində tam modernləşdirilmiş
neft-kimya sənayesi ölkənin sosial-iqtisadi
inkişafında mühüm rol oynadı, Azərbaycan neft məhsulları
və avadanlığı, polad borular, əlvan metallar, sintetik
kauçuk, elektrik mühərrikləri, məişət
kondisionerləri, mineral gübrələr, xalça və digər
istehsal sahələri üzrə Sovet İttifaqında
aparıcı respublikalardan birinə çevrildi.Əvvəllər
kənd təsərrüfatının inkişafı
baxımından da geridə qalan Azərbaycan Heydər Əliyevin
rəhbərliyi ilə səmərəli idarəçilik və
mütərəqqi texnologiyaların uğurlu tətbiqi sayəsində
sovetlərin qabaqcıl kənd təsərrüfatı, o
cümlədən pambıqçılıq və
üzümçülük, ümumilikdə aqrar-sənaye
üzrə əsas respublikalardan biri oldu. O dövrdə Azərbaycanda
istehsal edilən müxtəlif sahələr üzrə 350
adda məhsul dünyanın 65 ölkəsinə ixrac
olunmağa başladı.Ulu öndərin Azərbaycanın hərtərəfli
inkişaf strategiyası həm də infrastrukturun yenilənməsini,
arxitekturaya yiyələnməsini şərtləndirirdi. Bunun
nəticəsidir ki, paytaxta və regionlara gözəllik verən
yüzlərlə müasir yaşayış binası,
mehmanxana, iqtisadi inkişafda önəm kəsb edən iri
istehsal kompleksləri, su anbarları, müasir yollar tikildi,
yaşıllıq zonaları, istirahət ocaqları
yaradıldı. Heydər Əliyevin respublikaya rəhbərliyinin
birinci dövründə həyata keçirilən quruculuq
siyasəti, yaradılmış infrastruktur, yeni sənaye sahələri,
formalaşmış böyük potensial Azərbaycanın gələcək
inkişafı üçün önəmli amillər oldu.
Sovet İttifaqında müasir istehsal və sənaye
üsullarının və texnologiyaların burada cəmləşməsi,
ulu öndərin müdrik idarəetmə və uzaqgörən
strategiyası nəticəsində ölkədə baş verən
sosial-iqtisadi inkişaf bumu məqsədli şəkildə
milli inkişafa yönəldilmişdi və ölkənin gələcək
müstəqilliyinin davamlı olması baxımından
mühüm tarixi əhəmiyyət kəsb edirdi.
Ümummilli liderin dövlət quruculuğu strategiyası
qabaqcıl iqtisadiyyat və infrastruktura, sosial-iqtisadi
inkişafa nail olmaqla yanaşı, həm də milli-mədəni
dirçəliş, özünüdərk, milli ruhun yüksəlişi
istiqamətində həyata keçirilən siyasətlə
tamamlanırdı ki, bu da Azərbaycan xalqının müstəqil
dövlətçilik ideyalarının reallaşmasında və
xalqın milli-azadlıq mübarizəsinin uğurla nəticələnməsində
həlledici rol oynadı. Ulu öndər Heydər Əliyev bu
məqamı çox dəqiq ifadə etmişdir: "1970-ci
illərdə görülən işlər, yaranan bu
böyük iqtisadi, sənaye potensialı və neft sənayesi
sahəsində görülən işlər Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin əsasıdır.
Əgər onlar olmasaydı, biz bu gün dövlət müstəqilliyini
əlimizdə bu qədər möhkəm saxlaya bilməzdik".
Sirr
deyil ki, məhz ümumilli lider Heydər Əliyev tərəfindən
əsası qoyulan iqtisadi siyasət nəticəsində
ölkə iqtisadiyyatının və sahibkarlığın
inkişafında qadınların rolu əhəmiyyətli dərəcədə
artıb. YAP İdarə Heyətinin üzvü, Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
sədri Tahir Mirkişili bildirib ki, Azərbaycan
qadınının cəmiyyətimizdə və dövlət
siyasətində rolu həmişə yüksək olub:
"Ulu öndər Heydər Əliyev
tərəfindən Azərbaycan qadınının cəmiyyət
həyatında önəmli rolu dövlət siyasətində
təsbit olunub. Bütün dünyada qadınların rolu və
imkanları ilə iqtisadi inkişaf arasında əlaqə
daim araşdırma mövzularından biri olub. Dünya əhalisinin
49,6 faizi qadın olsa da, onların dünya iqtisadiyyatında
payı cəmi 37 faizdir. Bu göstərici təxminən 40
trilyon dollar civarındadır. Bu gün dünyanın iqtisadi
siyasətini müəyyən edən dörd mühüm təşkilatın-
Beynəlxalq Valyuta Fondunun, Ümumdünya Ticarət Təşkilatının,
Avropa Mərkəzi Bankının və ABŞ-ın Maliyyə
Nazirliyinin rəhbərləri qadındır. Bu fakt deməyə
əsas verir ki, dünya iqtisadiyyatının
yönümünü müəyyən edən məhz
qadınlardır. Azərbaycanda isə sahibkarlıq subyektlərinin
21 faizi qadınlardır. 1 milyon 300 min sahibkarımızın
230 min nəfəri qadınlardan ibarətdir. İnkişaf
etmiş ölkələrlə müqayisə etdikdə, Azərbaycan
sahibkarlarının iqtisadiyyatda rolu daha yüksəkdir. Bu
gün dünyanın inkişaf etmiş ölkələrində
qadın sahibkarlarının iqtisadiyyatda rolu təxminən
17-18 faizə yaxındır.
Ümumiyyətlə, qadınların imkanları ilə
iqtisadi artım arasında əlaqənin iki tərəfi var.
Birincisi, qadınlar daha çox hüquqi və fiziki imkanlara
sahib olduqca iqtisadi artım daha yüksək olur. İkincisi
yanaşma isə ondan ibarətdir ki, iqtisadi inkişaf daha
çox artdıqca qadınların imkan və hüquqları
daha da artır". Onun sözlərinə görə,
Prezident İlham Əliyev tərəfindən imzalanmış
sənədlər, qəbul edilmiş qərarlar
sahibkarlığın inkişafına çox böyük dəstəkdir:
"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın
xüsusi təşəbbüsü ilə həyata
keçirilən sosial layihələr də qadın
sahibkarlığının, xüsusilə həssas qrupdan
olan qadınlar arasında sahibkarlığın
inkişafına müsbət təsir göstərir. Bu isə
sosial-iqtisadi inkişafın, o cümlədən məşğulluğun
təmin olunması baxımından mühüm əhəmiyyət
kəsb edir. Ölkəmizdə qadınların əmək
hüquqları və sahibkarlıq fəaliyyəti ilə
bağlı lazımi qanunvericilik bazası mövcuddur. Bu
gün iqtisadi və sosial inkişafın səmərəliliyinə
nail olmaq, iqtisadi inkişaf və yüksəlişdən bəhrələnmək
üçün cəmiyyətdə olan qadınların
mövcud potensial imkanlarından istifadə olunması
mühüm əhəmiyyət kəsb edir".
Alim
Olaylar.- 2023.- 10-16 fevral.- S.5.