XİLASKARLAR

 

Ötən həftə qardaş Türkiyədə XXI əsrin fəlakəti baş verdi. İçimiz yandı, ürəyimiz parçalandı. Gecəmiz gündüzümüzə qarışdı. Bütün türk dünyası, Turan elləri hələ də zəlzələdən dolayı sarsıntı içindədi. Ölkənin cənub-şərqində baş vermiş 7.7 bal gücündə böyük zəlzələ 13.5 milyon insanın yaşadığı 500 kilometrlik əraziyə çox ciddi dağıdıcı təsir etdi. Təkcə əraziyəmi? Əlbəttə yox. 41130 nəfər insan həyatını itirdi. (Dağıntılar arasında hələ də insan var). Sağ qalanların da çoxu yarımcandı - istər mənən, istərsə də fiziki ağrılardan.  Bəşər övladının keçirdiyi sarsıntının dərəcəsini ölçən cihaz hələ ixtira olunmayıb. Amma bu fəlakətin nə qədər dəhşətli olduğunu gözlə görmək, qəlblə hiss etmək elə də çətin deyil. Biz Azərbaycan türkləri isə bunu təkcə hiss etmirik, həm də canımızla yaşayır, qanımızda daşıyırıq. Ona görə də qardaş yadımına qaçan ilk biz olduq - həm maddi yardımla, həm də xilasedicilərlə. Bu gün zəlzələ bölgəsində 56 ölkədən gəlmiş 6479 nəfər xilasedici çalışır. Onlardan 758 nəfəri Azərbaycanın payına düşür. Üstəlik ölkəmizdə xüsusi təlim görmüş 8 baş itqardaş fəlakətinin aradan qaldırılmasında xilasedicilərə yaxından kömək edir.

 

***

 

Dünya tarixində, xalqların  taleyində xilaskar insanlar olub ki, onlar bir dövləti, bir milləti hansısa ağır və dözülməz vəziyyətdən, təbii fəlakətlərdən  xilas ediblər. Bunlar  dövlət başçıları, sadə insanlar, xalq qəhrəmanlarıdı. Onların adı tarix səlnaməsinə qızıl hərflərlə yazılıb və insanlığın yaddaşına hopub. Qardaş Türkiyədəki fəlakətin aradan qaldırılması da tarix kitablarına yazılacaq  insanlıq dərsidir. 12 gündür xilasedicilər durmadan çalışır, dağıntılar arasında sağ qalmış insanlara əl uzadırlar. Fəlakətin ölçüsü çox böyük olduğu üçün çox da ağrılıdı. Amma bu çətinliyin aradan qaldırılması üçün səbr, dözüm, mübarizlik  sərgiləyən insanlar var ki, onların adı XİLASKARlardı. Dünyanın dörd bir yanından gələn xilaskarlar gecə bilmədən, gündüz bilmədən, çox çətin şəraitdə, soyuqda, qarda fədakarlıq nümayiş etdirib, qəhrəmanlıq göstərirlər.

Bu xilaskarlar sanki, Allahın yer üzünə göndərdiyi mələklərdi. Bəli, bəli, etiraz etməyin, sözümü qəribliyə də salmayın, lütfən. Yalnız mələklər insanı incitmir, onu qanadlarının  üstünə qaldırırlar - Kahramanmaraş, Malatya, Qaziantep, Adana, Antalya, Şanlıurfa, Diyarbakır, Osmaniyə, Hatay, Kilis, Adıyamanda dağıntılar altında qalanları xilas edən, onlara ikinci bir can verən xilaskarlar kimi.  On iki gündür ki, dünyanın hər yerindən köməyə gələn  xilaskarlar yorulmadan, usanmadan,  "uf" demədən, incə-incə, səbrlə çalışırlar. Amma bu səbrin içində bir tələsmək, bir həyəcan da var. Bunu onların üzündə-gözündə televiziya ekranlarından çox aydın görmək olur.

 

***

 

Millətindən, dinindən, irqindən asılı olmayaraq bu fəlakət xilaskarları birləşdirib. Kimin türk, yaxud azərbaycanlı, kimin alman, fransız, ingilis, polyak, yaxud da rus, ukrain, yunan olması önəm daşımır. Onları bir amal birləşdirir: dağıntılar arasında can verən, ölümlə savaşan insanları xilas etmək. Bunun üçün dil bilməyə gərək yoxdu. Baxışlar göstərir, gözlər danışır. Xilaskar xilas etdiyi uşağı, yaşlını, qadını bağrına basanda yaşadığı sevinc hissini  görəndə insan göz yaşlarını saxlaya bilmir. Körpələri necə əzizləyirlər, İlahi?!  Anaları necə qucaqlayırlar, Allahım?! Buna ürəkmi dözər? Ötən on iki gündə hər gün bu duyğunu yaşamışam, hər gün ağlamışam. Gözlərimdən axan sevinc yaşları bəzən hönkürtü ilə müşaiyət olunub.

Daşların, armaturların, beton parçlarının arasında qalan, torpağın altında  güclə nəfəs alan, amma bir an olsun belə ümidini itrməyən insanlar xilaskarlarına olan şükran borcunu bir ömür unutmayacaqlar. Həmin gün onların ikinci doğum günü olacaq. Hər il xilaskrını axtaracaq, onu xatırlayacaq, kim olduğunu bilməsə belə ən xoş sözləri, ən gözəl duaları ona ünvanlayacaqlar. . Bütün ağrı-acılara baxmayaraq həyat çox şirindi. Bu fəlakətdən salamat çıxmaq Allahın lütfüdü.   Bir neçə gün əvvəl İTV-nin ekranından biz bunun şahidi olduq. Hataydakı otel odasında bağlı qapı arxasında sıxışıb qalmış adamı xilas edən İlham adlı azərbaycanlı gənc Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində çalışmır. Sadəcə həmin günlərdə oteldə qalırmış. Zəlzələ baş verəndən bir az sonra səs eşidib və 13-cü mərtəbəyə çıxaraq türk qardaşımızı, beşinci mərtəbədə isə bir avstraliyalını xilas edib. Baxın, aradan uzun vaxt keçməyib. Özünə gələn Selcuk bəy xilaskarının axtarışına çıxıb, onun kim olduğu ilə maraqlanıb. Ekranın o tayından xilaskarına baxanda gözlərindəki xoş ifadə, sevinc çox aydın hiss olunurdu. Təşəkkürü, minnətdarlığı, dilindəki duanı tamaşaçılar riqqətlə qarşıladılar.

 

***

 

Altı yaşlı uşağı xilas edən yunan xilasedicilərin bir-birini qucaqlayaraq hönkür-hönkür ağladıqlarını yəqin ki, hamı gördü. Çox təsirli səhnə idi. Bəlkə də başqa vaxt heç kim inanmazdı ki, Türkiyəyə düşmən mövqe sərgiləyən Yunanıstan dövləti qonşusuna kömək edər. Görünür insanlıq düşmənçilikdən güclü qüvvədi. İşin ən maraqlı və ən qəribə tərəfi odur ki, həmin uşağı  xilas edən Xilaskarın özü balaca olanda məmləkətində zəlzələ baş verib. Və onu türk xilasedicisi dağıntıların altından çıxarıb. Taleyinxoş hədiyyəsi ki, indi də O, bir xilaskar kimi fəlakət  zonasına gəlib. Sanki alın yazısında borcla yüklənmiş bir mistika varmış kimi, O da türk çocuğunu xilas edərək borcunu ödədi. Bu, möcüzə deyil, bəs nədi?! Almaniyalı Xilaskar Markus Maichle isə ikinci dəfədir ki, fəlakətlə "döyüşür". 1999-cu il zəlzələsində dəTürkiyənin harayına yetişənlərdən olub. Bilmirəm diqqət edən oldumu? Bu gün bir-birinin qanına susayan, düşmən müharibəsi aparan rusukrain xilaskarlar hər şeyi unudub yan-yana, çiyin-iyinə öz missiyalarını canla-başla yerinə yetiriridilər. Dağıntılar altından sağ çıxardıqları hər insana görə sevinir, bir-birini bağrına basırdılar. Bir uşağı xilas edərək ananın qucağına vermək, yaxud da bir ananı dağıntılar altından çıxarıb sağ çıxarıb övladlarına göstərməyin hansı xoşbəxtlik olduğunu daha çox Xilaskar bilər. Lənət olsun müharibələrə! Lənət olsun iki qardaşı bir-biri ilə vuruşduranlara! Lənət olsun  xalqların arasına nifaq toxumu səpənlərə! Lənət olsun anaların göz yaşını axıdıb övlad dağı çəkdirənlərə! Türkiyədəki zəlzələ göstərdi ki, insanlığın çiyninə yüklənmiş xilaskarlıq missiyası ona hər şeyi unutdurur, kini, nifrəti, düşmənşiliyi arxa plana keçirərək  fəlakət anında görünməz edir.

 

***

 

XİLASKARlar dünyanın naxışıdı. Xilaskar olmaq insanlığı yaşatmaq, onun ölmədiyini sübut etməkdi. Kimisə xilas etmək, ölümün caynağıdan almaq qəhrəmanlıqdı. Allah da Quranda buyur "Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kimonu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar (Maidə surəsi, 32-ci ayə). Xilaskar olmaq nə gözəldi! Allahın sənə verdiyi ömürdə bu missiyanı daşımaq böyük şərəfdi. Bu gözəllikdə, bu ləyaqətdə şərəfli olmaq hər adama nəsib olmur. Xilaskarlar seçilmişlərdi, sanki. Onlar təkcə vəzifə öhdəliyi götürmürlər ki?! Bu gün Türkiyədə çalışan xilaskarların arasında Azərbaycandan gedən müxtəlif peşə sahibləri, sadə insanlar da var. Onları zəlzələ baş verən bölgələrə vicdanları aparıb. Getməsəydilər gecələr rahat yata bilməz, gündüzlər içdikləri su boğazlarından keçməz, qardaş acısına dözə bilməzdilər.  Başqa cür ola da bilməzdi. Qardaş nə deməkdi? Xoş günündə olduğu kimi, acı günündə də qucaq açıb bağrına basmaq, yaralarını sarımaq, bir an olsun belə yanından ayrılmamaq qardaşlığın göstəricisidi.

Qardaşlıq funksiyasını yerinə yetirmək, həm də dünyanı xilas edəcək gözəllikdi. Fəlakət anında can qardaşlarımızın yanında olanlar məhz bu gözəlliyin xidmətçiləridi. Amma "meşə çaqqalsız da olmazmış". Birbu gözəlliyin içindən bir çirkab çıxmazmı? Sözdə Türkiyəyə köməyə gedən ermənilər əməldə öz oğru xislətlərini, əsil simalarını ortaya qoydular. Fürsətdən istifadə edən "xilaskarlar"  Arsen QazaryanVahan Sürməlyan soyğunçuluqla məşğul olarkən  MİT əməkdaşlrı tərəfindən yaxalanıblar. Hatayda ölüləri soyan bu murdaların üstündən Türkiyə vətəndaşlarının sənədləri, şəxsi əşyaları və qızıl-zinət əşyaları aşkar edilib. Bir əllərinin qanı axa-axa torpağı qazıb altından ana köpəyi və beş balasını çıxaranlara baxıram, bir də insanlığın üzqarası olan bu ölüsoyanlara... Tfu üzünüzə! Lənət olsun sizə!

 

***

 

Yazını könül bulandıran söhbətlə bitirmək istəmirəm. Bu, əlbəttə, "dəryada bir damladı". Daha doğrusu, dərya boyda görülən işin yanında xırda bir detaldı. Əsas olan digər XİLASKARların böyük ürəyi, mərhəməti, şəfqətidi. Bu XİLASKARlar  ölümü belə gözə alaraq həyatlarını təhlükəyə atır, özlərini oda - közə vurmaqla örnək olur, ürəklərdə yuva qururlar. Məhz həmin yuva insanlığın sığınacağıdı.

Sığınacağın xidmətçiləri isə XİLASKARlardı...

 

Züleyxa NADİR

 

Olaylar.- 2023.- 17-23 fevral.- S.16.