KLASSİKİMİZ VƏ MÜASİRİMİZ

CƏLİL MƏMMƏDQULUZADƏ

 

Çoxəsrlik inkişaf tarixinə malik olan Azərbaycan ədəbiyyatının inkişafında böyük Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin mühüm xidmətləri olmuşdur.

Cəlil Məmmədquluzadə (1869-1932) 22 fevral 1869-cu ildə qədim mədəniyyət yurdu olan Naxçıvan şəhərində dünyaya göz açmışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasında təhsilini bitirdikdən sonra  1887-1897-ci illərədə Uluxanlı, Baş Noraşen (indiki Cəlilkənd) və Nehrəm kəndlərində müəllimlik etmiş, özünü əsl xalq müəllimi kimi tanınmışdır. Böyük ədəbiyyat mücahidi C.Məmmədquluzadə Azərbaycan xalqının keçdiyi milli inkişaf yolunda cəfakeş ideoloqlardan biri kimi çıxış etmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu görkəmli Azərbaycan yazıçısı haqqında demişdir: "Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi insan, yazıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir. O, ədəbiyyatımızın, mədəniyyətimizin klassikidir. Eyni zamanda o, bizim müasirimizdir, o, bu gün də bizimlədir, bizim sıralarımızdadır. Bizimlə bərabər Azərbaycanın müstəqilliyinə sevinir və bizimlə bərabər Azərbaycan Respublikasının daim müstəqil dövlət olması uğrunda öz yaradıcılığı ilə, qoyduğu mənəvi irslə çalışmaqdadır".

C.Məmmədquluzadə ədəbiyyat tariximizdə tənqidi råalist ədəbi cərəyanın, "Çay dəsgahı" əsəri ilə ilk mənzum allåqîrik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı kimi xatırlanır. C.Məmmədquluzadə həmçinin dünyaca məşhur "Molla Nəsrəddin" jurnalının (1906-1931) redaktoru və mollanəsrəddinçilərin ağsaqqalı, milli mücadilə ədəbiyyatımızın sərkərdəsidır. Bu nəhəng söz sənətkarı həm də Azərbaycan ədəbiyyatında kiçik håkayənin böyük ustadı kimi tanınır. Cəlil Məmmədquluzadə "Poçt qutusu", "Usta Zeynal", "İranda hürriyyət", "Saqqallı uşaq", "Buz", "Nigarançılıq", "Zırrama" və b. kimi hekayələrilə bu janrın ən sanballı nümunələrini yaratmışdır. Böyük dramaturq Cəlil Məmmədquluzadənin olduqca istedadla yazılmış "Ölülər", "Anamın kitabı", "Kamança", "Danabaş kəndinin məktəbi", "Dəli yığıncağı", "Ər" və b. kimi dram əsərləri Azərbaycan dramaturgiyasının qiymətli incilərini təşkil edir. Onun böyük ustalıqla yaratdığı Məhəmmədhəsən əmi, Zeynəb ana, Xudayar bəy, Qazı, Novruzəli, Usta Zeynal, Kəblə Əzim, Qurbanəli bəy, Kefli İsgəndər, Molla Abbas və b. kimi obrazları dillər əzbərinə çevrilmiş, on illər boyu prototiplərini adlandırmağa müvəffəqiyyətlə xidmət etmişdir.

Görkəmli söz ustadı Mirzə Cəlil həm də yeni-yeni formalaşmaqda olan ictimai satiranın yeni üslubunun banisi və yaradıcısıdır. Onun satirik üslubda yazdığı şeir nümunələri yenitipli ictimai satirasının təməlini təşkil edir. Onun mənzum satirik yaradıcılığı işığında yeni şeir məktəbi formalaşmışdır. Mirzə Cəlil həm də bədii yaradıcılığa gətirdiyi metaforik obrazlar, simvollar və mətnaltı məna vasitələri ilə böyük və dərin ictimai mətləbləri bütün dolğunluğu və ciddiyyəti ilə ifadə etmə ənənələri yaratmışdır. Bu görkəmli sənətkarın böyük istedadla yaratdığı və əsərlərinə gətirdiyi "kamança", "anamın kitabı" və b. kimi metaforik obrazlar böyük ədəbi-estetik məna kəsb edərək xalqın milli dəyərləri və yaddaşının təbliğinə xidmət etmişdir. "Anamın kitabı" ifadəsi isə ümumilikdə azərbaycançılığın andnaməsi kimi yadda qalmışdır. Görkəmli ədibin qələmə aldığı "Danabaş kəndinin əhvalatları" əsəri də Azərbaycan ədəbiyyatı tarixində yeni bədii nəsrin ilk və sanballı nümunəsi hesab edilir. Ümumiyyətlə, "kiçik" adamları da böyük ədəbiyyata ilk dəfə ustad C.Məmmədquluzadə gətirmişdir.

Görkəmli ədib Cəlil Məmmədquluzadənin xalq qarşısında böyük xidmətlərindən biri də xalqın taleyi və müqəddəratı ilə bağlı məsələləri vətəndaşlıq yanğısı ilə əks etdirməsidir. Bu baxımdan milli îyanışa və azadlıq yîlunda mücadiləyə, inkişaf və tərəqqiyə çağırış mîtivləri ilə zəngin olan Cəlil Məmmədquluzadə irsi Azərbaycan xalqının ümummilli lidåri Håydər Əliyåvin dediyi kimi "milli müstəqillik idåallarımızın mənbəyi" îlmaq vəzifəsini uğurla həyata kåçirməkdədir. Cəlil Məmmədquluzadə həm də bütün yaradıcılığı ilə ədəbi və ictimai fikrimizdə azərbaycançılıq məfkurəsinin əsasını qoymuş, öz fəaliyyətində daim vətənə xidməti həyat fəlsəfəsinə çevirmiş bir şəxsiyyətdir.

Xalq yolunda xidmətləri misilsiz olan böyük ictimai xadim və görkəmli ədib Cəlil Məmmədquluzadə həm də milli mətbuatımızın inkişafında mühüm xidmətlərilə yadda qalmışdır. Cəlil Məmmədquluzadə dünyaca məşhur olan "Molla Nəsrəddin" jurnalının (1906) əsasını qoymuşdur. Adından tutmuş üslubuna qədər xalq yaradıcılığı ənənələrinə dayanan "Molla Nəsrəddin" jurnalı bütün Şərq aləmi və türk dünyasında ilk rəngli, şəkilli, karikaturalı yeni mətbuat orqanı idi. "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!" müraciətilə ictimai meydana çıxan "Molla Nəsrəddin" jurnalı xalqın milli oyanışı və inkişafına xidmət göstərmişdir. "Sizi deyib gəlmişəm", "Azərbaycan", "Vətəndaşlar", "Cümhuriyyət" və s. kimi zəngin məqalə və felyetonları Azərbaycan publisistikası və jurnalistikasının yeni məzmunda inkişafında əvəzsiz rola malikdir.

Azərbaycan dövlətinin çoxsaylı görkəmli şəxsiyyətlər kimi Cəlil Məmmədquluzadə şəxsiyyəti və irsinə də qayğı göstərməsi bu şəxsiyyətin böyüklüyü və ölməzliyini təzahür etdirən faktlardan biridir. Sovet dövründə yaradıcılığı və şəxsiyyəti ideologiyanın təhrifləri ilə qaranlıqlara bürünərək təbliğ edilən Cəlil Məmmədquluzadə bir çox görkəmli şəxsiyyətlər kimi xalqımızın müdrik oğlu Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra aydınlığa qovuşmuşdur. Dahi rəhbərin Mirzə Cəlil şəxsiyyətinə olan böyük ehtiramı və hörmətinin daha bariz ifadəsidir ki, ölkəmizdə ilk ev muzeyləri yaradılan görkəmli şəxsiyyətlərdən biri məhz Cəlil Məmmədquluzadədir. Dahi liderin uzaqgörən əməlləri və qayğısı sayəsində Cəlil Məmmədquluzadənin irsi toplanılaraq təkrar-təkrar nəşr edilmiş, ciddi tədqiqatların obyekti olmuş, adına küçələr verilmiş, Bakıda, Cəlilabad və doğma vətəni Naxçıvan şəhərlərində əzəmətli heykəlləri ucaldılmışdır. Görkəmli ədibin ölməz əsərləri daim teatrların da repertuarlarında olmuş, çoxsaylı əsərləri səhnələşdirilərək böyük tamaşaçı rəğbəti qazanmışdır. Mirzə Cəlil  irsinə xalq ehtiramını nümayiş etdirən daha bariz bir fakt böyük ədibə həsr olunmuş və əsərləri əsasında hazırlanmış "Qəm pəncərəsi", "O dünyadan salam" kimi ölməz filmlərin çəkilişidir. Ədibin vətəni Naxçıvan şəhərindəki ev muzeyi, adını daşıyan Naxçıvan Dövlət Musiqili Dram Teatrı və teatr binasının qarşısındakı əzəmətli heykəli Cəlil Məmmədquluzadə şəxsiyyətini əbədiləşdirən mədəni ünvanlardırlar. Ustad Cəlil Məmmədquluzadənin davamlı olaraq yubileylərinin keçirilməsi də ədibə göstərilən ehtiramın daha bir nümunəsidir. Ölməz ədibin övladı qədər sevdiyi və bütün ömrünü verdiyi "Molla Nəsrəddin  jurnalının latın qrafikalı Azərbaycan əlifbası ilə yeni tərtibatda, nəfis şəkildə çap edilməsi də müstəqillik dönəmində ədibin irsinə və şəxsiyyətinə göstərilən misilsiz ehtiramı nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin görkəmli ədib Cəlil Məmmədquluzadənin 140 və 150 illik yubileylərinin keçirilməsi haqqındakı sərəncamları da çoxmilyonluq Azərbaycan xalqı tərəfindən minnətdarlıqla qarşılanmışdır.

 

RAMİZ QASIMOV

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Olaylar.- 2023.-24 fevral-2 mart.-S.23.