"Bütöv xalqı dilindən məhrum etmək,

"lal" qoymaq olmaz"- Nizami Cəfərov

 

Dilin hər hansı xalqın var olması üçün nə qədər böyük əhəmiyyətə sahib olduğu hamıya məlumdur. Azərbaycan dili gündən-günə inkişaf etməklə özünü  istənilən sahədə doğrulda bilir. Hazırda dünyada danışılan 7000-dən çox dildən 3000-ə yaxını 21-ci əsrin sonunda yox olmaq təhlükəsi ilə üz-üzədir.

Bu həftə qeyd edilən "Beynəlxalq Ana Dili Günü" nün hekayəsi vətənimizdən uzaqlarda doğulsa da, azərbaycanlılar üçün ana dili məsələsi hər zaman yaralı yer olub. O taylı, bu taylı Azərbaycan xalqı müstəmləkə dövrlərində hər zaman ana dili ilə bağlı təzyiqlərə məruz qalıb. Cənubi azərbaycanlı soydaşlarımız hələ də bu kimi təzyiqlər altında yaşamağa məcbur edilir.

BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, deputat Nizami Cəfərov ana dili məsələsi haqqında Olaylar.az-a danışıb:

-Nizami bəy, ümumiyyətlə, xalqın var olması  üçün dilin əhəmiyyəti nələrdir?

-Dünyanın çox görkəmli dilçiləri, filosofları hər zaman xüsusi qeyd ediblər ki, dil istənilən xalqın varlığı üçün təməldir. Xalqı ifadə edən birinci əlamət onun dilidir. Biz bununla müəyyən edirik ki, danışan şəxs hansı xalqa mənsubdur. Doğrudur, bu, bəzən yalnış da ola bilir. Ancaq, əksər hallarda doğru olur. İnsanlar ilk növbədə öz dilində danışır. Başqa dilləri öyrənsək də, nadir hallarda insanlar öz ana dillərini unudurlarya ana dilini doğuşdan bilməsinlər. Buna görə də dil xalqın təyinatıdır. Dil yalnız ünsiyyət vasitəsi deyil. İdrak, milli mənəviyyatı ifadə edən vasitədir. Bu barədə böyük dil mütəfəkkiri Vilhelm fon Humboldt dəyərli əsərlər yazıb. Ondan sonra da bu məsələ daim diqqət mərkəzində olub. Bu günə qədər də dilə mənəvi vasitə kimi baxmaq, ruhi akt kimi baxmaq, dildə mistik (həmin xalqı ifadə edən) ifadələr görmək təbii səslənir. Dilin əhəmiyyəti həm də onunla ölçülür ki, biz çalışırıq ki, dünyanın harasında olursa, olsun hər hansı dil varsa, onu qoruyaq. Məhv olmasın. Elə 21 fevral Beynəlxalq Ana Dili günüona görədir ki, bir zamanlar Banqladeş dili qadağan ediləndə dili qorumaq üçün əhali dinc nümayişə çıxıb. Həmin zaman Pakistan hakimiyyəti dinc nümayişçilərə qarşı silah işlədib, insanlar həyatlarını itirib. Bu da göstərir ki, dil uğrunda hər bir xalq mübarizə aparır. Əgər əhəmiyyətsiz bir vasitə olsaydı, xalqlar bunun üçün mübarizə aparıb, ölməzdi.

-Sizcə, ölkəmizdə ana dilinə yetəri qədər dəyər verilirmi?

-Ölkəmizdə ana dilinin mühafizəsi kifayət qədər möhkəmdir. Kifayət qədər ardıcıldır. Xüsusilə, müstəqillik illərində Azərbaycanda ana dilinin nüfuzu dövlət dili olaraq o qədər yüksəlib ki, dilimizi heçbir təhlükə gözləyə bilməz. Bir vaxtlar hərbi sistemimiz, ordumuz Azərbaycan dilində danışmırdı. Bu gün ordumuzun təmiz Azərbaycan dili var. Bunlar başqa sahələrə də aiddir. İllər öncə ümumilli lider Heydər Əliyev çox mübarizə aparsa da, ana dili müəyyən qədər şərti səciyyə daşıyırdı. Rus dilinin təsiri çox idi. Bu gün heç bir dilin qeyri-qanuni təsirindən danışmaq olmaz. Təbii ki, istənilən dilə beynəlxalq dillərin təsiri olur. Bu, olmalıdır. Başqa cür mümkün deyil. Azərbaycan dilinə siyasi, inzibati mövqedən hər hansı təsirin qarşısı alınır. Hətta, təbii təsirlər də nizamlanır. Prezident İlham Əliyevin yaxın zamanlarda qəbul etdiyi sənədlərdə də bu şərt nəzərə alınır ki, Azərbaycan dilinin öz xüsusiyyətləri qorunsun və Azərbaycan dili öz kökləri üzərində inkişaf etsin. Bu baxımdan bizim ali təhsil, yüksək orta təhsil sistemimiz, mediamız var. Zaman keçdikcə inkişaf edən intellektual cəmiyyətimiz var. Ona görə də  Azərbaycan dili üçün hansısa təhlükədən danışmaq mümkün deyil. Hazırda Azərbaycan dili dünyanın inkişaf etmiş dilləri içərisində 22-23-cü yerləri tutur. Bununla yanaşı çalışırıq ki, dilimiz inkişaf etsin. Dili qorumağın ən yaxşı üsulu dili inkişaf etdirməkdir. Bunun üçün müəəyən şərtlər var. İlk növbədə inkişaf elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın inkişafı ilə əlaqəlidir. Bütün bunlar dil üzərində qurulur və dilə təsir edir.

- Mətbuat, verilişlər ana dilini qoruya bilirmi? Bu sahədə dil məsələsi ilə bağlı hansı problemlər var?

-Mətbuat dil çox üçün önəmli məsələdir. Dünyadakı istənilən dil kütləvilik baxımından  daha çox medianın dili hesabına inkişaf edir. Çünki, dil hamıya lazımdır. Dil açılan vaxtdan hər kəs cəmiyyətin üzvü sayılır. Hər kəs istər-istəməz ömrünün axırına kimi cəmiyyətdə gedən proseslərə daxil olur. Bu da publisistik üsul deməkdir. Bu baxımdan Azərbaycanda da şikayət ediləcək vəziyyət yoxdur. İnkişaf etmiş mediamız var. Həm qəzet, jurnal həm, radio, televiziya həm də, sosial şəbəkələr inkişaf edir. Doğrudur, bəzən sisoal şəbəkələrdə şikayətlər səslənir ki, müəyyən ifadə qüsurları var. Bu da insanların müxtəlif səviyyəliyindən irəli gəlir. Səviyyə müxtəlifliyi insanlarda nitq müxtəlifliyini əmələ gətirir. Cəmiyyətin aparıcı səviyyəsi burada da üstündür. Çox istedadlı, mətbuatın müxtəlif sahələrində çalışan jurnalistlərimiz var. Onların nitq sahəsindəki kəşfləri normal əks elətdirir. Güman etmirəm ki, bu sahədə bədbin olmağımız üçün hansısa səbəb olsun. Mediamız inkişaf edən, çoxsahəli mediadır. Mediamızın azadlığı nə qədər güclənirsə, təfəkkür azadlığı da güclənir. Təfəkkür azadlığı olan yerdə dil inkişaf edir. Bizim mediamız dünya mediası ilə bağlıdır. Bağlılıq getdikcə sıxlaşır. Sıxlaşma  Azərbaycan dilinə imkanlar qazandırır. Mühitimiz, inkişaf kontekstimiz yetəri qədər münbitdir. Dünyaya açıq xalqıq. Ona görə mediamız da açıqdır. Düşünürəm ki, Azərbaycan dili inkişaf üçün mühüm mənbə əldə edir.

-Cənubi Azərbaycandan olan soydaşlarımız ən çox ana dili mövzusunda sıxışdırılır. Bütün bunlar onların ana dili eşqini söndürə bilərmi?

-Cənub bizim yaralı yerimizdir. Bu gün Cənubi Azərbaycanda çox ciddi proseslər gedir. Bu proseslər bizə ümid verir ki, gələcəkdə cənublu soydaşlarımız öz orta məktəbinə, universitetinə nail olacaq, Azərbaycan dili İranda da dövlət dili kimi özünü təsdiq edəcək. Çünki, ola bilməz ki, otuz milyonluq bir xalq ana dilində təhsildən, mediadan məhrum olsun. Bu, dözülməz haldır. Prezidentimiz də dəfələrlə bunu çıxışlarında dəqiq və aydın şəkildə göstərib. Bu, sadəcə İranın işlərinə qarışmaq kimi təhlil oluna bilməz. Bunlar ilk növbədə insan hüquqları nöqteyi-nəzərindən əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan xalqının müstəqil dövləti var. Dövlətimiz dünyanın harasında azərbaycanlı varsa, onun hüquqlarını qorumalıdır. Söhbət İran adlanan dövlətin dağılmağından, daxildən hansısa müdaxilədən getmir. Söhbət xalqın, millətin öz ana dilində təhsil ala bilməməsindən gedir. Təkcə, Ana dili günündə yox, hər gün cənublu soydaşlarımızın dil ilə bağlı düşdüyü ağır vəziyyət gündəmə gəlməlidir. Bütöv xalqı dilindən məhrum etmək, "lal" qoymaq olmaz. Məsələ bununla bitmir. İranda çalışırlar ki, azərbaycanlılar inandırsınlar ki, onlar, mənşəcə farsdırlar. Sadəcə dilləri sonraki (Səlçuklu,tatarlar) dövrlərdə türkləşib. Bu da çoxdan düşünülən, mənasız fikirdir. Bu, fikir dəfələrlə tənqid olunub, özünü doğrultmayıb. Kor tutduğunu buraxmadığı kimi, İran rejimi bu fikirdən yapışıb. Bütün bunlar Azərbaycan xalqına qarşı təhqirdir. Bunu heç bir azərbaycanlı qəbul edə bilməz. Biz bilirik ki, xalqımız türk mənşəlidir. Dünyanın harasında olmağımızdan asılı olmayaraq, özümüzü türk xalqlarına mənsub hiss edirik.

-Cənublu soydaşlarımızla ləhcəmiz, danışıq tərzimiz bəzən fərqli ola bilir. Bunlar hansı təsirlərdən ortaya çıxıb?

-Ədəbi dilin orta məktəblərdə, universitetlərdə, mətbuatda, elmi idarələrdə, dövlət idarələrində mövqeləri olur. Bunlar da olmadığı üçün İranda təbii olaraq, Azərbaycan dili öz mövqeyini tapa bilmir. Nəticə olaraq ancaq dialektlər, şivələr işlənməyə başlayır.  Şairlər dialekt şivələrdən istifadə edir. Hər qədər Təbriz, Urmiya, Zəncan ətrafında təmərküzləşmə olsa da, ədəbi dil deyil. Ədəbi dil olması üçün mütləq ədəbi dilin normalarının qorunduğu sadaladığım təsisatlar lazımdır. Bunlar yoxdursa, problem çətinləşir. Ədəbiyyat çalışır ki, ədəbiliyi təmin etsin. Bizim üçüb Cənubi Azərbaycanda ədəbiyyatın ən gözəl nümunəsi Məhəmmədhüseyn Şəhriyarın şeirləridir. Onun da yaradıcılığında yetəri qədər dialekt, şivə xüsusiyyətləri var. Odur ki, bu cür dialektləşmə, ləhcələşmə təsisatların olmaması ilə bağlıdır. Bir məsələ var ki, cənub şimal üçün vahid ədəbi dil var. Burada Cənubi Azərbaycanda hansısa ədəbi dil formalaşır söhbəti gedə bilməz. Bu, mümkün olan bir şey deyil. Çünki, Azərbaycan xalqının vahid ədəbi dilinin əsası ən gec 17-18-ci əsrlərdən etibarən qoyulub. Yeni Azərbaycan ədəbi dilinin əsasında duran çoxlu ədəbi-mədəni mərkəzlərin içərisində Təbriz xüsusilə seçilir. Bu günki dilimizin əsasında Şah İsmayıl Xətainin, Molla Pənah Vaqifin, Mirzə Fətəli Axundzanənin, Sabirin, Mirzə Cəlilin dili dayanır. Sonraki dövrdə Cənubi Azərbaycanda 17-19 -cu əsrlər arasında yaşayıb, yaradan şairlərin, aşıqların dili bizim ümumi ədəbi dilimizi təşkil edən ünsürlərdir. Yəni, həm Şimali həm , Cənubi Azərbaycanın imkanları hesabına Azərbaycan ədəbi dili qərarlaşıb. İndi dialekt, şivələrin cənubda xeyli fəal olması ədəbi dilə təsir təzyiq göstərə bilir. Ancaq, yeni ədəbi dil yaratmır. Ümumi ədəbi dilimiz var ki, onunla yaşayırıq, danışırıq. Dilimiz dialekt, şivə şəklində mövcud olsa da, yenə bizim dilimizdir. Ədəbi dilimiz isə bizim mədəniyyət, intellekt, ədəbiyyat dilimizdir. Bu, ümumi ana dilimizin ən ali formasıdır. Biz ana dilimizi qədər qoruyacağıqsa, onun ali formasını da o qədər qoruyacağıq.

 

Əfsanə Kamal

 

Olaylar.- 2023.- 24 fevral-2 mart.- S.20.