Tural Həsənli nəsri: bədii
mətnin fəlsəfi notları
Mətnin düzgün anlaşılması və şərh olunması tarixin bütün dövrlərində aktual problem olmuşdur. Xələflər sələflərin mətninin kontekstdaxili və kontekstdən kənar anlamlarını şərh etməklə mətnlərarası əlaqənin arasıkəsilməzliyini təmin etmişlər. İlahi mətnlərin, o cümlədən Quranın şərhləri müəyyən çətinliklər və məhdudiyyətlərlə müşayiət olunsa da bədii mətnlər bu baxımdan daha azad idi və sərbəst şərhə meydan açırdı. Adını Qədim Yunan allahı Hermesin adından götürən hermenevtika yarandığı dövrlərdə mətnin şərhi problemlərini praktiki baxımdan öyrənən köməkçi elm sahəsi kimi çıxış edirdi. XXI əsrdə hermenevtika aparıcı elm sahələrindən birinə çevrilərək ədəbiyyatşünaslıq üçün xüsusi əhəmiyyət kəsb edir. Tətbiqi hermenevtikanın qrammatik, stilistik, tarixi və psixoloji metodları mətnin fərqli qatlarını analizə cəlb edir.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatını xarakterizə edən əsas cəhətlərdən biri də məhz ədəbi prosesdə müşahidə olunan mətn polifonikliyidir. Maraqlı cəhətlərdən biri də müasir ədəbi prosesdə ümumi polifonikliklə yanaşı bir yazıçının yaradıcılığında fərqli cərəyanlara, üslublara xas mətnlərə rast gəlinməsi faktıdır. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının maraqlı imzalarından biri olan Tural Həsənlinin də yaradıcılığı bu qəbildəndir. Gənc yazıçının əsərlərində həm psixoloji-fəlsəfi, həm də postmodern xətt aydın sezilir. Yazıçının yaradıcılığının əsasını təşkil edən bu iki xətti "Psixodrama" və "Koma" romanlarının müqayisəsi kontekstində təhlil etmək yazarın yaradıcılığı ilə bağlı maraqlı elmi qənaətlərin meydana çıxmasına səbəb olur.
Öncə qeyd etdiyimiz romanların fərqli cəhətlərinə nəzər salaq:
"Psixodrama" psixoloji-fəlsəfi, "Koma" isə postmodern xətti özündə ehtiva edən əsərdir.
"Koma" romanının əsasını postmodern estetikaya xas sitat, oyun, dedektiv ünsürlər təşkil edir. "Psixodrama" romanı isə realist əsərdir.
"Koma" romanında mətn ikili - binar xüsusiyyətə malikdir. Mətnin alt qatı və üst qatı arasında əsaslı fərqlər mövcuddur. "Psixodrama" romanında isə mətn vahid və birxətlidir.
"Koma" romanının 16 fəslinin hər birinin adı Konfutsinin kəlamları ilə adlandırılmışdır. "Psixodrama" romanında da fəsillər aforizmlərlə adlandırılsa da bu kəlamlar bir filosofun yaradıcılığına deyil, fərqli müəlliflərə və xalqlara aiddir.
"Koma" romanında hər fəsildən sonra "köşə" verilir. Bu köşələr mətnin içindəki mətnə hazırlıq üçün nəzərdə tutulub. "Psixodrama" romanı isə daha sadə quruluşa malikdir.
"Koma" romanında nəqledicilər əsərin gedişatında dəyişir. Psixodramada isə təhkiyəçi dəyişmir, əsərin baş qəhrəmanı Cəlil təhkiyəni son qədər davam etdirir.
Romanların hər ikisinə xas olan məqamlar Tural Həsənlinin müstəqillik dövrü ədəbiyyatında nasir kimi üslubunu fərqləndirir. Həmin məqamlar aşağıdakılardır:
Hər iki əsərin əvvəlində müəllif önsözlə çıxış edərək əsərin mahiyyəti, ideyası ilə bağlı oxucuya ipucu verir.
Hər iki romanda yazıçı aforizmlərdən, hikmətli kəlamlardan məharətlə istifadə edir.
Hər iki romanda başlıqlar
aforizmlərdən qurulub.
Hər iki roman xatirə, gündəlik kimi hadisələri yaşayan
obrazın dilindən təqdim olunur.
"Psixodrama"
romanı uşaq vaxtı ayrı düşən əkiz qardaşların hekayətidir.
Cəlil qardaşının
ölməsi ilə bağlı xəbəri aldıqda ağır psixoloji sarsıntı keçirir. Əsərin əvvəlində Cəlilin
qardaşından bəhs
edərkən "Onunla
eyni şeyləri, eyni vaxtda hiss edə bilirdik. Amma öldüyünü hiss edə
bilmədim" deməsi
ilk səhifələrdən oxucuya bu ölüm
hadisəsində gizli
məqamların olduğunu
xəbər verir. Əkizlik mövzusu "Koma" romanında da
var. Tural Həsənli romanın köşələrin müəllifi
ilə əsərin
baş qəhrəmanı
arasında əkizlik qədər oxşarlıq
olduğunu qeyd edir. "Psixodrama"da Cəlil ilə Cəlal fiziki əkizdirlərsə, "Koma"da
Adellə köşələrdə
üzə çıxan
oğlan obrazı mənəvi əkizlərdir.
Həm
"Koma", həm də "Psixodrama" əsərində hipertekstuallıq
mövcuddur. "Psixodrama"
romanında müəllifin
ilk əsəri olan
"Mən həyata gecikmişəm" romanının
qəhrəmanlarından biri
olan şair Rəşaddan gələn
kitab və məktub iki əsər arasında hipertekstual əlaqəni təmin edir. "Koma" romanında isə hipertekstuallıq daha dərindir. Əsər Nizami Gəncəvinin
"Sirlər xəzinəsi"
formatında qələmə
alınıb. "Sirlər
xəzinəsi"ndə 20 məqalətin hər biri bir müdrik
fikrin, "Koma"
romanında isə 16 fəslin hər biri Konfutsinin bir kəlamının açarıdır.
"Mən həyata gecikmişəm", "Psixodrama",
"Təşəbbüs", "Koma" romanlarının,
"İgid ölər,
igidlik ölməz"
povestinin, "Dünyadakı
dünyam", "İki
sıfır bir dörd" şeirlər
toplularının müəllifi
olan Tural Həsənlinin nəsr əsərləri müasir
ədəbiyyatımızda fərqli
abu-havası ilə seçilən mətnlər kimi tanınır və nasirin gələcəyi ilə bağlı böyük ümidlər
vəd edir.
Elnarə Qaragözova
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
Olaylar.-
2023.- 14-20 iyul.- S.18.