Heydər Əliyev və
Qərbi Azərbaycan folkloru
Ulu Öndər ən böyük mənəvi
sərvətimiz olan folklor irsimizə də xüsusi əhəmiyyət
verib
Ulu Öndər Heydər Əliyevin 100 illlik
yubileyi nəinki təkcə Azərbaycanda, dünyanın bir
çox ölkələrində də böyük fəxr və
qürurla qeyd edilir. Bu da təsadüfi deyil. Çünki Ulu
Öndər Heydər Əliyev XX yüzil dünya tarixinin
önəmli şəxsiyyətlərindən, tarixdə əbədi
iz qoyan dövlət və siyasət adamlarındandır. Ulu
Öndər Heydər Əliyev ilk növbədə öz
xalqının böyük oğludur. Azərbaycan xalqı və
Azərbaycan dövləti qarşısında çox
böyük tarixi xidmətləri var. Onun taleyinə Azərbaycanda
iki dəfə hakimiyyətə gəlmək düşüb.
İkisində də sələflərindən dağılmış, iqtisadi cəhətdən uçuruma yuvarlanmış, sosial-mənəvi böhrana sürüklənmiş bir ölkəni miras alıb və onu qısa müddətdə inkişaf etmiş ölkəyə çevirib. 1-ci dəfə 1969-cu il iyulun 14-də, ikinci dəfə 1993-cü il iyunun 15-də.1969-cu ilə qədərki 49 illik sovet dövründə Azərbaycan torpaqları addım-addım Azərbaycandan qoparılaraq Moskvanın ermənipərəst rəhbərləri tərəfindən qondarma Ermənistan SSR-ə verilmişdi. 1969-cu ildə isə bu çirkin siyasətin növbəti mərhələsi həyata keçirilmiş, 40 il əvvəl - 1929-cu ildə qeyri-qanuni olaraq Azərbaycandan alınıb Ermənistana verilmiş Nüvədi, Ernəzir, Tuğut və Naxçıvanın daha səkkiz kəndi Azərbaycan KP MK-sı və Azərbaycan SSR Ali Soveti tərəfindən Ermənistan ərazisi kimi təsdiqlənmişdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən iki ay 9 gün əvvəl baş vermiş bu akt, əslində, Azərbaycan xalqına və dövlətinə qarşı tarixi xəyanət idi. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Moskvanın Azərbaycana qarşı bu riyakar siyasəti durdurulmuş, üstəlik, qısa vaxtda Azərbaycan SSRİ-nin ən nüfuzlu respublikalarından birinə çevrilmişdi.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəldiyi 1993-cü il də Azərbaycanın son dərəcə ağır günləri idi. 1988-1993-cü illərdə - 5 ildə 5 dövlət başçısı dəyişmişdi, ölkədə xaos, özbaşınalıq, separatçılıq hökm sürürdü, idarəetmə iflic vəziyyətdə idi, torpaqlarımız işğal olunmuşdu. Və həmin çətin dövrdə Azərbaycanın yeganə xilaskarı Heydər Əliyev ola bilərdi və oldu: "İstər hakimiyyətinin birinci dövründə, istərsə də hakimiyyətinin ikinci dövründə Azərbaycanın elə taleyüklü məsələsi olmayıb ki, Ulu Öndər həmin məsələ ilə bağlı öz iradəsini ortaya qoymamış olsun. Hər iki dövrdə o, Azərbaycan xalqının və Azərbaycan dövlətinin mənafeyi üçün mümkün olan hər şeyi edib. Ulu Öndər Heydər Əliyev, hər şeydən əvvəl, XX yüzil Azərbaycan tarixinin ən milli lideridir. Onun Azərbaycanda milli düşüncənin formalaşmasında misilsiz xidmətləri var. Hələ sovet dövründə elm, təhsil, mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinə yüksək qayğı və diqqəti, milli ideyaları təbliğ edən əsərlərə yaşıl işıq yandırması, belə əsərlərin müəlliflərini qoruması buna əyani sübutdur. Təkcə elə 1970-1981-ci illərdə Azərbaycanda ekranlara çıxan milli filmlərimizin sırasına baxmaq kifayətdir: Yeddi oğul istərəm (1970), Axırıncı aşırım (1971), Nəsimi (1973), Dədə Qorqud (1975), Arxadan vurulan zərbə (1977), Babək (1979), Üzeyir ömrü (1981) və s. Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılmasını, milli kadr hazırlığını və dövlət qurumlarında, xüsusilə hüquq-mühafizə və təhlükəsizlik orqanlarında azərbaycanlı kadrların irəli çəkilməsini də buraya əlavə etsək, mənzərə tam aydın olar. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının ən böyük mənəvi sərvətlərindən olan folklor irsimizə də həmişə xüsusi əhəmiyyət verib. Hələ 1970-ci illərdə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrinin yubileylərinin keçirilməsi, əsərlərinin toplanıb nəşr edilməsi, həyatda olan aşıqların bir çoxuna "Əməkdar incəsənət xadimi" kimi fəxri adların verilməsi onun bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi idi. 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasında "Folklor Sarayı" Elmi-Mədəni Mərkəzinin yaradılması, daha sonra onun Folklor İnstitutuna çevrilməsi, tariximizin və folklorumuzun şah əsəri olan, alimlərimiz tərəfindən "tariximizin ilk yazılı dərsliyi" adlandırılan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyinin 1998-ci ildə dünya səviyyəsində keçirilməsi - bütün bunlar Ulu Öndərin milli mənəvi dəyərlərimizə verdiyi yüksək qiymətin nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin Ümummilli Lider olmasını şərtləndirən cəhətlərdən biri də odur ki, o, heç vaxt fəaliyyətini rəhbərlik etdiyi respublikanın sərhədləri ilə məhdudlaşdırmayıb. O, dünyanın harasında yaşamasından asılı olmayaraq həmişə hər bir azərbaycanlını, onların problemlərini daim diqqət mərkəzində saxlayıb. Bu, vaxtilə Qərbi Azərbaycanda - indiki Ermənistan Respublikası ərazisində yaşamış soydaşlarımıza da eyni dərəcədə aiddir".
Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev Qərbi Azərbaycan torpaqlarını, Qərbi Azərbaycanda soydaşlarımızın minillər boyu yaratmış olduğu mədəni irs nümunələrini, o torpaqlardan çıxmış böyük şəxsiyyətləri hər fürsətdə xatırlatmaqla millətin yaddaşını təzələyir, soydaşlarımıza ermənilərin içində öz milli kimliyini qorumaq, milli dəyərlərini inkişaf etdirmək üçün güc, qüvvət verirdi: "Məsələn, İrəvan Azərbaycan Dram Teatrının fəaliyyətinə verdiyi dəstək bu qəbildən idi. 1949-cu ildə dövlət statusu ləğv edilib, əyalət teatrı səviyyəsinə endirilən İrəvan Teatrının böyük çətinliklə dövlət statusunu bərpa etdikdən sonra Bakıya dəvət olunması burada tam iki həftə qastrol səfərində olması təkcə teatr hadisəsi yox, həm də milli hadisə idi. Həmin qastrol səfərinin nəticəsi olaraq İrəvan teatrı Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, baş rejissoru Əməkdar incəsənət xadimi, aktyorları isə Əməkdar artist fəxri adları ilə təltif olunmuşdu. 1972-ci ildə Azərbaycan aşıq sənətinin zirvəsi olan Aşıq Ələsgərin 150 illik yubileyinin keçirilməsi isə o dövr üçün çox böyük bir hadisə idi. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1972-ci ildə Aşıq Ələsgərin 150 illik yubileyi dövlət səviyyəsində nəinki Ermənistanda və Azərbaycanda, həm də SSRİ-nin paytaxtı Moskvada keçirildi. Bu, Qərbi Azərbaycanda xalqımıza qarşı yüzillər boyu etnik təmizləmə siyasəti yeridən ermənilərə ciddi bir mesaj idi. Bu, təkcə ədəbi-mədəni hadisə yox, həm də siyasi məsələ idi. Aşıq Ələsgərin Göyçə mahalının Basarkeçər rayonunun Ağkilsə kəndində məzarı üstündə abidəsinin ucaldılması bu torpaqların tarixi Azərbaycan torpaqları olmasının mesajı idi. Bugün Prezident İlham Əliyev tərəfindən xeyir-dua verilən və Qərbi Azərbaycan İcması tərəfindən uğurla həyata keçirilən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təməli idi. Lakin təəssüf ki, erməni vandalizmi sərhəd tanımır və 1987-1991-ci illərdəki sonuncu deportasiya zamanı, Qərbi Azərbaycandakı mədəni irsimizin digər nümunələri kimi, Aşıq Ələsgərin həmin qəbirüstü abidəsi də erməni vandalları tərəfindən tamamilə dağıdılmışdır. Ulu Öndər Aşıq Ələsgərin 150 illik yubileyindən az sonra - 1981-ci ildə Göyçə aşıq məktəbinin digər görkəmli nümayəndəsi, Aşıq Ələsgərin ustadı, Göyçə mahalının Qızılvəng kəndindən olan Aşıq Alının 180 illik yubileyinin qeyd olunması ilə bağlı da sərəncam imzalamışdı. 1996-cı ildə isə Heydər Əliyev Aşıq Ələsgərin 175 illik, 2001-ci ildə 180 illik yubileylərinin keçirilməsi barədə sərəncamlar imzalamışdır.Bu gün biz fəxr edirik ki, Ulu Öndər Heydər Əliyevin siyasi xətti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir, arzuları həyata keçirilir. Bunu Prezident İlham Əliyevin Aşıq Ələsgərlə bağlı bir ildə iki fərman - 2021-ci il fevralın 18-də Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi, 2021-ci il noyabrın 30-da isə Bakı şəhərində heykəlinin ucaldılması barədə sərəncam imzalaması da təsdiq edir. Bunun ardınca İrəvan Müəllimlər Seminariyasının və İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamları tarixi torpaqlarımıza Böyük Qayıdışın ilk addımlarıdır.Dünənə qədər bir çox məmurlarımızın, ziyalılarımızın, hətta alimlərimizin ehtiyatla işlətdiyi, bir çoxlarının isə işlətməyə belə qorxduğu, hətta inkar etdiyi "Qərbi Azərbaycan" anlayışını da məhz Ulu Öndər Heydər Əliyev cəsarətlə siyasi leksikonumuza gətirmişdir. 10 dekabr 1998-ci ildə Bakıda "İslam sivilizasiyası Qafqazda" mövzusunda keçirilən beynəlxalq simpoziumun iştirakçılarının böyük bir qrupu ilə görüşdə çıxışı zamanı Ulu Öndərimiz demişdi: "İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan - İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı - bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, ...indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir".
Deputat bildirib ki, hakimiyyətə ikinci dəfə gələndən sonra onun imzaladığı ən fundamental sənədlərdən biri də "Azərbaycanlıların deportasiyası haqqında" Fərman idi. 1997-ci il dekabrın 18-də imzaladığı bu sənədlə o, azərbaycanlıların deportasiyasına ilk dəfə olaraq tarixi-siyasi qiymət verdi: "Əslində, bu, təsadüfi bir qərar deyildi, Ulu Öndər Heydər Əliyev hələ 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin Birinci sessiyasındakı çıxışında tarixi ədalətin bərpası uğrunda mübarizəmizin xəritəsini cızmış, bu məsələ ilə bağlı Azərbaycan dövlətinin milli strategiyasını irəli sürərək demişdi: "1918-ci ildə Azərbaycan Respublikasının ərazisi 114 min kv. kilometr olub. İndi isə 86 min kv. km-dir. Gör əlimizdən nə qədər torpaqlar gedib. Əsrlər boyu Vətən, torpaq anlayışı xalqımızın ləyaqətini, mənliyini, şərəfini əks etdirib. Xalq öz torpağının müqəddəsliyini qorumaq üçün onun uğrunda ölüm-dirim mübarizəsi aparıb. Ulu babalarımız Vətən torpağının hər bir qarışını namus simvolu kimi qoruyub, onun yolunda canlarını və övladlarını qurban verməkdən belə çəkinməyiblər. Təəssüf ki, biz bu ənənələri unuduruq. Buna artıq dözmək olmaz. Ona görə də təklif edirəm ki, bir Dağlıq Qarabağ məsələsi yox, bütün 1920-ci ildən indiyədək Azərbaycan ərazisindən Ermənistana verilmiş torpaqların hamısının haqq-hesabı aparılsın". O, bütün varlığı ilə inanırdı ki, bir gün tarixi ədalət zəfər çalacaq və insanlar öz yurd-yuvasına mütləq geri dönəcək. 13 sentyabr 2002-ci ildə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Göyçədən olan qaçqınlarla görüşündə O, bütün varlığı ilə insanları inandırırdı ki, "Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm. Mən buna inanıram." Və 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının yeni inzibati binasında İcmanın rəhbərliyi və bir qrup nümayəndəsi ilə görüşü zamanı etdiyi proqrm çıxışında Ulu Öndərin bu inamının gerçəkliyə çevrilməsi yolunda irəliyə doğru möhtəşəm tarixi addım ataraq elan etdi: "Biz o torpaqlara mütləq qayıdacağıq".Bu, bizim üçün Ulu Öndər Heydər Əliyevin vəsiyyəti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin əmridir. Bəli, biz mütləq o torpaqlara qayıdacağıq! Ermənilər və onların havadarları bunu istəsə də, istəməsə də!"
Alim
Olaylar.-
2023.- 23 iyun-6 iyul.- S.12.