VƏTƏN DAŞI – XALQ

ŞAİRİ MƏMMƏD ARAZ

 

Xalq şairi Məmməd Araz (1933-2004) Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yerimövqeyi olan görkəmli söz ustadır. Dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Bu görkəmli şair həm də milli azadlıq ideayalı əsərlərilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb.

"Mənim şeirimdə gəz bir insan kimi, Qəlbimdə nə varsa ona demişəm. Anadan-bacıdan gizlətdiyimi, Kağızdan, qələmdən gizlətməmişəm", - deyən şair səmimi və zəngin bir yaradıcılığa malikdir. Görkəmli elm adamı akademik İsa Həbibəyli yazırdı: "Xalq şairi Məmməd Arazın sənəti onun özünün və mənsub olduğu xalqının qeyri-adi tərcümeyi-halıdır". Buna görə də: "Şair dostum, çaldığın saz, Eldən ayrı səs ucaltmaz" - deyən xalq şairi yaradıcılığın yalnız el həqiqətinə xidmət etməsini doğru bilmişdir.

Görkəmli söz ustadı Məmməd Arazın sənət dünyasında vətən müqəddəsliyi, xalq məhəbbəti, el həqiqətləri bədii yaradıcılığın nüvəsində dayanır. Məmməd Araz şeirinin hər sətri, hər misrası, təqdim və təsvir olunan hər obrazı, detalı vətən qüdsiyyətini ifadə edir. Ədibin əsərlərinə gətirdiyi hər daş parçası, qaya, hər kol, ağac, dərə, dağ, quş, heyvan, ot - bir sözlə: hər xilqət vətən əzəməti, el sevgisi, yurd müqəddəsliyinə xidmət edir. Bu baxımdan prof. Yaşar Qarayev doğru deyib ki: "Məmməd Arazın şeiri düşüncədə, əxlaqda və qeyrətdə yaddaşın şeirdə ifadəsidir".

İstedadlı qələm sahibi Məmməd Arazın yaradıcılığında vətən sevgisi, vətənpərvərlik, ümumiyyətlə, Azərbaycançılıq motivləri öndə gəlir. Şairin ilk sözü Vətəndən başlayıb, Vətəndə də qurtarır. "Ürəyimsiz kəlmə yazan deyiləm", - deyən sənətkar bütün varlığı ilə özünü Vətənə həsr etdiyi şeirlərində əsl, nümunəvi bir vətəndaş kimi ifadə edir, xalqına bağlı olan ədib bütün yaradıcılığı boyu əsərləri ilə sanki vətəndaşlıq himnləri yaradır. Akademik Kamal Abdullanın dediyi kimi: "Məmməd Arazın sevgisinin kökündə yalnız və yalnız vətən dayanır". "Ana yurdum, hər daşına üz qoyum, Hər dərəndə çaldığım saz yaşayır"- deyən ədib üçün ana yurdu bir səcdəgah, insanı kainatın sirri-sehri, incisi olaraq əbədiyyətə qovuşduran məbədgah, məzargahdır. Xalq şairi Məmməd Araz həm də o sənətkardır ki, "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı", - deyə vətəndaşlıq konsepsiyasını irəli sürmüşdür. Buna görə də:

Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayasında bitərdim.

Bu torpaqsız harda, nə vaxt, nə dərdim

Xəzanımdır, xəzanımdır, xəzanım,

- deyən şairin misraları vətəndaşlıq şəhadətinin özünəməxsus poetik dillə ifadəsidir.  Qətiyyətlə demək olar ki, Azərbaycan ədəbiyyatı tarixində Azərbaycanın milli istiqlaliyyəti, birliyi və ərazi bütövlüyü uğrunda öz qələmilə mübarizə aparan əbədiyaşar sənətkarlardan biri də "Xətayinin qılıncını suvardım, Məmməd Araz karandaşı göyərdi" deyərək öz poeziyası ilə qələmini milli ideallar, dövlətçilik və ərazi bütövlüyü uğrunda mücadilədə silaha çevirən görkəmli söz ustadı Məmməd Arazdır. "Mənim yurdum hardan başlar?- ürəyimin kandarından..." - deyən şairin yaradıcılığında Azərbaycan bütün mənəvi böyüklüyü, qüdrətilə əks olunur. Məmməd Araz yaradıcılığı və bədii düşüncəsində Azərbaycan bir Dünyadır, Kainatdır. Onun yaradıcılığında Azərbaycan öz əxlaqı, mənəviyyatı, dərin ruhi-mənəvi aləmi, zəngin dəyərləri və sairləri ilə bir baxış, dünyagörüşü, özünəməxsus bir dünyadır:

Azərbaycan...! Qayalarda bitən bir çiçək...

Azərbaycan, çiçəklərin içində qaya...

Mənim könlüm bu torpağı vəsf eləyərək,

Azərbaycan dünyasından baxar dünyaya.

Doğru deyilib ki, "Məmməd Araz yaradıcılığında Araz mövzusu qırmızı xətlə keçir". Şairin yaradıcılığında əsaslı, aparıcı yer tutan, mövzu-mündəricəsini təşkil edən Araz mövzusu eyni zamanda ədibin möhürünə, onun ədəbi ünvanına, təxəllüsünə çevrilir. Şairin "Arazın nəğməsi", "Bu gecə yuxumda Arazı gördüm", "Araz üstə çinar gördüm", "Yenə Arazı gördüm", "Arazın işıqları", "Mən Araz şairiyəm" b. kimi şeirləri, "Araz axır" poeması məhz Arazla ayrı bölünmüş vətənin bütövlük həsrətinə həsr olunub. Bu əsərlərdə paralanmış Azərbaycanın dərin nisgili yer alıb. Buna görə : "Qələm gəldi əlimə - Araz gəlir dilimə", - deyə Araz mövzusu şairin sənət kredosu yaradıcılığının baş mövzusuna çevrilməklə bütün sənət idealını özündə cəmləşdirir. "Mən Arazın səsiyəm" deyən şair həm ona görə "Böyük Azərbaycan"çı şairdir ki, Araza həsr olunan əsərlərində Azərbaycançılıq məfkurəsi ilə yaşadığını əks etdirməyə nail olmuşdur. Çünki şair Araza təkcə bir çay kimi deyil, həm tarix kimi, bütöv Azərbaycanın açarı, bütöv vətən idealının rəmzi kimi baxır. Buna görə şairin yaradıcılığında Araz çox zaman obrazlaşır: Araz özünün dərdli, həsrətli, bəlalara, ayrılıqlara salınmış taleyi, əzəmətli xarakterilə yer alır dil açıb danışır. Bu baxımdan Araz onun yaradıcılığında həm Azərbaycandır, bir ölkənin, vətənin tarixi, taleyi, bir xalqın, millətin ayrılıq dərdi, həsrətidir, həm bir vətəndaş-şairin nisgili, qəlb yarası, sənət mövzusudur.

Məmməd Araz həm milli istiqlalımızın önəmli simalarından biridir. Şairin "Ayağa dur, Azərbaycan" bu kimi çoxsaylı şeirləri 1988-90-cı illər Azərbaycanın milli müstəqillik uğrunda apardığı mücadilə dönəmində böyük mənəvi güc rolunu oynayıb. Ədibin "Ata millət, ana millət ağlama", "Bizi vətən çağırır", "Ulu şahım, qılıncına söykənim mən" b. şeirləri milli istiqlal şeirimizin ən tutarlı nümunələrindəndir. Xalq şairi Məmməd Araz yaradıcılığında Araz mövzusu ilə vətənin bütövlüyü ideyası istiqamətində bir çox milli məsələləri işıqlandırdığı kimi, XX əsrin axırlarında xalqımızın bəxtinə yazılan Qarabağ problemini vətəndaşlıq yanğısı ilə əks etdirmişdir. Xalq şairi öz yaradıcılığına Azərbaycan xalqının yeni əsr, yeni minillikdə başına açılan problemlərini gətirmiş, Qarabağ dərdini, qaçqınlıq, köçkünlük faciəsini, xalqın taleyinə yazılan dərdləri əhatəliliklə işıqlandırmışdır. Əsərlərində qüvvətli mübarizə idealı olan Məmməd Araz milli oyanışa, Qarabağ savaşına aid yazdığı əsərlərində mübarizə əzmini qoruyaraq "Ayağa dur, Azərbaycan" əsərində "Atın məni tank altına, Qundaqdakı bir körpəni xilas edim. Neçə "səni", neçə "məni" xilas edim", - deyə babalardan gəlmə döyüş mübarizə qeyrətini, vətən sevgisi fədakarlığını nümayiş etdirmişdir. Xalq şairinin "Ya rəbbim, bu dünya sən quran deyil", "Ata millət, ana millət, ağlama", "Bizi vətən çağırır", "Əsgər oğul", "Dilənçi qaçqın", "Kəlbəcər qaçqınlarına" b. əsərləri məhz bu dövrün problemlərini əks etdirən qiymətli ədəbi nümunələrdir. Xalq şairi Məmməd Araz mövzusu olursa olsun, Azərbaycan həyatından, taleyindən, dərdindən, sevincindən yazaraq yenə bir ideala - Azərbaycanın bütövlüyü azadlığı idealına xidmət etmişdir. Elə "Ya rəbbim, bu dünya sən quran deyil" əsərində əsas motivlər "Ya rəbbim, bizlərə qaytar bizləri", "Ya rəbbim, əl açdıq, tut əlimizdən, Çıxmasın bu doğma yurd əlimizdən" kimi motivlər üzərində qurulmuşdur. Xalq şairi Məmməd Araz milli istiqlal tariximizdə oynadığı rola görə idi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən "İstiqlal" ordeni ilə təltif edilmişdir.

Vətəni daş kimi, yosunca sevmənin nəğməsini yaradan Məmməd Araz bu nəğmənin sözlərini məhz bal-şəkər ana dilində yazıb. Onun şeirlərində Azərbaycan dili, sözün əsl mənasında, hünərdir. Azərbaycançılığı bütün ruhu ilə ifadə edən Xalq şairi Məmməd Araz ana dilinin bütün poetik qüdrəti ilə yaratdığı əsərləri ilə Azərbaycançılığın dərslik kitabını yazmışdır. Bu mənada, Məmməd Arazın yaradıcılığında sözlər sanki böyük bir yükü daşıyan incə, zərif bir kərpic kimi dəqiq yerləşib. Şairin yaradıcılığında sözlərin dəqiq istifadəsinə o qədər əməl var ki, sanki Azərbaycan dilinin ən səlis nümunəsi yaradılıb. Mənalarına görə sözlərin dəqiq yerləşimi, fikrin ifadəsi üçün tutumlu ifadə dolğun, dəqiq sözlərin tapılması böyük sənətkarlıq nailiyyəti olaraq Məmməd Araz sənətkarlığının səciyyəsidir. Bəzən ən az istifadə edilən sözlərin belə tapılıb istifadə edilməsi Məmməd Araz yaradıcılığının leksik zənginliyi kimi diqqəti cəlb edir. Şairin: "Dolular qırımlı, daşlar döyənək, Sən kimə gərəksən, mən kimə gərək" yaxud: "Haray durnam, qatarımı itirdim, Havar çəkdim, havarımı itirdim. Dalğasında avarımı itirdim", habelə: "Keçməzliyə keçid olan Çəhlimlərin açarını", "Girəvə-marıqda yatar birisi" sair kimi misralarında olan kimi elə sözlər işlənir ki, bu sözlər ana dilimizin söz, məna zənginliyi forma gözəlliyini əks etdirən mükəmməl göstəricilərdir. Ana dilinin belə kamil işlənməsi təcəssümünə görə onun yaradıcılıq dilinə xüsusi qiymət verən tədqiqatçılar, o cümlədən yazıçı Sabir Rüstəmxanlı da haqlı olaraq yazırdı: "Məmməd Araz üçün ana dili taleyin əlilə ölçülüb-biçilib. Ana dili onun şeirində diridir, qanadlıdır, qalxıb-qabarır, ümman kimi ləngər vurur. ...Məmməd Araz sözü seçmə dən kimi ürəkdə yüz faizli çıxış, cücərti verən şeirdir". Yazıçı Anarın bu fikirləri ifadə tutum baxımından daha dəqiqdir ki: "Məmməd Araz şeirində sanki fikirlər sözlərin boyuna biçilib. vəznin boş xanələrini doldurmaq üçün artırılan lüzumsuz kəlmələr var burda, darısqal dil köynəyində çırpınan düşüncələr".

Beləliklə, Məmməd Araz sənəti sənətkarlığı ədəbi bir vətəndaşlıq tərbiyəsi məktəbidir. Ədibin xalqa bağlılığına, ana dilinə, xalq ədəbiyyatına, xalq müdrikliyinə, hikmətinə bələdçiliyinə görədir ki, onun əsərləri axan bir su, qaynayan bir bulaq təsiri bağışlayır. Bu mənada Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında liman salan bir gəmidir.

 

Ramiz QASIMOV,

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Olaylar.- 2023.- 3-9 mart.- S.23.