ƏDƏBİYYATIMIZIN
NƏCİB
SİMALARI –
QADINLARIMIZ
Bəşər sivilizàsiyàsının måydànà gəlməsi və inkişàf ådərək müàsir səviyyəyə çàtmàsındà kişilərin dàimi tərəf müqàbili îlàn qàdınlàrın əvəzsiz rîlu və õidmətləri danılmazdır. Həmçinin cəmiyyətin inkişafı və yeni nəsillərin tərbiyəsində qadınların rolunu da xüsusi vurğulamaq lazimdir. Təsàdüfi dåyil ki, insàn cəmiyyətinin inkişafı tàriõində ən uzun və kəşməkəşli bir dövrü əhàtə ådən màtriàrõàt åràsı bəşəriyyət həyàtındà çîõ çətin bir mərhələni təşkil åtsə də, bugünkü sivilizàsiyànın təmələndə dayanır. Səbəbsiz deyil ki, olduqca qədim tarixə və özünəməxsus zəngin mifik-fəlsəfi dünyagörüşünə, folklora malik olan xalqımızın yaradıcılıq nümunələrində ana, qadın obrazı başlıca yeri təşkil edir.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda tarix boyu yazıb-yaradan qadın, xanım şairələri milli iftixarımız kimi qiymətləndirmiş, ötən əsrlərdə Azərbaycan qadının nə qədər yüksək mənəvi - intelektual səviyyəsi ilə ali zirvələrə qalxmasını fəxarət hissi ilə qeyd edərək demişdir: "Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınlarımızın müstəsna rolu olmuşdur. Böyük fitri istedadı, dərin zəkası və möhkəm iradəsi ilə seçilən Azərbaycan qadınları tariximizin bütün dövrlərində səmərəli fəaliyyət göstərərək, dünya mədəniyyət xəzinəsinə öz sanballı töfhələrini vermişlər".
Bizim müasir cəmiyyətimiz bu gün dünya mədəniyyətinə inteqrasiya olunur. Bu əsnada vurğulamaq lazımdır ki, Azərbaycan qadınının keçdiyi tarixi inkişaf yolu qloballaşan dünyadakı gender siyasəti ilə başlamır. Biz yuxarıda da tarixə qısa nəzər salaraq gördük ki, Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynamışdır. Xalq yaradıcılığı nümunələrində, qədim əfsanə və dastanlarımızda yüksək mənəvi sifətlərlə səciyyələnən gözəl qadın obrazlarının bədii təsviri qadın haqqındakı düşüncələri bizə təqdim edir. Mənəviyyatımızın təməl kitabı olan "Kitabi-Dədə Qorqud"un Burla xatun, Banu Çiçək və başqaları kimi qadın surətləri bu gün də öz məziyyətləri və müsbət keyfiyyətləri ilə bəşəri idealların təntənəsinə xidmət edir. Azərbaycan gerçəkliyi şair və mütəfəkkirlərə qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material vermişdir. Dahi Nizami öz əsərlərində Şirin, Məhinbanu və Nüşabə kimi qadın hökmdarlar, əfsanəvi Fitnə və Yeddi gözəl, habelə özünün cəsarəti və mərdliyi ilə seçilən və hökmdarı haqq-ədalətə dəvət edən Qarı obrazlarını yaratmışdır ki, bu ölməz obrazlar yüz illər boyunca bir ənənə olaraq ədəbiyyatımızda əvəzedilməz rol oynamışdır. Görkəmli memar Əcəmi Naxçıvani tərəfindən şəhərimizdə ucaldılmış Möminə xatun türbəsi də əzəmətli memarlıq abidəsi olmaqla yanaşı xalqımızın qadına göstərdiyi ehtiramın parlaq təcəssümü kimi hər bir adamı heyrətdə buraxır. Azərbaycan mədəniyyətinin və elminin inkişafında mühüm mərhələ olan orta əsrlər dövründə Azərbaycan qadınının fəaliyyəti xalqımızın milli-mədəni ənənələrinin qorunub saxlanılması və zənginləşdirilməsinə xidmət etmişdir.
XII əsr poeziyasının görkəmli nümayəndələrindən olan Məhsəti Gəncəvinin şeir məclisləri Azərbaycan qadınının adını uzaq ellərdə tanıtdı. Həmçinin orta əsrlər tariximizdə də yaşayıb-yaradan qadın sənətkarların adları da həmişə hörmətlə yad edilir.
XVIII əsrin sonu XIX əsrin əvvələrində Füzuli ədəbi məktəbinin davamçılarından, klassik Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri də, Kəngərlilər ailəsində dünyaya göz açan həmyerlimiz Heyran Xanım idi. O, gənc yaşlarında doğma yurddan ayrılmış ömrünün axırınadək Vətən həsrətli şeirlər yazmışdır. Təmiz, insani məhəbbətin tərənnümü, ayrılıq dərdi, hicran aləmi, vüsal arzusu onun şeirlərinin əsas mövzusu olmuşdur. Böyük sələflərinin yaradıcılıq yolunu davam etdirən Heyran xanım gözəlliyi tərənnüm edir, müasirlərini mənəvi-əxlaqi təmizliyə çağırırdı. Şairənin incə qadın qəlbinin dərinliklərindən süzülüb gələn fikrlərinə görə həqiqi gözəllik ağılla ölçülməlidir. "Gözəlliyin birinci meyarı ağıldır", "Camalı gözəl olanların ağlı, kamalı da gözəl olmalıdır" kimi fəlsəfi düşüncələri bu gündə ibrətamiz səslənir.
Yaradıcılığı XIX əsrin ortalarına təsadüf edən Ehsan xanın qızı Qönçəbəyim də parlaq istedad sahibi olan xanımlarımızdan biridir. Onun ölməz ədəbi nümunələrində sevgi və sədaqət hisslərinin aydın təcəssümü Azərbaycan qadınının parlaq simvolu kimi diqqəti cəlb edir.
Bütövlükdə, XIX əsr Azərbaycanın həyatında qadınların fəallığı və böyük yaradıcılıq uğurları ilə səciyyələnir. Bu mənada Xurşid banu Natəvanın, Ağa Bəyim Ağa Ağabacının, Fatma xanım Kəminənin, Şahnigar xanımın, Qəmərbəyim Şeyda Qarabağinin və başqalarının yaradıcılığı böyük maraq doğurur. Həmin əsrdən Azərbaycanda baş verən siyasi, iqtisadi və mədəni proseslər qadınların maariflənməsi və ictimai həyatda daha fəal iştirak etməsinə güclü təkan verdi. Dünyəvi teatrın, demokratik mətbuatın, anadilli məktəbin, qız məktəblərinin və qadın gimnaziyalarının yaradılması Azərbaycan qadınlarının hərtərəfli inkişafı üçün yeni üfüqlər açdı.
Müasir dövrümüzdəki qadın şairlər də bu gün qədim poeziya ənənələrini davam etdirərək bədii və ədəbi yaradıcılıqları ilə söz dünyamızın ən uca zirvələrini fəth etmişlər. Məhz onların əsərlərinə xas olan bəşərilik, nəciblik, Vətənə sonsuz sədaqət, xalqa fədakar xidmət məktəbi olmuşdur.
Azərbaycan xalq yaradıcılığının digər nümunələrində də qadının adı daim kişi ilə yanaşı çəkilmişdir. Dahi şair Hüseyn Cavid öz yaradıcılığında qadına böyük dəyər vermiş, xalqımızın məfkurəsində onu bir daha bəşəri səviyyəyə qaldırmış, "sürüklənən bəşəriyyət qadınla yüksələcək" - deyə qadının cəmiyyətdəki əvəzolumaz yeri və xidmətlərini bədii şəkildə ehtiva etmişdir. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Hüseyn Cavid, Cəfər Cabbarlı və Azərbaycanın digər yaradıcı şəxslərindən olan Fikrət Əmirov öz əsərlərinin adında (Sevil, Afət, Almaz və s.) qadın adlarından istifadə edərək qadına olan ehtiramı daha parlaq formada izhar etmişlər.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan qadını haqqında deyirdi: "Şair və sənətkarlarımıza ilham verən Azərbaycan qadınları ana dilimizi, xalq yaradıcılığının ən gözəl nümunələrini qoruyub saxlamaqla milli mədəniyyətimizin inkişafında misilsiz rol oynamışlar. Həqiqətən bütün Azərbaycan mədəniyyəti əslində həssas qadın qəlbini, qadın zəkasını və nadir qadın müdrikliyini əks etdirən güzgüdür.
Zülfiyyə
İSMAYIL
AMEA
Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Olaylar.- 2023.- 10-16 mart.- S.16.