Əsəbləşmə... düzələr...
Felyeton
Deyirəm
Bakı mistik şəhərdir, bəziləri
istehza ilə gülümsəyib keçir, yəni
bu
şəhərin nəyi mistikdir? Deyirəm,
baxın, ölkə əhalisinin yarısı bu
şəhərdədir, amma heç gör beli bükülür? Yox! Bakı özünü şax tutub, kürəyini dənizə (dağa yox, ha) necə dirəyibsə, o
da qurumağa
başlayıb, artıq içində adalar
yaranır. Yerin məlum, Hacıbala müəllim! Nə satılası
adalardır! Bəlkə müəllimi
geri qaytaraq, dənizi
də qurutsun, Türkmənistanla quru sərhədə çıxardıq. Ziya Məmmədov da
adaları birləşdirən yollar
çəkərdi.
Əhalimiz də çox səbrlidir, istedadlı, məntiqlidir. Heç nəyə fikir verən deyil. Qiymət artımına baxmır, ay nə bilim, su, işıq, qaz, metro, avtobus pulu artdı-artmadı, necə yaşayıblarsa, elə də yaşayırlar. Artımlar elə bil bunlara aid deyil. Dünyada ərzaq qıtlığı yaranır, bizimkilər isə yenə əvvəlki kimi çörəyi çölə atırlar ki, şəhərdə yaşayan inəklər çoxlu süd versinlər. Axı, bu çörək çölə qoyulmasa, südü, qatığı, süzməni, nə bilim ən pis halda şoru hardan alıb, yeyərlər? Hələ mən dovğanı demirəm. İşığı səhərə qədər "yanıq" qoyurlar. Düz də edirlər. Bəs onda "cırtdan" balamız hara gedər? Şəhəri də it-pişik bürüyüb. İt hürən tərəfə getsə onu parçalamazmı, əlbəttə parçalayar. Hələ su işlədənlərə baxın. Səhər-səhər dişi yuyub qurtarana qədər su borusundan qırx litr su axır. Qoy axsın, pulla deyil, hardansa tapıb verəcək. Pis halda gedib kredit götürəcək. Biri yazır ki, çaynikdən (qəfədandan) inqalyasiya aparatı düzəltmişəm. O birisi su pulunu vermək üçün taxta körpünü çırpışdırır. Bu ölkədə hamı bir-birini dolandırır, dövlət baba da hamını bir yerdə. Hamı bir-birindən razıdır. Heç kim etiraz etmir. Bir-iki nəfər demoqoq var, ağızlarını açan kimi onları da camaat özü susdurur. İşarə edir ki, imkan verin başımızı, uşaqları dolandıraq. Əsəbləşməyin... düzələr. Dünya əyilə-əyilə, sına-sına düzəlir. Misal da çəkirlər, doxsanıncı illərdə bizləri erməni-rus birliyi sındırdı, indi biz onları. Ta, nə istəyirsiniz?
İstəyirdim xalqımızın səbri haqqında fikirləşim, mövzu özü qapını döydü...
Qapı döyüldü.
-Buyurun, - dedim.
Kabinetin qapısı yavaş-yavaş açıldı. Əvvəlcə bir nəfərin heybətli üzü, sonra isə nataraz vücudu göründü. Üzünə baxıb fikirlədim ki, mənim belə adamlarla heç vaxt biş-düşüm olmayıb, xeyir ola? Ağlıma min cürə fikir gəldi. Nəhayət, onun yekə qarnı birinci içəri girdi. Girən kimi də otaqda xışıltı, boğuq, incik səs eşitdim:
-Mirzə, səni deyib gəlmişəm.
İçimdə güldüm, öz-özümə dedim ki, hamı dəli olanda mollanın üstünə qaçır, bəs molla dəli olanda kimin üstünə qaçsın? Üzünə baxdım. Əsəbdən sağ gözü səyriyirdi. Əlimlə ona yer göstərdim:
-Buyurun əyləşin, səbrlə dərdinizi danışın, -dedim.
Kişi sanki partladı, elə bildim döyüş bölgəsindəyəm. Qulağımın dibindən Aqil Abbasın "Dolu"su, rusların "Qrad"ı vıyıldayıb keçdi.
Oturmamış:
-Rəhmətliyin oğlu, bizdə səbr qoyublar ki, səbrlə danışım, - dedi və hirslə zərif, dizaynlı stulu nataraz vücudunun altına çəkdi və birdən fərqində oldu ki, hara gəlib.
Səsinin tonunu dəyişdi.
- Bağısla, Mirzə.
Onu sakitləşdirdim:
-Əsəbləşmə, düzələr. Şikayətin nədəndir?
-Tıxaclardan, sudan,
qazdan, nə bilim e.., hər şeydən, - deyib pencəyinin döş cibindən dördqat bükülmüş saralmış
üç vərəq
çıxardıb mənə
uzatdı. Nuh əyyamından qalmış
sarı vərəqləri
əlimə alanda başa düşdüm ki, onun yazı-pozu
ilə arası yoxdur. İndi zəmanə kağız-kitab
zəmanəsi deyil, hamı texnika ilə dolanır. Özümü o yerə qoymadım, vərəqlərə
ötəri göz yetirdikdən sonra soruşdum:
-Dərdini vərəqlərə
necə ahla yazmısansa sapsarı saralıb, yaxşı ki, alışıb yanmayıb. İndi də dərdini dilinə gətirib
danış, amma elə et ki, dilin də bu
vərəqlər kimi
saralmasın.
O atmacaları anladı, özünü bir az da yığışdırdı.
-Mirzə, bu tıxaclar məni əsəb xəstəsinə
çevirib. Əsəbdən gözüm də
səyriyib. Əldən düşmüş
bir maşınım
var. Ona benzin, özümə də dərman çatdıra bilmirəm. İstəyirəm bu şogərib
maşını QAİnin
(DYP) qarşısında yandırım.
Mən də onlardan belə intiqam alım. Ay, Mirzə,
belə şey olar? Bir də görürsən,
polis yolda durub əlindəkini "ağacı"
fırladaraq guya maşınların gedişini
tənzimləyir. İşıqfor
işləyə-işləyə sən niyə yolu tənzimləyirsən?
Dərhal da tıxac yaranır. Üç dəqiqəyə gedən yolu bir saata gedib
çıxa bilmirsən.
Belə dərd olar? Hələ təzə bir xəstəlik də tapmışam. Yol polisi
görəndə bədənim
qaşınmağa başlayır.
Hələ o trassdakı kameraları demirəm. A Mirzə, Bakı-Şamaxı yolunda,
yüz iyirmi kilometrlik bir yolda 45-50 kamera olar? Sürət nişanı 110 qoyulub,
təzəcə ayağını
qaza basırsan, görürsən ki, sürət doxsandır.
Etiraz eləyəndə
də, otuz beş nöqtə
bir maddəsini gözümə soxur, deyir dövlət mənəm. Elə danışırlar ki, elə bil
dövlət doğrudan
bunlardır.
Birnəfəsə istədiyini deyib susdu, amma bildim
ki, hələ hamısını deməyib.
Uzaqdan başladım:
-De görüm, zolaqlı işarədə piyadalara
fikir verməyib, sürüb keçmisən?
Bir qədər duruxub dilləndi:
-Hə, olub, belə şeylər. Özü də axır zamanlar əsəbdən tez-tez təkrarlayıram.
-Bax, görürsən, sən qaydanı pozursan, o da səndən belə intiqam alır. - Şəstlə dedim, - həm də məsələyə bir az qlobal
bax, təkcə özünü fikirləşmə,
bu məmləkətdə
səndən başqa
insanlar da var, onlar da
dolanmaq, ailələrinə
bir tikə çörək aparmaq istəyirlər.
-Necə?
Duruxa-duruxa sual verdiyindən başa düşdüm ki, bu natarazı
sözlə sağaltmaq
olar.
-Bax, - dedim. Yolda tıxac
yaranır, sən də çoxlu benzin işlədirsən.
Bəs bu benzini kimlər
hazırlayır. - Özüm
də cavab verdim. - Əlbəttə,
neftayırma zavodunun işçiləri. Onlar
da plan verməlidirlər
ki, normal əmək haqqı alsınlar. Bəs benzin nədən alınır? Neftdən. "Hələ mən
yanacaqdoldurma stansiyalarında,
neftçıxarma birliklərində
işləyən minlərlə
insandan danışmıram.
Gör nə qədər insana çörək verirsən. Tıxac yarandı, sən
də əsəbləşdin,
xəstələndin. Gedirsən həkimə. O da dərman yazır, aptekə göndərir. Onlar da dolanırlar. Həkimlər, aptekçilər sənin kimi əsəb xəstəliyi
olanlardan ruzisini almasın, bəs neyləsin? Məsələyə qlobal baxmaq belədir. İndi mən deyə bilmərəm ki, yol polisləri, yanacaqdoldurma stansiyalarının
rəisləri həkimlərlə
danışıb bunu
düşünülmüş edirlər. Günaha bataram. Belə
şeylərə görə
əsəbləşmə... düzələr...
Deyəsən məntiqli sözlərim onu inandırdı. Gözünün səyirtisi dayandı.
- Bax, qaz, su, işıq və başqa sferalara da qlobal
bax. Bu tıxaclar
xalqa səbrli olmağı öyrədir.
Tıxac
başlanan kimi telefonla başını qatır. Telefon da səbr daşı
deşir.
Səbrli ol, əsəbləşmə. Mənim evimdə
qaz kəsildi, sonra dörd saat hava verildi.
Heç əsəbləşmədim,
amma ayın axırında gördüm
ki, beş
aylıq qaz sərfiyyatını bir ayda "yeyib" qurtarmışam - 900 kubmetr.
Ayın axırında cibimin "daraldığını" gördüm.
Bikefləndim, amma əsəbləşmədim.
Baxdım ki, mən danışdıqca
bu nataraz oturduğu stulda yumağa dönür, ancaq əlinin arxasını yerə qoymaq istəmir.
-Yaxşı, Mirzə, məni bu məsələdə
inandırdın, amma bir də görürsən
ki, yol polisləri
körpülər altında
tez-tez gözləmə
nişanlarını dəyişirlər.
Bilirsən ki, yol sənindir. Körpünün altından keçirsən,
səni saxlayır ki, bəs yol
qaydalarını pozmusan.
Bu gecə nişan
dəyişib. Niyə, nə
dəyişdi?
Özümə təsəlli verib
gülə-gülə dilləndim:
-Rəhmətliyin oğlu, bu qədər düz işimizin içində deyirsən bir əyri işimiz
olmasın? Onlar da dolanmalıdırlar,
ya yox? Ayağa durdum. - Nataraza əl verib dedim...
- Əsəbləşmə, bu da, kameralar
da düzələcək.
YUNUS OĞUZ
Olaylar.- 2023.- 10-16 mart.- S.12.