Yaradıcılığı ömründən
böyük olan adam...
"Əsalət
qandan gəlir" deyimini
çoxlarınız eşitmisiniz. Lakin, ətrafımızda bunu
bacara bilmiş
neçə nəfər var deyə soruşsalar, susarıq...
Çünki, elə bütöv Azərbaycanda bu cür çox az adamlar var. Onlardan biri də Anardır. Orta yaşlı və yaşlı nəslin çox yaxşı tanıdığı, gənc nəslin sadəcə bir neçə əsərini bildiyi şəxsiyyət... Azərbaycan tarixində çox böyük işlərə imza atan, zamanına görə imkansızı bacaran soydan gələn adam...
Ata, ana, baba ziyalı, yaradıcı olanda ortaya necə mükəmməl davamçı çıxırmış, İlahi! Anarın söykökünə baxanda xan, bəy nəslindən olduğunu gördüm. Və indi daha yaxşı anladım ki, Böyük imperiya nəyə görə xana, bəyə düşmən idi. Axı, soylu ailələrdən bu cür soylu nəsillər yetişir. Yetişən adamlar isə bugünki Azərbaycan mədəniyyətinə töhfə verir.
Anar Azərbaycan üçün demək olar ki, bütün mədəniyyət sahələrində yazıb-yaradan istedad ağacıdır. Anarın yaradıcılıq ağacından bəhrələnmək sadəcə yaxınlarındakına yox, bütöv xalqa qismət olub. Yazdığı əsərlər sadəcə kağız üzərində çap olunmayıb, film, sənədli film olub. Ssenari müəllifi olduğu onlarla filmi izlədikcə ideyanın keyfiyyəti göstərir ki, müəllif kimdir. Digər ölkələrdə insanın hiss-həyacanını, düşüncələrini çatdıran yazıçılar dünyaca məşhurluq qazanıblar. Anar da bu baxımdan Azərbaycan xalqının dahisidir. Əsərlərinə çəkilən filmləri izlədikdə müxtəlif süjeti xətləri olsa da, azərbaycançılıqdan qram qədər də uzaqlaşmırıq. Millilikdən əl çəkmədən yeni əsərlər yaratmaq bacarığı sevdirib Anarı bizə. Eyni zamanda, əsərlərindəki personajların xüsusiyyətləri sadəcə bizləri yox, bütövlükdə insan təbiətini əks etdirir.
Çoxşaxəli janrlarda əsərlər yazan qələm sahibləri indi çox azdır. Sanki, müəyyən bir dövr var idi. Anar da həmin dövrün yetirməsidir ki, ölkənin yaradıcılıq, mədəniyyət yükünün sütunlarından biridir. Siyasət, elm, yaradıcılıqla məşğul olan iki soydan gələn Anar Azərbaycan üçün əvəzolunmaz prioritetdir. Əminəm ki, aktyorlar onun əsərində ifadə etdiyi hissləri izləyiciyə ötürmək üçün çox çalışıblar. Bəzi üstadlar var ki, onların əsərləri sadəcə yazıda qalsa belə, möhtəşəmdir. Çünki, onları canlandıracaq istedadlar hələ doğulmayıb.
Mart ayının 14-ü Anar Rəsul oğlu Rzayev 85 yaşına qədəm qoyacaq. Ona uzun ömür arzu edirik. Anarlar ölkəmizə gec-gec gəlir. O, Azərbaycan yaradıcılığını beşinci mərtəbədən yüzüncü mərtəbəyə qaldırmağı bacaran, yaradıcılıq nümunəsidir.
Əfsanə Kamal
Olaylar.- 2023.- 10-16 mart.- S.10.