BÜTÜN
KEÇİLMƏZLİYİ,
VƏTƏN,
ADINLA KEÇDİM!
O, bütün yaradıcılığı ilə
xalqın milli oyanış, mücadilə
və birlik carçısı idi. Onun əsərlərindən azadlıq və birlik yanğısı bütün
maneələri dağıdan, aşıb-daşan qoca bir vulkan
kimi püskürürdü.
"Vətən daşı olmayandan Olmaz ölkə vətəndaşı"
deyən qoca sənətkar "Vətən
mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim"
deyə məhəbbətini bütün
aydınlığı, çılpaqlığı ilə ortaya qoymuşdu. Onun qələmi də "Xətainin
qılıncından" doğulmuşdu.
"Qələm gəldi əlimə, Araz gəlir dilimə" deyən şair "məqamı gələndə Araza bənd" olandı. "Xudafərin
harayından qalan şair
yaradıcılığı ilə Araz kimi ikiyə bölünmüş
xalqın arasından dərdli və coşqu
ilə axıb keçərək həm də körpü rolunu oynayır.
"Bütün keşməkeşləri",
"sel boğan dərələri"
bir mərd qadın və bir
də Vətən adı ilə keçən ləyaqətli
insan, sədaqətli vətəndaş, xalq şairidi Məmməd
Araz. Hər zaman yaşamağa haqqı olan
bir qüdrətli söz
ustadı Məmməd Araz!
Xalq şairi Məmməd Araz özünün vətənə həsr olunan şeirləri, əsərlərilə azərbaycançılıq məfkurəsini təbliğ etmiş və Azərbaycan istiqlalına görkəmli xidmət göstərmiş sənət adamıdır. Onun "Ana torpaq", "Şeirə gətir", "Məndən ötdü, qardaşıma dəydi", "Azərbaycan, dünyam mənim", "Ana yurdum, hər daşına üz qoyum", "Qarabağ düzü", "Vətən mənə oğul desə", "Vətən mükafatı", "Bizi vətən çağırır" və digər çoxsaylı əsərləri şairin vətən məhəbbəti və vətəndaşlıq düşüncələrini qabarıq əks etdirən ən gözəl poetik nümunələrdəndir. Ümumiyyətlə, milli müqəddərat və birlik məsələsi, həmrəylik ideyası Məmməd Araz yaradıcılığının başlıca qayəsini təşkil etmişdir. "Ayağa dur, Azərbaycan" və başqa şeirləri Azərbaycanın milli müstəqillik uğrunda apardığı mücadilə dönəmində böyük mənəvi güc rolunu oynamışdır. Bütün mücadilə aşiqləri onun şeirlərinin misralarını zümzümə etməklə döyüş meydanında sərhəd dirəyinə dönürdülər. Görkəmli şairin "Ayağa dur, Azərbaycan" şeirində bütövlükdə Azərbaycan xalqının milli istiqlal idealları və düşüncəsi özünü əks etdirib. Şeirdə:
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri
biz hər şeyi bölə billik!
Səndən qeyri
biz hamımız ölə billik!
...Hanı sənin tufan yıxan,
Gurşad
boğan yurda oğul
oğulların!
Çək sinənə-qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda
bayraq elə,
Enməzliyə qalxmış olan
bayrağını!
Azərbaycan, Azərbaycan,
Azərbaycan bayrağını!
Ayağa
dur, Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran
baban deyir!
- çağırışları
əsas yer tutur və bütün
xalqı birliyə, həmrəyliyə qovuşdururdu.
Gözünü sil, Vətən
oğlu,
ayağa qalx!
Üfüqünə bir yaxşı bax.
Sərhəddinə bir yaxşı bax.
Sərhəddinin kəməndinə bir
yaxşı bax! -
səslənişi xalqın
bütün qüvvələrini
milli mənafe baxımından birləşdirir
və bir ideala, bir amala
istiqamətləndirirdi. Qəlbi azadlıq
dolu şair hər bir azərbaycanlını
vətən naminə
milli istiqlala, mübarizəyə, həmrəyliyə
səsləyirdi.
Xalq şairi
Məmməd Araz özünün dərin məzmunlu, milli mündəricəli və
çoxşaxəli yaradıcılıq
fəaliyyətinə görə
Azərbaycan ədəbiyyatı
tarxində, onu sevənlərin qəlbində,
xalqın yaddaşında
əbədi yaşayacaqdır. Bütöv bir
ömür yolunu sönməz vətən məhəbbətli vətəndaşlıq
ömrünə sığdıran
bu görkəmli şəxsiyyət bir də şair qəlbi və siması ilə özünə oxucu könüllərində abidə
qoymuşdur. Onun yaradıcılığı
nə qədər zəngin, çoxcəhətlidirsə,
bir o qədər də konkret, dəqiqdir. Bu mənada
Məmməd Araz poeziyası:
- Sözün
Vətən qibləsidir. Onun əsərlərində
Vətən başlıca
qayə, məna və meyar zirvəsidir.
"Mənim yurdum hardan başlar?
Ürəyimin kandarından"
deyərək bir sevən ürək boyda Vətən, Vətən boyda bir ürək əks etdirmişdir;
- Onun şeirləri vətəndaşlıq
himnlərini xatırladır.
Hər sözü, misrası vətən deyən şairin əsərlərində
vətənə məhəbbətin
ən ləyaqətli
nümunələrini görmək
olar. "Bircə sağolun da bəsimdi Vətən" deyən şairin təmənnasız
Vətən sevgisi bütün əzəməti,
möhtəşəmliyi ilə
özünü təcəssüm
etdirmişdir. Vətəndaş şair özünü, vətəndaşlığını vətən qayalarında bitən bir mamır kimi böyük ustalıqla təsvir etmişdir.
Onun yaradıcılıq
qayəsində Vətən
ata ocağı, ata ocağı isə Vətəndir;
- Ailə dəyərləri, el məhəbbəti,
vətənə bağlılıq,
adət-ənənələrə sədaqət onun yaradıcılığının əsas qayəsi, məğzi, mənası,
dadı-duzu, tamıdır.
Məmməd Arazın
sözləri daş yaddaşıdır: onun əsərlərində min bir
sirr, hekayət, tale, əhvalat yatıb gizlənir. Onun yara¬dıcılığında
ağır bir sal qaya kimi
oturmuş hər hansı bir sözü qaldırsan, altından min bir tarix, min bir tale, ağır, zəngin bir mədəniyyət, bir yurd yeri,
bir ocaq çıxar. Bu cəhətdən Məmməd
Arazın şeirləri
xalqın həyat və düşüncə
tərzinin, milli etnoqrafik yaddaşın - xalq yaddaşının məhək daşıdır.
Onun əsərlərində
konkret bir el, bir xalq obrazlaşır
və öz həyatı, yaşam tərzi, dünyabaxışı
ilə poetikləşir,
bir xalqın tərcümeyi-halı diqqətə
gəlir;
- Onun özünəməxsus dünya
dərki bənzərsiz
söz urvatına bürünür. Dünya,
İnsan və Zaman onun söz
yaradıcılığında bir də Məməd
Araz təbirilə əks olunur, yenidən diqqətə gəlir: dünyanın gəldi-gedərliyi, insanın
faniliyi diqqətə çatdırılır - mənli
də, mənsiz də dünya olduğu kimi, bir də dünya
sənin, dünya mənim, dünya heç kimin aqibəti öz təcəssümünü tapır;
- Məmməd
Araz yaradıcılığı
Araz talelidir. Məmməd Araz sözlərində dərin, böyük bir tarix hifz
edən Araz yaddaşı hökm sürür. Onun yaradıcılığında
bölünmüş vətənin
dərdləri, yaraları
dilə gəlir, poetik ərzi-hala çevrilir. Onun yaradıcılığında sözlər bəzən qılınca, bəzən
qələmə dönür,
gah Şah İsmayıl, gah Səttarxan olur, gah bir əsgər
kimi döyüşür,
gah bir mühəndisə
çevrilir, tikir, qurur, yaradır, gah da sevdalı
bir aşiqə dönür, vətən məhəbbətli nalə
çəkir, ahı
dağlar dəlir, sərhədlər aşır,
bir xalqın, bir ölkənin sinəsindən qanlı bir Araz boyda
nəhrə dönərək
axır. Onun sözləri, misraları
həmçinin birlik,
həmrəylik, mübarizə
və mücadilə marşına çevrilir,
sözdən Vətən,
Vətəndən söz
yaradılır;
- Məmməd
Arazın şeir yaradıcılığı həm
də bir məhəbbət, sevda etirafıdır. Onun məhəbbəti sevgi sərhədlidir:
səndən o tərəfə
yer görünməyir.
Məmməd Araz sevgisi həm də iffətli, izzətli, irzli, namuslu, ləyaqətli, heysiyyətli
bir sevgidir. Xəyanəti gözdən,
baxışdan bəlli
olan məhəbbət
heysiyyətli sevgisi var: baxışına yad baxışlar bükülü, innən
belə o gözlərə
baxmaram. Məhəbbəti
xəyanət tanımayan
vəfalı bir sevdası var şairin: Məhəbbət
itəndə ayrılıq
bitir, Xəyanət bitəndə nə itir görən? Onun yaradıcılığında məhəbbət bir dildir, bir dindir
və s.
Xalq şairi Məmməd Araz şeirlərindən birində:
Özündən qaçmağa nə varmış?
Qaçıram.
Özünə qayıtmaq çətinmiş,
çox çətin.
...Gedirəm, gedirəm öz çevrəm boyunca,
Öz çevrəm boyunca dönərəm yenə də..., -
deyə yazırdı. Bu mənada şair
Məmməd Araz öz söz yükü, məna dərinliyi və mövzu əhatəsi ilə Azərbaycan ədəbiyyatında liman
salan nəhəng bir gəmidir. Zaman
Xalq şairi Məmməd Arazdan nə qədər uzağa
getsə də, məkan və məna Məmməd Araza
doğru bir o qədər yaxınlaşır, onun söz, məna
aləminə qayıdış ehtiyacı hiss edir. Bu
baxımdan Məmməd Araz kimi öz sənətini, qələmini
xalqın xoşbəxtliyi, müqəddəs idealları
uğrunda mübarizəyə həsr edən övladların
adı unudulmaz, əbədiyaşar və ölməzdir.
"Bütün keçilməzliyi, Vətən, adınla
keçdim" deyən xalq şairi haqqında son sözü
də elə öz sözlərilə demək olar: Haqqın
var, Məmməd Araz, Haqqın var yaşamağa!
Xalq şairinin "Ya rəbbim, bu dünya sən quran deyil",
"Ata millət, ana millət, ağlama", "Bizi vətən
çağırır", "Əsgər oğul",
"Dilənçi qaçqın", "Kəlbəcər
qaçqınlarına" və başqa əsərləri
dərdli-kədərli illərin təəssüfünü
yaşatsa da, mübarizəyə ümid ruhu qüvvətli
idi. Xalq şairi Azərbaycanın xoşbəxt günlərindən
də dolu-dolu yazmışdı. "İstisu lövhələri"
başda olmaqla bütün və bütöv Azərbaycan onun
qələmilə xəritələnmişdi, bir-bir incələnmiş,
şeir-sənət ecazkarlığı ilə qələmə
tökülmüş, dillərə
düzülmüşdü. Məhz bu günlərdə xalq
şairi Məmməd Arazı daha yaxından xatırlayır,
ona qayıtmaq zərurəti hiss edirik. Bu il həm də xalq
şairinin 90 illik yubileyinin tamam olduğu bir ildir, birliyini,
bütövlüyünü arzuladığı Azərbaycan
xoşbəxtlik dolu Zəfər günlərini yaşayan, Cənubi
Azərbaycanda xalqın birlik naminə ölümünə
mübarizə açdığı bir ildə bütöv
Azərbaycan aşiqi Məmməd Araz poeziyası daha çox
adama qaynayır. GÖZÜN AYDIN, QOCA VULKAN!
P.S. Bu günləri yaşayarkən nəsə daha
çox xalq şairinin "Araz axır" poemasını
xatırlayırıq. Çünki şairin bu poemasında Dimdiyi qanlı
Qartal rəmzləşdirilmiş işğalçı
obrazıdır. Lirik mənin sevgilisi, xalq şairinin Vətəninin,
elinin bir parasını - Cənubi Azərbaycanı
özündə ümumiləşdirən Ayrıgülü
qoparıb aparan qüvvədir. Lirik mən əvvəlcə
bir yenilməz Qəhrəman kimi sevgilisi Ayrıgülü
xilas etmək üçün düşmənlə
çarpışıb vuruşur. Lirik mən Cənubi Azərbaycanda
bir əsgər kimi görünür. Sonra düşməndən
azad olunmuş həmin yerlərə bir qurucu, bir sənətkar
olaraq yollanır. Bu sətirlər bizə bu
günümüzü - Cənubi Azərbaycanda baş verən
milli azadlıq hərəkatının fonunda sonsuz ümidlər
yaşadır. Hər birimiz o döyüşlərdə
iştirak etməsək də, bütün ruhumuzla o
mübarizəni dəstəkləyir, həmrəyliyimizi ifadə
edirik. Yəni hər birimiz qəlbimizlə, ruhumuzla bir əsgərik.
Ruhumuzda o yerlərə qayıdıb qurub-yaratmaq ümid və
eşqini yaşadırıq. Şairin dediyi kimi:
Yatma, oyan, vətəndaş!
Yubanırsan, vətəndaş!
Ramiz QASIMOV
AMEA
Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə
doktoru, dosent
Olaylar.- 2023.- 17-30 mart.- S.18.