“Qərbi Azərbaycanın coğrafiyası” silsiləsindən

Qədim insan yaşayışı ocaqları, əhalisi, milli-etnik tərkibi...

 

Qədim insan yaşayışı məskənlərinin yayıldığı Göyçəgölü ətrafı, Zəngibasar vadisi, Ağrıdağ yüksək dağlığı, Dərələyəz-Zəngəzur silsiləsi... üst daş (12-13 minillik tarixi özündə yaşadan) və mis-daş (6-8 minillik) dövrlərinin tarixi-maddi və antropogen-mənəvi irsi kimi xalqımıza məxsus minilliklərin keşmiş səhifələrinin izini özündə yaşatmaqla, Bütöv Azərbaycanın qədim Azıx (Oğuz) və Qobustan... insan yaşayış məskənlərinin antik rişəsini genişləndirmiş, pozulmaz şəbəkəsini əmələ gətirmişdir.

İnsan yaşayışı məskənlərinin əski tarixiliyi baxımdan qədimliyi, ulu törənli Türkdilli tayfa-qəbilə birliklərinin yayıldığı ərazilərin-əhalinin özünəməxsus təbii-coğrafi landşaft strukturu ilə yanaşı etno-milli tərkibi, morfo-genetik özəlliyi ilə də xüsusilə fərqlənmişdir. Bu həm də Azərbaycan təbiətinin əlverişli coğrafi mövqeyi və Avrasiya materikinin cənub-qərb hissəsinin dünya sivilizasiyasının təmas bölgəsində olması ilə şərtlənmişdir.

Eramızdan əvvəl I minillikdə Cənubi Qafqazda üstün mövqe qazanmış Türkdilli Kimmer-İskit, (Sak), Qıpçaq-Oğuz, Alban-Arran tayfalarından əvvəlki antik prototürk qəbilə icmaları (Şumer-Akkad mənşəli) da sonrakı mərhələdə Türkdilli əhali icmasında etno-morfogenetik baxımdan güclü təsirə malik olmuşdur. Bu baxımdan Xristianlığa qədərki əski İlahi-Mistik dünyadərkinin hökm sürdüyü təbiət qüvvələrinin dini təlim yönümlü  mərasimlərə etiqad və inam gələnəkliyi üstünlük təşkil edən prototürk mənşəli qəbilə-tayfa birliklərinin məskənləri timsalında Qərbi Azərbaycan hüdudlarında şərti olaraq 3 əski insan yaşayış məkanının ayrılması mümkündür:

-Göyçə gölü və Zəngi çayı hövzəsi;

-Ağrıdağ yüksəkliyi və vadisi, eləcə də Dərələyəz qurşağı;

-Zəngəzur dağlıq silsiləsi-Qazangöl yaylası;

Göyçə gölünün şimal-qərb hissəsi boyunca uzanan və Araz çayına doğru uzanan Zəngiçayı vadisi (110-120 km-lik məsafədə) relyef-struktur quruluşuna görə (1400 m hündürlüklü dərin çay dərələri, sıx meşə-kol örtüklü) və mülayim iqlim şəraiti e.ə. X-VIII minilliklərdə insan yaşayış məskəni-dəmirdən əmək və məişət alətlərinin hazırlanması üçün təbii yataqlara malik"Gümüşxana yurdu" kimi səciyyələndirir. Dərin dərələri tutan mağara hövzəsində sonralar Qırxbulaq bölgəsinin, Ellər nahiyəsi, Zəngi çayının sol sahilində yerləşən Nəhridüz kəndi insan yaşayış məskəni kimi 800 min illik yaşa malikdir və Qərbi Azərbaycanda ən qədim insan yaşayışı ocaqlarından biridir.

Nəhirdüz kəndində 1873-cü ildə 372 nəfər Türk-Müsəlman əhalisi yaşayıb, 1918-1920-ci illərdə hay-daşnak və rus silahlı qüvvələrinin hücumu nəticəsində əhali azalmış, 1922-ci ildə 52 nəfər, 1931-ci ildə 96 nəfər olsa da, 1947-1948-ci ildə bütünlüklə deportasiya edilərək Kür-Araz ovalığına köçürülmüşdür.

Həmin yaşayış məntəqəsinin cənubunda hay kilsəsi tərəfindən üzərində "Xristian Ermənistanı-1700" yazısı həkk edilmiş  bir daş-xaç lövhə basdırılıb, 2001-ci ilin sentyabr ayında, müəllifi yerli, daş-ağac oyma ustası A.Ponosyan (1940-2012) olub.

Ümumiyyətlə, Göyçə gölü və Zəngi çayı hövzəsi boyunca yayılan qədim yaşayış məskənlərinin coğrafi məkan üzrə təsnifatını əski yaşayış ocaqları və qədim qəbirstanlıqların yayılma arealına əsasən aşağıdakı kimi qruplaşdırmaq olar:

-son bürünc-erkən dəmir dövrünə aid-

Qul Əlı, Əmirxeyir, Yuxarı və Aşağı Adıyaman, Qırxbulaq, Qışlaq, Qaraqoyunlu (Əzizli) kəndlərinin ərazisindəki yaşayış ocaqları, yurd yerləri və daş qəbirüstü qoç, dəvə, buğa...timsallı sanduqələrin yayıldığı qəbirstanlıqlar (1500-900 illik yaşa malik);

Türk-Müsəlman tayfa-qəbilə birliklərinin Göyçə gölü hövzəsindəki əski yaşayış ocaqları əsasən hündür dağlıq silsilələrinin (1800-2400 m hündürlüklü) orta və aşağı meşə, meşə-kol və quru çöl landşaft qurşaqlarını tutmaqla, Göyşə gölünün yaxınlığındakı alçaq təpəlikli, çayətrafı yataqları da əhatə etmişdir. Göyçə gölünün qərb hissəsində Gəyən dağlıq silsiləsi (Acıdağ zirvəsi, 3597 m) hövzəsində, Qarabulaq-Qaranlıq nahiyələrini əhatə edən Naltəpə dağından (3177 m) axan bulaqların suyundan yaranan Dərəçay çayı (Göyçə gölünə tökülür) keçən Qul Əli kəndi həm də Ərmağan zirvəsindən (2829 m) 4 km şərqdədir, bu yerlər də əski insan yaşayışı məkanlarıdır. Göyçə gölündən 500 m aralıdakı Çaykənd, 3-4 km cənub-qərbdə yerləşən Qul Əli kəndlərində bürünc-dəmir dövrünün silah-əmək alətləri, müxtəlif bəzək əşyaları tapılmış, qədim qəbirstanlıqlar üzə çıxmışdır.

Bu hövzədə qədim yaşayış məkanlarına bitişik Kosa Məhəmməd kəndi Qul Əli kəndindən 1,5 km qərbdə, Kəvər çayının sağ sahilində yerləşir.

Hövzənin cənub-qərbində Qaraqoyunlu-Qaranlıq nahiyələri ərazisində (Qaranlıq, Gölçay, Ayrıca çayları hövzəsində) qədim qəbirstanlıqlarda Xristianlığa qədərki əski Türk-Müsəlman inanclarının təcəssümü kimi dörd cəhəti-"insan yaşayan cəhətlərin və torpaq, su, hava, od ünsürlərin bütövlüyü" mənasını  əks etdirən daş nişanələr, iri daş sənduqələr, qoç, dəvə, buğa...təsvirli kiçik ölçülü qəbirüstü abidələrə rast gəlinmişdir, xüsusilə, Adıyaman kəndi yaxınlığında.

Orta əsrlər dövrü tarixini özündə yaşadan Gölkənd kəndi eyniadlı çay yatağı boyunca 1929 m yüksəklikdə salınıb, Qaranlıq nahiyə mərkəzindən qərbdə yerləşir, Göyçə gölünün cənub-qərb qurtaracağını tutur (göldən 500 m-1 km aralıdır) və əski minilliklər yadigarı olan qəbirstanlıq və qəbirüstü daş nümunələri ilə məşhurdur.

Göyçə gölü hövzəsinin cənub-qərbində, Ayrıca-Qaranlıq çayları yatağı boyunca yerləşən Adıyaman-Çaykənd-Qul Əli-Kosa Məhəmməd kəndləri və onlara bitişik coğrafi məkanlar kimi Türk-Müsəlman dünyası üçün əski yaşayış məskənləri olaraq maddi-tarixi əhəmiyyət daşıyan bu qədim ocaqlar, dini məbəd tikililəri-maddi nümunələri dəyərində olan milli-tarixi irs sərvətləri hövzənin şimal-şərq ərazilərində də yayılmışdır.

Basarkeçər nahiyəsinin Aşağı və Yuxarı Zağalı kəndləri Göyçə gölünün ucqar cənub və cənub-şərq qurtaracağında, gölə yaxın ərazidə yerləşməklə, orotoponim kimi "qədim insan yaşayışı ocaqlarının-mağaraların" olduğu anlamı da ifadə edir. Aşağı Zağalı kəndi 1920 m yüksəklikdə yerləşir, kəndin cənub və qərb hissələrində I minillikdə tikilən Qala (3,5 hektar sahədə), ətrafında əski qəbirstanlıq, divarlarında gil yazı lövhələri və mağara yaşayış kompleksi bu yaşayış məntəqəsinin II-III minillik tarixə malik olmasını bildirir. Bazalt daşdan inşa edilən Qala kəndin qərb yönündədir, giriş hissəsində iri ocaq yeri olan mağara kompleksinə yaxındır.

Hay-daşnak mənşəli arxeoloq-etnoqraf E.A.Lalayan (1864-1931) 1906-cı ildə Aşağı Zağalı kəndi və ona yaxın yaşayış məntəqələrində əski insan yaşayışı ocaqlarında, qədim qəbirstanlıq və istehkam tikililəri olan ərazilərdə qazıntı işləri aparmışdır. Əsas tədqiqat mövzusu "erməni" etnoqrafiyası və "Ermənistan" arxeologiyası olmuş E.Lalayan Moskva Arxologiya Cəmiyyətinin üzvü kimi həm də "Etnoqrafik toplu"nun redaktoru və naşiri idi, 1909-cu ildə Tiflis şəhərində yaradılmış Arxeoloji-etnoqrafiya Muzeyinin təşəbbükarı (XX əsrin əvvəllərində həm də Nersesyan seminariyasında dərs deyib) olub, bu qurum 1921-ci ildə İrəvan şəhərinə köçürülmüşdür.

Qeyd etmək lazımdır ki, XVIII-XIX əsrlərdə çar Rusiyasının görkəmli arxeoloq-tarixçilərinin Cənubi Qafqazla bağlı zəngin arxeoloji-etnoqrafik tədqiqat işlərinin  nəticələri və üzə çıxardıqları maddi-tarixi irs nümunələri bu Muzeydə toplanmışdır.

"Ermənistan" Dövlət Tarixi Muzeyi köçürülən Arxeoloji-etnoqrafiya Muzeyi bazasında yaradılmışdır.

Qərbi Azərbaycanın bu qəbildən qədim arxeoloji ocaqlarına yiyələnmək və həmin ərazilərin "erməni"ləşdirilməsi məqsədi ilə gölün şimal-şərq hissəsində Çəmbərək nahiyəsinin Əmirxeyir kəndi yaxınlığında (1600 m yüksəklikdə) 2004-2008-ci və 2017-2020-ci illərdə hay sürüsü tərəfindən beynəlxalq elmi-arxeoloji ekspedisiya (AFR, Fransa, ABŞ, Portuqaliya, İzrail...mütəxəssisləri və "Ermənistan" EA-nın Arxeologiya və etnoqrafiya institutunun nümayəndələri ilə birlikdə) təşkil edilmişdir. Ərazidən tapılan nümunələr (daş əmək alətləri, bizon, maral sümükləri) hövzənin bu yaşayış məskəninin 70 min illik yaşa malik olmasını (Daş dövrü) sübut etmişdir.

Üst Daş dövrünə aid arxeoloji abidələr, yaşayış ocaqları Əmirxeyir kəndinin qərbində, 2,5-3 km aralı olan Dikdaş (3132 m), cənub-şərqdəki (4-5 km məsafədə) Cantəpə dağı (2422 m) ətəklərində, palıd meşəliyində yayılmaqla geniş ərazi tutur.

 

(ardı var)

 

  R.S. Zəngibasar vadisinin Ellər nahiyəsi sonralar hay kilsəsi tərəfindən-"Kotayk", Nəhridüz kəndi-"Arqel", Qul Əlı kəndi-"Kanaqex", Kosa Məhəmməd kəndi-"Qandzak", Əmirxeyir kəndi-"Kalavan", Adıyaman (Çaykənd) kəndləri-"Qetaşen", Gölkənd kəndi-"Liçk", Qırxbulaq kəndi-"Akunk", Qışlaq kəndi-"Artsvakar", Qaraqoyunlu (Əzizli) kəndi-"Norabak", Aşağı Zağalı kəndi-"Tsovak", Yuxarı Zağalı (Qızıl xaraba) kəndi-"Axpradzor", Naltəpə dağı-"Paytasar", Ayrıca çayı-"Arqiçi", Qaranlıq çayı-"Martuni"... adlandır.

 

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

Olaylar.- 2023.- 17-30 mart.- S.17.