BİR ŞAİRİN SEVGİ

MEHRABI – VƏTƏN!

 

Yaradıcılığını çox sevərək oxuduğum şair Alməmməd Eldaroğlunun yeni kitabı çapdan çıxıb. "Könlümün yurdu Vətən" adlanan kitabında şairin başlıca olaraq yeni şeirləri toplanıb. Şairin yeni çap etdirdiyi şeirlərində xalqımızın Vətən müharibəsində qazandığı qələbənin qəlbi saran duyğuları, vətənə, torpağa məhəbbət və bağlılıq  hissləri başlıcalıqla poetik təsvirini tapıb.

"Vətən əmanətdir" (2011) deyib müqəddəs bir haqq yoluna çıxan, "Mənim gördüyüm dünya"-dan (2013) təcrübə etdiyi, tanıdığı dünya haqqında təəssüratlarını oxucularla bölüşən, "Niyə belədir dünya?" (2021) deyib hamını düşündürən, "Dağlar qartalı" (2022) ilə zirvələrə ucalan və özü ilə bərabər həyatları, məqamları uca insanları da öz xəyal aləmində qartal kimi süzdürən və ucalardan seyr etdiyi Vətəninin "Vətən harayı"nı (2022) sözə gətirən bu istedadlı təb sahibinin növbəti söz məqamı "Könlümün yurdu Vətən" olub.  Şairin yeni şeirlər kitabı məhz belə adlanır: "Könlümün yurdu Vətən"...

Məsələ burasındadır ki, ixtisasca filoloq olmayan Alməmməd müəllimin çox qəribə söz duyumu, özünəməxsus, zəngin mənalara malik ifadə imkanları var. A.Eldaroğlunun sözündə özünəməxsus bir dad, bir duyum, bir ifadə imkanı var. "Könlümün yurdu Vətən" deyən şairin son duyğularının əsas ünvanı, adından da göründüyü kimi, vətəndir: ucsuz-bucaqsız çöllərə, silsilə, başı qarlı uca dağlara, barlı-bəhərli torpaqlara, yaşıl-yaşıl meşələrə malik, ormanlar yurdu, mehriban, qonaqpərvər, qəlbi, mənəviyyatı dərin, əxlaqı zəngin insanların, min illərin söz xəzinəsinə malik, böyük, istedadlı insanlar yurdu olan bir vətən...

Kitabın ilk şeiri Azərbaycandan - vətəndən başlayır. O vətən ki milyon-milyon insanların min illərə dayanan doğmaca yurdu, mədfən və məskən yeridir, qartaltək qanadlarını açıb mavi səmalarda azad-azad qürurla süzür, dosta qürur, düşmənə ağrı verir. O vətən ki səndən, məndən, ondan başlanır:

Vətən  mənə  Sarıdaş,

Vətən mənə Naxçıvan,

Vətən qanlı torpağım -

Qarabağım,  Şuşamdır!

Vətən  müqəddəs  torpaq

Vətən  Turan  elimdir.

...Vətəni  vətən yazan,

Şəhid,  qazilərimdir.

Vətən hərb  meydanında,

Zəfərə imza  atan

Ər  oğlum,  ər  qızımdır.

Ulu  Öndər  Heydərim,

Müzəffər İlhamımdır,

O  tay, bu taylı  torpaq

Əzəl  yurdum, yuvamdır.

...Vətən mənim kimliyim,

Vətən cahan pasportum.

Bütövləşən Turandır,

Vətən  AZƏRBAYCANDIR!

Şair çox böyük istedadla vətənin mənəvi tərifini, dəyərini ustalıqla ifadə etmiş, Azərbaycan adlı vətənin vətən mahiyyətini bütün tərəflərilə sözdən xəritəsini yaratmışdır. Bu mövzuda çox qiymətli, ustad sənətkarların da əsərləri var. Amma sənətkar məharəti, söz ustalığı ordadır ki, şeir tamamilə orijinaldır, ifadə də, məna da tamamilə özünəməxsus və yenidir.

Şairin bu kitabına, demək olar, başdan-ayağa tamamilə yeni əsərlər daxil edilib. Olduqca zəhmətkeş olan şairin onlarla yeni, gözəl şeirləri məhz bu kitabında toplanaraq oxucuların ixtiyarına verilir. Burada hər bir əsərin öz yeri, öz maraqlı ideya-estetik keyfiyyəti, dərin mənəvi və əxlaqi mənası vardır. "Vətən Azərbaycandır" şeirindən başlayaraq şair "Könlümün yurdu vətən", "Şənüzlü Şuşam", "Salam olsun", "Azərbaycan" şeirlərində vətənə məhəbbət və bağlılığın etnopsixologiyası və fərdi vətəndaşlıq duyğularını əks etdirib. Alməmməd Eldaroğlu Naxçıvan ədəbi mühitinin o sənətkarlarındandır ki. bu kimi əsərlərilə Azərbaycan vətəndaşlıq lirikasını zənginləşdirməyə xidmət etmişdir.

Ümumiyyətlə, Alməmməd Eldaroğlunun yeni kitabı zəfər duyğularının tərənnümü ilə də zəngin və özünəməxsusdur. 2020-ci ilin noyabrında Müzəffər və uzaqgörən, müdrik Ali Baş Komandan İlham Əliyevin və qəhrəman, şanlı döyüş qüdətinə malik olan Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı misilsiz qələbə hamının qəlbində, ruhunda coşqu və fərəh hissləri doğurduğu kimi, şair Alməmməd Eldaroğlunun da fəxarət mənbəyinə çevrilmişdir. Bu baxımdan onun növbəti kitabındakı şeirlərinin çoxunda məhz Qələbə sevinci, Zəfər duyğuları yer almışdır. Şair, əlbəttə ki,  Vətənin bir, amma müqəddəs parçaları olan Qarabağa, Şuşaya həsr etdiyi şeirlərində, Ali Baş Komandana, rəşadətli ordumuza, qazilərimizə və şəhidlərimizə həsr etdiyi şeirlərində bütün sevinc və fəxarət duyğularını yaşatmış, bu sevinci yaşadanlara ümumxalq razılığını da poetik ustalıqla dilə gətirmişdir. "Baş komandan, Milli Ordu" şeirində şair 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanı, əzəmətli, müdrik şəxsiyyəti, ümumən yeni əsrdə Azərbaycanın işğal edilmiş torpaqlarının birdəfəlik həlli məsəsləsini köklü surətdə həll etməyə qadir olmuş Müzəffər Ali Baş Komandan İlham Əliyevə və şücaət və qəhrəmanlığı ilə hərb tarixinə qızıl hərflərlə adını yazdırmış Azərbaycan Milli Ordusuna minnətdarlıq hissləri, əbədi minnətdarlığı ifadə edilmişdir:

Bayraq uca, uğur zəfər,

Qələbədi yürüş, səfər.

O, müzəffər, bu, müzəffər,

Baş Komandan, Milli Ordu!

Şair bütün hallarda vətənpərvərlik hisslərini tam səmimiyyətlə ifadə edir. İfadələrin özünəməxsusluğu həm də onun sadəliyindədir. Şair vətənə olan məhəbbətini səmimi şəkildə ifadə etməklə ən duyğulu vətənpərvərlik misraları ortaya qoymağa müvəffəq olmuşdur. Xalq şairi Məmməd Araz kimi  şair Alməmməd Eldaroğlu da daşına, torpğına, ağacına, quşuna, dərəsinə, təpəsinə, dağına və s. göstərdiyi ayrı-ayrı məhəbbət nümunəsilə bütövlükdə vətənə olan məhəbbəti ehtiva etmişdir. Kitabın ilk səhifəsini açan "Vətən Azərbaycandır" şeirindən başlayaraq "Yerlə göy ülfəti", "Könlümün yurdu vətən", "Şənüzlü Şuşam", "Ay-ulduzlu bayrağım" və başqa şeirlərində vətənə məhəbbətin poetik ifadəsini müşahidə edirik. Bu və bu kimi şeirləri Naxçıvan ədəbi məktəbində vətəndaşlıq lirikasının davamı və gözəl örnəkləri kimi qiymətləndirmək olar. Bu şeirlərin hər birində vətənə bəslənilən müdhiş bir sevgi öz ifadəsini tapmışdır. "Vətən Azərbaycandır" şeiri şairin vətən mövzulu lirikasının şah nümunəsi, ən gözəl örnəyi hesab edilə bilər. Şair bu kimi poetik, həssas notlarını "Könlümün yurdu vətən" şeirində də davam etdirmiş və tamamlamışdır. Bu şeirdə vətən məhəbbəti daha alovlu, daha poetik şəkildə əks edilmiş, təlqinedici, çağırışçı bir şəkil almışdır:

Əzəli və əbədi

Qəlbimin odu vətən.

O, Müqəddəs Kəbədir,

Könlümün yurdu Vətən!

Şair Azərbaycanın qazanılan zəfərini ata - ulu öndər Heydər Əliyevin müdrik yolunun və uzaqgörən fəaliyyətinin, ləyaqətli övlad, xalqın ümid çırağı Prezident İlham Əliyev üçün qoyduğu vəsiyyətin nəticəsi hesb edir. Şair bu cür sevinc notlarını "Zəfərin göyləri məxməri səhər", "Şənüzlü Şuşam", "Qazilər" və başqa şeirlərində davam etdirərək Azərbaycan xalqının ümumi sevinc, qəhrəmanlıq və vətən məhəbbətini ifadə etmişdir. Şair həmçinin Vətən müharibəsinin şəhidlərinə hörmət, qazilərinə ehtiram örnəkləri olan şeirlər də ərsəyə gətirmişdir. Həmin əsərlərdə şəhid və qazilərimizə böyük ehtiramla, minnətdarlıqla bərabər şəhid valideynlərinə də təskinlik verən, minnətdarlıq  edən gözəl əsərlər ortaya qoymuşdur. Yeni kitabına daxil edilmiş "Şəhidim, qəhrəman leytenant Əli", "Dağlar aşıb səndə olan məhəbbət", "Haqq payı", "Qazilər", "Baharı payız olan ana" və başqa nümunələr məhz bu kimi duyğu və düşüncələrlə zəngin olan əsərlərdirlər. Bu şeirlərin arasındakı "Qayıt gəl" şeiri daha təsirli və ürəkgöynədəndir. "Qayıt gəl" şeiri şəhid analarına rəğbət və onların dililə təqdim edilmişdir. Şeirdə övlad itkisindən doğan dərin bir yanğı özünü hiss etdirsə də, vətənin birliyi, torpaqların bütöbvlüyü, xalqın şərəfi, ləyaqəti, namusu, dövlətimizn ucalığı naminə özünü fəda edən övladların qəhrəmanlığından doğan bir qürur, mənlik, fəxarət hissləri də qabarıq özünü ifadə etmişdir:

Mən üzümü ucalara tutmuşam,

Bir ümid ver, buralara qayıt gəl.

Qara torpaq kül sovurur gözümə,

Kəmənd atıb  buludlara qayıt gəl,

Bir ümid ver, buralara qayıt gəl.

...Dağlar dərdim, dağ dərdidi bu daşlar,

Dağladıqca ürək sızlar, göz yaşlar.

Payız getdin köç edəndə bu quşlar,

Bu yaz qoşul durnalara qayıt gəl,

Bir ümid ver, buralara qayıt gəl.

Ömrü boyu bir çiçəyi dərmədin,

Bir eşq nədi, sevgi nədi, bilmədin.

Bir ürəyi incitmədin, üzmədin.

İnsaf elə,  sonalara qayıt  gəl,

Bir ümid ver, buralara qayıt gəl.

...Ürəyimdə  oğul dərdi qubardı,

Ha boylandım  yollar səni apardı.

Mən Vətənəm, Vətən səsim haraydı,

Rəhmin gəlsin analara, qayıt  gəl,

Bir ümid ver, buralara qayıt gəl.

Şair Alməmməd Eldaroğlu yaradıcılığı üçün həm də xarakterik olan Azərbaycanın qardaş həsrəti - Azərbaycanın bütövlüyü idealına inam və Cənubi Azərbaycan məhəbbətinin ifadəsidir. Vaxtilə yazdığı "Qonaq getmişdim Araza" adlı poeması və "İstiqlal, Təbriz", "Təbrizim" kimi şeirlərində şairin həsrət duyğuları sözün qanadlarında qanad çalaraq poetik dünyanın üfiqlərində bütöv, böyük Azərbaycan günəşi kimi işıq saçır, inam, ümid şəfəqlərini yayır.

Beləliklə, son dövrlərin ədəbi mühitində Alməmməd Eldaroğlunun yaradıcılığı maraqlılığı və orijinallığı ilə geniş oxucu kütləsi tərəfindən sevilərək qəbul edilir və onun əsərləri Azərbaycan adlı canımız və qanımız olan Vətənə poetik nəğmələr kimi səslənir.

 

Ramiz QASIMOV

filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri

 

Olaylar.- 2023.- 31 mart-6 aprel.- S.19.