Ruhun şad olsun, ustad!
Azərbaycanın Əməkdar elm
xadimi, şöhrət ordenli, filologiya üzrə elmlər
doktoru, professor Yusif Seyidovun yaradıcılığı Azərbaycan
elmində böyük bir mərhələ, sütun təşkil edir. Onun zəngin və çoxşaxəli
yaradıcılığı filologiya sahəsində əhəmiyyətli
bir yerə malikdir. O,
sistemli, ardıcıl və konseptual şəkildə
qrammatika ilə məşğul olsa da, dilçiliyimizin aktual
və problematik məsələlərinə laqeyd
qalmamış, vətəndaş-alim mövqeyi nümayiş
etdirmiş və yekdil fikir bildirmişdir. Onun
üçün dil faktının böyüyü və ya
kiçiyi yox idi: O, hər bir dil elementinə böyük
problemin ciddi bir ünsürü kimi baxır və tədqiqat
müstəvisinə gətirərək tutarlı elmi qənaətlərini
ifadə edirdi.
Professor
Yusif Seyidovun saysız-hesabsız elmi əsərləri, onlarla publisistik məqalə, tədrisdə
və kadr hazırlığındakı fəaliyyəti,
neçə-neçə yetirmələri, onun uzun
ömrünün silinməz səhifələrini təşkil
edir. 1972-ci ildə çap olunan üçmüəllifli
"Müasir Azərbaycan dili" (Sintaksis) dərsliyinin
müəlliflərindən biri olması onun ən məhsuldar
işi kimi yüksək qiymələndirilmiş və
1974-cü ildə dövlət mükafatına layiq
görülmüşdür.
Yusif
Seyidov 1929-cu ilin may ayında Naxçıvan Muxtar
Respublikası Şərur rayonunun Yengicə kəndində
anadan olub. Orta məktəbi də həmin kənddə
1944-cü ildə bitirib. "Əziz və doğma məktəbim"
adlı məqaləsində gənclərin mütaliə
qabliyyətini artırmağı, kitablarla yoldaşlıq etməyi,
ən vacibi ana dilini sevməyi və öyrənməyi, bu
dildə rəvan danışmağı, səhvsiz
yazmağı, onu qorumağı, daha da inkişaf etdirməyi
tövsiyə etmişdir. Yusif Seyidov elmi
yaradıcılığa və pedaqoji fəaliyyətə ilk
dəfə 1952-ci ildə "Azərbaycan müəllimi"
qəzetində dərc etdirdiyi
"Azərbaycan dilinin qrammatikası haqqında"
adlı ilk məqaləsi ilə başladı və
böyük nöqtəni də 60 il sonra - 2013-cü ilin
noyabr ayının 18-də qoydu. Bu ömrun 60 ili
də Bakı Dövlət Universitetinin "Azərbaycan dili və
onun tədrisi metodikası" kafedrasında keçdi.
Özünün dili ilə desək, məbədinə
çevrilən bu ocaqda həyatın ictimai pillələri ilə
irəlilədikcə
keşməkeşli yollardan keçdi.
1955-ci ildə "Müasir Azərbaycan dilində feili
bağlama tərkibləri" mövzusunda namizədlik
dissertasiyası, 1965-ci ildə isə "Müasir Azərbaycan
dilində söz birləşmələri" mövzusunda
doktorluq dissertasiyası müdafıə etməsi onu tamamilə
qrammatist kimi tanıtmışdı. Amma onun elmi
yaradıcılığı sintaksis cərçivəsində
qalmadı, mövzu və mündəricə baxımından
çox geniş miqyası əhatə etdi. Azərbaycan dilçiləri içərisində ən
çox əsəri (15 cilddə) olan alim heç vaxt
özünü təkrar etmədi. O, həmişə ilklərə
imza atdı.
İlk dəfə
linqvistik təhlilləri bədii nəsr nümunələri
ilə aparmaq ənənəsini Yusif Seyidaov dilçilik elminə
gətirdi. Nəzərə alsaq ki, Yusif müəllim
neçə-neçə dərsliyin müəllifi olub, deməli,
ədəbiyyat nümunələrini dil dərsliklərində
görən şagird və tələbə buna etinasız
yanaşa bilməz. Yusif müəllimin bütün elmi və pedaqoji fəaliyyəti
milli ruha köklənmişdi. Belə ki, rus və Avropa
dilçilik məktəblərinə yaxından bələd
olan alim heç vaxt həmin nəzəriyyələri Azərbaycan
dilinə uyğunlaşdıraraq uydurma dil faktları göstərmir,
şablonları Azərbaycan dilinə yamamır, əksinə,
canlı xalq danışığında dil faktını
müşahidə edir, həmin faktı ədəbi dildə
axtarır və sonra ona elmi və nəzəri təhlil verərək
hökm çıxarırdı.
Yusif
Seyidovun B.Çobanzadə, Ə.Dəmirçizadə,
İ.Həsənov, M.Xəlifəzadə, Y.Mirbabayev, M.Şirəliyev,
M.Hüseynzadə və digərlərindən bəhs etdiyi
"Azərbaycan dilçilik elmini yaradanlar və inkişaf
etdirənlər", habelə
görkəmli dilçi alim Nəsir Məmmədovdan bəhs
edən "Əlli il maarif cəbhəsində", Afad
Qurbanovun "Bədii mətn və linqvistik təhlil",
Ə.Dəmirçizadənin Füzulinin ədəbi dilimizin
tarixində yeri haqqında apardığı tədqiqatlarından
bəhs edən "Azərbaycan dilinin xəlqi təbiəti
və bədii vüsəti", böyük dilçi alim Səlim
Cəfərova həsr olunan 5 böyük elmi əsəri və
s. Azərbaycan
dilçilik elminin inkişafında xidmət göstərən
sələflərinə böyük ehtiramın ifadəsi
idi.
Bu korifey
dilçinin, azman şəxsiyyət və ustad müəllimin
yaradıcılığı kifayət qədər monoqrafik
material verir. Belə ki, professor Yusif Seyidovun zəngin və
çoxşaxəli elmi yaradıcılığının
bir istiqaməti ilə bağlı "Professor Yusif Seyidovun
dilçilik görüşləri (ədəbi dil məsələləri)"
mövzusunda Aliyə Əbülfəz qızı Musayeva
dissertasiya yazmış və uğurla müdafiə
etmişdir. Azərbaycan dilçiliyində ədəbi dil məsələlərinin
tədqiqi müəyyən bir tarixə malik məsələ
olsa da, bu sahədə zəruri nəticələr əldə
edilsə də, səthi yanaşılmış, konkret bir qənaətə
gəlinməmiş məsələlər də az deyildir. Yusif Seyidov ədəbi dil məsələlərini
mütəmadi olaraq araşdırmış və silsilə əsərlər
yazmışdır. Azərbaycan ədəbi
dilimizə dərindən nüfuzu və yeni, ən yeni
dövr ədəbi prosesini araşdırmalarında
ardıcıl izləməsi nəticəsində ortaya
qoyduğu 6 monoqrafiya, onlarla elmi əsər və gəldiyi
elmi qənaətlər diqqəti cəlb edir. Onun "Klassik Azərbaycan şairləri
söz haqqında", "Yazıçı və dil",
"Sözün şöhrəti", "Sözün
qüdrəti", "Sözün hikməti" və b.
kimi sanballı monoqrafiyalarındakı konkret nümunələrdən gəlinən
nəticələrlə dəqiq faktlar və göstəricilər
təqdim etməsi dilçi-ədəbiyyatşünas və
tənqidçi alimin bu kontekstdə min illik (XI-XXI əsrlər) Azərbaycan
yazıçılarının klassik şeir dilinə məxsus
yüksəlişi və xalq dilinə məxsus təbiiliyini
təhlil etmiş, söz haqqındakı düşüncələrini,
xidmətlərini, fikirlərini
sistemə salmış, tarixi ardıcıllığı izləmiş
və salnamə
yaratmışdır. Ədəbi-bədii dil və
ədəbiyyata dair onlarla məqaləsi "Ədəbi tənqid
və bədii dil" kitabında toplanmışdır. Y.Seyidov "Yazıçı və
dil" probleminin iki istiqamətdə, yəni
yazıçının əsərlərinin dili və dil haqqındakı
görüşlərinin öyrənilməsinin tərafdarı
kimi çıxış edirdi.
Professor
Yusif Seyidovun Azərbaycan dili tarixinə dair apardığı
səmərəli tədqiqatlar, habelə "Nəsiminin əsərləri
Azərbaycan ədəbi dilinin tarixi abidəsi kimi",
"Dastani-Əhməd Hərami" haqqında bəzi qeydlər",
"Kitabi-Dədə Qorqud"un dilində sadə cümlə
(inkişaf səviyyəsi)", "Kitabi- Dədə
Qorqud" dastanlarının dilində tərkib və budaq
cümlə paralelizmi", "Dövrün (XII-XIX əsrlər)
şeir dilinə ümumi bir nəzər", "Ədəbi
şəxsiyyət və dil" və s. məqalələri,
habelə "Nəsiminin dili" monoqrafiyası ciddi və
ardıcıl müşahidə və axtarışların,
dil tariximiz haqqında dərin və hərtərəfli elmi tədqiqatların
məhsuludur.
Xalqımızın
"ana kitabı" olan ""Kitabi-Dədə Qorqud"
dastanı haqqında", ""Dastani-Əhməd Hərami"
haqqında bəzi qeydlər", Yusif Məddahın "Vərqa
və Gülşa" poeması, klassik ədəbiyyatımızın
araşdırılmasından bəhs olunan "Klassik irs
qayğıları" adlı əsəri sarsılmaz özülə malik
olan ədəbi irsimizin araşdırılmasında
mühüm qaynaqlardandır.
Məlumdur ki, Y.Seyidovun elmi
yaradıcılığında ədəbi şəxsiyyətlərə
maraq güclü olmuşdur. Professor Yusif Seyidov tədqiqatlarında
Azərbaycan ədəbiyyatı xəzinəsinə
böyük incilər bəxş edən ustadlara həsr
olunan araşdırmaları geniş və əhatəli şəkildə
yer alır. Alimin XX əsr Azərbaycan şeiri və nəsrində dil
məsələsinə də xüsusi diqqət göstərmiş
və ədəbi prosesi ardıcıl və davamlı olaraq
izləmişdir. "Üç zirvənin fatehi"
adlandırdığı Mir Cəlal Paşayev haqqında
"Şirin söz ustadı", akademik İsa Həbibbəyli
haqqında "Akademik İsa Həbibbəyli" , Rəsul Rza, Mirzə İbrahimov
yaradıcılığında dil məsələsi, Səməd
Vurğun haqqında yazdığı "Şairin dərdi",
"Xalq yazıçısı Elçin" adlı
monoqrafiyasındakı ədəbi və bədii dil məsələləri öz elmi izahını
tapmışdır. Bu əsərlərdə
qoyulan məsələlər Azərbaycan dilçiliyi
üçün nə dərəcədə zəruri əhəmiyyət
kəsb edirsə, gəlinən nəticələr, əksini
tapan qənaətlər də ədəbiyyatşünaslığımız
üçün bir o dərəcədə əhəmiyyət
və fayda kəsb edir.
Fikrimcə, yazılan hər bir əsərin arxasında
onu yazan müəllifin əqli düşüncəsi ilə
yanaşı onun xarakteri də dayanır. Yusif Seyidovun əsərlərindəki
polemika, elmi müzakirə və mübahisələr onun
yüksək nəzəriyyəsinin göstəricisidirsə,
hər cümlənin arxasındakı ana dilinə olan sevgi,
milli ruha köklənmək, milli dəyərlərə xitab
etmək, axıcılıq, sadəlik isə onun xarakterinin
nümayişidir. Bəllidir ki,
dilçilik konkret və fakta söykənən elmdir. Bu cəhətdən Yusif müəllimin dilinin sadəliyi
və axıcılığı onun riyazi dəqiqlik tələb
edən dilçilik əsərlərini oxunaqlı edirdi.
Yusif müəllimin mühazirə deyəndə
sadə, anlaşıqlı dili səsinin həlim ahəngi ilə
qulağa mirvari kimi süzülürdü. Biz onu dinləməkdən
və əsərlərini oxumaqdan yorulmurduq. O, bizə sadə məsləhətlər
verəndə belə adama elə gəlirdi ki, o, geniş
auditoriya qarşısında məruzə edir. Öyrənməkdən
və öyrətməkdən yorulmayan, daima axtarışda
olan pedaqoq-alim şəxsi nümunə, insanlıq mücəssəməsi
idi.
Mənim əziz
elmi rəhbərim Yusif müəllimlə bağlı
saysız-hesabsız xatirələrim var. Onlardan birini
oxucularımızla bölüşmək istəyirəm:
...indi yaşadağımız əsrin əvvəlləri
idi. Aspiranturaya daxil olanda o vaxt akademik İsa Həbibbəyli
Naxçıvan Dövlət Universitetin rektoru vəzifəsində
çalışırdı. O, bizim ən kiçik
problemimizlə yaxından məşğul olur və yerindəcə
həll edirdi. İsa müəllim Yusif müəllimdən
xahiş etdi ki, mənə elmi rəhbər olmağa
razılıq versin. Yusif müəllim mənə
"Azərbaycan dilində qeyri-təyini ismi birləşmələr"
mövzusunda dissertasiya mövzusu verərndə, Dədə
Qorquddan üzü bəri bütün klassiklərin dilindən
qeyri-təyini ismi birləşmələrlə bağlı
dil faktlarını toplamağı və işlənmə
tezliyinin statistikasını göstərən cədvəl
hazırlamağı tapşırdı. O anda
gözümün qarşısına anadilli Azərbaycan ədəbiyyatı
gəldi: mən onların hamısını oxumalıyam və
nümunə seçməliyəm... "Bir qalanın
sirri" filmindəki Elşən kimi məni vahimə
bürüdü və titrək səslə dedim: "Qeyri-təyini
ismi birləşmələrin 5 forma, 30-a yaxın modeli,
növü ilə bağlı nümunələrin
hamısını toplamaq və statistikasını aparmaq
çox olmaz?..". Dedi ki, çox olarsa,
onda ismi birləşmələrlə bağlı dil
faktlarını da topla! Əlyazma dəftərlərinə
baxacağam (50-dən çox qalın dəftərlərə
yazdığım toplama materiallarım indi də arxivimdə
qalır - Z.İ.). Yusif müəllim nə
qədər təvazökar, sadə və mülayim insan olsa
da, bir o qədər də ciddi və tələbkar idi.
Mən qısa müddətə dissertasiyanı yazsam da,
nümunələri toplamağım və cədvəl hazırlamağım
uzun illər çəkdi. Artıq
möhürlü rəyimi alandan sonra özümdə cəsarət
tapıb elmi rəhbər "işgəncə"sinin səbəbini
soruşdum: "Yusif müəllim, axı 170 səhifəlik
dissertasiya varkən, bu iki səhifəlik cədvəl nəyə
lazım idi?" Yusif müəllimin səsinin
ahəngi dəyişdi. Dedi ki, o dissertasiya sənə Azərbaycan
dili ixtisasında alimlik dərəcəsi qazandıracaq, bu məzəmmət
etdiyin iki səhifəlik cədvəl isə sənə ədəbiyyatı
tanıdacaq. Təəssüf hissiylə sözlərinə davam etdi
ki, indiki gənclik tənbəldi,
mütaliəni sevmirsiz. İşiniz düşməyincə
Dədə Qorqudu, Nəsimini, Xətaini, Füzulini, Vaqifi,
Ordubadini, Cəlil Məmmədquluzadəni, Cavidi, Səməd
Vurğunu və digər klassikləri oxumursunuz. Mənim yetirmələrimə
bu statistik cədvəli hazırlatmaqda məqsədim nümunə
toplayarkən onları ədəbiyyatla dərindən
tanış etməkdir, sizlərə başa salmaq istəyirəm
ki, bütövlükdə Azərbaycan ədəbiyyatına
bələd olmadan və özünüzdə bu sevgini
yaratmadan yaxşı dilçi alim olmaq mümkün deyil. Onun
iş prinsipinin, iş metodikasının sirri bu idi: Azərbaycan
dilini və ədəbiyyatını sevmək və sonra
öyrənmək. Əgər indi mənim Azərbaycan
ədəbiyatına bələdçiliyim varsa, o haqda
danışmağa mövzum varsa, əminliklə deyə bilərəm
ki, Yusif müəllimin sayəsindədir. O, yetirmələri
üçün həmişə ən
yaxşısını düşünürdü... Təmiz qəlbli, təmənnasız rəhbərimizə
Bakıya yolumuz düşəndə "Yusif müəllim,
kənddən könlünüzün çəkdiyi bir
şey lazımdırsa, gətirək"- deyəndə,
"Sağ-salamat gəl, əziyyət olmazsa, beş-altı
quru təndir lavaşı və bir hörük də dağ ələyəzi
gətir" - deyərdi. Yaşa dolduqca
kövrəkləşən müəllimimizi torpaq həsrəti
ağuşuna almışdı. Kəndindən gedən
ən kiçik şeylərdən belə illərin
arxasından boylanan uşaqlığının, gəncliyinin
qoxsunu alırdı, həmçinin ata-anasının, erkən
dünyadan köçən bacı-qardaşının
yatdığı torpağa həsrətini ovudurdu... Bütün bunlar
yaşlı vaxtlarında yurd sevgisinin, torpağa
bağlılığının, kənd-kəsəyinin
havasına möhtaclığının və gözlərindəki
nigarançılığın ifadəsi idi... O,
özünün daxili aləminin portretini belə
cızmışdı: "Allah məndən çox şeyi
əsirgəyibdir. Hər mənzilə
daşlı-kəsəkli yollarla getmişəm. Ancaq bunların əvəzində Allah mənə
sevməyi də, nifrət etməyi də bacaran bir ürək
veribdir. Hər cür hiylədən, məkrdən
uzaq bir ürək. İnsanlara xidmət
eşqi ilə döyünən bir ürək. Nadan
sözünü vecinə almayan, dostun adi laqeydliyindən
sınan bir ürək...". Bu ürək daimə
Azərbaycan elminə xidmətlə alavlandı.
Dilçilik
elminin ən görkəmli nümayəndəsi olan professor
Yusif Seyidovun yetirmələri o məktəbin nümayəndəsi
olmağın qürür və fəxarət duyğusunu, həmçinin
məsuliyyət hissini bir ömür boyu çiyinlərində
daşıyacaqdır...
Ruhun
şad olsun, əziz Ustad!
Zülfiyyə İSMAYIL
filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölməsi
Olaylar.- 2023.- 5-11 may.- S.18.