ÖMRÜNÜ XALQINA
HƏSR EDƏN DAHİ İNSAN
Ümummilli lider Heydər Əliyev xalqımız tərəfindən hər zaman böyük qürurla yad edilən və bütün zamanların ən böyük azərbaycanlısı hesab olunan, milli dövlətçiliyimizin banisidir. Dahi şəxsiyyətin keçdiyi həyat yolu hər bir azərbaycanlı üçün böyük bir vətəndaşlıq məktəbidir. 2023-cü il ölkəmizdə müstəqil Azərbaycan Respublikasının qurucusu və ideoloqu ümummilli lider Heydər Əliyevin şərəfinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Heydər Əliyev ili" elan edilmişdir. Sərəncamda da deyildiyi kimi: "Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir".
Azərbaycan xalqının milli dövlətçilik tarixində mövcud olan görkəmli dövlət xadimləri və şəxsiyyətlər arasında Heydər Əliyevin özünəməxsus yeri və mövqeyi vardır. Bütün dövlətçilik tarixi boyunca heç bir lider Heydər Əliyev şəxsiyyəti bərabərində özünün bütün həyatı və fəaliyyətini xalqının milli inkişaf və müstəqillik yoluna həsr etməmişdir. Dahi rəhbərin bütün amalı, həyat və fəaliyyət məqsədi Azərbaycan xalqının milli müstəqilliyi, onun xoşbəxtliyi və firavanlığı yolunda çalışmaq olmuşdur. Buna görə də heç bir tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevə nəsib olan ümummilli lider zirvəsinə yüksələ bilməmişdir. Ulu öndər Heydər Əliyev məhz məqsədyönlü fəaliyyəti və mübarizəsi nəticəsində Azərbaycan xalqına sarsılmaz müstəqillik, suveren dövlət bəxş etmiş, xalqının tarixinə öz adını qızıl hərflərlə yazmışdır. Ulu Öndər Heydər Əliyevin hələ Azərbaycanın müxtəlif dönəmlərdə ayrı-ayrı dövlət orqanlarında işlədiyi vaxtlarda Azərbaycan xalqının tarixi taleyi və ərazi bütövlüyü uğrunda göstərdiyi fəaliyyət böyük vətəndaşlıq örnəyi kimi yeni nəsillərə nümunədir.
1969-cu ildən siyasi hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin xidmətləri sırasında Azərbaycan xalqının milli dəyərlərinin özünə qaytarılması, folklorunun, ədəbiyyat və mədəniyyətinin, milli tarixinin araşdırılması və təbliği başlıca yer təşkil etmişdir. Görkəmli dövlət xadiminin məhz uzaqgörən siyasəti və məqsədyönlü tədbirləri sayəsində Azərbaycan xalqının milli dili ilk dəfə Konstitusiyaya xüsusi maddə ilə salınaraq vətəndaşlıq hüququnu almışdır. Məhz bu dövrdə dahi rəhbərin qayğısı və xüsusi diqqəti ilə ana dilində olan dərsliklərin və dərs vəsaitlərinin nəşrinə nail olunmuşdur. Ana dilli məktəblərin artırılması, ana dilində dərs saatlarının xüsusi səviyyədə yer tutması, milli kadr hazırlığı kimi məsələlər də dahi liderin müdrikanə tədbirləri nəticəsində özünün yüksək həllini tapmışdı. Həmin vaxtlar ölkədə sovetləşmənin güclü bir missiya təşkil etdiyi zamanda Azərbaycanda milliləşmə aparılması və milli kadr hazırlığını təmin etmə məsələsi də məhz ümummilli liderimiz tərəfindən böyük məharət və ustalıqla həll edilmişdi. Azərbaycanda bu dövrdə milli ordu quruculuğunun təməli qoyulmuş, onun ilk zəmini hazırlanmış, yüksək ixtisaslı milli hərbi kadrların hazırlanması istiqamətində böyük nailiyyətlər əldə edilmişdi. Kənd təsərrüfatı ölkəsi kimi tanınan Azərbaycanın da əsl iqtisadi dirçəlişi, aqrar ölkədən sənaye ölkəsinə çevrilməsi kimi yüksək inkişaf nailiyyətləri də məhz Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsi idi. Milli oyanış, özünəqayıdış və istiqlal düşüncəsi mühitinin yaranmasında da Heydər Əliyev şəxsiyyəti və uzaqgörənliyinin nəticəsi idi. Dahi liderin ədəbiyyata, ədəbiyyat adamlarına olan qayğısı yazıçıların, mədəniyyət adamlarının milli mövzulu məsələlərə əhəmiyyətlə yanaşmasına münbit şərait yaratmışdı. Şair və yazıçılara həm ən yüksək mükafat və adların verilməsi də, onların Sovet totalitar maşınının təzyiq və təqiblərindən xilas olunmasında da Ulu Öndərimizin böyük rəhbərlik qayğısı xüsusi rol oynayırdı. Ümumiyyətlə, ötən əsrin 70-ci illərində dahi rəhbərin hərtərəfli, düşünülmüş fəaliyyəti sayəsində bugünkü müstəqilliyə zəmin hazırlamışdır. Məhz bu mənada da Azərbaycanın ən yeni tarixi ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Ulu Öndər Heydər Əliyevin adı həmişə Azərbaycanla qoşa çəkilir. Bütün mənalı həyatını Azərbaycan üçün, mənsub olduğu Azərbaycan xalqı üçün həsr edən, "Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycan mənim qibləgahımdır",- deyən ulu öndər xalqımızın tarixi taleyində həmişə bir xilaskar kimi misilsiz rol oynayıb. 1988-ci ildə başlanan və 1990-cı illərdən etibarən şiddətlənən iqtisadi böhran, düşmən qüvvələrinin ərazi bütövlüyümüzə müdaxiləsi çıxılmaz vəziyyətdə qalan xalqımızın qəlbində yenidən dahi liderimizin adını bir ümid işığı kimi yandırırdı. Tarix müdrik və uzaqgörən lideri həyata keçirilən misilsiz işlər nəticəsində bir daha sınaqdan keçirərək liderlik adını ona bəxş etdi. Ölkəmizə qarşı xəyanət cəhdi olan 20 Yanvar faciəsindən sonra daha da dərin bəla girdablarına düçar edilmiş Azərbaycanın son ümidgahı Heydər Əliyev idi. Dahi rəhbər Moskvada olmasına və həyatı bahasına başa gələcəyi təhlükəsinə baxmayaraq faciədən sonra Azərbaycan nümayəndəliyinə gələrək bütün dünya ictimaiyyətini bu hadisədən xəbərdar etmiş və günahkarları cəsarətlə qınamışdı.
Ən ağır günlərdə xalqının yanında olmaq üçün Azərbaycana qayıdan Ulu Öndərimizi ovaxtkı rəhbərlik qəbul etməkdən imtina etdi. Dahi lider blokadaya salınıb düşmənlə döyüşən və hər cür bəlalara qarşı mətanətlə sinə gərən Naxçıvana üz tutdu. Bu böyük şəxsiyyətin Naxçıvana gəlişi muxtar respublika əhalisi tərəfindən sevinc və doğmalıqla qarşılandı. Ulu Öndər Naxçıvan Muxtar Respublikasında yaşadığı illərdə bu torpağın qorunması, müdafiəsi, problemlərinin həlli və sair kimi həyati əhəmiyyətli məsələlər üçün böyük əzm nümayiş etdirdi. Naxçıvan Muxtar Respublikası bir tərəfdən düşmənə nə qədər mətanətlə qorunduğunu nümayiş etdirdisə, digər tərəfdən burada həyata keçirilən siyasi əhəmiyyətli məsələlərlə milli müstəqillik və dövlətçilik tarixinə şanlı səhifələr yazdı. Naxçıvanın SSRİ-nin tərkibindən çıxması, öz müstəqilliyini təsdiqi, dövlət atributları, xüsusilə dövlət bayrağı və digər məsələlərlə bağlı burada qəbul olunan qərarlar gələcək Azərbaycanın dövlət müstəqilliyi üçün təməl və təcrübə oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşadan Azərbaycan xalqına müraciət edərkən qeyd etdiyi kimi: "Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti var. Xalq məhz onu özünə rəhbər seçdi, bu, demokratiyanın əsl təntənəsi idi. ...Naxçıvan, demək olar ki, blokadada boğulurdu, onlar isə Naxçıvana qarşı təxribatlar törədirdilər, desant göndərirdilər, çevrilişə cəhd edirdilər. Sanki istəyirdilər ki, Naxçıvan da işğal altına düşsün. Ancaq xalq buna imkan vermədi, öz lideri ətrafında sıx birləşmişdir və bir daha demək istəyirəm, məhz Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan torpaqları erməni işğalına məruz qalmadı".
1993-cü ildə daha səbri tükənmiş, bəla girdabında usanmış xalq yekdilliklə "Heydər baba, bizi xilas et!" nidası ilə üzünü Naxçıvana tutmuşdu. 91 nəfər görkəmli ziyalının ulu öndər Heydər Əliyevə ünvanladığı müraciət isə bütövlükdə ümumxalq müraciəti idi. Ölkənin parçalanmaq, dövlətçiliyin məhv olmaq, torpaqların itirilmək təhlükəsi qarşısında dahi rəhbərin hakimiyyətə qayıtması xalqın təkidli tələbi idi. Bu baxımdan müdrik liderin 15 iyunda Bakıya - Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Böyük Qayıdış olmaqla Azərbaycan tarixinin qızıl səhifələrindən biri oldu. Məhz bu əvəzolunmaz şəxsiyyətin fəaliyyəti sayəsində Azərbaycan xalqı milli azadlıq və dövlət müstəqilliyinə nail oldu. "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır", - deyən ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycan xalqı milli dövlətçiliyinin və müstəqilliyinin möhkəmləndirilməsinə, atəşkəsə nail olmuş, torpaqlarımız işğaldan, yenidən əsarətə alınmaqdan xilas olunmuşdur.
Azərbaycan xalqının tarixi taleyi qarşısındakı əvəzsiz xidmətləri Ulu Öndər Heydər Əliyevin adını milli tariximizə böyük xilaskar olaraq qızıl hərflərlə yazmışdır. Mənalı ömrünü bütün varlığı, canı və qanı qədər sevdiyi Azərbaycan üçün həsr edən Ulu Öndərimizin xidmətləri, müəyyənləşdirdiyi milli siyasət və inkişaf strategiyası bu gün ölkəmizin qüdrət və güc təməlində dayanır. "Heydər Əliyev-Azərbaycan" qoşalığı məhz müstəqillik illərində müdrik liderin həyata keçirdiyi misilsiz işlərin və böyük məhəbbətin nəticəsidir. Dahi lider bu illərdə öz uzaqgörən siyasəti ilə Azərbaycanın milli inkişaf strategiyasının əsasını qoymuşdur. Saymaqla bitməyən minlərlə tədbir və hadisələrin ideyavericisi ulu öndər Heydər Əliyev olduğu kimi müasir, müstəqil, inkişaf etmiş Azərbaycanın memarı və qurucusu da nəhz ümummilli lider Heydər Əliyevdir. Dahi liderimiz müdrik və uzaqgörən düşüncələri ilə Azərbaycanın milli ideologiyasının banisi və xalqımızın milli həmrəyliyinin təşkilatçısıdır. Bu gün dünyada 50 milyondan çox azərbaycanlının bir vətəni Azərbaycan olduğu kimi, yeganə və əbədiyaşar lideri də məhz Heydər Əliyevdir. Azərbaycanın dünyada tanınması, nüfuzlu və etibarlı tərəfdaş kimi etimad göstərilməsi, böyük siyasi arena və təşkilatlardan səsinin gəlməsi məhz Heydər Əliyev müdrikliyinin uğuru və nəticəsidir.
Bu gün davam və inkişaf etdirilən Heydər Əliyev siyasi kursunun nəticəsində Azərbaycan bütün bölgələrilə yeni inkişaf yolu keçir, yenidənqurma, abadlıq və quruculuq tədbirlərilə Azərbaycan xalqına xoşbəxt yaşayış, rifah bəxş edir. Ulu Öndər Heydər Əliyev cənab İlham Əliyev haqqında inamla deyirdi: "Mən ona özüm qədər inanıram!" Ulu Öndərimizin layiqli varisi olan Prezident cənab İlham Əliyevin məhz dahi Heydər Əliyev siyasi kursunu inkişaf etdirməsi nəticəsində Azərbaycan dünyada öz layiqli yerini tutmuş, etibarlı tərəfdaş olaraq tanınmış və xarici siyasətdə böyük uğurlar əldə etmişdir. Azərbaycanın vaxtilə aqrar ölkədən sənaye və o cümlədən müasir dövrdə kosmik gücə malik olan bir ölkəyə çevrilməsi məhz dahi lider Heydər Əliyevin müdrik siyasi konsepsiyası və quruculuq xəttinin məntiqi nəticəsi, ardıcıl və uğurlu davamının yekunudur. Böyük iqtisadi layihələr sahəsində lider olan Azərbaycan Prezident cənab İlham
Əliyevin müdrik fəaliyyəti nəticəsində həm də qüdrətli Silahlı Qüvvələrə, Milli Orduya malik olan bir ölkəyə çevrilmişdir. Aprel döyüşlərindəki məharətli döyüş taktikası və Günnüt əməliyyatı zamanı həyata keçirilən mühəndislik qabiliyyəti müasir Azərbaycan Ordusunun qələbə əzmini tam mənası ilə özündə ifadə etdi və xalqımıza işğal altında olan ərazilərimizin tezliklə qaytarılacağı əminliyini yaratdı. Ulu Öndərin seçim öncəsi inamı btüövlükdə xalqımızın ümmmilli inamı olaraq reallığını tapdı və konkret əməllərlə qətiləşdi. 2020-ci ilin sentyabr ayından Ermənistan Silahlı Qüvvələrinin havadarlarının dəstəyi ilə ölkəmizin sərhədlərinə qarşı təxribat əməllərinə qarşı əks-hücum əməliyyatları Ali Baş Komandan İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə uğurla başa çatdı: 44 günlük müharibə kimi yadda qalan Azərbaycanın Vətən müharibəsi Azərbaycan Milli Ordusunun qəhrəmanlıq və rəşadət örnəyi olaraq bütün dünya tarixində layiqlə yer aldı. Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etmək uğrundakı əməliyyatları həm qəhrəmanlıq və rəşadət, həm də döyüş taktikası və yeni nəsil silah və texnika öncüllüyü ilə dünyanın hərb tarixində şanlı səhifələr yazdı. Yalın əllə aparılan qəhrəmanca döyüşlər nəticəsində Şuşanın azad olunması ilə düşmən təslim olmağa məcbur edildi və noyabrın 10-dakı qətnamə ilə Azərbaycan Böyük Zəfər Gününü qeyd etdi. Azərbaycan Prezidentinin Qələbə münasibətilə Ulu Öndərin məzarı üstünə gedərək oradan xalqa müraciət etməsi həm xalqa, həm də müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndərə hesabat çıxışı olaraq qəbul edilə bilərdi. Bəli, bu Zəfər Ulu Öndərin siyasi kursuna sədaqət, xalqla lider birliyi nəticəsində əldə edilən bir zəfər idi. Hazırda işğaldan azad olnumuş torpaqlarda quruculuq işlərinin aparılması da Azərbaycana vəd edilən Günəş kimi parlamanın işıltıları, inkişaf və qüdrətin təntənəsidir.
90-cı illərin böhranlı, blokada şəraitində mübarizə aparan Ulu Öndərin doğma vətəni Naxçıvanda bu gün hərtərəfli inkişaf və abadlıq işləri öz nümunəviliyi ilə diqqət cəlb edir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da öz təcəssümünü tapan müasirlik və yenidənqurma tədbirləri Heydər Əliyev siyasi kursunun müdriklik, uzaqgörənlik və konstruktivlik mahiyyətini uğurla təcəssüm etdirir. Aparılan yenidənqurma və quruculuq tədbirləri nəticəsində Naxçıvan Muxtar Respublikasının qazandığı bugünkü nailiyyətlər məhz dahi liderin muxtar respublika haqqında düşüncə və arzularının uğurla yerinə yetirilməsinin göstəriciləri kimi razılıq doğurur. Hər bir Azərbaycan vətəndaşı kimi muxtar respublika sakinləri də onlara yaradılan rahat yaşayış şəraiti, firavan həyat üçün müdrik liderin quruculuq xətti və siyasi kursuna minnətdarlıqla yanaşır, öz sədaqətlərini daim ifadə edirlər. Nadir şəxsiyyət və siyasət adamı olan ulu öndərimizin adı ilə müəyyənləşmiş siyasi məktəbin uğurla davam etdirilməsi Azərbaycan xalqını yeni nailiyyətlərə, misilsiz uğurlara çatdırır.
Bu gün bütün azərbaycanlılar üçün ulu öndər Heydər Əliyevin fikir və kəlamları vətəndaşlıq proqramını təşkil edir. Müdrik liderin: "Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycan mənim qibləgahımıdr", - kəlamı isə vətənini, dövlətini, xalqını, millətini sevən hər bir kəs üçün vətəndaşlıq amalını, azərbaycançılığın qayəsini, milli ideologiyamızın fəlsəfəsini təşkil edir.
Tərəddüd etmədən demək olar ki, bugünkü müstəqil Azərbaycan dövləti xalqımıza Ulu Öndər Heydər Əliyevin ən böyük ərmağanıdır. Təsadüfi deyil ki, dahi liderimiz həmişə xalqımız tərəfindən müasir Azərbaycan Respublikasının qurucusu və memarı kimi xatırlanır. Ölkəmizdə görülən işləri göz önünə gətirərək bizim yaşadığımız bu şirin vətənin məhz Heydər Əliyev siyasətilə nə qədər gözəlləşdiyini, respublikamızın qüdrətləndiyini, istimai-siyasi sabitliyin və sosial-iqtisadi inkişafın özünə kök saldığını iftixarla söyləməliyik. Xalqımızın ümummilli lideri Heydər Əliyev adı ilə, əməlləri ilə əbədi yaşayan şəxsiyyətdir. Azərbaycanın hər qarışında onun əzmi ilə yaranan müstəqillik qüdrəti və Azərbaycan üçün həyata keçirilən misilsiz işlər dahi liderin adına əbədiyaşarlıq qazandırır. Buna görə də: "Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!"
Ramiz QASIMOV
AMEA
Naxçıvan Bölməsinin şöbə müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Olaylar.- 2023.- 12-18 may.- S.8; 14.