Azərbaycan özünü
bir dövlət kimi
varlığını dünyaya göstərə bildi
28 May-Müstəqillik
Günü Azərbaycan tarixində ən
əlamətdar günlərdən biridir.
Məhz bu gün, təkcə
Azərbaycanda, həm də təkcə
türk dünyasında deyil,
bütövlükdə, müsəlman Şərqində Demokratik Cümhuriyyətin yarandığı
bir gündür. Bu gün Azərbaycanın
yurdsevən, demokratiya, tərəqqipərvər
və millətsevən insanları
müstəqillik elan ediblər. Məhz
1918-ci ilin 28 may günü Azərbaycan özünü
bir dövlət kimi
varlığını dünyaya göstərdi.
105 yaşlı Azərbaycan Demokratik Cumhuriyyətinin bəyan edildiyi gün, 28 may onun varisi olan Azərbaycan Respublikasının da Müstəqillik Günü kimi təsbit olunmuşdur. Milli Məclisin deputatı Anar Məmmədov qeyd edib ki, yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı.Qısa müddət ərzində dövlətin siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrində həyata keçirilmiş mütərəqqi siyasət Azərbaycanda müstəqil, demokratik dövlətçilik ənənələrinin, milli ruhun formalaşmasında və gələcək inkişafında mühüm rol oynamış oldu: "Cümhuriyyət çox az müddət mövcud olsa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı. Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Məhz 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimiz qorunmağa başladı. Ölkədə ictimai-siyasi sabitlik hökm sürməyə başladı, iqtisadi inkişafımızın təməli qoyuldu. Ümummilli lider Heydər Əliyev eyni zamanda hakimiyyətə gəldikdən sonra məhz 28 may 1918-ci ildə Azərbaycanın müstəqilliyini elan etmiş azərbaycanlıların adlarının əbədiləşdirilməsi, o tarixi anlara abidənin ucaldılması, İlham Əliyevin İstiqlaliyyət küçəsində abidənin açılış mərasimində iştirak etməsi - bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin məhz tarixi köklərimizə nə qədər böyük önəm verdiyini bir daha göstərir.Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Artıq torpaqlarımız işğaldan azaddır, respublikamızın ərazi bütövlüyü bərpa olunub. Bu gün İlham Əliyevin liderliyi ilə müstəqilliyimizin ən şərəfli tarixi yazılır. Şanlı Ordumuz 30 ildən sonra düşmən tapdağında olan tarixi ərazilərimizi azad etdi. Bu gün həmin ərazilərimizdə üçrəngli Azərbaycan bayrağının qürurla dalğalanması həm cümhuriyyətin qurucularının, müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə ən böyük hədiyyədir".
Millət vəkili Cavid Osmanov hesab edir ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi: "23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olunmuşdur. Milli ordu qurulmuş və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edilmişdir. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. 1991-ci ildə xalqımız öz müstəqilliyini bərpa etdi və həmin il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında bu gün demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşında qürur hissi doğurur. Prezident İlham Əliyevin səyləri nəticəsində xarici dövlətlərlə hərtərəfli beynəlxalq münasibətlər inkişaf etdirilib, balanslaşdırılmış siyasət nəticəsində Cənubi Qafqazda sabitlik təmin olunub, Azərbaycan Avropanın əsas enerji təchizatçılarından birinə çevrilib. Hər zaman dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirən Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərinin İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin 2007-ci il 25 may tarixində rəsmi açılış mərasimi baş tutmuş və dövlət başçısı mərasimdə iştirak etmişdir. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı" təsis olunmuşdur. 2021-ci il 15 oktyabr tarixində "Müstəqillik günü haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir".
Alim
Olaylar.- 2023.- 26 may-1 iyun.- S.4.