Milli istiqlal, milli birlik Heydər
Əliyevin siyasi fəaliyyətinin
əsas qayəsi idi
Azərbaycanın
sosial-iqtisadi, ictimai-siyasi,
hüquqi dövlətçilik, vətəndaş
cəmiyyəti quruculuğu və digər
istiqamətlərdə qazandığı böyük
nailiyyətlər məhz ümummilli lider Heydər Əliyevin müəllifi olduğu müasir Azərbaycan
dövlətçiliyi və milli inkişaf amallarının uğurla həyata keçirilməsi nəticəsində
mümkün olmuşdur.
Azərbaycan dövlətçiliyinin ciddi təhlükə ilə üzləşdiyi belə bir ağır zamanda xalqımız yenidən öz xilaskarına - dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın inkişafına həsr etmiş Heydər Əliyevə üz tutdu. Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıdan ulu öndər ölkədə daxili çaxnaşmanın, vətəndaş müharibəsinin, xaos və hərc-mərcliyin qarşısını aldı, atəşkəsə nail oldu, xalqımızın itirilmiş inamını özünə qaytardı, ölkənin davamlı inkişafının əsasını qoydu, müstəqilliyimizi möhkəmləndirdi. Ümummilli lider Heydər Əliyev siyasi fəaliyyətinin əsas qayəsini təşkil edən milli istiqlal, milli birlik, müstəqil dövlətçilik məfkurəsinə sadiq qalmaqla "Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa çıxması tarixi hadisələrdir və biz bunları qiymətləndirməli, əldə edilmiş nailiyyətləri əbədiləşdirməliyik. Bu, istər bizim, istərsə də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir" prinsipinin özünün həyat və siyasi fəaliyyət kredosu olduğunu bir daha sübut etdi. Ulu öndərin hakimiyyətə qayıdışından sonra ictimai-siyasi, sosial-iqtisadi, humanitar sferada, beynəlxalq münasibətlərdə dönüş yarandı, müstəqil dövlət quruculuğu prosesi başlandı, bütün sahələrdə olduğu kimi, iqtisadiyyatda da institusional islahatlar həyata keçirildi, azad bazar iqtisadiyyatının formalaşması məqsədilə hüquqi baza yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi. Heydər Əliyevin həyata keçirdiyi irimiqyaslı islahatlar nəticəsində iqtisadi hədəflər və onlara nail olunması yolları müəyyənləşdirildi, maliyyə vəziyyəti sabitləşdi, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına, investisiyaların cəlb olunmasına başlandı, xalqın həyat səviyyəsi yüksəldi. Məlum olduğu kimi 1993-2003-cü illər müasir və müstəqil Azərbaycanın XXI - tərəqqi əsrinin "qızıl onilliyi"dövrü hesab olunur. Belə ki, Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan dünya miqyasında tanınan və tərəqqiyə doğru gedən dövlət statusunu qazandı. Ulu öndərin yenidən ölkəyə rəhbərliyi sayəsində siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. Ümummilli lider Heydər Əliyev XXI əsrdə sıçrayışlı inkişafa, yüksək sosial tərəqqi erasına qədəm qoyan müstəqil Azərbaycanın fonemenal iqtisadi inkişaf doktrinasını hazırladı. Onun müəyyən etdiyi mükəmməl "Yol xəritəsi" Azərbaycanın gələcəyinə hesablanmış fəaliyyət proqramı, strategiya, dövlət konsepsiyasıdır.
Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib ki, tarixi paralellər əsasında müqayisəli təhlillər apardıqda bu reallıq bir daha təsdiqini tapır ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən də çətindir: "Azərbaycanın 18 oktyabr 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra ilk illərdə yaşadıqlarını yada salmaq kifayətdir. Həmin dövrdə ölkəyə idarəçilik təcrübəsi olmayan ünsürlərin rəhbərlik etməsi Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdirdi. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi böhran baş alıb gedir, eyni zamanda, torpaqlarımız işğal edilirdi. Xalq ayağa qalxaraq xilaskarını hakimiyyətə dəvət etdi. Ümummilli Lider Heydər Əliyev ölkəsinin gələcəyini düşünərək xalqın səsinə səs verdi və 1993-cü ildə hakimiyyətə qayıdışı ilə bugünkü reallıqların əsasını qoydu. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycanın taleyinin necə olacağını düşünmək çətin deyildi. Çünki Azərbaycanın bir dövlət olaraq varlığı sual altında idi". Əliabbas Salahzadə qeyd edib ki, yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır: "Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırıldı. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ümummilli Lider daim öz sözü ilə seçilmişdir. Dahi şəxsiyyət Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Fəal diplomatiyanın nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsi mümkün olmuşdur. Ümummilli Liderin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir". Millət vəkili bildirib ki, son 20 ilə yaxın dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın müstəqilliyinin, suverenliyinin daha da möhkəmləndirilməsini təmin edir: "Möhkəm təməl üzərində uğurla inkişaf edən Azərbaycan hazırda tarixi Zəfəri və onun yaratdığı reallıqlarla dünyanın diqqətindədir. Dövlət başçısı İlham Əliyevin "Müstəqillik deyəndə mən rəsmi atributları nəzərdə tutmuram. Müstəqil siyasət müstəqilliyin əsas amilidir və belə olan halda həmişə inkişaf, əmin-amanlıq olacaq, Azərbaycan xalqı rahat, təhlükəsizlik şəraitində yaşayacaq, necə ki bu gün yaşayır. Bizim siyasətimiz bundan ibarətdir. Hesab edirəm ki, bizim nümunəmiz bir çox ölkələr üçün də cəlbedicidir. Ona görə də bu gün dünyada Azərbaycanı böyük rəğbətlə qarşılayırlar, bizə inanırlar, sözümüzə inanırlar. Ona görə ki, biz ləyaqətli siyasət aparırıq və xalqın maraqlarını həmişə müdafiə edirik" fikirləri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan müstəqilliyimizin əbədi qarantıdır".
Alim
Olaylar.- 2023.- 26 may-1 iyun.- S.13.