Ədəbiyyatımızda etüd-hekayə
janrı -
Yusif Səmədoğlunun
“Xəzri”si
Yusif Səmədoğlunun nəsri zamanında ədəbiyyatımıza tam fərqli ab-hava gətirmişdir. "Altmışıncılar"ın "Molla Nəsrəddin" və Cəlil Məmmədquluzadə estetikasına dayanan yaradıcılığı kontekstində və ondan da sonra məhz Yusif Səmədoğlunun nəsri ədəbi mühitdə rezonans doğuraraq altmışıncılardan sonrakı, növbəti ədəbi dövrün başlanğıcının müjdəçisi kimi çıxış etdi.
Müxtəlif mifoloji, kultural ədəbi qatları özündə ehtiva etməsi, zaman anlayışının fərqli təqdimi baxımından Yusif Səmədoğlu nəsri həmin dövr Azərbaycan ədəbiyyatı kontekstində sözün əsl mənasında "qeyri-adi" nəsr kimi qəbul edildi və şöhrət qazandı.
Yusif Səmədoğlunun yaradıcılığında hekayə janrı mühüm mövqeyə malikdir. Yazıçının "Xəzri", "Yaddan çıxmış sözlər", "Gözlər", "Qartal", "220 ¹-li otaq", "Güllər", "Saat işləyir", "Simurq quşu", "Qalaktika", "Soyuq daş", "Beşik", "46-cı ilin oyunları", "Foto-fantaziya", "Astana", "Bayatı-şiraz", "İncə dərəsində yaz çağı" hekayələri Azərbaycan nəsrinin qızıl fonduna daxil olmağa layiq bədii nümunələrdir. Bu hekayələr həm həcm, həm də mövzu baxımından rəngarəngliyi ilə seçilir. Yusif Səmədoğlu həm hekayə adlandırılan əslində isə ədəbi etüd olan lakonik "Xəzri"ni, həm də ""Astana" kimi povest həcminə yaxın əsəri eyni ustaqlıqla yarada bilən nasirdir.
Yusif Səmədoğlunun "Xəzri" adlı lakonik əsəri həm də ədəbiyyatımızda az rast gəlinən ədəbi etüd nümunəsi kimi ədəbiyyatşünaslığımız üçün böyük önəm kəsb edir. "Etüd" termini elmin, incəsənətin, texniki sahələrin mütəxəssilərinin bəşəriyyətə bəxş etdiyi lakonik formalı əsərləri özündə ehtiva edir. Humanitar elmlər sahəsində ispan filosofu X. Orteqa-i-Qassetin "Sevgi etüdləri", Z. Freydin "Psixoanalitik etüdləri" məşhurdur. Ədəbiyyatşünaslıqda etüd həm müəyyən mövzunun ilkin, hazırlıq forması kimi, həm də müstəqil bədii forma kimi mövcuddur. Ədəbi etüd digər etüd növlərindən forma və bədii mənanın maksimal vəhdəti və obrazlılığın yüksəkliyi ilə seçilir.
Vaqif Səmədoğlu DEYƏRMİ?... - Klassik Ədəbiyyat İnciləri | FacebookYusif Səmədoğlunun "Xəzri" etüdü "Cənubi Azərbaycanlı qardaşıma" epiqrafı ilə qələmə alınıb. Bakının simvollarından biri olan və yalnız bakılıların "Xəzri" adlandırdığı şimal küləyinin ismini simvol kimi özündə daşıyan hekayədəki şimallı-cənubli bütöv Azərbaycan nisgili həmin dövr Azərbaycan ədəbiyyatı üçün aktual və işlənmə tezliyi yüksək olan bir mövzu idi.Hekayədə Azərbaycan nəsrində simvola çevrilmiş nağıllarımızın əsas qəhrəmanlarından olan Məlik Məmməd azərbaycan xalqının arxetipik obrazı kimi təqdim edilir: "Bax, mənim əzizim, mən həmin o şahzadəyəm. İntəhası nə dəmir libasım, nə dəmir qılıncım, nə də dağlar və dəryalar arxasında məni gözləyən dünya gözəli sevgilim var. Bütün bunların əvəzində bir ürəyim var, bir də ki iki gözüm. Özüm də anadan olduğum ölkənin, Vətənimin qəlbində yaşayıram. Lakin dünyaya gəldiyim gündən o nəhəng quşun qanadlarındayam. Biz hey uçuruq, hey işıqlı dünya axtarırıq.". Yusif Səmədoğlu bu kiçik hekayəsi ilə doğma yurdunun başına gələn tarixi hadisələri,zaman-zaman parçalanmasını, dəfələrlə simurq kimi odlardan doğmasını çox məharətlə təsvir etməyə, bu fikri oxucuya çatdırmağa nail olur. 1959-cu ildə qələmə alınmış "Xəzri" hekayəsi həm də bir çağırış, bir üsyan, bir azadlıq nəğməsi idi. Həmin dövr Cənubi Azərbaycanla bağlı yazılan bir çox bədii əsərlərdə ilkin, üst qatda Güney Azərbaycanın İran zülmündən, müstəmləkəsindən azadlığı problem olaraq qoyulurdu.Həmin əsərlərin əsl, alt qatında isə Şimali Azərbaycanın azadlığına qovuşması, müstəqil olması arzusu bəslənirdi. Bu gizli məqamı, arzunu Yusif Səmədoğlu öz hekayəsində belə ifadə edir: "Biz hey uçuruq, hey işıqlı dünya axtarırıq, qardaşım.
Ağzımı açıb Millət - deyə haray qoparıram, qışqırır. Qa!
Ağzımı açıb Azərbaycan
- deyə inildəyirəm,
qışqırır. Qu!
Ürəyimi parça-parça ona
yedirtmişəm!
Göz yaşlarımı ovuc-ovuc
ona içirtmişəm!"
Yetmiş
il ərzində bir xalqın ürəyini yedirib göz yaşlarını içirdiyi
arzusu - müstəqil
olmaq, azadlığına
qovuşmaq diləyi nəhayət əsrin sonunda reallaşdı.
"Xəzri" hekayəsinin
müəllifi Yusif Səmədoğlu bu müqəddəs azadlıq
arzusunun realilərini yaşadı, məşum
20 yanvar gecəsi simurqun özünü atəşə atdığını
da, atəşdən yenidən
doğulduğunu da gördü,
millətini azad ölkənin deputatı kimi xarici ölkələrdə
də təmsil etdi.
Qeyd etmək yerinə düşər ki, Xalq yazıçısı Anar
da "Ağ qoç
qara qoç" əsərində bu nağıl personajını
simvol kimi istifadə etmişdir. Anarın "Ağ qoç, qara qoç" (2003) povesti
2000-ci illər Azərbaycan
nəsrində hadisə
hesab edilə biləcək əsərlərdən
biridir. Müəllifin
utopik və antiutopik nağıllar alt
başlığı ilə
təqdim etdiyi povestin əsas qəhrəmanı Məlik
Məmmədlidir. Əsər
məhşur Azərbaycan
nağılı "Məlik
Məmməd"in stilizə
olunmuş, simvollaşdırılmış
variantı kimi təqdim edilir. İki nağıldan ibarət olan povestdə iki paralel, lakin bir-birinə zidd dünyalar təsvir edilir. Biri işıqlı
dünyadır - azad, xoşbəxt, vətənpərvər
insanların yaşadığı
cənnətəbənzər bir məmləkət, digəri zülmət dünyadır - bölünmüş,
parçalanmış, azadlığı,
milli dəyərləri əllərindən
alınmış insanların
yaşadığı cəhənnəmə
bənzər məkan.
Bu iki dünyanın sərhəddində duran isə Məlik Məmmədli- Məlik Məmməddir. Üç
zonaya bölünmüş
Bakıya jurnalist kimi səfər edən Məlik Məmmədli əzizlərini
zülmətdə axtarsa
da onların hər birinin yalnız fiziki baxımdan deyil, həm də mənəvi cəhətdən bu üç zonanın birinin əsirinə çevrildiyinin şahidi olur. Əsərin əsas ideyası insanın seçimi və onu nəticələridir.
Əslində hər birimiz Məlik Məmməd kimi dünyaya şahzadə kimi qayğısız gəlsək də həyatın keşməkeşləri
ilə divlərlə savaşan
kimi savaşıb quyulara düşürük.
Həyatımız seçimdən
keçir. Ağ qoç yoxsa qara qoç? Zülmət dünyadan işığa aparan ağ qoçun - xeyirin yanında olmaq asan deyil,
çünki "gərək
ağ qoçun belində möhkəm oturasan",
öz yolundan dönməz olasan, axıra qədər inamdan, ümiddən, savaşdan əl çəkməyəsən.
Yusif Səmədoğlu nəsri psixonalitik obrazların, mifoloji anlayışların cari, real həyat lövhələri ilə sintezidir. Fərqli mifik, tarixi dövrlərin energiyasının qarışması, birləşməsi fonunda dəyişməz qalan bir əlaqələndirici obraz var - Azərbaycan! Məhz Azərbaycan məfhumu, vətən sevdası ədibin yaradıcılığının düyün nöqtəsi, həlledici məqamıdır.
Elnarə Qaragözova
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
Olaylar.-
2023.- 17-23 noyabr, ¹42.- S.18.