Yaradıcılıq işi könül işidir, könüldən
süzülüb gələn ülvi duyğuların təlatümüdür...
Vətən sevgisi ilə yanıb
tutuşanların həmdəmi,
hər misrasında Vətən daşıyan,
"Azərbaycan bayrağı"
şeiri ilə kiçikdən
böyüyə hər
kəsdə vətənpərvərlik
duyğusunu canlandıran,
poetik qələmi ilə oxucularının ruhunu oxşayan şair-publisist Ramiz Qusarçaylı ilə həmsöhbət olduq. Suallarımın əsl yaradıcılıq ruhu ilə cavablandığı müsahibəni
sizlərə təqdim
edirik.
-Ramiz bəy, hazırki Azərbaycan ədəbiyyatı və poeziyasının durumunu necə dəyərləndirirsiniz?
-Öpüb ulduzunu, öpüb ayını
Öpüb hər rəngini çəkir gözünə,-
Göyü, qırmızını, yaşılı Vətən.
Nə gözəl görünür Xankəndi bu gün,
Nə gözəl sayrışır Şuşada bayraq,
Nə gözəl səslənir Şuşalı Vətən!
Mən ilk dəfədir ki, müsahibəmə şeirlə başlayıram və "Şuşalı vətən" adlı poemamdan seçdiyim bu misraları bu günümüzün söhbəti üçün yerinə düşən bir giriş hesab edirəm. Yaradıcılığının demək olar ki,əsas hissəsini bütöv Azərbaycan ideyasının ədəbi-bədii təbliğinə həsr edən və bu gün də bu müqəddəs məramın tərənnümünü söz-söz, əsər-əsər, kitab-kitab yaşatmaqdan zövq alan bir qələm adamı kimi az da olsa buna mənən haqqım olduğunu düşünürəm. Belə qürurlu günlərdə bir zamanlar ürək ağrısıyla qələmə aldığım
"Şuşada bayrağım dizimin üstdə,
Qubada papağım dizimin üstdə,
Qələmim, varağım dizimin üstdə"
misralarını tarixin arxivinə atıb doğma Qarabağımızda "Natəvanın göz yaşlarını silib, Vaqifin məqbərəsindən hayqıraraq yurddaşlarını salamlayan Pənahəli xanı, dağları yerindən oynadan Üzeyir bəyin uvertürasını, Bülbülün şaqraq səsini, azman Xan zənguləsini öz halal yerinə qaytaran uca şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, qəhrəman qazilərimizə cansağlığı, rəşadətli ordumuza uğurlar diləyirəm.
Təbii ki, hazırda xalqımızın yaşadığı möhtəşəm qələbə akkordlarının qürur təntənəsi bütün yaradıcı insanlarda olduğu kimi şair və yazıçıların da yaradıcılığına yeni mövzular bəxş etmiş, fədakar vətən oğullarımızın bənzərsiz döyüş yolları, şücaət və əzm dolu savaş səhnələri zəfər ədəbiyyatımızın yaranmasına təkan vermiş və verməkdədir. Son illərdə istedadlı yazarlarımız tərəfindən ədəbi dəyərləri özündə ehtiva edən, xalqımızın zəngin tarixi keçmişini və əbədiyaşar ruhunu ciddi çalarlarla vəsf edib gələcək nəsillərə yönəldən əsərlər yazılır, mütəmadi olaraq təqdimatlar, görüşlər, müzakirələr keçirilir, sərgilərdə nümayiş olunur.
Mənə görə ədəbiyyat, ümumiyyətlə ədəbi həyat səməni kimi saf, təmiz və halal olmalıdır.Vaxt vardı xalqımızın yaraları şeirlə sarınırdı, qanı şeirlə silinirdi, şeir hardasa məlhəm rolunu oynayırdı. Baxaq görək bu günün ədəbiyyatı bütöv şəkildə o saflığı, o halallığı yerinə qaytaran bədii əsərlər yarada bilirmi? Ürək ağrısıyla qeyd edim ki, hazırda müasir ədəbi mühit bataqlığa bənzəyir, bu bataqlıq batdığının fərqində olmayan yazarlarla doludur. Buna dövrün şeir "iltihabı" da demək olar. Ədəbi mühit təhrif olunan təriflərdən boğulur. Ədəbi tənqid bəzi hallarda ədəbiyyata riyakarlıq amfiteatrından boylanır, yarınmaq benefisləri anşlaqa çevrilə bilmir, əksinə, "ədəbi izdivac"dan üzüqara çıxır. Bununla belə ədəbi dünyamız xalqımızın taleyüklü mənzərələrini ustalıqla təsvir və tərənnüm edən uğurlu əsərlərlə zənginləşir, istedadlı və təmənna güdməyən ciddi yazarlarımız öz bədii sənət nümunələri ilə vətənin yeni qaysaqlanan yaralarına məlhəm olmağa çalışır.
Bir şair olaraq bu qənaətdəyəm ki, yaradıcılıq işi könül işidir, könüldən süzülüb gələn ülvi duyğuların təlatümü, könüllər oxşayan incə melodiyasıdır, duruluq, aydınlıq, qəlbilik rəmzidir.
Kəndlərdə pir, ocaq yerləri var. Adamlar oralara ziyarətə gəlir, qurban kəsir, arzu-muradlarının çin olması üçün dualar edirlər. O müqəddəs yerlərin ətrafı sıx ağaclıq və kolluqlarla əhatə olunur. Ətrafda yaşayan insanlar qışda soyuqdan donsalar belə o ərazidən ağac kəsmir, odun aparmırlar, hətta quruyan ağaclara toxunulmur. Adamların içində müqəddəsliyə ehtiram, sayğı var və o ehtiramı, o inamı heç bir qüvvə poza bilmir, itirə bilmir. Poeziya da, nəsr də o sayğılı ocaq yerləri kimi qorunmalıdı, o müqəddəsliyə xələl gətirmək günahdır.
-Bu günün
gənc yazarları haqqında düşüncələriniz
nələrdir?
-Bizim ədəbi nəslin gənclik illəri Sovetlər Birliyi dönəminə düşdü, o Sovetlər Birliyi ki, azad fikir və sərbəst düşüncə qəbristanlığıydı, çiynimizdə özgə başları, beynimizdə icazəli ideyalar, ideyaların da çürük sonluğu. Gec olsa da sevindiyim həmin birliyin dağılması oldu. İndiki ədəbi gəncliyin isə müstəqil və qalib məmləkəti, azad və sərbəst yaradıcılıq imkanları, informasiya bolluğuna malik yaradıcı dünyası var. Ədəbiyyatın gözəlliyini gənc istedadlar daha gözəl yaşayır. Yaradıcılıq nəhayətsiz ədəbi prosesdir, hər anın bədii mənzərəsindən içi yeniliklərlə dolu mövzular boylanır, o mövzuları qarşılamağa qadir gənclərimiz az deyil. Müşahidələr göstərir ki, ədəbi gənclik özünü təbliğdə çətinlik çəkir, daha doğrusu gənc istedad sahibləri yetərincə təbliğ edilə bilmir. Belə hallarla barışmayan bəzi istedadlı gənclərimiz aqressivləşir, hər şeydən və hər kəsdən incik düşür. Ədəbi gəncliyi qorumaq baxımından ədəbi tənqidin üzərinə ciddi yük düşür.
-Onlar arasında
heç sevərək
izlədiyiniz biri varmı?
-Bu günün yaradıcı gəncləri sırasında kiyayət qədər istedadlı, qabiliyyətli və zəngin mütaliəsi olan yazarlarımız var. Əldə etdiyim kitab və toplularda, qəzet və dərgilərdə, sosial şəbəkələrdə gənc yazarların yaradıcılığını mütəmadi olmasa da ara-sıra izləyirəm və bəyəndiyim şeirləri feysbuk səhifəmdə həvəslə paylaşıram. Yaradıcı gənclər arasında vətənpərvər oğullarımız az deyil, şəhidlərimiz də olub, qazilərimiz də var. Zəfər ədəbiyyatımızın çiçəklənməsində, yeni ədəbi səsin, ədəbi nəfəsin təşəkkül tapmasında əsas yük məhz ən yeni gənc nəslin üzərinə düşür. Hər bir gənc istedada ədəbi uğur arzulayıram.
-Sizcə hazırda
ədəbiyyat və
poeziyamızdaki inkişafdan
danışmalıyıq, yoxsa
geriləmədən?
-Bu günün ədəbiyyatı çox yüklənib, özü də o qədər yüklənib ki, heyi qalmayıb, ağırlığından səndələyir, hətta tarazlıqdan çıxıb yan üstə yıxıla bilər. Yazarların əksəriyyəti Bakıya yığılıb, tək-tək, dəstə-dəstə sanki üst-üstə qalanıb boğulurlar, nəfəslik də saxlamayıblar ki, asudə nəfəs dərə bilsinlər. Kitab davası, təqaüd davası, mənzil davası...Bu gün bəlamız bilirsiz nədədir, ədəbiyyatda sitayiş etməyə, hörmətini saxlamağa, sayğı göstərməyə yer saxlamayıblar, bulandırıblar, təhqirlə, rişxəndlə gözdən salıblar. Ədəbi dəyərlərin müqəddəsliyi az qala təcavüzə məruz qalır...
Mən Bakıda yaradıcılıqla məşğul ola bilmərəm, heç bir ay yaşaya da bilmərəm. Bu tünlükdən, bu sıxlıqdan, bu his-pasdan qaçıb durulmağa yer tapmaq müşkül məsələdir. Əyalətdə də bulanırsan, ancaq bilirsən ki, durulmağa yerin çoxdu.
Gül gülə ötürər, sünbül sünbülə,
Yaşıl heydən salar,
al vurar məni.
Elə durulmuşam, elə yüngüləm,
Bir quş dimdiyində qaldırar məni...
Bununla belə ədəbiyyatımızda
geriləmə yoxdur, əksinə, yeni yazılan
əsərlərdə qədim
və dürüst tariximizə uğurlu, savadlı və cəsarətli baş vurmalar, ədəbi müdaxilələr, zəngin
ədəbi irsimizə
qalib ölkənin məğrur yazarı rakursundan baxışlar,müasir
texnologiyaların geniş
imkanlarından məqsədyönlü
şəkildə yararlanmaq
məharəti qabarıq
şəkildə özünü
büruzə verir.
Bir dəfə demişəm,
yenə deyirəm, şeir içinə yıxılan qəbir daşları kimidir. Dərbənd, Təbriz, İrəvan, Tiflis qəbristanlıqlarındakı
soydaşlarımızın qəbirləri kimi. Üstünü ot örtsə də yurdu-məskəni itib batmır. Şeir yazmaq Vətən tarixinin yaralarını torpaqla yuyub təmizləmək, şair ürəyindəki
göyərçin südüylə
bəsləyib böyütməkdi.
Şeirin
işi çox ağırdır.
-Ən təmənnasız
sevgi anaya və Vətənə duyulan sevgidir.Mən
düşünmürəm ki,sizin kimi Vətənə
bağlı birinin sevgisi azalsın,bitsin və ya gözləntili
olsun."Vətəni
sevməyə qoymurlar
məni" şeirinin
misralarında sizi narahat edən nələr və ya kimlər idi? Həmin anlıq narahatlığınız
nəyə ünvanlanırdı?
- Davam nə can davasıdı,
Nə də yorğan davasıdı,
Azərbaycan davasıdı,-
Ayrı
dava mənlik deyil.
Bu sualla bağlı sənədli poema üzərində işlədiyimdən
qısa və konkret cavab verməyə
çalışacağam.
Mən Bakıda, Donbasda və Tula vilayətində
müxtəlif vəzifələrdə
çalışmışam. Bakıda törədilən
qanlı yanvar hadisələrindən sonra
Tuladan Azərbaycana qayıtdım və doğulub boya-başa çatdığım doğma
Qubada məskunlaşdım.
Bildiyimiz kimi Quba qədim tarixə, bənzərsiz coğrafiyaya malik xanlıq
mərkəzlərindən biridir və Rusiyanın burnunun ucunda yerləşir. Təsadüfi deyil ki, Qubaya Azərbaycanın
şimal səngəri
deyənlər də
var. Qubada otuza yaxın millətin, xalqın nümayəndələri
əsrlər boyu mehriban qonşuluq, vəfalı dostluq və qardaşlıq zəminində yaşayıblar
və yaşayırlar.
Qubada heç vaxt milli zəmində münaqişə baş verməyib. Ancaq Qubanın şimala bu qədər ərazi yaxınlığı
bizi həmişə ayıq-sayıq olmağa,
ssenarisi o tayda yazılan oyunlara vaxtında və yerində cavab verməyə sövq edir.
Ədəbiyyat və mədəniyyət tariximizin
bir sıra mənalı və maraqlı səhifələrinin
bilavasitə Quba ilə bağlı olduğunu nəzərə
alıb 1993-cü ildə
Qubada bölgə yazarlarını özündə
birləşdirən "Ay işığı" adlı
ədəbi məclis
yaratdım. 1994-cü ildə
"Ay işığı" ədəbi məclisinin bazasında AYB-nin Quba bölməsi yaradıldı. Sədri olduğum AYB-nin Quba bölməsi və rəhbəri olduğum "Ay işığı"
ədəbi məclisi
nəinki Qubada, eləcə də ətraf rayonlarda yazıb yaradan yazarlarla işgüzar əlaqədə oldu, birgə ədəbi görüşlər, diskussiyalar,
yubileylər, kitab təqdımatları
keçirdik və bu gün də
bu işlər uğurla həyata keçirilir.
Mənə qarşı aparılan
şər və böhtan kömpaniyaları,
təhqir və təzyiqlər 2005-ci ildə,- bütöv Azərbaycan sevdası ilə yazılan "Azərbaycan
bayrağı" şerim
dərc olunandan sonra başlandı və 2013-2017-ci illərdə
özünün pik həddini yaşadı. Çünki qarşıda
məni uzun illər ərzində hazırlıq mərhələsi
keçdiyim, beş
il müddətinə yazıb
ərsəyə gətirdiyim
və 2021-ci ildə
dərc etdirdiyim "Vətən" poeması
vardı və bu əsəri bətnində məhv etmək istəyən qüvvələr hər cəhdlə öz mənfur əməllərindən
istifadə edirdilər.
Daha doğrusu Vətənin şimal səngərində "Vətəni
sevməyə qoymurdular
məni"...
O "Vətən" poeması
ki, 2022-ci ilin fevral ayında Azərbaycan Milli
Elmlər Akademiyasının
Fəlsəfə və
Sosiologiya İnstitutunda,
2022-ci ilin mart ayında
isə Azərbaycan
Milli Elmlər Akademiyasının
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda təqdimatı
keçirildi, AMEA-nın
prezidenti İsa Həbibəyli
əsər haqqunda
geniş məruzə
ilə çıxış
etdi, Fəxri Fərmanla təltif olundum.
"Vətən" poeması
Azərbaycanın İstiqlal
şairi Əhməd Cavadın adını daşıyan "Əhməd
Cavad mükafatı"na,
Türkiyə Cümhuriyyətinin
"Ziya Paşa Büyük Ödülü"nə,
Beynəlxalq Türk Müəllifləri Birliyinin,
Azərbaycan Mədəniyyət
Nazirliyinin, Milli Məclisin
Mədəniyyət Komitəsinin,
Azərbaycan Yazıçılar
Birliyinin, TÜRKSOY, İLESAM və digər qurumların dəstəyi
ilə keçirilən
II-Türk Dünyası
Ədəbiyyat və
Kitab Festivalında Nizami
medalına, Mərkəzi
Asiya Yazıçılar
və Tarixçilər
İttifaqının və
"Əmir Teymur"
Beynəlxalq Xeyriyyə
Fondunun "Turan Birliyi" medalına,
"Aşıq Ələsgər
İctimai Birliyi"nin
"Aşıq Ələsgər-200"
medalına layiq görüldü.
Əfsuslar olsun ki, bölgədəki
yalandan hay-küy qaldırıb aranı qarışdırmaq istəyən
bəzi "təlimatlı
vətənpərvərlər" belə uğurları həzm edə bilməzdilər və məni xalqımızın
gözündən salmaq
üçün hər
namərd əməllərdən
istifadə etdilər.
Ancaq, mahnıda deyildiyi kimi, yıxılmadım, ayaqdayam...
-Yaradıcılığınızda hərkəsin sevimlisinə
çevrilmiş "Azərbaycan
bayrağı" şeiri
Vətən sevgisini ifadə edən ən gözəl əsərlərdən biridir.Bəs siz özünüz daha hansı əsərinizi yaradıcılığınızın zirvəsi hesab edirsiniz?
-Beş bəndlik "Azərbaycan bayrağı"
adlı şeirimi düz beş il beynimə həkk edib 2005-ci ildə kağıza köçürmüşəm.
Bir misrasını bir
aya yazdığım
da olub. "Cəngidə
cövlan yerim, cövlanda can yerimsən"
misrası kimi. Bu mövzuda yazılan şeirlərin mayası yaxşı mənada pafosla yoğrulur, ən əsası odur ki,
istər məna,
istərsə də
forma cəhətdən özündən
əvvəl yazılan
şeirlərə bənzəməsin,
sənətkarlıq baxımından
mükəmməl olsun.
Bütöv Azərbaycanın
poetik xəritəsini
beş bəndlik bir şeirə yerləşdirə biləsən,
səndən sonra yazmaq istəyənlərə
bu xəritədə boş yer saxlamayasan.
Özü də iki nəhəng sənətkardan, -Cəfər
Cabbarlıdan, Arif
Nihat Asyadan və Bəxtiyar Vahabzadədən
sonra bayraq mövzusuna baş vurmağa hər şair özündə cəsarət tapa bilməzdi,
bu necə deyərlər, pələngin
ağzından öpməyə
bənzəyirdi...
Açığını deyim ki, müstəqil bir məmləkət olaraq bayrağımıza şeirlər
yazılacağını, adına
meydan, muzey, abidə tikiləcəyini,
bayram təsis ediləcəyini hiss edirdim
və şeiri yazıb tamamlayandan sonra bu qədər
əks-səda doğuracağına
da əmin idim və gümanım özünü doğrultdu.
Hazırda "Azərbaycan
bayrağı" şeirinə
eyni üslubda, eyni ölçüdə,
eyni formada onlarla nəzirə yazılıb və yazılmaqda davam edir...
Onu da geyd edim ki, möhtəşəm
Şuşa zəfərimizdən
sonra "Azərbaycan
bayrağı" şeirinin
son bəndinə yeni misralar
əlavə etmişəm:
Sənsən azadlıq eşqim,
sənsən hürr deyəcəyəm,
Ən
son nəfəsimdə də
sənə şeir deyəcəyəm,
Şuşaya sən qonmusan,-
İrəvanda qonduğun Üç
müəzzin daşına,
Təbrizdə sən qonduğun
Eynalının başına,
Dərbənddə sən qonduğun
Narınqala qaşına,
Dünyada qonduğun hər
daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə
kölgən düşən
torpağı,
Azərbaycan bayrağı!
Vətən mövzusu yaradıcılığımın
Şah dağıdı,
"Azərbaycan bayrağı"
şeirini o mövzunun
şah zirvəsi hesab etmək olar. O şeirlə yanaşı "Toy", "Bu yaz çiçəkləmə,
ərik ağacım",
"Bəstənigar", "İrəvan marşı"
adlı şeirlərimi
də qeyd edərdim.
-Ramiz bəy,digər insanlar tərəfindən
görkəmli bir şair kimi tanındığınızı,əsərlərinizin
bu qədər sevilərək oxunduğunu
tam olaraq nə zaman anladınız?
-Mən özümü ədəbi taleyi olan şairlərdən sayıram. Hələ
1975-ci ildə Bakıdakı
1 saylı fizika-riyaziyyat
təmayüllü məktəbin
doqquzuncu sinfində oxuyarkən ilk şeirimin qəzetdə çap olunduğunu görəndə
keçirdiyim sevinc hissləri, məktəbimizə
görüşə gələn
xalq şairi Nəbi Xəzrinin o görüşdə oxuduğum
şeirə verdiyi dəyər, elə o ildə xalq şairi Osman Sarıvəllinin
mətbuat səhifələrində
mənə "Uğurlu
yol" diləməsi
əslində ədəbi
gələcəyimin istiqamətini
əbədi olaraq müəyyənləşdirmişdi.
Yaxşı yadımdadır, küləkli
dekabr günü idi, dərsdən icazə alıb Yazıçılar Birliyinə
(o dövrdə adı
Azərbaycan Yazıçılar
İttifaqı idi) gəldim, xalq şairi Osman Sarıvəlli
ilə görüşdüm,
şeirlərimi oxudum,
dinləyib müdrikcəsinə
gülümsədi və
dedi ki, "oğul, aşıq olmağına
aşıqsan, gözəl
də şair olacaqsan, qoy təxəllüsün də
mənnən gəlsin..."
və mənə
"Qusarçaylı" təxəllüsünü verdi,
o dövrün ən oxunaqlı və geniş tirajlı "Azərbaycan gəncləri"
qəzetində yaradıcılığım
barədə məqalə
ilə çıxış
edərək mənə
uğurlu yol dilədi...Bəlkə də mənim yaradıcılığımın bənövşə mövzusu
Osman qağanın bənövşə
misralarının ruhundan
süzülüb gəlib,
nə bilmək olar...
Həmin
illərdə yaşadığım
ümid dolu anlar ədəbi uğurların bu günlərə kimi mənimlə "yol yoldaşı" olmasını
təmin etdi. Kitablarım dərc olundu, yazılan ön sözlər, resenziyalar, məqalələr
məndə olan özünə inamı bir az da gücləndirdi.
Hazırda yaradıcılığım
haqqında beş
kitab, yeddi yüzdən
artıq məqalə,
resenziya, diplom işi, dissertasiya, monoqrafiya, şeir yazılıb dərc olunub. Qədirbilən ziyalılarımıza, dəyərli
oxucularıma dərin
təşəkkürümü bildirirəm.
-Gənclərin getdikcə
kitabdan uzaqlaşması
sizcə 20 il sonrakı
nəsilə nə kimi təsir göstərəcək?
-Son vaxtlar oxucu-yazar münasibətlərini bərpa
etmək üçün
müxtəlif tədbirlər
görülür, ədəbi
müsabiqələr, sərgilər
keçirilir. Ədəbiyyatın
inkişafı kitab təbliğindən
çox asılıdır.
Kitab-oxucu problemindən
yetərincə yazılıb.
Ancaq unutmayaq ki, bu gün gənclərimiz
dünyanın ən ali təhsil ocaqlarında təhsil alır, beynəlxalq olimpiadalarda iştirak edir, uğurlar qazanır. Bu uğurların
hər birinin mənbəyi kitabdır, ya nəşr, ya da virtual şəkildə,-elmi, bədii,
publisist, fərqi yoxdu. Əsas odur ki, mütaliə var və hər zaman olacaq. Okeanın o tayında, Yaponiya, Almaniya kimi ölkələrdə
kitaba qayıdış
var, zənnimcə 20 ildən
sonra bizdə də kitaba qayıdış bərqərar
olacaq. Təki müasir gəncliyin zövqünə uyğun
əsərlər yazılsın.
Yaradıcılığıma verdiyiniz dəyərə görə
dərin təşəkkürümü
bildirirəm.
Ramiz Qusarçaylı
Müsahibəni apardı:
ZEYNƏB
RZAYEVA
Olaylar.-
2023.- 24-30 noyabr, ¹43.-
S.15-16.