Toy

 

O qız toyda ölənəcən oynadı,

Ayaqları gülənəcən oynadı,

Toyu toydan silənəcən oynadı...

O gün toyda toy havası yoxuydu,

Gəlin ətri,

bəy havası yoxuydu,

Üşüyürdü toyun canı o axşam

Gün havası, Ay havası yoxuydu...

O qız toyda oynamırdı, uçurdu,

Hörükləri buludları qucurdu...

Gözlərində son baxışın göynəyi,

Qollarında son görüşün havası,

Qoxladığı qan xınalı köynəyin

Yaxasında kor sevdanın yuvası,

Eşqi viran, dərdi puçur-puçurdu,

O qız toyda oynamırdı, uçurdu...

Qara zurna dağ çəkirdi zilə,

dağ,

Qələbəyə susamışdı Lələdağ,

Savaş yeri, cəng yeriydi hər daşı

Ermənilər görməmişdi belə dağ...

Gör o toyda qarğılı ney neynədi,

Zilində Yer, bəmində Göy göynədi...

Xarı bülbül namus yeri, göynədi,

Cıdır düzü qisas yeri, göynədi,

Daşaltıda casus yeri göynədi...

O yurd gecə yarıyacan oynadı,

Çəpərindən barıyacan oynadı,

Şan-şan oldu yaşıl-yaşıl ümidlər

Çiçəyindən arıyacan oynadı...

Ağır-ağır qaralırdı buludlar,

Fağır-fağır saralırdı göy otlar,

Mağar-mağar darılırdı elatlar...

Qurd çölündə çadır yeri oynadı,

Güləbirddə abır yeri oynadı,

Gülablıda qəbir yeri oynadı,

Dözüm yeri, səbir yeri oynadı...

Hara baxır toy yiyəsi, hardadı,

Harda yatıb öy yiyəsi, hardadı,

Yer yiyəsi,

Göy yiyəsi hardadı...

Kim o qızı saxlayacaq bu axşam,

Kim o toyu ağlayacaq bu axşam,

Alın toyu,

alın qızın əlindən,

Çalın toyu,

çalın qızın əlindən,

Uzun-uzun hörükləri pərişan

Ayaqları yalın qızın əlindən...

O qız toyun vayınacan oynadı,

Toy tutduğu oyunacan oynadı,

Əzib-əzib dabanıyla gecəni

Cecəsindən suyunacan oynadı...

Toy xonçası şamınacan ağladı,

Toy güzgüsü camınacan ağladı,

Həyətdəki tabut boyda daxmanın

Divarından damınacan ağladı...

O qız toyda ölənəcən oynadı,

Ayaqları gülənəcən oynadı,

Toyu toydan silənəcən oynadı...

Hara baxır toy yiyəsi, hardadı,

Harda yatıb öy yiyəsi, hardadı,

Yer yiyəsi,

Göy yiyəsi hardadı...

Kim o qızı saxlayacaq bu axşam,

Kim o toyu ağlayacaq bu axşam...

 

xxx

 

Bəstənigar

 

Allah, Allah, nalədi,

Dağ oynadan şəlalədi,

Bu qəm mənə həvalədi

Altda ürək, üstdə nigar-

Bəstənigar.

Bənövşə şehdə naz səsi,

Kəpənək mehdə qız səsi,

Ay nağılı, ulduz səsi

Üzdə mələk, gözdə nigar,-

Bəstənigar.

Əs Şuşadan Xan avazı,

Suyu yansın xan Arazın,

Durnatelli xan Eyvazın

Həsrətindən xəstə Nigar

Bəstənigar.

Çin çıxmayan Laçın yuxum,

Xarı bülbül qara qoxum,

Görüş yeri varım, yoxum

Yaman durub qəsdə nigar

Bəstənigar.

Dərd dəstgahı dəstəyə bax,

Zalım zildə istəyə bax,

Qusarçayda bəstəyə bax

Ahı da Ramizdə nigar,-

Bəstənigar...

Bu yaz çiçəkləmə, ərik ağacım

Ayaqlarının donu təzəcə açılan balaca qızcığaz

xəstəxanada yuxudan oyanıb dedi ki, Şuşada,

evimizdəydim. Qapımızdakı ərik ağacı çiçəkləmişdi...

göyərt bu dərdi,

ləkdən keçir,

Silkələ, çalxala, ələkdən keçir.

Daha güldən keçib, çiçəkdən keçib,

​Bu yaz çiçəkləmə, ərik ağacım.

Qeyrət başı bağlı,

dərd başı açıq,

Səhər ürək götür, dərd başına çıx...

Ağaclar Şuşada qurğuşun açır,

​Bu yaz çiçəkləmə, ərik ağacım.

Dərdə bax,

​can dözür, qan dözür belə,

Yaralı daşları kim üzür belə,

Ağla Mehri belə, Zəngəzur belə,

Bu  yaz çiçəkləmə, ərik ağacım.

Oyatma, qoy yatsın yatan dərdləri,

Köz-köz ürəyimi çatan dərdləri,

Gördüm çiçəyini atam, dərdlərin...

Bu  yaz çiçəkləmə, ərik ağacım.

Bu dərd qaya-qaya,

daş-daş güllənir,

Daş-qaya üstündə savaş güllənir,

Yiyəsiz yurd yeri yavaş güllənir,

Bu yaz çiçəkləmə, ərik ağacım...

 

xxx

 

Namus

 

Mühasirə zamanı ermənilərin əlinə keçməsin

deyə yeganə qızını güllələyən naçar atanın dilindən

 

Əl saxla, xain balası,

Qoy namusumu basdırım.

Gözümün ağı, qarası

Bircə qızımı basdırım.

​Bu yerlər boşalır, qaçır,

​Allah da baş alıb qaçır,

Öpüb torpağı, ağacı,

Yalayıb qumu, basdırım.

Dalımca yortar izlərim,

Daşları yırtar dizlərim,

Baxsam tökülər gözlərim,

Gözümü yumub basdırım.

Sayan sayıb, say tutum,

Ölüb bu dərdə boy tutum?!

Harda özümə toy tutum,-

Harda özümü basdırım?!

 

xxx

 

Mənlik deyil

 

Bu səngər haqq səngəridi,

Zəhmində çox cəng əridi,

Ləngərim söz ləngəridi

Yüngül hava mənlik deyil.

Öz göyüm var,

öz mələyim,

Öz xəttim var,

öz  lələyim,

Öz məzarım, öz bələyim

Haram yuva mənlik deyil.

Davam can davasıdı,

  yorğan davasıdı,

Azərbaycan davasıdı,-

Ayrı dava mənlik deyil.

 

xxx

 

İrəvan marşı

Ordum, yürü İrəvana,

Gəl-gəl deyir Ər şəhəri.

Vətən dönsün firavana,

Çiçəklənsin hər şəhəri.

Qalx İrəvan qalasına,

Qədim Turan qalasına,

Qədəm qoyaq Göy məscidə,

Vətən gəzək hər incidə.

Hər cəng zəfər yolu olsun,

Dönək Vətən torpağına.

Hər əsgər bir qala olsun

Azərbaycan bayrağına.

Ağrımasın Ağrı dağı,

Yaş qonmasın Alagözə.

Çağlasın Çaykənd bulağı,

Günəş gülsün Güllüdüzə.

Sularda yansın ahımız,

Göyçə yazaq ta Sevana.

Göl-göl əl açsın ruhumuz,-

Tuz Xəzərə,Urmu Vana.

Göytürk rəngi, qıpçaq cəngi,

Qoy yar olsun hər cəsura.

Qoy qovuşsun zəngi-zəngi

Zəngibasar Zəngəzura.

Biz gedirik İrəvana,

Düz gedirik İrəvana,

Qoy tərk etsin şər şəhəri,

Çiçəklənsin Ər şəhəri!

 

xxx

 

Atamın xatirəsinə

 

Gözündən ölməyə başladı atam,

Gözündən düşməyə başladı dünya.

Saraldı gözünün çiçəkləri

Gəlib gözlərində qışladı dünya...

Ölümü nar kimi sıxdı gözünə,

Gözünün içində nar çiçəklədi.

Öpdü gözlərindən ölüm mələyi

Gözünün odunda qar çiçəklədi.

Gördüm ki soyuyur həyət-baca da,

Gördüm buz sallanır gül tağlarından.

Bağın başındakı qoz ağacı da

Asılıb qarğanın ayaqlarından...

Pəncərə önündə gilas ağacı

Hamıdan gizlicə

tək ağlayırdı.

Quru budaqları qara əl kimi

Divarın üzünü cırmaqlayırdı...

Gözləri çıxmışdı hədəqəsindən,

​Sanki kirpiyində dağ dolaşırdı.

Həyat gözlərində özgələşirdi,

Gözləri ölümlə doğmalaşırdı.

Göz-göz oxşayırdı ölümü atam,

Oxşaya-oxşaya nələr danışdı...

Gözləri ölümə sığmadığından

Öləndən sonra da yumulmamışdı.

Dünyanın şəklindən qaçıb gözləri,

Ölümün şəklini çəkirdi o gün.

Ölümün şəklini olduğu kimi

​İlk dəfə atamın gözündə gördüm...

Gözüylə dünyanın arasındakı

İşıqlı varsa uçuracaqdı.

Elə yapışmışdı gözü ölümdən

Elə bil əlindən qaçıracaqdı...

Ölməyə heç nəyi yox idi o gün,

Nəfəsi yox idi, dili yox idi.

Elə nazlanırdı gözündə ölüm,

​O gün ondan gözəl ölü yox idi...

Gözünə dikilən gözlərdən qaçıb,

gözünə tökülən səslərdən qaçıb,

gözünə çəkilən bizlərdən qaçıb

gözüylə öpüşdü yetimliyiylə,

gözüylə öpüşdü yavanlığıyla,

gözüylə öpüşdü uşaqlığıyla

gözüylə örüşdü cavanlığıyla,

öpmək istəmədi qocalığını

gözləri üzünü yana çevirdi...

Yolu iman yolu,

yolu can yolu,

getdi öz yoluyla, iziylə getdi.

gözündən qəbrinə uzanan yolu

Atam bizdən qabaq gözüylə getdi...

 

Ramiz Qusarçaylı

 

Olaylar.- 2023.- 24-30 noyabr, ¹43.- S.16.