BİBİXANIM FİZULİNİN SÖZ SEVDASI, YAXUD
“AĞ RƏNGİN SEHRİ” KİTABI HAQQINDA
DÜŞÜNCƏLƏRİM
Yazıçı,
jurnalist, şairə, "Qəbələ" qəzetinin məsul
katibi Bibixanım İsayeva (Fizuli) ilə bağlı bəzi
etiraflarımı, düşüncələrimi dilə gətirmək,
bu barədə oxucularla bölüşmək çoxdanki
arzum, istəyim idi. Onu qırx
ildir ki, tanıyıram, müxtəlif səpgili
yazılarını, qeydlərini, oçerklərini, şeirlərini
oxuyuram, hər dəfə də bu istedadlı,
hazırlıqlı yazarın söz bolluğuna, söz
ehtiyatına, sözə hörmətlə, diqqətlə,
qayğıyla yanaşmasına, sözdən səmərəli
və ustalıqla, təkrarçılığa yol vermədən,
novatorluğa istiqamətlənərək yararlanmasına
heyran oluram. Onu da deməyim yerinə düşər ki,
Bibixanım İsayevanın hər bir məqaləsini,
oçerkini, əsərini oxuyursan və onların poeziya ətirli
olduğunu görməyə bilmirsən.
Bir
sözlə, rus ədəbiyyatında yeni ədəbi-tənqidi
məktəbin banisi kimi məşhurlaşan Vissarion Belinski
haqqında deyilən: "Ölkəsini qızğın məhəbbətlə
sevən alovlu bir vətənpərvər" sözlərini
heç fikirləşmədən Bibixanım İsayevaya
şamil etmək olar. Onun, Azərbaycanımızı, məmləkətimizin
qəhrəmanlarını, layiqlilərini doğmaları qədər
əzizləməsi bütün yazılarından
qırmızı xətt kimi keçir. Şadam ki, həmkarlarımız
sırasında belə alicənablıqla sözün qədrini
bilən, sözdən bu qədər ustalıqla istifadə edən
qələmdaşımız, dostumuz - Bibixanım İsayeva
var. Deyim ki, kiçik və irihəcmli məqalələrindən,
əsərlərindən, saysız əyani ünsiyyətimizdən
duyduğum, gördüyüm kimi, o bütün şəraitlərdə
səmimi olmağı, dostcanlı, ailəcanlı,
övladlarının, əzizlərinin
qayğısını çəkən insan kimi və mənəvi
ucalığı ilə tanınır. Eşidəndə ki,
Bibixanım İsayevanın yeni əsəri - "Ağ rəngin
sehri" kitabı yaxın vaxtlarda çapa göndəriləcək,
mən də müəllifin özü haqqında, min bir
çətinliklə ərsə-araya gətirməyə
çalışdığı əsəri barədə
ürəyimdən keçənləri bölüşmək
qərarına gəldim.
Taleyimiz
elə gətirib ki, mənfur qonşularımız
xalqımıza süni şəkildə Qarabağ faciəsi
yaradıblar. Bunun acınacaqlı, məşəqqətli nəticəsi
olaraq minlərlə şəhid vermişik,
yaralılarımız on minlərlədir. Hər bir şəhid,
hər bir qazi bizim üçün bir zirvədir. Bu igidlərin
həyat, döyüş yollarını səbrlə, təmkinlə,
cəsarətlə araşdırmaq, yazmaq, sonra mətbuatda,
almanaxlarda, kitablarda əbədiləşdirib oxucuların
ixtiyarına vermək mühüm vəzifədir. Bizə
yaxşı məlumdur ki, erməni təcavüzünün
ilkin mərhələsində "münaqişə",
"Qarabağ problemi" kimi qələmə verilən gizli
düşmən planları qanlı müharibəyə
çevrildi. Müharibə isə, Bibixanım
İsayevanın vurğunu olduğu,
yaradıcılığından daim nümunələr gətirdiyi
Xalq şairi Məmməd Arazın düşündüyü
kimi:
Sevənlər
Aləmində
Nə qəm,
nə həsrət olar.
Bəşərin
gülləsi - söz,
Sözü
- məhəbbət olar, -
Müharibə
olmasa!
Nə etmək
olar, təəssüflə yaddaşlara hopub ki, kimlərinsə
laqeydliyindən Məmməd Arazın aşağıda
göstərilən arzuları çin olmadı:
Əridib
silahları
Biz marten
sobasında,
Körpü
yarada billik
Yerlə
Mars arasında, -
Müharibə
olmasa! - demişdi şair.
Acı həqiqətdir
ki, silahları marten sobalarında əritmədilər,
körpülərin çəkilməsi üçün
istifadə etmədilər, bəşərin sözü də
məhəbbət olmadı, əksinə elə top-tüfəng
olaraq qaldı. O qanlı-qadalı 1990-cı illərdə biz,
dünya üzərinə faşizmin qara buludları
toplandığı zaman kəsiyində dahi Səməd
Vurğunun səksən iki il əvvəl yazdığı və
dillər əzbərinə çevrilmiş:
Bilsin ana
torpaq, eşitsin Vətən,
Müsəlləh
əsgərəm mən də bu gündən.
sözlərinə
köklənməli olduq. 1988-ci ildən bəri, ölkəmizə
təcavüz edilən, insanlarımız erməni
quldurları tərəfindən amansız hərbi təcavüzə
məruz qaldığı, silahla qətlə yetirilməyə
başlandığı günlərdən Bibixanım
İsayeva yaradıcılığının istiqaməti dəyişmişdir.
Xəyalən də, həyatda da
Bibixanım İsayevanı şəxsən mən hərbi
müxbir rolunda görürəm. Hələ Birinci Qarabağ
müharibəsi dövründə cəbhəyə gedib,
odun-alovun içindən keçərək hərbçilərlə
görüşməsi, canlı məlumatlar toplaması mənə
məlumdur. Artıq ictimaiyyətə bəllidir ki,
Bibixanım müəllimə daha çox müharibəylə
bağlı yazılar, şəhidlərimizin həyatını,
döyüş yolunu əks etdirən, xalqımızın qəhrəmanlıq
salnaməsini ortaya qoyan xatirələr və sənədli əsərlər
yazmalı olmuşdur. Və "Qəbələ" qəzetinin
son otuz ildən artıq saylarında onun bu yönümlü
yazılarını, vətənpərvərlik mövzusuna həsr
olunmuş publisistik məqalələrini bir yerə toplasaq
qalın-qalın cildlər alınar. Qeyd etmək vacibdir ki,
onlarla xatirə yazısında şəhidlərin həyatını,
döyüş yolunu canlandıran Bibixanım
İsayevanın ilk kitabı da, vətənimizin
azadlığı və torpaqlarımızın
bütövlüyü uğrunda canından keçmiş,
şəhid olması ilə işğalda olan
torpaqlarımızı azad etmək üçün xalqı
birdəfəlik ayağa qaldırmış Milli Qəhrəman
generalımız Polad Həşimov dünyasına, onun həyat
tarixinin öyrənilməsinə həsr olunmuş
"İnsanlığın zirvəsi" toplusudur. Diqqətli
oxucular məftunluqla dərk edirlər ki, şəhid
generalın həyatı müəllif tərəfindən ən
xırda detallara kimi tədqiq edilmiş,
araşdırılmış, məlumatlar zərrə-zərrə,
söz-söz, cümlə-cümlə cəmləşdirilmişdir,
ona görə də haqlı olaraq əsər Bibixanım
İsayevaya daha böyük şöhrət gətirmişdir.
2020-ci il
sentyabrın 27-də ermənilərin növbəti təxribatına
cavab olaraq İkinci Qarabağ - Vətən müharibəsi
başladı, ölkə Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin qurduğu, yaratdığı müasir tipli
Silahlı Qüvvələrimiz hücuma keçdi... Burda
Bibixanım İsayeva həmin Vətən müharibəsində
şəhidlik zirvəsinə ucalan qəhrəmanının
tutduğu mövqeyi "Mən sənə bir kövrək,
yaddaşı möhkəm vəfalı xatirə
bağışlayıram" adlı xatirə məqaləsində
şəhidimizin sevimli, əziz adamının dilindən,
söhbətlərindən təsvir etdiyi epizod təsirlidir,
maraqlıdır: "Aqşin hərbi həkim idi. Vətəninin
dar günündə, əlbətdə, döyüş meydanında,
əsgərlərin yanında olmalı idi. Oldu da... İlk
günlərdən döyüş bölgəsində oldu -
çiynində həkim çantası, əlində silah!
Qorxmaz idi, cəsarətli idi. Döyüş bölgələrində
olarkən əvvəllər telefon əlaqəsi
saxlayırdıq. Aqşin müharibə dövründə
döyüş bölgələrində yüzlərlə
yaralını həyata qaytarmışdı. Noyabrın əvvəllərində
gərgin keçən döyüşlərdə
yaralanmışdı: çiynindən, əllərindən.
O, bu haqda mənə də deməzdi, hər şeyin
yaxşı olacağını, müharibənin tez bitəcəyini,
torpaqlarımızın azad olacağını söylərdi.
Hətta mənə ad günümə sürpriz
hazırladığını da demişdi. Hər
günü, hər saatı, saniyələri belə həyəcanla
yola salırdım. Telefon əlimdə olurdu, bəlkə zəng
edə deyə...
Noyabrın
6-da şəhid oldu Aqşin..."
Bibixanım
İsayeva bir qayda olaraq qəhrəmanının həyatının
kiçik bir məqamını da diqqətdən kənarda
qoymur, onu öz doğması, əzizi kimi qəbul və təqdim
edir, hər xatirədən, söhbətdən maraqlı, qiymətli,
ciddi faktlar götürür.
Füzuli, Cəbrayıl, Qubadlı,
və Şuşa şəhərlərinin işğaldan azad
olunması uğrunda gedən döyüşlərdə
şücaətlə döyüşmüş şəhid
Aqşin Ənvərlinin cəsurluğuna, vətənə məhəbbətinə
həsr etdiyi "O vətən uğrunda
döyüşmüşdür" sərlövhəli xatirə-məqalədə
Bibixanım müəllimə yazır: "Vətən
sevgisi ilə döyüş meydanlarına atılan Ənvərli
Aqşin hərbiçi həkim olaraq, yağı düşmənə
qarşı çarpışaraq, vuruşaraq müstəsnalıq
təşkil edən qəhrəmanlıq göstərib, şərəfli
bir döyüş yolu keçərək şəhidlik zirvəsinə
ucalmışdır. Şəhidlik zirvəsi ucadan uca olan bir
zirvədir.
Aqşin
həqiqətən vətənini, onun ərazi
bütövlüyünü, müstəqilliyini öz
varlığı qədər sevən vətənpərvər
bir oğul idi. Onun döyüş meydanlarındakı
aktivliyi, cəsarətli qəhrəmanlığı hər kəsi
heyrətləndirmişdi. Ruhu şad olsun, məzarı nurla
dolsun! Yeri cənnətməkan olsun deyə, uca Allaha dua edirik.
Sən həmişə bizimləsən, Aqşin!"
Şəhidlərin
anaları, ataları, ailələri, övladları hər
birimiz üçün ən müqəddəs insanlardır.
Onların bir çox duyğularını hərəkətlərindən,
sifətlərindən tam aydınlığı ilə hər
birimiz oxuya bilməsək də,
yaradıcılığının əsas hissəsini şəhidlərimizin
ömür yolunun araşdırılmasına həsr etmiş
Bibixanım İsayeva bu əziz, müqəddəs
adamların ürəyində qürurla yanaşı kök
salmış ağrıları da ustalıqla duyur,
anlayır. "Hər qapı
döyüləndə..." adlı məqaləsindən
bir hissəyə nəzər salmaqla biz buna tam inana bilirik:
"Hər bir şəhid bu ölkənin qürur mənbəyi,
qəhrəmanlıq simvolu... Həm də hər şəhid
anaların, ataların, onu sevən hər kəsin
ağrılı-acılı ürəyi, heç bir təskinliklə
sakitlik tapa bilməyəcəyi yaşamı... Əgər
buna yaşam deyilərsə... Ölümsüzlük qazanan
övladının cismani yoxluğu onları elə
yandırar ki... Xəfif - xəfif əsən külək,
narın yağan yağış damcısının yarpaq
üzünə astaca "toxunması", qar dənəciklərinin
havada "oynayaraq" övladlarının məzarı
üstdə düşməsi, günəşin qızmar
şəfəqləri belə o valideyinlərin qaysaq tutmayan
"yaralarına" toxunar, acıdar, ağrıdar
onları... Hər xəfiflik belə acı və kədərdən
"nazilmiş" ürəklərini qırar... Yağan
yağışın hər damcısı onlara toxunduqca təkrar-təkrar
silkələndi onları, dərd-qəm "səslərini
iç dünyasından qoparar və vücudlarına çulğayar...
Sevdiyim yağış damcıları dəyişdi mənim
üçün. Onların qəlbimdəki məna dolu xəfifliyi
ucadan uca şəhidlərin qürur mənbəyimiz olan
valideyinlərinin vücudunu ağrıtmasını qəbul
edə bilmərəm. Əlbətdə, bu mənim
duyğu-düşüncə "dünyam".
Qısa
qeydlərimi yekunlayıram, fəxrlə yaddaşımda
canlandı ki, bütün dövrlərdə bizə örnək
olan jurnalistlərimiz olub. Onların həyatına, deyimlərinə,
yaradıcılığına həmişə ehtiramla
yanaşırıq, əsərlərindən
yararlanırıq. Fədakar
alim, yorulmaz araşdırıcı, mahir jurnalist, bacarıqlı
salnaməçi Qulam Məmmədlinin (1897-1994) jurnalist
haqqında söylədiyi bir fikri ibrətamizdir. Qulam müəllim
deyirdi ki: "Hər əli qələm tutan jurnalist ola bilməz.
Jurnalistin araşdırma qabiliyyəti, iti gözü, duyumu və
tükənməz enerjisi olmalıdır..." Əminliklə
razılaşıram ki, bu keyfiyyətlərin hamısı
Bibixanım İsayevanın canında, qanında əbədiləşib.
Daha bir görkəmli jurnalisti - Nurəddin Babayevi (1921-1991)
xatırlamaqla, ruhunu şad etməklə təsəvvür
yarada biləcək misal çəkmək həvəsi
oyandı qəlbimdə. Onun "Elə yaz ki..." adlı
qiymətli kitabının əvvəlində verilmiş, Səyavuş
Sərxanlının yazdığı "Mərdlik və məhəbbət
işığında" başlıqlı məqalədə
oxuyuruq: "... Ən əlçatmaz, ünyetməz zirvə
xalq ürəyidir, onu fəth etmək üçün qələm
əhlinə səmimiyyət və fədakarlıqdan əlavə
sınmayan, yanmayan mərdlik və məhəbbət
qanadları da gərəkdir". Mən təkrarçılığa
yol verməyəcəm, yuxarıda Bibixanım
İsayevanın bəzi keyfiyyətlərindən qısaca da
olsa danışmışam. Görün Səyavüş
müəllimin qeyd etdiyi keyfiyyətlər necə də dəqiqliyi
ilə Bibixanım İsayevanın layiqli, dəyərli
xüsusiyyətləri ilə üst-üstə
düşür...
Şəxsiyyətinə
və yaradıcılığına böyük hörmət
bəslədiyim Bibixanım İsayevanı yeni
uğurları, növbəti kitabının işıq
üzü görməsi münasibətilə qürurla, fərəhlə,
səmimi qəlbdən təbrik edirəm, inşallah, daha
böyük nailiyyətləri ilə biz oxucularını
sevindirəcəyi günləri, illəri səbirsizliklə
gözləyirəm.
Ramin Məmmədov,
yazıçı-publisist, Qaradağ Rayon
Ağsaqqallar Şurasının sədri,
Birinci Qarabağ müharibəsi
veteran
Olaylar.-
2023.- 24-30 noyabr, ¹43.- S.17.