Axısxa/Məhsəti Türklərinin

dini-fəlsəfi dünyadərki....

 

Türk dünyasının sakral coğrafiyasısilsiləsindən            

 

Bütöv Türk-Müsəlman dünyasının dünyəvi dini-sakral mənəvi mədəniyyətinin zənginliyi Axısxa/Məhsəti Türklərinin milli-ruhsal fəlsəfəsini özündə birləşdirdiyindən əsrlər boyudur ki, bu sahə elmi-nəzəri tarixi-coğrafi tədqiqat mövzusuna çevrilmişdir. Tədqiqatçı-alim S.M.Cəlilovun (1957) İstanbul şəhərində çap etdirdiyi (2023) 2 cildlik  "Axısxa Türk mədəniyyəti ədəbiyyatı tarixi" kitabı (I cild) bu mövzu baxımından uzun illər ərzində aparılmış çoxşaxəli araşdırmaların nəticəsi olaraq həm qiymətli tarixi dəyərə malikdir. 

Şərqi Anadolu yaylasının, Qars Ərzurum dağarası vadilərinin, Kürçayı hövzəsi Qara dəniz sahillərinin (Məhsəti dağlıq silsiləsi) qədim Massaget-Türk-Oğuz ellərinin tayfaları sırasında Axısxa/Məhsəti elatı tarixi-coğrafi məkan özgürlüyünün genişliyi ilə yanaşı, etnomədəni təkamül mərhələlərinin güvənliyi-milliliyi ilə fərqlənmiş, həm Türk-Müsəlman dünyasının dini-fəlsəfi inkişafında silinməz izlər yaratmışlar. Bütöv Azərbaycanın hüdudlarında, eləcə Anadolu yaylasının şimal-şərq bölgələrində (Qara dəniz hövzəsi, Məhsəti dağlıq yaylası...boyunca) Axısxa Türklərinin etno-milli etno-mədəni köklərinin elmi-tarixi təsdiqi bir sıra Roma-Yunan (Herodot, Strabon, Ptolomey, Pliniy...), rus  alimlərinin (N.Y.Marr, V.V.Bartold, N.V.Piqulevski, İ.S.Çiçurov...), qırğız tədqiqatçısı İ.R.Rafətovun... əsərlərində yer almış, bu kökənli elatın tarixi-coğrafi keçmişi milli-dini bütövlüyü, dini-irfani gələnəkləri ("Kitabi-Dədə Qorqud","Koroğlu" dastanlarında da qeyd olunub) ) yer almaqla yanaşı, həm müasir tədqiqat mövzularına çevrilmişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respubllikasında sayı 76-78 min nəfər arasında olan yaşadıqları ərazilərdə (əsasən Saatlı rayonunun Qazanbatan, Cəfərxan, Qaranuru, Şirinbəy, Fətəlikənd, Gomuşçu, Adıgün, Orta Muğan, Smadakənd (əvvəlki Səməd Vurğun) kəndləri, Sabirabad rayonunun Axısxakənd, Surra, Əhmədbəyli...kəndləri, eləcə Qazax, Ağstafa, Şəmkir, Tərtər, Bərdə, Beyləqan, Hacıqabul, Ağsu, Şamaxı, Oğuz, Qəbələ, Zaqatala, Şabran, Xaçmaz, Quba...rayonlarında, Gəncə şəhərində) milli güvənliklərini qoruyub saxlamaqla Türk-Müsəlman dünyasının tarixindəki şərəfli səhifələri özəl mədəniyyətləri, ədəbiyyatları, folklor inciləri, el mərasimləri, şifahi-yazılı ədəbi nümunələri, dini-irfani fəlsəfi irsləri... ilə daha da zənginləşdirirlər.

Türk ellərinin Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Örənbörk (Orenburq)/Başqurd (Başqırd), Altay-Yenisu/Yenisey, Stavropol, Krasnodar diyarlarında, Rostov vilayətində, Şimali Osetiya Kabarda-Bolqar ərazilərində 150 min nəfərədək, ABŞ-da 16 min, Ukraynada 8 min nəfər... olmaqla hazırda bu Hun-Qıpçaq Oğuz mənşəli xalqın sayı dünyada 500-700 min arasındadır.

1918-ci ildə Gürcüstan Respublikası yaradılarkən tarixi əraziləri zorla ələ keçirilən, 1928-1937-ci illərdə "milli-irqi soyqırıma" məruz qalan (dövlət səviyyəsində"gürcüləşdirilən"), nəhayət, SSRİ Dövlət Müdafiə Komitəsinin (İ.Stalin-A.Mikoyan cütlüyünün) 31 iyul 1944-cü il tarixli 6279 nömrəli qərarı ilə doğma-əski yurdlarından Qazaxıstana Orta Asiyaya 3 gün ərzində (15-17 noyabr 1944-cü ildə) amansızlıqla sürgün edilən, amma Haqqın hökmü ilə Yaşamağa Var olmağa qadir bu Xalq Türkiyə Cumhuriyyətində adı çəkilən ellərdə ərən ocaqlarını çatmaqda, işıqlarını yandırmaqda, bərəkətli zəmilərini  halallıqla becərməkdədir...

Bu elatın Vətən yanğılı araşdırmaçı-alim övladı S.M.Cəlilovun "Axısxa Türk mədəniyyəti ədəbiyyatı tarixi" kitabı bütün məhrumiyyətlərə baxmayaraq bütövlükdə tarixən yaranmış zəngin bir mədəni ədəbu təkamülün inkişaf mərhələlərinə aid əhatəli, elmi-nəzəri baxımdan qiymətli tədqiqat əsəridir.

Haşiyə. Ulu Türk qövmünün Axısxa/Məhsəti tayfa birliyinin yanğılı ismi Sabircan Məhəmməd oğlu Cəlilov (1957) qədim Cığatay ellərinin Sır-Dərya vadisində doğulsa da, 1959-cu ildən sonra həyatını Azərbaycana bağlamışdır. Araz sahillərində Saatlı rayonu, Fətəlikənd kəndində orta, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsilini almış "Türk dilinin Məhsəti dialektinin qrammatikası" adı ilə diplom işi (1978), Gürcüstan Şərqşünaslıq İnstitutunda akademik S.S.Çikiyanın, professor V.T.Cangidzenin rəhbərliyi ilə "Türk dilinin Məhsəti dialektinin qrammatikası" mövzusunda dissertasiya işləmişdir. Axısxa Türklərinin dili, folkloru, ədəbiyyatı haqqında bir çox kitabların müəllifi olan S.Cəlilov "Vətən" Cəmiyyətinin "Vətən eşqi" qəzetinin baş redaktoru (1992), 2011-2014-cü illərdə Dünya Axısxa  Türkləri Birliyinin İdarə Heyətinin üzvü olmuşdur.

2016-cı ildən Ankara şəhərində yaşayır.

"Axısxa Türk mədəniyyəti ədəbiyyatı tarixi" tarixi-sənədli etnoqrafik-folklor kitabı (308 səhifə) ön söz, (professor İ.B.Kazımovun "Ədəbi-mədəni zənginlik tarixi" başlıqlı yazısı) müəllif qeydləri giriş hissə ilə başlayaraq 3 bölümdən ibarətdir.

Birinci hissə Axısxa/Məhsəti Türklərinin qədim tarixi-coğrafiyasına aid məlumatları işıqlandırır "Memarlıq arxitektura" başlıqlı  yarımbölümdə (səhifə 50) qeyd edilib ki, ilkin orta əsrlərdə (VI-XI əsrlər) Axısxa/Məhsəti Türk elatına mənsub qalalar-Ağqala/Ağısğa qalasının yaşı V əsrə aiddir, eləcə bu qövmə aid olan 32 qalanın adı (Altunqala, Böyüik Göydaş, Kiçik  Göydaş, Çıldır, Axalkələk, Azgur, Göydaş...) çəkilmişdir. Xristianlıq dövrünün bu abidələri (Alban mədəniyyəti nümunələri) müdafiə istehkamları olmaqla, həm dini-ibadətgah məkanları kimi istifadə edildiyindən inşası Şərq-Türk memarlığlı üslubuna (dini-fəlsəfi naxış elementləri izləri, mistik süjet xəttini ifadə edən cizgilərlə örtülü) uyğun aparılmışdır (Türk alimi N.Körpülü, "Bizim Axısxa" jurnalı, Ankara ş., 2005, ¹3, səhifə 27).

Müdafiə istehkamı dini-ruhani məkan olan Axısxa qalası  müəllif tərfindən (səhifə 53) aşağıdakı kimi şərh edilib:

-Axısxa/Ağqala qalası işərisində ibadətgah mədrəsə təlimləri məqsədləri üşün 1749-cu ildə Axısxa Atabəylərindən olan Hacı Əhməd paşa tərəfindən  İstanbul camiyələri üslubunda yerlu ustaların səyi ilə Əhmədiyyə camisi (mədrəsəli bir külliyə) tikilmişdir. 1828-ci ildə rusların işğalı nəticəsində bu camiyənin bir minarəsi sökülərək Peterburq şəhərinə aparılmış müqəddəs, irfani Türk-Müsəlman ocağı kilsəyə çevrilmişdir. Bu müsibətə Axısxa el ədəbiyyatında yazılan ağının bir beyti:

Əhmədiyyə minarəsi söküldü/Arabaynan Urusetə çəkildi...

Qalanın qərbində mədrəsələr (Ərzurumlu Hazik əfəndinin (1690-1763) rəyinə görə, 1753-cü ildə tikilmiş) olmuşdur, bağçasında yazılı daş lövhədə ruhani bir dilək var:

-Ey ziyarət edən, mənə bir Fatihə bəxş et!

Cənubi Qafqazda əski Türk qövmlərinin tarixi qədimliyinə məşhur alim, tədqiqatçı-yazar M.İ.Acının (1944-2018) "Qıpçaq çölünün yovşanı" (1994), "Qıpçaqlar" əsərlərində (2002) yer verilməklə, Axısxa/Məhsəti etnomilli vəhdətin assimlyasiya mərhələsi sırasında IV-V əsrləri qeyd etmişdir (erkən dini-ruhani Alban mədəniyyətinin təkamül dövrü-Q.Y.). təsadüfi deyil ki, bu mərhələdə Qafqaza, o cümlədən Cənubi Qafqaza Kiçik Qafqaz dağlıq-Qara dəniz hövzələrinə Hun-Qıpçaq tayfalarının köçü Axısxa/Məhsəti qəbilə birliklərinin etnoassimlyası prosesinə təsir etmiş, dini-fəlsəfi təriqətlərində iz buraxmışdır. Əsərin 57-58-ci səhifələrində qeyd olunmuşdur ki, M.Acı Hunların Göy Tanrı dini ilə xristianlığın qarışığı olaraq pravoslav təriqətinin yarandığını bildirmiş Cərcis peyğəmbər (Georqi)  barədə məlumat vermişdir.  Axısxa/Məhsəti xalqının dini-mistik təsəvvürünün formalaşmasında Tanrı elçisi, Hun-Qıpçaq peyğəmbəri Cərcis (Altayda doğulmuş)  təlimi Qıpçaq-Axısxa qövmünün dini-ruhani dünyagörüşünün, sakral mədəniyyətinin formalaşmasında önəmli təsiri olmuş, Türk xalqlarının ədəbi eposlarında bu barədə bilgilərə rasy gəlinir ("Koroğlu" dastanında  gürcü Məmməd surəti timsalında).

Haşiyə. "Cərcis Peyğəmbər" ziyarətgahı, həmçinin "Sarı peyğəmbər" ziyarətgahı ya "Zəncir" piri  Beyləqan şəhəri mərkəzindən 3-4 km şimal-şərqdə, Şəfəq qəsəbəsi ərazisində yerləşən dini-ibadətgah, müqəddəs ziyarətgah məkanıdır. Bura Şəfəq qəbiristanlığı, "Cərcis Peyğəmbər" məscidi məscidin içərisində  Müqəddəs Cərcisə/Georqiyə aid olunduğuna inanılan məzar mövcuddur.İslam mənbələrində peyğəmbər kimi təsvir edilən "Cərcis" adlanan Müqəddəs Georgi Mosul şəhərində bütpərəst padşaha qarşı çıxmış bu səbəbdən işğəncəyə məruz qalaraq öldürülmüşdür.

Bu hekayə sonradan təbliğatçılar vasitəsilə Azərbaycana gətirilmiş, Qafqaz Albaniyası dövründə burada Müqəddəs Georgiyə ziyarətgah yaradılmışdır. Bu ziyarətgah təbii fəlakətlər, yadellilərin Azərbaycana hücumu zamanı dağıdılmış, sonradan XVII-XVIII əsrlərdə yenidən tikilmişdir. Ziyarətgah XX əsrin əvvəllərində restavrasiya edilmişdir. Restavrasiya işindən məsul olan Cənubi Azərbaycanlı memar Həsən Təbrizi 1905-ci ildə işini yarımçıq qoyaraq abidənin mərkəzində zəncir buraxıb getmiş, sonradan yerlilər tərəfindən bu zəncir müqəddəsləşdirilmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra burada yenə restavrasiya işləri aparılmış, 2010-cu ildə məscid tikilmişdir. Ziyarətgah tarixi  dini abidə olaraq Azərbaycan Mədəniyyət Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qorunur.

Əsərin "Xristianlığa qədərki inanclar xristianlığın yayılması" başlıqlı hissəsi (səhifə 62-68) Axısxa/Məhsəti Türklərinin dini-irfani təfəkkürünün formalaşmasıənda ayrı-arı istimai-siyasi mərhələlərin təsiri barədə qiymətli bilgilər verir. Belə ki, bu xalqın Göy Tanrıçılıq dini-ideoloji, fəlsəfi dünyadərki e.ə. I minillikdə formalaşmış ilahi-mistik təriqətlərdən qidalandığı şübhə doğurmur. Qədim Hun Qıpçaq tayfalarında Günəş, Ay, Od, Su, Torpaq...kultu (Yaqutlardan Altay-Ural dağlarına, Kiçik Qafqaz-Anadolu yaylası, Qara dəniz hövzəsinədək) yaşayan qəbilə-tayfa birlikləri, o cümlədən Axısxa/Məhsəti Türkləri tərəfindən qəbul edilmişdir. Kür çayı boyunca  yaşayan Bun/Hun Türklərin, yəni, Axısxa/Məhsəti Türklərinin indi and yeri olan Duaları (alqışları/qarğışları)  bu İnanclardan doğmuşdur:

-Gün gözünü tutsun/Günəşə kor baxım...

-Torpaq haqqı/Su haqqı...

-Tanrı haqqı/Vətən imanın yarısıdır...

 R.S. Azərbaycan Respublikasında Axısxa/Məhsəti Türk  xalqının ictimai-mədəni irsinin inkişaf etdirilməsi, milli-özünüdərk irsinin qorunub saxlanılması Türk-Müsəlman xalqları ilə əlaqələndirilməsi təbliği məqsədi ilə 1998-ci ildə  yaradılmış "Axısxa Vətən İctimai Cəmiyyəti" 2015-ci ildən "Axısxa İctimai Birliyi" kimi (sədr Xalid Xəlilov) fəaliyyət göstərir.

Dünya Axısxa Türkləri Birliyi beynəlxalq ictimai mərkəz kimi yaradılmışdır.

 

(ardı var)

 

(Yazının hazırlanmasında həm Saatlı rayonu, Fətəlikənd kənd sakini Bəxtiyar Yusif oğlu Rzayevin (1962) məlumatlarından istifadə edilmişdir).

 

Qismət  Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

Olaylar.- 2023.- 6-12 oktyabr.- S.17.