HÖRMƏT EDİRİKMİ ŞEİRƏ, SƏNƏTƏ?

 

Danılmaz faktdır ki, Azərbaycanda tarix boyu, hər hansı ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə ədəbiyyata incəsənətə - şeirə, təsviri sənətə, musiqiyə, bir sözlə, sənətkara böyük hörmət, qayğı, ehtiram diqqət olmuşdur.

Bu ənənə sovet dönəmində olduğu kimi, müstəqillik illərində daha bariz davam etdirilmiş etdirilməkdədir. XX əsrin ikinci yarısından üzübəri ədəbiyyat incəsənətimizin bütün sahələrində baş verən intibah musiqi sənətimizdə, o cümlədən mahnı janrında da özünü parlaq şəkildə biruzə verirdi. Gözəl sözlərə bəstələnmiş gözəl musiqilə yaranan mahnılarımız ifaçılar tərəfindən çox nadir hallarda təhrifə uğrayırdı. Belə bir hal şair bəstəkarla işləmiş o mahnını ilk dəfə ifa edən müğənnilərdə ümumiyyətlə baş vermirdi. O zaman belə halların qarşısını efirdən əvvəl həmin mahnını dinləyib rəy verən bədii şura da alırdı. Mahnılarda istər sözlərin, istərsə musiqinin təhrifinə ara-sıra, yalnız konsert salonlarında təsadüf etmək olardı.

Ölkəmizdə senzuranın ləğvindən sonra belə bir bədii şuranın da fəaliyyəti dayandırıldı. Efirə, xüsusilə yeni yaranan tele-radio kanallarına bayağı sözlü, bayağı musiqili mahnılar ayaq açmağa başladılar. Bir ara isə ötən əsrin peşəkar bəstəkar mahnılarının yerini sözləri musiqiləri özlərinə məxsus "şair-bəstəkar" mahnıları mənimsədi. Efirlərdə yeni "müğənnilər"in yağışı yarışı başladı. Müxtəlif yollarla populyarlaşan belə "müğənnilər" xalqın, ələlxüsus da gənclərin yeniyetmələrin musiqi zövqünə çox çətin gec sağala biləcək zərbələr vurdular.

Belə mahnılara aludə olan sürücülərin ucbatından şəhərdaxili şəhərlərarası marşrut avtobuslarında sərnişinlərin əksəriyyəti mənzil başına əsəbi çatmaq məcburiyyətində qalır, bəzilərisə hətta təngə gəlib növbəti dayanacaqda avtobusu tərk edirlər. Bu barədə bir neçə kanalda tənqidi süjetlər verilsə , nəzarətsizlik səbəbindən belə hallar davam etməkdədir.

Bu gün bəstəkar mahnılarına, xüsusən retro mahnılar adlandırılan 1950-1980-ci illərdə bəstələnmiş, sözün əsl mənasında əsərlərə tez-tez müraciət olunur. Belə bir ənənənin başlanması yavaş-yavaş vüsət alması yaxşı haldır. Lakin həmin  mahnıların səsyazma studiyalarında yenidən yazılışı zamanı musiqinin düzgün ifası ilə bərabər (xarici musiqi notları əlavə etməməklə), onun sözlərinə dəqiq riayət olunması vacibdir. Bu yazılış zamanı xüsusən gənc müğənnilər vaxtsa bu mahnını təhriflə oxumuş hər hansı bir ifaçını dinləyir ya əlinə keçən bir kitabdan (əsasən "Mahnılar" adlı kitablardan) sözləri götürüb çapda səhvən getmiş bir kəlmənin fərqinə varmadan ondan bəhrələnirlər. Bu mənada səsyazma studiyalarında belə mahnıların yazılışı zamanı sözlərin dəqiq ifa olunmasına müğənnilə bərabər səs rejissorları da müstəsna məsuliyyət daşıyırlar. Qeyri-peşəkar rejissorlar tərəfindən yazılan mahnıların ifası zamanı əksər hallarda sözlərin, bəzi hallarda melodiyanın da təhrifinə yol verilir təəssüf ki, bunun qarşısını almağa təşəbbüs olunmur.

Sözləri təhrif olunmuş mahnıların ifası haqqında yüzlərlə misal göstərməklə daha geniş danışmaq mümkündür. Bu ayrıca bir əhatəli məqalənin mövzusudur. Lakin bu yazıda bir neçə nümunə ilə kifayətlənməli oldum. Demək olar ki, son illər bütün radio kanallarımızdan   müğənni Elnurun ifasında Vahid Axundovun bəstələdiyi "O, Naxçıvandır!" mahnısı səslənir. Gənc müğənni mahnının birinci bəndinin sözlərini "Hansı məkandır?" ifadəsində melodiyadakı vurğunu da təhrif edərək belə oxuyur:                        

"...Ətəyindən Arpaçayı, qucağından Araz keçən

Hansı məkandır? O, Naxçıvandır,

Nəqşi-cahandır - Azərbaycandır!"          

Halbuki, Əliheydər Qəmbərovun şeirində "Sinəsindən Arpaçayı, ətəyindən Araz keçən"dir. Müğənninin ifasından belə məlum olur ki, Araz Naxçıvanın qucağından keçir. Deməli o taylı, bu taylı Naxçıvan mövcuddur? Naxçıvanı görməyən Azərbaycanın xəritəsindən bixəbər olan hər bir dinləyicidə belə bir təsəvvür yaradır bu məsuliyyətsiz ifa! Hətta sonradan bu kobud səhvə düzəliş edilmədən belə həmin mahnıya xeyli xərc qoyularaq klip çəkilmiş vaxtaşırı telekanallarımızda nümayiş etdirilməkdədir.

Mahnıların ifasında sözlərdə hərf xətalarına da tez-tez yol verilir ki, bu da şair fikrinin, məramının təhrif olunması ilə nəticələnir. Məsələn:                             

"... Eşqimizə o vaxt həsrət çəkənlər -

Bəs deyim məni sənsiz görəndə?"

Eşqə həsrət çəkmək deməkdir? Anlaşılmır. Halbuki mətndə "həsəd çəkənlər"dir. Yaxud:

"Eşqin məhəbbəti düşüb canıma,

Ana, göz yaşını sil, qadoy alım."

"Eşqin məhəbbəti" hansı məntiqdən doğub? Əslində isə doğru ifa budur:

"Eşqi, məhəbbəti düşüb canıma,

Ana, göz yaşımı sil, qadan alım."

Buna bənzər daha bir misal. Yeni səsləndirmələrdə müğənnilər "Qarabağ - ana yurdum" mahnısının ifası zamanı oxuyurlar:   

                   "Bu çəmənlərdə gəzir Vaqifin şux gözəli,

                   Ruhunu burdan alır Natəvanın qəzəli."

Bu misraların əslində - şair mətnində bir xatırlatma var, yəni bunlar nə vaxtsa olub. Bu gün, hal-hazırda qəzəl yazan hansı Natəvandan söhbət gedir? İndi o çəmənlərdə gəzən Vaqifin hansı şux gözəlidir elə? Ona görə də "gəzir", "alır" ifadələri müəllifin yazdığı kimi - "gəzib", "alıb" oxunmalıdır.

Qarabağ mövzusunda daha bir məsələyə diqqət etmək vacibdir. Məlum münaqişənin vüsət aldığı günlərdən indiyədək elə mahnılar vardır ki, onlar efirdən birdəfəlik yığışdırılıb. Lakin özündə incə nüansları ehtiva edən mahnılar diqqətsizlik ucbatından gənc müğənnilər tərəfindən yenidən yazılıb səsləndirilməkdədir. Məsələn, "Şən Azərbaycan" mahnısı. Mahnının ikinci bəndinə diqqət edək:                      

"El qızları düzüm-düzüm Kür qırağında,

Min gül açıb Gəncəmizin hər budağında.

                         Dost elləri Qarabağın dağ vüqarlıdır,

Gen çölləri bu torpağın xoş baharlıdır."

"Dost elləri Qarabağın..." Burada nə anlaşılır? Əgər bizim Qarabağımızdırsa, deməli bu ellər dost yox, doğma ellərdir. "Dost ellər" isə Qarabağa 200 il əvvəl köçürülüb yerləşdirilmiş ellərdir. Burada məskunlaşandan nankorluğa başlayan və son 30 ilə yaxın bir müddətdə "Yersiz gəldi, yerli, qac!" şüarı ilə bizə düşmən kəsilən "dostların" dağ vüqarlı olmasını tərənnüm etməyə müğənnilərimizi vadar edən nədir? Bu mahnını yazdırarkən heç olmasa, həmin bəndi ixtisar edib oxumamaq olmazdımı? Bəs oxunmasına səbəb nədir? Diqqətsizlik, biganəlik, sözlərin fərqinə varmamaq!

Belə münasibətin digər bir fəsadı da mahnılarda mətnlərin - şeirlərin sözlərinə, qafiyələrinə fikir vermədən onları ifa etməkdir. Yeri gəlmişkən, Qarabağ mövzusunda daha bir mahnımızı xatirlayaq. Həmişə "Sarı bülbül" adı ilə "xalq mahnısı" kimi təqdim olunan bu mahnının əslində adı sadəcə "Bülbül"dür. Mahnının yaranma tarixçəsi son illərdə müxtəlif versiyalarla dəfələrlə teleradio kanallarından səsləndirilib, mətbuatda yazılıb. Ən real versiya isə budur ki, sonuncu Qarabağ xanı İbrahimxəlil xanın qızı Ağabəyim ağa məcburən İran hökmdarı Fətəli şaha verildiyindən Tehrana gəlin köçür. Şah zövcəsinin Vətən həsrətini ovutmaq məqsədilə dünyanın məşhur güllərini saray bağçasında əkdirir. Bir gün Ağabəyim bağçada əyləşib bu gülləri seyr edərkən burada cəh-cəhlə uçuşan bülbüllərdən birinin hovuz kənarına qonub səssizcə ordakı balıqlara baxması şairənin bədahətən yeni misralarının yaranmasına səbəb olur:

Qürbət bağı al-əlvandır,

Yox üstündə xarıbülbül.

Qəm-qüssəli bir dövrandır

Səsin gəlsin barı, bülbül.

 

Bülbül, sənin işin qandı,

Aşiqlər oduna yandı.

Nədən hər yerin əlvandı

Köksün altı sarı, bülbül?

 

Oxu, nəğmən dilə gəlsin,

Xoş avazın elə gəlsin.

Yarım gülə-gülə gəlsin

Mən çalanda tarı, bülbül.

Ağabəyim ağa Tehranın saray bağçasını "Vətən bağı" deyə tərənnüm edə bilməzdi. Əgər bu şeir həqiqətən Vətəndə - Qarabağda yaransaydı, o zaman isə  "Yox üstündə xarıbülbül" deyə bilməzdi. Belə bir məlumat da mövcuddur ki, o, Tehranda tar çalmağı öyrəndiyindən bu mahnının melodiyası da elə şairənin özünə məxsus olmuşdur. Beləliklə, bu mahnı qısa bir zamanda, XIX əsrin ortalarından Arazın bu tayında da məşhurlaşmışdır.

Sovet hakimiyyətinin ilk illərində hər bir milli dəyərlərimizə müdaxilə olunduğu kimi, xalq mahnılarımıza, o cümlədən Ağabəyim ağanın bu şeirinə də bolşevik ideologiyası zəminində düzəlişlər edilərək "Qürbət bağı" - "Vətən bağı" ilə əvəzləndirilməklə, sovet dövrünün əsl yaşamalı bir zaman olduğu əsas götürülüb "qəm-qüssəli" deyil, "ömür sürməli dövrandır" oxunması tələb edilmişdir.

Milli musiqi alətimiz "tara qarşı hücum" kampaniyası başlayanda isə bu mahnıda da "tar" kəlməsinin işlədilməməsi üçün sonuncu misra "Mən çalanda sazı, bülbül" olaraq dəyişdirilmişdir.

Bu gün, müstəqil Azərbaycanımızın xanəndə və müğənniləri bu mahnıya real yanaşaraq onun ifasına:                              

Vətən bağı al-əlvandır,

Var üstündə xarıbülbül...

misraları ilə başlamalı bəndlərdəki "xarı., barı və sarı" qafiyələrinin tamamlanması naminə nəhayət ki, "sazı" da "tarı" ifadəsilə əvəz etməlidirlər.

Bir ciddi qüsura da bir neçə misal: Elza İbrahimovanın Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi çox məşhur "Gecələr bulaq başı" mahnısının ilk və əvəzsiz ifaçısı, mərhum Hüseynağa Hadıyev oxuduqda:

"Sakit axıb gecələr bulaq nələr danışır?

Elə bil ki, nağıllar, əfsanələr danışır..."

eşidirik. Mahnının yeni yazılmış versiyalarını səsləndirən müğənnilər - hamıya hər bir mahnını düzgün, savadlı ifa etməyi tövsiyə edən Teymur Əmrah, həmçinin yaxşı gənc müğənnilər sırasında olan Nurlan Növrəsli belə başlayırlar: "Sakit axan gecələr bulaq nələr danışır?" Təəccüblüdür ki, hər ifanı bəyənməyən Əli Mirəliyev də bu mahnını yenicə lentə yazdırsa da, onu belə qüsurlu misra ilə oxumağa başlayır. Gecə niyə və hara axır? Mahnının əsas qəhrəmanı bulaqdır və şair gecələr sakit axan bulağın "sirli" aləmini tərənnüm edir.

Bəzi hallarda isə məhz şairin səhv ifadəsi ucbatından müğənni də onu yazıldığı kimi oxumaq məcburiyyətində qalır. Məsələn, sevilən müğənnimiz Mübariz Tağıyevin vətənpərvər ruhda yazılmış mahnıda "Nə Vətən bölünməz, nə şəhid ölməz"oxuduğu kimi. Bu misrada şairin qafiyə xatirinə yol verdiyi dil xətası mahnı vasitəsilə yanlış deyim təbliğinə vasitəçilik edir. Məlumdur ki, deyimlərin əvvəlində nə (inkar) ifadəsi gələrsə, ondan sonrakı söz təsdiqlə yazılır. Bunu neçə-neçə mahnılarımızda da eşidirik. Məsələn, "Nə hə deyir, nə yox deyir", "Nə danışdın, nə dindin" və s. Deməli, düzgün olaraq "Nə Vətən bölünər, nə şəhid ölər" oxunması üçün həmin bənddə dəyişiklik edilməlidir.

Bir sıra son bəstələrdə mahnı üzərində işlənən zaman mətnə diqqət yetirilməməsi ucbatından ifalarda dilimizə yad kəlmələr də eşidilməkdədir. Məsələn, Lalə Məmmədova "sən bizi kayb etdin", "qəlbini çəkib getdin", Eyyub Yaqubov  isə:                      

 "Sənsən Günəşim, Ayım,

   Həsrətinin yollarındayım."

oxuyurlar. Burada qafiyə xatirinə "yollarındayam" tələffüzü təhrifə uğradılır. Yeri gəlmişkən, mahnılarımızda qafiyələrlə bağlı yanlışlıqlardan bir neçə nümunəyə diqqət yetirək.

Cahangir Cahangirovun "Ana Kür" mahnısının ilk ifaçısı, unudulmaz sənətkarımız Gülağa Məmmədov onu "Dəli Kür" filmi üçün səsləndirərkən bir misrada yanlışlığa yol verərək:    

"Sənsən həyatım mənim,

Dərdim, dərmanım mənim..."

oxumuşdur. Bu fonoqram sonralar da efirdə eynilə səsləndirilmiş və digər peşəkar, həmçinin həvəskar müğənnilər də fərqinə varmadan həmin yanlış misranı təkrar etmişlər və etməkdədirlər. Əslində isə bu misra "sənsən həyatım..." deyil, şair Rəfiq Zəkanın yazdığı kimi - "Sənsən həyanım mənim" oxunmalıdır ki, sonrakı misrada gələn "dərmanım mənim"lə həmqafiyə ola bilsin. Bir sıra mahnılarımızda qafiyələr sanki bilərəkdən pozularaq oxunur:                               

"...Gülüm, günüm güllərimi qurutdu.

Bu oyunda kim uddu, kim uduzdu..."

(Bu oyunda kim uduzdu, kim uddu); 

"...Mənimdir məhəbbət, gözəllik,

Səadət, səadət, səadət."

(Mənimdir gözəllik, məhəbbət);

"... Tutmuşdu üzünü mavi Xəzərə,

O, dənizə baxdı, mən o gözələ.

(O, dənizə baxdı, mən o gözlərə.);

Yenə bu mahnıda:

"... Görəntək tanıdım mən o gözəli,

libas geymişdi o gözəl pəri."

(Görəntək tanıdım mən o gözləri);

  "...Sən canı canandan ayrı tutmazdın,

Odur ki, vəfasız deyildir adın.

O, səni unutdu, sən unutmadın..."

(Sən canı canandan ayrı tutmadın);

"...Nişan aldım, kəmənd atdım,

  Dəydi oxum daşa, könül."

  (Nişan aldım, kaman atdım);

 "Müştaqam qələm qaşına,

   Durum dolanım başına.

   Pərvanətək atəşlərə

   Yandım əzəl gündən, ay qız!"

Aşıq Şəmşirin sözlərinə oxunan sonuncu bənddə müəllif "Pərvanətək ataşına" yazıb. Bu, əlbəttə qafiyə xatirinə olsa da müğənni onu heç olmasa "atəşinə" oxumalıdır. Bəzi müğənnilər isə "Şəmşir üçün ərməğansan" misrasında təhrifə yol verərək "əladansan" oxuyurlar.

Əlbəttə, belə misalların sayını artırmaq da olar, çünki ifalarda bu cür kobud təhriflər istənilən qədərdir. Ələkbər Tağıyevlə Hafiz Baxışın onlarla birgə yaradıcılıq məhsullarından biri olan "Olmaz, olmaz" mahnısının ilk ifaçısı Nisə Qasımova olmuşdur. Çox maraqlı və hətta heyrətləndirici bir faktdır ki, bu yaxınlarda yazılmış yeni səsləndirilmədə Nisə xanım həmin mahnının nəqəratını belə oxuyub:

"Zirvədə duman da, çən də gözəldir,

Bağçada çiçək , bar da gözəldir,

Məclisdə kaman da, tar da gözəldir,

Aşıq Ələsgərin sazından olmaz."

1980-ci illərin əvvəllərində bəstələnmiş bu mahnını Nisə xanım nəinki efirdə, həmçinin konsert salonlarında, müxtəlif tədbir və məclislərdə böyük şövqlə və məsuliyyətlə ifa edərək nəqərata həmişə "Zirvədə duman da, qar da gözəldir" misrası ilə başlayıb. Bu yerdə istədim ki, "başqa bir müğənni bu səhvə yol versəydi" yazam, həmin anda vaz keçdim. Başqa bir müğənninin də, müğənni olmayanın da mahnının mətnini təhrif etməyə, ona özündən sözlər uydurmağa heç bir ixtiyarı yoxdur.

Bu məqamda daha bir ifanı xatırladım - gün ərzində bir neçə radiokanaldan az qala 4-5 dəfə səsləndirilən və güya yeni  uyğunlaşdırmada təqdim olunan Sevda Ələkbərzadənin ifasını. Yenə də Ə.Tağıyevin Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi "Qal, sənə qurban!" mahnısının melodiyasını ciddi təhrif etməklə müğənni "Gəl çəkmə sinəmə sən hicran dağı" misrasında "sinəmə" əvəzinə "könlümə" oxuyur. Məgər Müşfiq bu şeirini yazarkən bilmirdi ki, "dağ" hara çəkilər? Ümumiyyətlə, yalnız bəstəkar mahnılarını deyil, hətta xalq mahnılarımızı da "şikəst" edərək oxuyan S.Ələkbərzadəyə irad tutmaq əvəzinə "bu, onun stilidir" deyən musiqişünaslarımız da vardır  təəssüf ki!

Məhz peşəkar musiqiçilərdən, tanınmış bəstəkar və musiqişünaslardan heç bir tənqid hiss etməyən müğənnilərimiz, hətta son illərdə xanəndələrimiz də xalq mahnılarımızı "Gülümsərovsayağı calaq edib" əcnəbi ritmlərin, melodiya və mahnıların müşayiətilə oxuyurlar. Belə calaq olunmuş mahnılarımız "yeni üslub", "yeni yanaşma" adı ilə İspaniya, Meksika, İtaliya, Fransa, İngiltərə, Argentina, Braziliya mahnı və ritmlərilə qoşa yazdırılaraq ifa olunur. Görəsən həmin ölkələrdə də bizim belə yeniliyə qarşılıq verərək ara-sıra xalq mahnılarımızı səsləndirirlərmi? Son vaxtlar bu biabırçılıq bəstəkar mahnılarına da sirayət etməkdədir. Bu azmış kimi hətta retro mahnılarımıza da müdaxilə edərək belə anlaşılmaz ritmlərlə görkəmli müğənnilərimizin də klassik ifalarını bərbad hala salırlar.

Bir çox hallarda xalq mahnılarımızin oxunmasında xanəndələrimiz tərəfindən işlədilən səhv ifadələrlə də rastlaşırıq. Məsələn, "O məh cəmalın..."  ("O mah (Ay) camalın") yaxud, "Gedim anama deyim, gəlim qalım yanında..." ("Gedim anama dəyim...") kimi və s.

Bu cür mahnılardan əlavə öz bəstəkarlarımız tərəfindən yazılan mahnılar da yaxşı sözlərinə, normal melodiyasına baxmayaraq elə bir tərzdə səsləndirilir ki, bu da süni bayağılıq yaradır. Müğənni Zamiqin oxuduğu və qısa müddətdə populyarlıq qazanmış "Kaman" mahnısında "Kaman ayrılıq nəğməsi çalır" misrası eşidilsə də, elektrogitara ilə müşayiət olunan mahnı boyu bir dəfə də olsun kamanın səsi eşidilmir.

Başqa bir mahnnı - Tofiq Quliyevin "Dörd dost"unu ifa edərkən Zamiq Hüseynov oxuyur:

"... Hər gün buruqları tən yara-yara

Birgə gedirik biz buruqlara..."

Əvvəla buruqları yarmaq deməkdir? Onları yara-yara buruqlara necə gedilir? Bu ifanı hazırlayarkən müğənni mütləq "Bəxtiyar" filminə baxıb orada bu mahnını Rəşid Behbudovun və digərlərinin ifasında eşitməklə sözlərin düzgün - "Hər gün suları tən yara-yara" tələffüzünü mənimsəməli idi.

Ümumiyyətlə, görülən işin daha səmərəli, ifa ediləcək mahnının daha uğurlu alınması üçün mütləq həmin əsərlərin ilk ifaçılarını audio və ya video üsullarla dinləmək lazımdır. Çünki ilk ifaçılar bilavasitə həmin mahnılar üzərində bəstəkarla, həmçinin bir çox hallarda şairlə də bərabər çalışdıqlarından bu ifalarda melodiyanın və mətnin təhrif olunması ehtimalı demək olar ki, sıfra bərabərdir.

Müstəqillik illərimizdə mahnı ifaçılığında daha bir mənfi tərəfimiz ifrat dərəcədə qabarmağa başladı. Hərçənd sovet dövründə bu cür hallara bir o qədər də əhəmiyyət verilmirdi: yəni qadın kişinin dilindən, kişi qadının dilindən yazılmış sözləri oxuyub ifa edirdi, hətta hökumət konsertlərində belə. Qadın müğənninin "Məhbubəm, sənsizəm, gəl...", "Gülüm oy, oy, oy, gözəl yarım, Əsmərim oy!", "Dərdindən mən dəliyəm, Ceyran...",  "Anam gəlini, incitmə məni... Eşqimi sənə vermişəm" və digər bu qəbildən olan mahnıları oxuması adicə bir ifa olaraq normal sayılırdı. Görkəmli sənətkarımız Fatma Mehrəliyevanın ifasında "Qaragilə" mahnısı bir dəfə yazılıb və həmişə də o lent səsləndirilir, baxmayaraq ki, müğənni belə oxuyub: "Nə mənə qız qəhətdi, nə sənə oğlan". Bu gün isə bilərəkdən qadın müğənninin "Ay xanım, xanım, gəl səni alım, qoynuma salım, ay xanım" oxuması təbii ki, dinləyicidə ikrah doğurmaya bilməz.

Məgər indiyədək "Azərbaycan oğluyam" mahnısını qızın, "Azərbaycan qızıyam" mahnısını isə oğlanın ifasında eşitmişikmi? Əsla! Nə üçün? Ona görə ki, həmin mahnılarda kimliyin birbaşa təqdimatı vardır? Bəs nümunə gətirdiyim, həmçinin sadalamadığım nə qədər mahnıda belə deyilmi?

Amma o dövrdə sözlərin fərqinə varan, mətni dərk edən müğənnilər tərəfindən belə incə məqamlar ortaya çıxdıqda mətndə yerinədüşən müvafiq dəyişiklik edilirdi və bu da necə deyərlər, qulağa xoş gəlirdi. Məsələn, "Sudan gələn sürməli qız" mahnısını qadın ifa edirdisə, "Gəlsən, səni özüm allam" yox, "Səni qardaşıma allam" oxuyurdu.

Bu mahnıdan söz düşmüşkən, son illərdə demək olar ki, onun bütün ifaçıları "Elə naz ilə gəlirsən, aparırlar bizə səni" deyə oxuyurlar. Axı, bu qız sudan gəlirsə, deməli su dolu kuzə ilə öz evlərinə gedir, bu vəziyyətdə onu küçədən tutub başqa evə niyə aparmalıdırlar? Burada oxuyan oğlanın arzusu səslənir: "Elə naz ilə gəlirsən, aparalar bizə səni".

Daha bir misal: 

"Ay gedən oğlan, hil olum boynuna,

Elçini göndər, gələrəm toyuna!"

Bunu oxuyanların hər hansı biri bu iki misranın məntiqinə varıbmı? Əsla! Hər kəs bu mahnını demək olar ki, mexaniki ifa etməkdədir. Necə olur ki, qız oğlanın boynunda hil (boyunbağı növü) olmaq istəyir, oğlan qıza elçi göndərir və sonra qız durub oğlanın toyuna gedir? Bu, hansı xalqın adət-ənənəsidir görəsən bu mahnıda özünə yer alıb? İfaçılar, musiqiçilər, ansambl rəhbərləri vaxt ayırıb əməlli fikirləşsəydilər, bu müəmmaya bir cavab tapardılar. Lakin heç kim başını yormaq istəmir. Əslində bu mahnının söz və musiqi müəllifi sayılan Tağı Salahoğlu

"Ay gedən gözəl, hil olum boynuna,

Bacını göndər, gələrəm toyuna"

yazıb oxuyub.

Mahnılarımızda mətnlərin yanlış yozulması və məzmununun təhrif edilməsinə daha bir misal: xalq artistimiz Xan Şuşinskinin müəllifi olduğu "Şuşanın dağları" mahnısında üçrəngli Azərbaycan bayrağının tərənnüm edildiyi iddiası son illər teleradio kanallarının müxtəlif verilişlərində tez-tez səslənməkdədir. Bu absurd ideyanın müəllifi və ya müəllifləri, həmçinin təbliğatçıları belə bir qənaətə gəlmələrini hansı arqument, hansı məntiqlə izah edə bilərlər? Heç nə ilə! Çünki bunun heç bir əsası yoxdur. Əvvəla görkəmli xanəndəmiz bu mahnını Şuşa toylarının birində iştirak edərkən bədahətən yazıb və ifa edib. Hətta "Şuşanın dağları başı dumanlı" misrasına görə onun öz başı bəlaya düçar olub və sovet məmurlarının göstərişilə bu mahnısını ikinci dəfə lentə yazdıraraq "Şuşanın dağları deyil dumanlı" oxuyub. İkincisi, məlum məsələdir ki, yüksək dağ başında olan duman və ya çən mavi deyil, əksər hallarda tünd, yaxud açıq boz rəngdə olur. Üçüncüsü, "Qırmızı qoftalı, yaşıl tumanlı" ifadəsi toyda bu geyimdə olan gözələ ünvanlanıb. "Ay qız, bu nə qaş-göz, bu nə tel?" misrası bunu tam sübuta yetirir.

Bu mahnının "tədqiqatçılarını" bu gün Şuşanın dağlarına qofta-tuman geyindirməyə məcbur edən nədir, hansı amaldır? "Dədə Qorqudun kitabı"ndan üzü bəri bütün əfsanə və nağıllarımızda, dastan və rəvayətlərimizdə, poeziya və nəsrimizdə Azərbaycanın dağları kişilik rəmzi, qüdrət və müdriklik simvolu, qürur və iftixar mənbəyi kimi tərənnüm olunmuşdur. Elə "Dədə Qorqud" filmində Turalla Günelin çöldəki görüşünü xatırlayaq: Söhbət əsnasında Günel qanrılıb Qazılıq dağına baxanda yaşmaqlanır. Turalın "Sən niyə həmişə Qazılıq dağına baxanda yaşmaqlanırsan?" sorğusuna Günel belə cavab verir: "Bunu bizə anamız deyib, nənəmiz öyrədib. Qazılıq dağı bizim qayınatamızdır. Ona görəndə gərək üzümüzü örtək!"

Bu yerdə unudulmaz şairimiz Tofiq Bayramın məşhur "Azərbaycan deyəndə" şeirini də xatırlamaq yerinə düşər:

"... Anaların bətnində

Qara gözlü körpələr

Pələngləşir, şirləşir,

Müdrik qocalar kimi

Dağlar da fikirləşir -

Azərbaycan deyəndə!"

Verilişlərdən söz düşmüşkən, bir sıra teleradio proqramlarında, bəzən isə hətta konsert səhnələrində mahnı elan olunduqda müəlliflərin, çox hallarda şairlərin adları səhv elan olunur. Elə Ana televiziya saydığımız Azərbaycan Televiziyasının "Yaradanlar, yaşadanlar" verilişinin bir neçə il əvvəl növbəti -  bəstəkar Rauf Hacıyevin yaradıcılığına həsr olunmuş buraxılışında aparıcı, müğənni-musiqiçi Rəşad İlyasov "Azərbaycan" mahnısını elan edərkən onun sözlərinin Səməd Vurğuna aid olduğunu söylədi. Mahnını ifa edib bitirən müğənni Ramil Qasımov da bu mahnının mətn müəllifinin Səməd Vurğun olduğunu bir daha vurğuladı.

Çox təəccüblü hal idi ki, verilişdə iştirak edən bir neçə tanınmış bəstəkar və musiqişünaslardan heç biri bu yanlışlığa düzəliş edib münasibət bildirmədi. Halbuki ilk dəfə görkəmli müğənnimiz və aktyorumuz Mirzə Babayevin ifasında səslənən, sonralar isə dahi sənətkarımız Rəşid Behbudovun yeni formatda təqdimatında dünyanı dolaşan bu möhtəşəm mahnının sözləri məhz bu televiziya və radioya komitə sədri kimi uzun illər rəhbərlik etmiş mərhum şairimiz Ənvər Əlibəyliyə məxsusdur.

S.Vurğunun "Azərbaycan" şeirinə yazılmış mahnının müəllifisə Ələkbər Tağıyevdir. Bu mahnı da görkəmli sənətkarımız Zeynəb Xanlarovanın sayəsində dünya şöhrəti qazanmışdır.

Bu yazımı Səməd Vurğunun  adının çəkildiyi mahnıdan bir misalla tamamlamaq istədim. Sözləri Aşıq Əhmədə məxsus olan "Gəl gedək, Qazaxa bir salam verək" aşıqsayağı mahnını yazdırarkən müğənni Röya belə oxuyub:

Gəzək pərdə-pərdə, verək səs-səsə,

Könül şad olarmı ürək gülməsə?

Vurğunun yerini bizə kim desə,

Əhməd, o yerlərə bir salam verək!

Bu yerdə uşaqların sevimli oyunu "Gizlən-aç" ("Gizlənpaç" və ya "Gizlən-qaç") yada düşür. Əslində isə "yerini bizə kim desə" yox, "Vurğun gəzən yeri bizə kim desə" oxunmalıdır.

 

ƏLƏKBƏR QASIMOV

AMEA Naxçıvan Bölməsi İncəsənət,

Dil Ədəbiyyat İnstitutunun elmi katibi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent,

Azərbaycan Teatr Xadimləri İttifaqının

Jurnalistlər Birliyinin üzvü.

 

Olaylar.- 2023.- 6-12 oktyabr.- S.19; 21.