POEZİYA ÜFİQLƏRİNDƏ
DOĞAN ƏBƏDİYYƏT
GÜNƏŞİ
...Hüseyn Cavidin əsərləri xalqa hava-su kimi
lazımdır. ...Hüseyn
Cavidin yaratdığı
əsərlər Azərbaycan
xalqının milli sərvətidir. Onlar bu gün üçün,
gələcək nəsillər
üçün dərslik
kitabıdır.
Heydər
ƏLİYEV
Azərbaycan
Xalqının Ümummilli
Lideri
Azərbaycan xalqının dünya ictimai fikir və
mədəniyyət tarixinə
bəxş etdiyi çoxsaylı görkəmli
şəxsiyyətlər arasında
böyük romantik şair, dramaturq Hüseyn Cavidin adı xüsusi yer tutur. Bəşəri
dəyərlərə verdiyi
əhəmiyyətə, ali
ideallara dönmədən
göstərdiyi sədaqətə
və xidmətə görə bu görkəmli Azərbaycan
şairi və dramaturqunun yaradıcılığı
ədəbiyyat tarixində
ön sıralardan birini tutmaqdadır.
Azərbaycan ədəbiyyatında romantizm cərəyanının qüdrətli nümayəndələrindən biri və bayraqdarı kimi şöhrət qazanan Hüseyn Cavid çoxcəhətli və zəngin yaradıcılığa malik olmuşdur. Yaradıcılığına lirik şeirlə başlayan və "Gülçin", "Salik" imzaları ilə şeirlər yazan Cavid ədəbiyyat tarixində gözəl şair olaraq tanınır. Onun həmçinin böyük istedadla yazılmış zəngin dram əsərləri Azərbaycan ədəbiyyatının qızıl fondunu təşkil edir. Böyük dramaturq kimi şöhrətlənən Hüseyn Cavid "Ana", "Şeyx Sənan", "Uçurum", "İblis", "Topal Teymur", "Peyğəmbər", "Xəyyam", "Səyavuş" və başqa dram əsərləri, "Azər" poeması ilə böyük humanist ideallar şairi olaraq özünü təsdiq etmişdir. "Yadi-mazi", "Get", "Könlümü", "Hər yer səfalı, nəşəli" şeiri qəzəl formasında, "Xuraman-xuraman" kimi şeirlər Hüseyn Cavidin ədəbi şəxsiyyəti və sənət idealını səciyyələndirmək üçün mühüm əhəmiyyət kəsb edir. "Bənim Tanrım" şeiri isə görkəmli ədibin sənət və yaradıcılıq manifesti kimi çıxış edir:
Həzz etmədim firqədən, cəmiyyətdən,
Zevq alamam hərbdən, siyasətdən,
Bir şey duymam fəlsəfədən, hikmətdən,
Bənim ruhum gözəllikdir, sevgidir.
"Sevgi xoşdur, sonu fəryad olsa da", "Sevgisiz bir başda əqrəblər gəzər" kimi misraları şairin sənət kredosunu özündə ifadə edir.
Böyük ideallar şairi
Hər bir əsərində böyük humanist ideyalarla çıxış edən görkəmli dramaturq bütün bəşəriyyətin xilası və nicatını məhəbbətdə, sülh və barışda görürdü. "Məhəbbətdir ən böyük din" fikri Hüseyn Cavidin yaradıcılıq şüarı və sənət proqramı idi. "Din bir olsaydı yer üzündə əgər, Daha məsud olurdu cinsi-bəşər" misrası ilə bu görkəmli Azərbaycan şairi bütün cəmiyyətlərin, ümumən bəşəriyyətin xoşbəxt və firavan yaşayışı üçün hər çür ayrıseçkiliyi ləğv edən böyük humanist ideya irəli sürürdü. Böyük humanist şair "Bənim Tanrım gözəllikdir, sevgidir" idealını irəli sürərək sevgini ictimai yaşayış tərzi və əxlaqı kimi bütün bəşəriyyətin, insanlığın xilası, nicatı olaraq müəyyənləşdirirdi. Buna görə də bu böyük söz ustadının hər sətri və misrası başdan-başa humanizm və məhəbbət ideyasından yoğrulmuşdu.
Özünü mənsub olduğu xalqının maariflənməsi, inkişafı və azadlığı üçün həsr edən Hüseyn Cavid həm də böyük maarifçi idi. Publisist əsər və məqalələrində, eləcə də bədii əsərlərində şair maarif, tərbiyə tərəfdarı kimi çıxış edirdi. "Turana qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət" fikri böyük şairin maarifçilik şüarlarının əyani ifadəsidir. O, mənsub olduğu xalqının gələcəyini oxumaqda, məktəbdə, tərbiyədə görür, özü də həm şair, həm də görkəmli pedaqoq, müəllim kimi bu ideallara yorulmadan xidmət göstərirdi. Böyük pedaqoq-şair H.Cavid: "O kəs kim elmdən məhrum, cəhlilə "fanatik"dir, Demə insan o nadanə ki, bir heyvani-natiqdir", - deyə elmi, mərifəti insanlığın meyarı hesab edərək xalqını, millətini maarifə, elmə səsləyirdi. H.Cavid həmçinin "diqqət nəzəri ilə baxanda əcnəbilər "balon vasitəsilə neçə günlük məsafəni bir saat ərzində, elmi-sənaət təhsili qüvvəsilə teyy etməyə qadir olurlar" deyərək müsəlmanların cəhalət, fanatizm, gerilik içərisində qalmağını ürək ağrısı ilə ifadə edirdi. Millətpərvər şair H.Cavid milli dil məsələsində də dövrün görkəmli ziyalılarının fikir və mübarizələrinə qoşulurdu. "Əbnayi-vətən üçün lazımdır ki, əvvəlcə vətən dili olan türk dilini ...öyrənmək", - deyə millətpərvər şair ana dilini öyrənməyi zəruri hesab edir və onun mücadiləsinə qoşulurdu. Təsadüfi deyildi ki, ana dilinə bu qədər məhəbbətlə bağlanan və əsərlərində Azərbaycan dili xüsusi ağırlıq təşkil edən böyük hünərvər şairin bədii yaradıcılıq dili ortaq türkcənin ən ideal nümunəsi hesab edilirdi. Cavid öz sənət idealına sədaqət göstərərək ədəbiyyat tarixində "söz və fikir zadəganı" olaraq qaldı. Hüseyn Cavid öz yaradıcılıq idealı ilə ədəbiyyat və əbədiyyət üfiqlərində bir Günəş olaraq parladı. Onun əsərləri bu gün üçün də öz müasirliyini qorumaqda, əhəmiyyətini saxlamaqdadır.
Dahidən dahiyə rəğbət
Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinə qədər unudulan Hüseyn Cavidin əsl bəraətini də məhz ədəbiyyatımızın böyük hamisi ulu öndər Heydər Əliyev vermişdir. Ümummilli liderimiz Hüseyn Cavid irsinin öyrənilməsi və təbliğinin əhəmiyyətini vurğuluyaraq demişdir: "Bizim hamımızın borcu, xüsusən müəllimlərin, məktəbliləri, gənc nəsli tərbiyə edənlərin borcu ondan ibarətdir ki, Hüseyn Cavidin əsərlərini hamıya çatdırsınlar, xüsusən bizim gənclərə. Məktəblərdə Hüseyn Cavidin əsərləri xüsusi yer tutmalıdır. ...Çünki onun hər bir əsərində bir dünya var və bu barədə bizim müəllimlərimizin üzərinə çox böyük vəzifə düşür". Məhz bu böyük şəxsiyyətin xalqına bağlılığı və sənətə sonsuz sevgisi işığında bəraət alaraq xalqının milli sərvəti kimi təqdim və təbliğ edilən Hüseyn Cavid ardıcıl dövlət qayğısı ilə əhatə olundu. 24 oktyabrın Cavid Poeziya Günü olaraq qeyd edilməsi də bu böyük sənətkara olan ehtiramın bariz ifadəsi idi. Ulu öndərimizin böyük qayğıkeşliklə həyata keçirdiyi misilsiz xidmətlər içərisində Azərbaycan xalqının dahi övladı, böyük şair-dramaturq Hüseyn Cavidin əsl bəraət hüququ alması, nəşinin uzaq Sibirdən doğma vətəni Naxçıvana gətirilməsi, ev-muzeyinin yaradılması, türbəsinin ucaldılması xüsusi qeyd edilməlidir. 37-ci illərin repressiya qurbanı olmuş Hüseyn Cavidə göstərilən bu qayğı vətənpərvər bir övladın böyük fədakarlıqla xalqına və millətinə göstərdiyi əvəzsiz bir xidmət nümunəsi idi. Görkəmli ədibin dövlət səviyyəsində yubileylərinin qeyd olunması, müxtəlif elmi, ədəbi-bədii tədbirlərin keçirilməsi, Bakı və Naxçıvan şəhərlərində ustad sənətkarın abidələrinin ucaldılması, xatirə muzeylərinin yaradılması, vaxtilə ədibin yaşadığı binaya xatirə lövhəsinin vurulması, yubiley medalının hazırlanması, pyeslərinin respublika teatrlarının repertuarlarına yenidən daxil edilməsi, mütəfəkkir söz ustadının əsərlərinin çapı, haqqında monoqrafiyaların, xatirə məcmuələrinin nəşri, həyat və yaradıcılığını əks etdirən salnamənin hazırlanaraq ədəbi ictimaiyyətə çatdırılması, sənət yolunu əks etdirən kitabların başqa dillərə tərcümə olunaraq çap edilməsi və digər tədbirlər böyük şair-dramaturq Hüseyn Cavid şəxsiyyəti və sənətinə göstərilən yüksək dövlət qayğısı və ehtiramının ifadəsidir.
Əbədiyaşar
Cavid irsinə göstərilən dövlət
qayğısı
Ümumiyyətlə, Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, tədqiqi, təbliği, dünyada tanıtdırılması istiqamətində həyata keçirilən çoxşaxəli və möhtəşəm tədbirlər bu gün də uğurla davam etdirilməkdədir. Ölkəmizə uğurla rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə dahi şairin yubileylərinin qeyd edilməsi də bu böyük mütəfəkkir şairə dövlət qayğısının diqqət mərkəzində olduğunun bariz göstəricisidir. "Hüseyn Cavidin 140 illiyinin qeyd eilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 sentyabr 2022-ci il tarixli Sərəncamı da qüdrətli sənətkarımıza göstərilən dövlət qayğısının daha bir bariz nümunəsidir. Sərəncamda böyük sənətkarımızın ədəbi mövqeyi və roluna yüksək qiymət ifadə edilərək deyilir: "Hüseyn Cavid fəlsəfi müdrikliyin və bədii kamilliyin ahəngdar vəhdətini dolğun təcəssüm etdirən yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmışdır. O, bütün ədəbi fəaliyyəti boyu həqiqəti, insanpərvərliyi və gözəlliyi tərənnüm etmişdir. ...Qüdrətli sənətkar humanist ideallar uğrunda mübarizəyə səsləyən mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin təməlini qoymuşdur. ...Cavid irsi Azərbaycan ədəbiyyatının qızıl fonduna həmişəlik daxil olmuşdur".
Beləliklə, böyük Azərbaycan dramaturqu, humanist ideallar şairi Hüseyn Cavid irsi həmişəyaşardır, ölməzdir və aktualdır. Onun hər bir əsəri bu günümüz üçün müasirdir və əhəmiyyətlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: "Onun hər bir əsərində bir dünya var".
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin şöbə
müdiri,
filologiya üzrə fəlsəfə
doktoru, dosent
Olaylar .- 2023..- 13-19 oktyabr, №38.- S.20.