Axısxa/ Məhsəti Türk xalqının

fəlsəfi-dini andları, inancları...

 

Göy Tanrısı- Tenqri Allahına inamdan başlayaraq İslam dini-fəlsəfi mədəniyyətinin irfani hikmətlərinə yönəlik təriqət yoluna qədər minilliklərlə yol gələn Axısxa/Məhsəti Türk xalqının İlahi Haqqa tapınmağında səmimilik, qəlb bağlılığı, qəlbən inam, təmənnasız bağışlanma istəyi, halal ömür payının diləyi, Torpağa, Vətənə bağlılığı, ruh kamilliyini İlahi Yazı naxışı/nəqşi Alın yazısı kimi qəbul etməyi...Göy Məqamının Kitabı kimi müqəddəs Hökmü olaraq qəbul edilmişdir, nəsildən-nəsilə irsən-mənən ötürülməkdədir...

Məhrumiyyətlərdən, ağır sınaqlardan, kəşməkeşli ömür yollarından keçən Bütöv bir Xalqın-Axısxa/Məhsəti qövmünün dini inancının sarsılmazlığı mənəvi kamilliyinin ifadəsində qəlbən inanma Haqqa uzanan qoşa əllərdədir, qılınan namazın rükətlərindədir, ağızda dillənən dualardadır, gündəlik pıçıltılı zikrlərdədir...

Duanın Uca Haqq məqamında qəbuluna inam var bu Xalqın qəlbində, ona görə bu duaların tarixi xalqın tarixi qədərdir, din-fəlsəfi dünyadərkinin zənginləşməsi məhz bu amillərə-təqvalara əsaslanır.

Sabircan Məhəmməd oğlu Cəlilovun qələmə aldığı "Axısxa Türk mədəniyyəti ədəbiyyatı tarixi" kitabının (2023) III hissəsindəki  "İnanclar", "Andlar", "Dualar", "Ağılar" bölümü qeyd edilən hikmətli inam ocaqlarının şöləsi haləsində yazılmışdır.

Bildirilir ki, Axısxa türk mədəniyyətinin 3000 illik dili, ədəbi üslubu, dini-irfani təcəllası, tarixi-coğrafi irsi...Anadolu yaylası, Qafqaz bölgəsi Qara dəniz hövzəsində Antik dövr mərhələsini təşkil etmişdir. Bu barədə macar/hun türkoloqu A.Vamberi (1832-1913) gürcü alimi, akademik S.S.Çikiya ("Sovet Türkologiyası" jurnalı, 6-cı sayı, 1977) elmi-nəzəri mülahizələrini bildirmişlər. Türk dünyası ölkələrinin bütövlüyü birliyi ideyasının yaradıcılarından ("Böyük Turan İttifaqı") olan A.Vamberi Axısxa/Məhsəti Türk xalqını ÜmumTürk hüdudlarında qədim dini-ideoloji təriqətə yiyələnmiş əski qövm timsalında qiymətləndirmiş, Axısxa/Məhsəti ərazilərini coğrafi məkan kimi Anadolu Qafqaz bölgəsi arasında "dini-fəlsəfi körpü" olaraq qəbul etmişdir.

Haşiyə. Bir sıra dillərə yiyələnən Armini Vamber 1857-1863-cü illərdə Osmanlı Türkiyəsinin Dövlət naziri Mehmet Fuad Keçecizadənin (1814-1868) katibi olmuş, bu dövlətin tarixi əsərlərini tərcümə etdiyinə görə macarıstan EA-nın müxbir üzvü seçilmiş, çar Rusiyasının işğalçılıq siyasətinə qarşıTürk xalqları birliyinin vacibliyi ideologiyasının daşıyıcısı olmuş, Dərviş libasında Rəşid Əfəndi adı ilə Türküstan diyarını səyahət edərək İslam dini-fəlsəfi etiqadının elmi-nəzəri təhlilini vermiş, 1864-cü ildə "Orta Asiyaya səyahət" kitabını çap etdirmişdir.

   "Axısxa Türk mədəniyyəti ədəbiyyatı tarixi" kitabının III hisəsi, "Axısxa Türklərinin şifahi ədəbiyyatı"  bölümü, "Folklorun öyrənilməsi tarixindən" (səhifə 108) mövzusunda bu Xalqın ilkin dini-mistik ideya təriqətinə tapınması tarixinin qədimliyi öz əksini tapmışdır. Xalq folklorunun ana xətti dini-mistik fəlsəfi təfəkkürün təlqini, şifahi xalq ədəbi irsinin ümumi süjet xəttində Haqqa tapınan irfani inancı...ilə mövzu zənginliyinə əsaslanır. 

  "Axısxa Türklərinin şifahi ədəbiyyatı"nı təhlil edən müəllif mülahizəsini belə əsaslandırır ki, Göy Tanrısı/Tenqri Allahına tapınma əski minilliklərin dini mərasimlərinin (Günəşə, Aya, Ulduzlara, Suya, Torpağa yönəlik inanclar, dua bədduaların dilə alınması, Ruhların tarixi-mifik məkanlar obrazında təsəvvürü...) əsas özəlliyi olmaqla yanaşı, Xalqın mənəvi-əxlaqi kamilliyinin təkmilləşməsinə səbəb olmuş, əsas şərt kimi dəyərə malikdir. Yəni, dini-hikmətli təsəvvürlər şifahi xalq ədəbiyyatının mövzusuna çevrilmiş, Türk xaılqlarının ümumi inanc obrazları  Axısxa/Məhsəti Türklərinin   müqəddəs ünvanları kimi qəbul edilmişdir (Humay Ana, Xıdır Əlləz/Xıdır İlyas,...).

Humay Ana ilə bağlı dini-mifiloji təsəvvürün şifahi xalq ədəbiyyatında geniş yer tutması minilliklərlə tarixi dövrün başlanğıcında dünyadərkinin fəlsəfi məzmunu barədə aydın təsəvvür yaradır.

"İnanclar" bölümü Axısxa/Məhsəti Türklərinin etiqadının fəlsəfi təməlinin, minilliklərlə formalaşmış İlahi Haqq dualarının əski tarixlərdən süzülən irfani təfəkkürünə həsr edilmişdir. Bu inanclar mistik ruhların saflaşmasına, milli-dini dünyadərki gələnəklərinin nəsildən-nəsilə ötürülməsinə işıq salmışdır:

Bar verən ağacı kəsməzlər/Şər qarışanda dırnaq tutmazlar;

Çörək düşəndə üç dəfə öpüb başınıza qoyun/Dualarınızı axar sulara söyləyin;

Məhsəti Türklərinin inancları dini-fəlsəfi məzmun kəsb etdiyi kimi, həm əxlaqi-mənəvi dəyərlərin milli özgürlüyünü yaratmışdır:

Gəlin Bəy evinə qədəm basanda nəzərə gəlməsin deyə ayağı ilə vurub qabı sındırar;

Tək gül yas, hüzür yerinə, cüt gül isə toya aparılar.

İlahi haqqa tapınma bu imanlı-inamlı Türk qovmünün müqəddəs etiqadından doğan "Andlar"ında təcəlla etmişdir (səhifə 119). Müəllif qənaəti bir daha təsdiq edir ki, Axısxa/Məhsəti Türklərinin Göy Tanrıçılığı, Səmavi Tenqri Allahına tapınması ilk təşəkkül mərhələsində Günəşə, Aya, Ulduzlara, Yerə, Suya...üz tutub dilə gətirdikləri dualarla səslənir:

Günəşin istiliyi ocağınızı isindirsin/Ayın işığı həyətinizə düşsün;

Allah-Təala qorusun/Peyğəmbərə and olsun.

Xalqın dini təsəvvüflərinə hakim olan və ÜmumTürk xalqlarının dini-dünyəvi təlqin ruhuna hakim olan Xeyir qüvvələrinin çağırılması, Şər qüvvələrin uzaqlaşdırılması istəyinə (xeyirlənməyə qovuşma və şərlənmədən uzaqlaşma) uyğun səmimi diləyin inama hakim olması milli-dini təriqətin dəyəri kimi qəbul edilmişdir. Bu yöndən yenə də, Göy Tanrıçılığının izlərinə rast gəlinir, Ruhlara sitayişə aşiq Şamanların ilkinliyi yada düşür:

Ay gördüm, xoş gördüm, Meçeçimin dibini boş gördüm.

Dini inanclara görə təzə Ay görünəndə ziyilin üstünə duz səpib sürtərək oynaya-oynaya bu duanı oxuyarlar- "Meçeçe (ziyil)" duasını...

Xeyirli sənalar sırasında bərəkət, büsat, vüsal, ayrılıq...duaları ruhani inanclardan, dini etiqaddan qaynaqlanıb:

Süfrənin bərəkəti çınqı-çınqı olsa da, əskilməsin/Gözün dolusu xeyrini görəsən;

Qapın xeyirliyə açılsın/Ocağın nəsillikcə alışsın.

Şər qüvvələrdən qorunma hissinin və istəyinin bədduaları da az deyil:

Bacasını ildırım vursun/Qapısına zindan kilidi asılsın...

Ruhların çağırılması, bu amacla qəlbin inama köklənməsi yenə də ilk dini hökmlərin təlqini ilə bağlı- Göy Tanrısı/Tenqri Allahına yönəlik dualar qismindədir, istər Xeyirli, istərsə də Bəd dualar olsun və Xeyir-Şər mübarizəsinin ilkinliyindən soraq verir. Axısxa/Məhsəti Türk xalqının milli-mənəvi, tarixi-coğrafi, dini-irfani...qədimliyi kimi.

Xəstəlikləri törədən şər qüvvələrin (Cinlərin) canda-bədəndə olması İlahi-Səmavi dualar sorumunda ifadə olunub, xüsusi sirli-sehrli mərasimlərlə qovulması isbatlanıb.

Şər qüvvələrin, yabançı ruhların uzaqlaşdırılması üçün, qovulması üçün edilən duaların dini-fəlsəfi istəyində Göy Haqqının hökmünə tapınma, bəd əməllərdən uzaqlaşma niyyəti, şər qüvvələrdən durulma...sonralar müqəddəs "Qurani-Kərim"in 72-ci "əl-Cinn" ("Cinlər) surəsinin (28 ayədir) 4-cü ayəsində ifadə edilib:

-Doğrusu bizim səfehimiz (İblis) Allah barəsində tamamilə yalan (haqdan uzaq) sözlər söyləmişdir.  

Axısxa/Məhsəti Türklərinin amacına rəğmən şər qüvvələrin odda çatılması istəyində deyilir-

Uzaq dağların arxasına atmalı/Peşinə (arxasına) atəş yaxmalı.

Adı çəkilən surənin 15-cı ayəsində də Buyurulub:

(Haqq yoldan) çıxanlar isə Cəhənnəm üçün odun olacaqlar (orada yandırılacaqlar).

Görkəmli tədqiqatçı Sabircan Məhəmməd oğlu Cəlilovun   "Axısxa Türk mədəniyyəti və ədəbiyyatı tarixi" kitabı bütöv bir Türk qövmünün etno-milli dəyərlərinin faktoloji-tarixi salnaməsi kimi dəyərli olmaqla yanaşı, həm də bu Xalqın dini-fəlsəfi düşüncə altqatının ruhani-irfani özəlliyinin qiymətləndirilməsi üçün zəruri nəşr nümunəsidir.

R.S. Axısxa/Məhsəti Türk xalqının tarixi əraziləri olan Qara dəniz hövzəsinin Cəvahirli bölgəsi 1918-ci ildə yeni yaranan Gürcüstan Respublikasının, 1920-ci  ildə Gürcüstan SSR-nin tərkibinə verilmişdir. 1921-ci il Qars müqaviləsinin şərtlərinə görə bölgə iki yerə parşqalanmış, böyük hissəsi SSRİ-nin tərkibində qalmışdır.

Doğma yurdlarından 1944-cü ildə sürgün edilən bu Xalq 1956-cı ildə siyasi və hüquqi bəraət almışdır. 

R.S.S. Məhsəti/Cəvahirli bölgəsinin əsas dini-ruhani mərkəzlərindən biri də Əhəlkələk nahiyəsinin XV əsrdə tikilmiş Axısxa/Məhsəti qalasının Əhmədiyyə məscidinin (XVIII əsrdə inşa edilmiş) mədrəsəsi və onun kitabxanası olmuş, Yaxın Şərqin məşhur dini-dünyəvi ocaq sayılmışdır. Rus ordusunun general-feldmarşalı İ.F.Paskeviç (1782-1856) 1828-ci ildə bu qalanı işğal etdikdə həmin kitabxanın qiymətli nüsxələrinin çoxusu məhv edilmiş, qalan hissəsi Peterburq şəhərinə daşınmışdır.

 

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

Olaylar.- 2023.- 20-26 oktyabr, ¹39.- S.17.