Azərbaycanın sakral coğrafiyasısilsiləsindən

Ləngəbiz yaylasının irfani ocaqları...

 

(XXX yazı)

 

Küdrü Şirvan vadisi boyunca, Ləngəbiz yaylasının ətəklərində sıralanan Bico,  Gəgəli, Keçdiməz, Qəşəd, Ləngəbiz, Çöl Bağırlı, Ovculu...kəndlərində, Acıdərə çayı hövzəsindəki Qaraqoyunlu Bozqoyunlu qiş otlaq sahələrində müqəddəs inanc-inam ocaqlarının çox olması (Şeyx Eyyub Bayram oğlu (1730-1797)  "Ağcaqız" yatağında doğulub, "Ocaqlı"  qış otlağında Baba Qədir piri ziyarət ocağıdır) qədim Şirvanın dini-sakral, əkinçilik tərəkəmə mədəniyyətinin mənəvi-etik dəyərləri ilə sıx bağlı olduğundan Türk-Müsəlman tarixinin əski səhifələrini özündə yaşatmaqdadır.

Dağlıq Aran Şirvanın tarixi-mədəni təkamül-inkişaf mərhələlərinin xristianlığaqədərki, Alban İslam dövrü irsinin dini-irfani milli-mənəvi dəyərlərinin ifadə olunmasında Ruhani dünyadərki dünyayozumunun fəlsəfi-sakral əsasları (təlimləri) ilə yanaşı, Şərq memarlığı üslubunda inşa edilən məbədlər-xanəgahlar, yazılı daş abidələr, naxışlı sənduqələr kallioqrafik cizgili başdaşları, qədim yurd Haqq yerləri (qəbirstanlıqlar), mistik-fəlsəfi mərasimlərin keçirildiyi məkanlar, ruhani yüklü inanc ziyarət ocaqları... tarixi tədqiqat, etnoqrafik-folklor məzmunlu araşdırma sahəsi, milli-mənəvi bütövlüyümüzün göstəricisi kimi böyük əhəmiyyətə malikdir.

Bu mənada coğrafi məkan baxımından Şirvan dağlıq yaylası Qobustan alçaq təpəliyi xüsusilə sakral irs zənginliyi ilə seçilən bölgələrimizdəndir, o cümlədən Ləngəbiz yaylası Küdrü Şirvan (Haramı, Yasamal tirəsi) vadisi istisnalıq təşkil etməməklə.

Dini-fəlsəfi məzmun baxımından səciyyəvi cəhətdir ki, nahiyənin hər bir yaşayış məskəni bu zənginliyə ünvan ola bilər, İslam təriqəti əsasında Ruhani-İrfani təlimin əsasları bölgədə geniş yayılmış minilliklərdir ki, mühafizə edilmişdir. Qəşəd kəndinin timsalında olmaqla bərabər.

Yaylanın ətəyinə sığınan Qəşəd kəndi tarixən dini-irfani  mədəniyyətin təşəkkül tapdığı coğrafi məkandır, yer-yurd adlarında (Hacı Qədirli kəndi, Hacı Nur təpəsi, Pir boyu yeri...) olduğu kimi, nəsil-tayfa, şəcərə ardıcılları da ruhani adlara tapınıblar-Mollalar tayfası, Xəlifəlilər tayfası, Sofular nəsli, Babalılar...

Bu kəndin sakral mədəniyyətinin tarixi səhifələrinə nəzər yetirdikdə 1918-ci ilin mart ayında azğınlaşmış hay-daşnak quldur dəstələrinin basqınlarına mərdliklə sinə gərən yerli özünümüdafiə qüvvələrinin önündə, əlində müqəddəs "Qurani-Şərifi" tutmaqla nifrətini dini-fəlsəfi təlimini düşmənin üzünə çırpan Molla Mehrab Molla Gülü oğlunun (1857-1918) şərəfli əqidə hökmü bir daha xatırlanır. Kənddən 300 m cənub-qərbə (qibləyə doğru) tərəf aralıda, Keçdiməz kəndinin alt hissəsində hay quldurları ilə üz-üzə gələn Molla Mehrab demişdir:

-Kafir, əlimdə Müqəddəs Kitabım var, güllələrin mənə dəyə bilməz...

Əhatəyə alınan Ruhani Ataya düşmən, qabaqlarına düşüb getməyi təkid edir:

-Allahın qulu Muhammad hümməti kafirlərin qabağında gedə bilməz...

Bu cavabdan sonra kafirlər Molla Mehrabı oradaca qılıncdan keçirib, doğrayıblar..

İrfani din xadiminin Şəhid olduğu dəfn edildiyi yerdə hazırda gümbəz ucalır (oğul nəvəsi Güləhməd Yarəhməd oğlu (1948) 2008-2009-cu illərdə inşa etdirib), el arasında ruhani siqlətlə anılan məkanlardan, müqəddəs Dini-Şəhid məqamı kimi ziyarət edilir...

Molla Mehrabın atası Molla Gülü nahiyənin Ərəbuşağı kəndində ruhani təhsili alıb, sonra özü Qəşəd Ərəbuşağı kəndlərində dini təlimləri tədris edib bu işdə oğlu onu əvəz etmişdir. Bu kəndlərdə onlardan təlim almış çox sayda ruhani, imanlı-inamlı möminlər, "Qurani-Şərifi" öyrənənlər (Molla Əli Hacı Əbdüləziz oğlu  (1876-1926), Ağa Qurban oğlu (1903-1987), Yunus Yolçu oğlu (1898-1978), Molla Soltan Qədim oğlu (1902-1978), Mollalı nəslindən Xanımbacı, Saab Pənah qızı (1904-1989), Bibixanım Qədir qızı (1910-1992), Nuybar Abdulla qızı-1922-2007...) olmuşdur.

Bu dini-irfani ocağın xələfi Güləhməd Molla Mehrab oğlu (1912-1965) altı ay danışırmış, altı ay susurmuş (dinmirmiş), ağız suyu ilə yaraları, dəmrov ləkələrini...müalicə edib...

El arasında "Şah yolu" kimi tanınan, kənddən 1,5-2 km şimala tərəf (Şamaxı nahiyəsinin Dağ Bağırlı, Nüydü kəndləri yaxınlığında) aralı olan yerdə ziyarət edilən "Soltan Seyid atlı" piri daş salını (ev boyda) parçalayaraq ucalan nəhəng bir ağacın (diametri 2 m, boyu, 15-20 m) altında yerləşir, dibindən bulaq axır, suyunu tutiya kimi qəbul edirlər. Bulağın ətrafı böyürtikan, sumağ, qarağat, quşüzümü, qaratikan...kolları ilə örtülüdür, suyu Qəşəd dərəsi boyunca axır.... Ocağın ətrafında yaxınlığında yetişən kolların meyvəsindən , budaqlarından da...xalqın sakral duyğusallığı ilə istifadə olunur.

Yaşlılardan Saday Abdulhüseyn oğlu (1878-1956) deyirmiş ki, Nənə İbrahim qızı hər il bu ocağın üstünə niyyət tutub kənd adından əriştə qazanı aparardı. Qızxanım Şıxəli qızı (1896-1981) xatırlayırdı ki, oğlu Sədi Məhyəddin oğlu (1928-2004) 11-12 yaşı olanda ocağın ağacından bir budaq qırıb evə gətirmişdi, həmin gün bir qolu qıçı qurumuşdu, budağı aparıb ocağın üstünə qoyandan sonra sağalıb, özünə gəlib...

"Sarı Əfəndi baba" kəndə bitişik yerdədir (50-100 m məısafədə), "Dib yolu"nun üstündə, bu ocağa adi daşları yığıblar, açıq sahədir, amma qədimdə bu yerdə qəbirstanlıq olub, çünki ocağın ətrafında torpağa batmış halda bir neçə qəbir daşları var, əski çağlarda burda 150-yə qədər məzar olub. Sarılıq xəstəliyinə tutulanlar, sidqi-ürəklə niyyət tutub onu ziyarət edirlər, niyyət tutub gələn adətən sarıköklü bişirib aparırlar, qurban kəsib ehsan verənlər olur...

2010-2011-ci illərdə kənd sakini Böyükağa İsfəndiyar oğlu Cəbiyev (1958) el inancının ocağı üstündə gümbəz tikdirmişdir (daş hörgü  2 m x 3 m, hündürlüyü 3 m-dək, üstü dəmir örtüklü).

Kəndin gündoğan yönündə, 4-5 km aralıda "Ovculu dərəsi"ndə ziyarət edilən "Qara Sofu piri" üstünə əsasən yel xəstəliklərinə tutlanlar sidqi-ürəklə üz tutduqda şəfa tapanlar olub. İnanca şəkk edənlərə qarğış edəndə deyirlər:

-Qara Sofuya and verirəm, qıçına yel gəlsin!

İlahi Haqqa cismən mənən bağlılığın, dayanıqlı itaətkarlığın təlimi kimi orta əsrlərdə Türk-Müsəlman dünyasında, o cümlədən Azərbaycanda geniş yayılan Sufiliyin-Vəhdətliyin dini-irfani təlimi Şirvan bölgəsində İlahi Haqqa tapınmağın əsasını təşkil etmişdir. Sufiliyin dini təlim kimi yayılmasında, ruhani məclislərinin keçirilməsində Şeyx Eyyub Baba müridlərinin ocaqlarından, irfani izlərindən...Qəşəd kəndində olmuşdur. Şeyx Eyyub Babanın nəticəsi Hacı İbrahimpaşa Məhəmməd bəy oğlu bu kəndin mollası olub.

Keçən əsrin 60-80-ci illərində kəndin ayrı-ayrı ocaqlarında dini mərasimlər keçirilərdi, dualar oxunardı, Allah-Təalanın adını çəkib zikrlər səslənərdi...

Müridə bax, Müridə/Necə durub geridə.

O necə Müriddir ki,/Ürək yağın əridə...

Mən öldüm ağlamaqdan/Ağa göy bağlamaqdan.

Bağda xəzəl qalmadı/Yarama bağlamaqdan...

Müridlərindən Soltan Qədim oğlu Qaraqoyunlu kənd məscidinin axundu olub (1953-1967-ci illərdə), Balaxan Mürşüd oğlu, Mürşüd Molla İsmayıl oğlu...oruclarını Quran oxumaqla, zikrlə açarlarmış...

Qəşəd kənd sakinlərindən Ağa Qurban oğlu, Yunus Yolçu oğlu, Saab Pənah qızı, Mina Mürşüd qızı (1884-1984)...sufi məclislərinin həm müridləri, həm xəlfələri olmuşdur...

Kəndin "Xəlfə dərəsi" Əsgəralı babanın adı ilə bağlıdır, Sufilər məclisinin xəlfəsi olub, iman sahibi olduğundan kraməti əskik olmayıb, uşaqların boğazında çöp qalanda onun yanına apararlarmış, irfani nəfəsi ilə sığal çəkərmiş balacaların boğazına...

Sofu Nəriş baba (1846-1924) da mürid olub, Şeyx Eyyub baba ocağında keçirilən məclislərdə, zikr-ibadət mərasimlərində, mövlud günlərində (ən çox fevral ayında verilib)... iştirak edib.

Mina Mürşüd qızı xatırlayır ki, ilin soyuq çağı idi, atam (Mürşüd Molla İsmayıl oğlu-1865-1927) Cəzbə (adətən Cümə günü təşkil edilən Sufi məslislərində oxunana dualara, deyilən zikrlərə xitabən verilən addır) verirdi, Şeyx ocağından olan (Şeyx Eyyub babanın nəticəsi) el arasında Hacı Şeyx kimi hörmətlənən Hacı Həmidpaşa Şeyx Babakişi oğlunun (1860-1932) iştirakı ilə. Mərasim keçirilən otaqlar sumağ,  xalça-gəbə ilə bəzədilmişdi, 70-80 nəfər mürid-xəlfə (ziyarətçi-zikr vuran) iştirak edirdi, 3-4 cərgə dövrə vuraraq. Ortalığa gətirilən sacdan bir iri kömür kösövü  düşüdü gəbənin üstünə, atam istədi odu götürə, Hacı Şeyx qoymadı dedi ki, narahat olma, gəbəni od yandırmaz...

Səhərisi gün həmin gəbəni həyətdə təmizləyəndə qədər axtarıqsa yanıq yeri tapa bilmədik...

Hacı Şeyxin həyat yoldaşı Zeyvə Şeyx Əhmədpaşa qızı (1870-1918) qonşu Gəgəli kənd qəbirstanlığında dəfn edilib.

Qazax mahalında Yusif ağa ilə ailəvi dost olan Hacı Şeyx oğlu Səmidin adı xatirinə dostunun yeni doğulmuş övladına Səməd adını qoyur, sonralar məşhur şair olan Səməd Vurğunun (1906-1956).

Küdrü Şirvan düzü kəndlərində Sufiliyin dini-inam təlimi xalqın irfani-ruhani dünyagörüşünün formalaşmasında güclü fəlsəfi təriqət təməli rolunu oynamışdır, xalq təfəkküründə əsrlər biyunca qorunub saxlanılmışdır. Sufiliyin mistik-fəlsəfi təlimi xalqın yaddaşında  sarsılmayan inam-iman hesabına qorunmuşdur.

Xalqın mədəni təfəkküründə irfani həyat tərzində Sufiliyin fəlsəfi yükü əkinçilik mədəniyyətində öz çəkisi ilə yer tutmuşdur. Qəşəd kəndinin "Dib yolu", "Dəvə yolu", "Selab yeri"ndə,"Köndələn tayda"...əkin yerlərinə payız səpini  irfan yiyələrinin (Hacı Ibrahimpaşa Məhəmməd bəy oğlu, Soltan Qədim oğlu) əli ilə, xeyir-duası ilə aparılardı, tərəkəmə elatının yurd-binə ocağı nuranilərin alqışı ilə çatılardı...

Yaşlıların (Abdulla Abdulhüseyn oğlu-1881-1969, Ədil Mehdi oğlu-1895-1976, Saab Pənah qızı,  Lətif Molla Rza oğlu-1910-1998,...) dediyinə görə, keçən əsrin 30-40-cı illərində Keçdiməz kəndindən bir nəfər dinsiz-imansız kəslərin buyruğu ilə əlinə külüng alıb Qara Sofu ocağını dağıtmağa gedib, amma Ovculu kənd sakinlərinin təpgisi ilə qarşılaşıb, geri qayıdıb. Bu adam əməlindən peşman olmaq əvəzinə, aradan bir müddət keçəndən sonra Acıdərə vadisindəki qəbirstanlıqda  müqəddəs Şeyx Eyyub türbəsini sökmək istəyib, bu dəfə İlanlar şahə qalxıb qarşısında...Deyilinə görə, həmin dinsiz iki gözündən qısa fasilələrlə mərhum olur, müssəhəq olaraq kor həyatını "yaşamağa" İlahidən məhkum olub...

Bütöv Azərbaycanın timsalında,  eləcə Şirvan-Qobustan bölgəsində olduğu kimi, Ləngəbiz  yaylasının ətəklərində yurd-yuva quran qədim kəndlərin Türk-Müsəlman camaatının da dini-ruhani, mistik-fəlsəfi...təlim-təriqət dünyagörüşü mədəniyyəti Sufiliyin İlahi-Haqq hökmü ilə qorunub saxlanılmışdır...

(Yazının hazırlanmasında həm Ağsu rayonu, Qəşəd kənd sakini İlham Nuru oğlu  Bağırovun (1955) Şamaxı rayonu, Quşçu kənd sakini Zahir Zahid oğlu Məmmədovun (1957)  məlumatlarından istifadə olunub).

 

Qismət  Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

Olaylar.- 2023.- 1-7 sentyabr.- S.12.