Mən Allahın adaşıyam....
50 yaş ömür payızının
başlanğıcıdır. İlk orta yaş
addımının atıldığı,
yorğunluğun, usanmağın, tərləmə
və istibasmaların,
oturduğun yerdə mürgüləmələrin, amma yatağa girərkən yuxuların
qaçdığının başlanğıc nöqtəsidir
50. 50 çox önəmli
və sərt bir küncdü, döngədi, təyyarənin
üfiqi istiqamətdə
hərəkətidi. 50 yaş
kədərdi, sevincdi,
hissiyyatdı, duyğudu,
möcüzədi, lirikadı,
hikmətdi, mistikadı.
50 ömrün naxışı,
keçmişin xatirəsi, bu günün nuru, sabahın işığıdı...
Əgər ömrü bir kölgəyə bənzətsək
50 onun cizgiləri, kölgənin xəttidir.
50 kölgə xəttini
keçməyin təbii
yolunu tapmaq uğrunda savaşaraq məğlub olmaqdır. O xəttdən
çıxmaq kölgəni
tutmağa bərabərdir.
Nə xəttdən çıxa bilərsən,
nə də kölgəni tuta bilərsən. Mümkün
deyil. 50 yaş nəyisə hiss etmək, qavramaq, duymaqdır...
Hər yaş önəmlidi, amma 50 çox mühümdü, öz
fərqliliyi var.
50 bəziləri
üçün qaçmaq,
nəfəs-nəfəsə gəlməkdir, bəziləri
üçünsə yerində
saymaqdır . 50 nəyinsə
ovuclarının
içindən düşüb
itməsinə anlayaraq əsəbləşmək,
qəzəblənmək, üzülmək,
bir az da qorxmaqdır.
50 həyəcandır, ayaqlarını
yerdən kəsib uçmaqdır, kölgənin
xəttini aşmaqdır
bəzən. İşinə,
çevrənə, keçmişinə,
özünə qəzəblənməkdir 50...
50 yaşlanmamağa, və ya yaşlanmaqdan
qorxmağa deyil, formada qalmağa üstünlük verən,
onu əldə etməyə çalışan, rahatlığa,
keyfə köklənən
bir yaşdır. 50 xoşbəxt bir yaşlı olmağa cəhd etməkdir. 50 ömrün yarısı sayılan bir zaman kəsiyinin döyünən ürəyidir...
Bütün bu parametrlərin daşıyıcısı nasir,
publisist, şair Əkbər
Qoşalının 50 illik
yubileyində
iştirak edə
bilməmişdim və
bundan dolayı özümü
suçlu sayırdım.
Mən də bir
az düşünüb-daşındım,
belə qərara gəldim ki, "günahımı
yumaq" üçün
eloğlumla söhbət
edib müsahibə hazırlayım.
O da sağ olsun razılaşdı
və standartdan kənar, ordan-burdan, pərakəndə, ütüsüz,
sığalsız verdiyim 50 suala çox gözəl, çox rahat, çox düzümlü
cavablar verdi...
"Mən Allahın adaşıyam"
deyən Əkbər bəyin 50 suala verdiyi 50 cavabdan ibarət müsahibəni onu sevənlərə, onu bəyənib qəbul edənlərə
təqim edirəm...
- Əkbər Qoşalı kimdi?
- Yazdıqları ilə yalnız özünü deyil, yaddaş qatlarını formalaşdıran etno hadisələri də ifadə edən (ən azı buna çalışan) yazar. Əgər yalnız bir cümləlik ifadə uyğun görülsə və o ifadədə yazarlıq varsa, deməli, cavab verənin kimliyi ilk növbədə bu əməli çalışma sahəsində təcalla edir. Zatən yazar kimliyi insanın digər özəlliklərini, xarakterini "ələ verir", tanıdır...
-"Əkbər" sözü adətən Allahla qoşa çəkilir: Allahu Əkbər. Yəni ki, Allah vəsfə gələcək hər şeydən böyükdür, ucadır, uludur. Adınızda daşıdığınız bu böyüklük taleyinizə də hopubmu?
- Bu sualın cavabı ciddi məsuliyyət tələb edir. Mən dindar deyiləm, amma Tanrısız da deyiləm, təbii. Olsun ki, mənsub sayıldığım dinin rituallarını gərəyincə yerinə yetirmirəm, bununla belə, mənsub olduğum ulusun İslamöncəsindən bəri daşıdığı dəyərlərə biganə deyiləm. Həm də işin içinə aramaq, axtarmaq, öyrənmək və öyrətmək sevdası daxildir...
İllər öncə yazmışdım:
Nə kafirəm, nə də pirəm,
Nə ikiyəm, nə də birəm;
Mən Allahın adaşıyam,
Mən Ona yoldaş deyiləm...
-Hər kəsin bir missiyası var. Özünüzü hansı
missiyanın sahibi sayırsınız və
o missiyanı yerinə
yetirmisinizmi?
- Özümü ideyalı
ədəbiyyatın nümayəndəsi
sayıram, bunu yalnız özüm deyil, bir çox
dəyərli aydınımız
da belə yaraşdırır,
belə görür. Deməli, bu sayğınlığın, yaraşdırmanın
haqqını vermə
əzmindən, iradəsindən
farağat etməməliyəm...
-Nə zamansa "axxx... ürəyimi boşaltdım" demisinizmi?
- Olub, əlbəttə, olub. Kinli insan deyiləm,
lakin sayğısızlara da həmişəlik dözüm
lüksüm yoxdur. Sualın ikinci yozumu ürəyini, ürək dərdini açmağa kiminsə olması ilə bağlıdır. Rəhmətlik Qabil deyirdi ki, "Gedən yerim olaydı"... Ürək
daşıdıqlarından deşilmə həddinə
çatıbsa, həmdərdin,
anlayanın, dərdləşib
yüngülləşəcəyin və uğurlaşa biləcəyin olmadısa,
batdın...
-Şairin ilhamı ruh aləmindən qidalanır, yoxsa SÖZ dünyasından?
-Bunlar təzadlı və ya diametral ayrı kateqoriyalar deyil. Məncə, SÖZ Dünyası məhz Ruh aləminə bağlıdır. Yoxsa sözün nə dadı-duzu, nə dərinlik və üfüqü olardı?..
- Şairlik qəhrəmanlıqdı,
yoxsa ruhun harayıdı?
- Nə həmişə qəhrəmanlıq, nə
həmişə haray
deyil... Bəs (iraq olsun) yenilginin
kədərini, sevdalı
pıçıltıları kim yazar, kim
poetikləşdirərdi?..
- Ürəyinizə ağırlıq
gətirən nə olur ki, onu yalnız
özünüzə etibar
edirsiniz?
-Onsuz olarmı?.. Hər insanın
könlündə saxladıqları
vardır... Könül
ağıl deyil, o birbaşqa yaddaşdır,
bir ayrı hadisədir. Bəlkə
son nəfəsdə, bəlkə,
daha öncələr
rəmzlərlə, ya
bir başqa deyilişlə, şəkillənmə
ilə qismən ifadə olunar. Bəlkə elə bir an yetişər könlündəki səni
yola çıxarar, bir çoxunun səndən gözləmədiyi
addımlara sövq edər... O nəsnə ki
ağırlıqdı, qoy
o, başqasına yük
olmasın - mənim ağırlığım elə
bir ürəklikdir...
Ovqatın belə diqtə etdiyi hallar olur...
-SÖZün müqəddəsliyini
qəbul edirsinizmi?
-Hər nəsnədən öncə SÖZ vardı
deyiblər. Bəlkə,
hər nəsnədən
sonraya qalmağı bacaranları da SÖZ yaşadacaq.
SÖZün kamil qəzəlini yüzillər
öncə Füzuli yazıb, SÖZün hallarını yenə yüz illər öncələrdə Şah
babamız Xətai vəsf edib... Onlardan öncə, onlardan sonra SÖZü ÖZ bilib yazanlar olub, daha da olacaq, yəqin. SÖZ necə deyərlər, xarakter misalidir, tale kimidir...
SÖZ haqqında bütün
bu deyilənlərdən
sonra, "SÖZ müqəddəsdir"
deməliyiksə, dərin
məhəbbətlə deyək.
Əgər müqəddəs
olduğunu qəbul ediriksə, onda məsuliyyət ən yüksək həddə çatar. Belə olunca da, bəlkə SÖZdən qorxmaq, SÖZdən çəkinmək,
yaxud az danışıb, çox
iş görmək kimi
formullar, yanaşmalar öncüllük qazanar. Elə deyilmi? Bax, bu məqam
yetişincə, SÖZümüz
çağdaş anlamda
ədəbiyyat olmaz, ruhaniyyat olar, bəlkə...
-Deyirlər ki, sizin kənddə qızıl çıxarılır. Yəqin
siz də bu səbəbdən qızıl kimi oğlansınız (bir təbəssüm işarəsi)...
- Etiraz etməyim, istərsinizz (təbəssüm
işarəsi)...
-Şəxsi sirriniz olmamış olmaz. Olubmu ki, onu sirr olmaqdan çıxarıb
kiminləsə paylaşasınız?
- Hər sirrin öz zamanı, hər zamanın öz sirri var. Əgər bir insanın saxladığı,
vaqif olduğu sirr İlahi, yaxud elmi, dövləti
sirr kateqoriyasında deyilsə, onu çox da qloballaşdırmamağı
daha yaraşıqlı
buluram. Yəni mənim sirrim mənim üçündür.
Bəlkə yüzminlər
üçün onun heç bir önəmi yoxdu. Bununla belə, insanın sirri olmasa, insanlıq kəm qalmış olardı...
-Bu dünyanın açılmayan
sirrləri var.
O sirlərdən hansınısa
açmaq gücünü
özünüzdə hiss edən
vaxtınız olubmu?
- İddialı çıxar.
Bəlkə, belə ovqat, belə hallar olur bəzən.
Məncə, bu yalnız elm adamlarına deyil, bir çox
yaradıcı insana
da agah ola bilir. Anadoluda bir yaxşı
söz var: "Aklın
yolu birdir". Sirrə vaqif olmaq yalnız duyğu hadisəsi deyil, burada duyğu
ilə ağıl, könüllə beyin, necə deyərlər,
"vəhdəti-vücud" halında olmalıdır.
Bu, yəqin ruh dərəcələndirməsi, ruhi əyardır.
Dünya
qalsın dünyalığında,
bizim öz dünyamızdan bir olmuş - doğrulmuş hadisəni deyim: mən 44 günlük müharibə başlamamışdan
həftələr öncə
"Ermənistanın Təslim
Aktı"nın layihəsini
hazırlamış, orada,
imzalanma ili olaraq 2020-ci ili, məkan olaraq, Şuşanı göstərmişdim.
Dövri mətbuatda yayınlanıb o yazı və o vaxt məni az qala
sadəlöhvlükdə suçlayan,
nə bilim anrı-bəri danışanlar,
inanmayanlar həmin ilin oktyabrından ciddi fikir dəyişimlərinə
getdi. Niqti, sözü diametral dəyişənlər
gördüm və çox qəribə hisslər keçirdim... Bilirsiz, mənim təsbitlərim, bulqularım
öncəgörmə deyildi,
falçılıq deyildi
- öz xalqına, mədəni irsinə, dövlətinə, dövlətçiliyinə
inanırsansa, "haqqın
incəlsə də, üzülməyəcəyinə" əminsənsə və müvafiq hadisələri
diqqətlə izləyib,
təhlil edirsənsə,
Tanrının lütfü
ilə qələm adi qaydada yazmır.
Artıq özün özünü aşmış,
adiliklərdən, onun-bunun
sırıdığı "gerçəklik"lərdən sıyrılmış olursan.
Bilməm, deyə bildimmi?
- Necə lazımdır dediniz... Sizcə, bu dünyanın dərk olunmağı insanın elminə bağlıdır, yoxsa hər şey Tanrının əlindədir?
- Tanrını unutmaq olmaz. Uğur varsa, Tanrının lütfü illa təcalla etmişdir. Uğursuzluq isə olsun ki, bəndə hesab-kitabsızlığı, toxtaqsızlığından
qaynaqlanır. Bir də
hər uğursuzluqda bir uğur, hər uğurda iki uğur olduğuna
inanıram. Uğur bir gəldimi, bir də gələcək;
uğursuzluğa tab etməyinsə
ən yaxşı yolu, orada sənin
hələ qiymətləndirməyin
bir uğurun olduğunu qəbul etməkdir. Dini təsəvvürlərdə
də keçir bu mətləblər.
-İnsan olmaq üçün bir ömür bəs edir, yoxsa bir
gün, bir saat, bir an yetərlidir?
- "Həmişə insan qalmaq!" - bu haray, bu çağırış,
yanılmıramsa, Çingiz
Aytmatova məxsusdur.
Necə
deyib şair? "Qorxuram insanlıq ölə, insan yaşaya"... İnsanlığın təntənəsi
ilmüdam görünməz,
vacib bir an gələr Gün işığı kimi aydınladar çevrəni.
İnsanlıq həmişə
vardır, amma onun ifadəsi, təcalla və təntənəsi həmişə
hər kəs üçün agah olmaya bilər.
-SÖZdən toxunmuş naxış şair ruhunun məhsuludur, yoxsa zəhmətin bəhrəsidir?
-Ədəbiyyatşünasların qəbul görmüş sözü - belə bir akademik fikir
var: istedad zəhmətlə
cilalanır, şəkil
alır və inkişaf edir. Mən də belə bilirəm.
-Dahilərdən kimsə deyib, istedad öz taleyini əldə etmək qabiliyyətidir. Bu, doğrudanmı
belədi?
- Bu söz orjinalda, bəlkə, bir qədər fərqlidir - istedad bir qabiliyyətdirmi?
Bu, fəlsəfi yoruma
möhtacdır. "Qabiliyyət" sözünü
daha çox bacarıq, işin öhdəsindən gələbilmə
yetənəyi kimi alqıladığımızı düşünürəm. Tale istedadla, yaxud yalnız istedadla əldə edilə bilirmi? - Dartışmaya (mükaliməyə) açıq
mövzudur. Sizin sualınızdakı cümlənin
iqlimi elədir, sanki xoşbəxt taledən söz açılır. Keşkə
də belə olsaydı...
-SÖZlə duelə çıxmaq, yoxsa SÖZlə oynamaq? Hansına üstünlük verirsiniz?
- SÖZlə dərdləşmək,
SÖZlə uğurlaşmaq.
Üstünlük bunlarda
olsun...
- "Nə mutlu türküm
deyənə"! Türk
düşmənlərinin ruhuna
saplanan bu cümlənin sevgi
yükü nə qədərdi?
- Bu söz bildiyiniz kimi, bir tarixi
dönəmin qapanıb,
yeni dönəmin başladığı
il(lər)də deyilib. Qazi Mustafa Kamal Paşa
Atatürkün bu sözü, Osmanlının
küllərindən doğan
Türkiyə Cümhuriyyətinin
quruculuğunda iştirak
etmiş bütün xalqların birliyini - birgə xoşbəxtliyini
və qürurunu ifadə edir. Yəni bitdiyi sanılan yerdən doğulan bir ölkədən, xalqdan söz edilir! Anadolular demiş, yeddi düvələ qarşı savaşmış,
adıyaman "Sevr Müqaviləsi"ni yırtıb
atmış xalq mutlu xalqdır, əlbəttə! Buradakı
sevgi inamı, qəhrəmanlığı, haqqın
təntənəsini şəkilləndirir!
-Dünya Gənc Türk
Yazarlar Birliyini qurmaq ehtiyacı həmin sevgidən doğdu, yoxsa başqa səbəbdən
həvəsləndiniz?
- O boyda iş sırf
həvəslə olası
deyildi, təbii. Sevgi vardı, eşq vardı, amma inamsız o sevgi, eşq neynəyə bilərdi?
25 ildir meydanda olan, Türk dünyasının dörd
tərəfində tanınan,
güvənilən bir
brendə çevrilmiş
Birlik demək ki, həm də peşəkarlıq hadisəsidir.
- Publisist SÖZ kəsərlidir,
yoxsa şair SÖZü?
- Vaxt olar şair
sözü, vaxt da olar publisist sözü daha təsirli olar. Kəsərlilik mövzuya,
o ifadə anındakı
ovqata bağlı ola bilər. Daha universalı şair-publisist
sözü olar, yəqin (təbəssüm
işarəsi)...
-Türkçülüklə turançılıq
arasında bir məsafə varmı? Varsa bu məsafəni
aşmaq istəyən
yolçu hardan başlamalıdır?
- Qavramlar önəmlidir, qavramlara yüklədiyimiz
anlamlar isə daha önəmlidir. Türkçülük Turana
- Türk birliyinə xidmət edir (yaxud etməlidir). Yoxsa, məhəlli türkçülüklə böyük
ülkü peşində
yürümək olmaz...
-Yolçu demiş... tale yolunuz sizi istədiyiniz
səmtə apardımi?
Yoxsa ömür yolunuzun girintili-çıxıntılı dolanbaclarında
istiqamətini dəyişdi?
-Biz nəslin orta məktəb illəri sovetlərdə keçdi.
Ucqar dağ kəndindən qaynar şəhər ortamına
gəldiyimizin ikinci ilində imperiya dağıldı, işlərin
şəkli, fəlsəfəsi
başqa səmtə yön aldı..
Gəl gör ki, dövlət müstəqilliyinin zövqü-səfasını
dadmamış, kəndlərimizin,
şəhərlərimizin işğalları, soydaşlarımızın
didərgin düşməsi,
keçmiş "müttəfiq
respublika"nın - guya
bizimtək beynəlmiləl
olan, faşizmə birgə qalib gəldiyimiz Ermənistan özü faşizmin yeni təzahürü, təmsilçisi
kimi qarşımıza
çıxdı. Yeniyetmə
vaxtı, gəncliyin
ilk illərində belə
kardinal dəyişimlər,
alışmadığımız, hazırlaşmadığımız hallar az qala
hər şeyə təsir etdi. Məsələn, mən Politexnik İnstitutunun babat öyrəncisi, ictimai fəalı kimi, yəqin Baltikyanı ölkələrdən
birinə təyinat alacaqdım, mühəndis
kimi çalışacaqdım...
Bizim fakültənin gələnəyi belə
olub, deyirdilər.
Lakin bir də baxdıq, mühəndislik
yalnız ədəbi,
siyasi yazılarımızda
özünü göstərir. Baxmayaraq, ali təhsilimi fərqlənmə diplomu ilə bitirdim, iş elə gətirdi ki, bir gün də olsun mühəndis kimi çalışmadım. Sonra ikinci ali təhsil aldım: Dövlət və bələdiyyə idarəetməsi istiqaməti
üzrə... Gənclər,
İdman Nazirliyi,
Atatürk Mərkəzi, Milli Məclis... Və ictimai, yaradıcı fəaliyyət...Yazan belə
yazıbmış, yəqin...
"Mövlam nə yaparsa, doğru yapar".
-Sizin üçün zaman
nədi?
- Ah,
zaman, zaman... Zamanı yorumlamaqçün
uzun bir zaman lazımdır. Uzun zaman, bizim zaman, bizim eradan öncə, bizdən sonra. Fağır zamanı necə bölüb-bölüşdürmüşük
öz aləmimizdə.
Biz bu ilə
2023-cü il deyirik, örnəyi,
hicri təqvimini əsas alan ölkələr bir başqa təqvimdədi. Yaradıcılıqda zamana,
məkana sığmayan,
yaxud çərçivəsiz anlayışlar
meydan sulayır. Sulasın, təbii... Ustad ANAR demiş, qoy, ədəbiyyat öz estetik dəyərləri ilə
inkişaf etsin. Elə ANARın "Macal"ını yada salsaq,
yeri var. Zaman bir anlama şərtidir. Əgər "Zaman maşını",
"Zamana yolçuluq",
"Zamanı bitmiş"
kimi anlayışlar nə zamansa yeni, yaxud praktik məzmun
qazana bilsə, "zamanşünaslıq" yeni anlayışlar,
qavramlar tələb edəcək. Zaman bir fəlsəfi araşdırma
mövzusu olaraq daha "əllə tutulan" ola bilər, nəinki poeziya ilə, ədəbiyyatla...
Qoy, ədəbiyyat zamanı ötsün, öz zamanını yaratsın...
- Zamanı tutub saxlamaq istədiyiniz zaman olubmu?
- Əslində, Zamanı tutub saxlamaq özü mahiyyətcə
fövqəltəbii hadisədir.
Çünki zamanı
tanımlayan məhz onun "geridönməzliyidir".
Bütün zamanlarda fikirlərinə istinad edilən Aristotel deyirdi ki, bizi əhatə edən təbiətdəki
bəlirsiz hadisələr
içərisində ən
bəlirsiz olanı elə zamanın özüdür. Çünki
heç kim bilmir zaman nədir və onu necə
idarə etmək olar...
Amma biz yazar əhliyik. Hərdən zamanı tutub saxlamaq istəmişik. Hansı zamanı tutmaq istər insan? Xoş günlərini, ədalətin təntənəsinə
tanıq olduğu saatları. Dövlət başçımız Şuşanın
azad olunduğunu müjdələdiyi dəqiqələrin
ötüb-keçməməsini istərdik, yəqin, elə deyilmi?.. Ancaq o böyük
sevincin dalğa-dalğa
yayılması, hüceyrələrimizədək
nüfuz etməsi, bizi bizdən alması üçün
o anın, necə
deyərlər, dondurulmaması
lazımdı, təbii.
Təbii, hər birimiz, "birdən başqaları eşitməz,
bu böyük sevincə gec qalar, amandı" deyib, hayqırmaq, bağırmaq istədik. Həmən sosial mediaya cumub, paylaşım eləmədikmi? Bax, tutub saxlamaq istədiyimiz zamanı məhz özümüz həmən bölüşmə
ehtiyacı hiss etdik.
Bir də iki könlün pıçıltı
məqamı var - bitməlidir
bitirəməzsən, getməlisən
gedəməzsən. Elə
bilərsən, zaman nəfəsini
içinə çəkib
durur... Bax, o, bir başqa hadisədir və onu özünlə belə bölüşmək
istəməzsən. Yəni
zaman var, zaman var...
-Deyirlər, zaman dəyişdikcə
biz də dəyişirik.
Bu dəyişim həyatınızda
hansı dərəcədə
baş verir?
- Dəyişim vardır, ancaq o zamanınmı dəyişməsidir, əcaba?
Bəli, "zəmanə
dəyişib, "zəmanə
korlanıb", "bizim
zamanlarda belə deyildi" deyilir, yazılır - eşitmişik,
oxumuşuq. Lakin bu deyimlər, yazımlar, sanki, sözgəlişi,
üslub gərəyi
deyimlər, yazımlardır.
Zaman zamanlığında, kainat kainatlığında
və öz genişlənməsindədir... Gəlib gedən bizlərik...
- Bu gəlimli-gedimli
dünyada bu gün hansı arzularlarla yaşayırsınız?
- Bugünkü arzularım içində
ən möhtəşəmi
tarixi Azərbaycan torpaqlarının uhulət
və suhulətlə
bir bayraq altında birləşməsidir:
öncə Zəngəzur-Göyçə,
sonra... sonrası çözülə-çözülə gələr inşallah!
- Bu həyatda sizin üçün ilahiləşən və
adiləşən nələrsə
varmı?
- İlahiləşmənin
mexanizmini təsəvvür
etməkdə xeyli çətinlik çəkirəm.
O yəqin ki, yaradılışdan
olan müqəddəslikdir.
Adiləşmə isə
az qala hər
həftə rastlaşdığımız
olaydır. Keşkə
adiləşmələr bunca
sürətli olmasaydı...
Bəlkə də yaşın ötməsi,
bilgilərimizin, informasiyalarımızın
artması qarşılığında,
adiləşmələrin olması
normal haldır. Lakin adiləşmə
o deməkdir ki, bir zamanlar sən onu adi bilməmisən,
səninçün, bəlkə,
əlçatmaz, ünyetməz,
modelləşdirilə bilməyən
bir şey olub... Yəni bir növ sadəlöhv
düşünmüşük nə zamansa... Bax, yenə zaman...
- Deyirlər, "dünyanı
gözəllik xilas edəcək". Bəzən
də "dünyanı
sevgi xilas edəcək" deyə səslənənlər var. Amma son zamanların qlobal hadisələri diktə edir deyim ki, dünyanı kişilər
xilas edəcək. Sizcə, hansı?
- Dünyanı anlayış
xilas edəcək.
- "Kişi ağlamaz" deyirlər.
Nə dərəcədə
doğrudur?
- Bu mövzuda mötəbər
fikirləri haçalanan
görmüşəm. Kişili-qadınlı
heç bir insan ağlamasaydı keşkə... Ağlamaq heç də həmişə zəiflik
əlaməti deyil
ki?! Örnəyi: sevincdən
ağlamağı hara yazaq?
Bir atın, itin müdhiş vəfasını
görüncə göz
yaşlarını tuta
bilməməyə nə
deyirsiz bəs?
Möhtəşəm bir filmdən, qeyri-adi ifadan fövqəladə dərəcədə təsirlənmək
- bəs bunlar kişiliyi zədələrmi?.. Zədələməz.
-Yəqin ki, içinizə
axan göz yaşlarınız olub...
- "Ağlaya bilməyənlər"
içinə ağlar...
- Həyatınızda təzadlar
çox olub, yoxsa oxşarlıqlar?
- Deyə bilərəm ki, hər ikisi olub, ancaq hansının
çox olduğunu deyə bilmərəm. Bəlkə də bizə təzad kimi, oxşarlıq kimi gələn olaylar zamanla təzadlıq, oxşarlıq
siqlətini itirib. Oxşarlıqlar çox olsa, burada bir
qədər monotonluq əsintisi yaranar; təzadlar aşırı
dərəcə alsa,
gün-güzəran, ovqat
çəpdişli çarxlar
altında düşmüş
kimi olar. Ömrün uyumlu olması bir nemətdir.
-Zəif damarınız varmı?
-Deyirlər, hər kəsin zəif damarı -"Axilles dabanı" var.
O damar, o daban şəxsin
özünə ziyan vurmaqdan ötəyə keçməsin keşkə...
Ulusa, ülküyə
zərər toxunmasın,
doğmalara zaval dəyməsin!
- Bəs xarakterinizdə ən "tünd" olan nədi?
- Haqsızlıqda israr, "öz doğruları"nda
inad edənləri bağışlaya bilmirəm.
Güvən oyunu oynayanlarla barışmaq və yenidən şans tanımaq da çox çox çətin olur...
-Yalanla həqiqətin sərhədlərini müəyyənləşdirə
bilirsinizmi?
- Yalanla həqiqətin sınırını demarkasiya
və delimitasiya etməyə gücüm yetər...
-Mən özümü ən yaxşı siyasətçi hesab edirəm. Düşünürəm
ki, siyasətlə məşğul
olmamaq özü bir siyasətdir. Bəs, siz?
- Bizim ədəbi nəsil siyasətdən qıraqda qala bilmədi - bu, bir gerçəklikdir.
90-cı illər nəsli
ədəbi yaradıcılıqla
ictimai-siyasi fəaliyyəti
az qala birgə
sürdürdü. Bu gedişat sanki, inersiya ilə davam edir. Təsəllimiz:
"millət yoludur, haqq yoludur, tutduğumuz
yol"...
- İnsanların yaxşı-pis
olduğunu necə ayırd edirsiniz?
- İnsan yüzdə yüz yaxşı, yaxud pis olmaz,
yəqin. Könül
istər pis kateqoriyasında bilinənlərin
də yaxşılarını
oyadaq, yaxşılığa
inandıra bilək onları. Rəhmətlik Söhrab Tahir deyirdi:
Qızıl toxum dənəsidir
yaxşılıq,
Hara düşsə, bitəsidir
yaxşılıq...
Yaxşılığı ayırd etməyə nə
var? O, insanın
fitrətindən gəlir,
sanıram.
-Həyatda heç nə ilə dəyişə bilməyəcəyiniz
xatirəniz varmı?
- Belə xatirələr inşallah gələcəkdə
də yaranar. İndiyədək yaddaşımızın
altun səhifəsinə
yazdıqlarımız var, əlbəttə.
Xatirəsiz ömür
nə ömürdü?..
- Səni varlığıma
ac qoyacağam,
Daha xatirəmi yavanlıq eylə, - bu misradakı poetik deyim sevginin hansı məqamından xəbər verir?
- Ah, elqızı... Bu dəfə
ora toxunmasaq olmazmı heç?
- Olar. O zaman deyin: ədəbli olmaqla əbədi olmağın
bir qohumluğu varmı?
- Əbədi olmaq ədəbi, ədəbli
olmaqla yalnız qafiyələnə bilər...
- Sevincinizi ən çox kimlərlə bölüşürsünüz?
- Ailəmlə, doğmalarla.
- Kədər sizi üstələyəndə kimin
yanına gedirsiniz?
- Ya dostumun, ya
özümün. Dostumu daha asan tapıram...
-Sizcə, bu həyat ittihamçı prokuror, müdafiəçi
vəkil, yoxsa ədalətli hakimdir?
- Həyat səhnəsində
bunların hamısı
iştirak edir...
- Taleyə inanırsınızmı?
Onun Tanrı tərəfindən yazıldığına
şübhəniz yoxdur
ki?!
- Tanrı yazıb, ömrümüz bir cümlədir,
Hər cümlənin sonunda bir nöqtə var.
Şah işarə nə sual, nə nidadır,
Hərəsinin yanında bir nöqtə var...
- Ənənəvi sual: inanırsınızmı ki, yenidən
doğulsaydınız Tanrı
yenə də sizə indiki taleyi bəxş edərdi?
- Bilmirəm... Tanrım yəqin ki, yaşanmış
ömrə baxıb ona uyğun qiymət verər, bəxşiş verər...
- Musiqinin hansı janrından zövq alırsınız: saz, caz, yoxsa xalq
musiqisi?
- Saz öndə olmaqla xalq musiqisi.
- Əkbər Qoşalının bioqrafiyasındakı titullar, təltiflər, kitablar, mükafatlar, ictimai-siyasi vəzifələr və sadalamadığım daha nə qədər ödülü ömrün qazancı adlandırmaq olar, yoxsa taleyin şansı?
- Vallah, məndən daha çox ödülləndirilən çoxsaylı çağdaşlarımız var (təbəssüm işarəsi).
-Viktor Hüqo yazır ki, 40 yaş gəncliyin qocalığı, 50 yaş qocalığın gəncliyidir. Hüqoya haqq verirsinizmi? 83 il ömür yaşayan Hüqo nədən bu qənaətə gəlmiş olar?
-Qismət olsun, Hüqo yaşına yetişək, görək necə olur (təbəssüm işarəsi).
- Qocalıq və ölüm ədəbiyyatın əzəli və əbədi mövzusudur. Bu, sizin yaradıcılığınızda necə əks olunub?
-Olum varkən, ölüm varkən, qocalıq nə olan şeydir?..
-Müsahibələrinizin birində "Ürək daşı" haqqında demisiniz: "Mən bu kitabı ürəyimlə yazmışam, ürəyimi zədələmədən yazdığım şeirlərin toplusudur". Açması?
- Ürəksiz yazılan nəyə yarayar, kimə təsir edər, nə duyğu-düşüncə yaradar ki?
-Şeirlərinizdə təbiət motivləri çoxluq təşkil edir. Bu, doğulduğunuz yerlə əlaqədardı, yoxsa İlahi vəhy kimi bir duyğudu?
-Məncə, yazdıqlarımda coğrafiyadan, təbiətdəki relyef, landşaft və suxurlardan, rəngarənglikdən daha çox insanın, insanlığın, toplumun, ulusun mədəniyyət iqlimi, etnoyaddaşın suxurları, dilin relyefi təcalla edir...
-Gəldik sonuncu suala.
49 suala cavab verdiniz. İstərdim ki,
50-ci sualı özünüz
verəsiniz...
- Bəlkə, suallar elə 49-da da qalsın (təbəssüm işarəsi). Mən burada sizə əsənliklər diləmiş olum. Gününüz ağ olsun! Nəcib diqqətiniz çox xoşdur.
ZÜLEYXA NADİR
Olaylar.-
2023.- 8-14 sentyabr.- S.19; 21.