BİR ÖMRÜN  ÜVERTÜRASI

ÜZEYİR BƏY HACIBƏYOV

 

        Bütün Azərbaycan xalqı bu gün Üzeyir Hacıbəyovun xatirəsi qarşısında baş əyir....O, bizim üçün əzizdir xoşbəxtlik ondan ibarətdir ki, o, bu gün yaşayır.

 

Heydər ƏLİYEV

 Azərbaycan xalqının ümummilli lideri

 

Şuşanın adı gələndə böyük Üzeyir bəy, Molla Pənah Vaqif, Natəvan, Əhməd bəy Ağaoğlu, Y.V.Çəmənzəminli, Bülbül, Xan Şuşinski,  Cıdır düzü, Azərbaycanın qəlbləri riqqətə gətirən musiqisi, xarı bülbül daha nələr, bir düzlərin rəngindən yaranan Bayrağımız xatirimizə gəlir. Şuşa adı çəkiləndə Üzeyir bəyi xatırlamamaq mümkün deyil. Şəhidlərimizin, qazilərimizin baş qoyduğu, can qoyduğu əldəyilməz Vətəndir Şuşa.

 

Azərbaycan peşəkar musiqisinin mənəvi atası...

 

Sadəcə Üzeyir olaraq dillər əzbəri olan, rəsmi olaraq Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (1885-1948) kimi tanınan bu görkəmli şəxsiyyət özünün misilsiz xidmətlərilə Azərbaycan mədəniyyətinin heykəlinə çevrilib. Bu nadir şəxsiyyət adı ilə Azərbaycan milli musiqisini rəmzləşdirən dahi bir simadır. Adı milli musiqimizin ifadəçisinə çevrilən bu əvəzsiz şəxsiyyət və görkəmli simanın bütün taleyi Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı olub.

Əvvəla, qeyd edək ki, Üzeyir bəy kimi dahi şəxsiyyətin Azərbaycan xalqına bəxşi ilahi bir lütf idi. Bu böyük şəxsiyyət Azərbaycan ictimi, ədəbi, mədəni fikrinə, onun incəsənəti, mədəniyyəti, ədəbiyyatı, publisistikası, teatrı və b. sahələrinə nə vermədi ki?.. Haqlı olaraq Üzeyir bəyin adı gələndə nəhəng və əzəmətli bir Azərbaycan Konservatoriyası göz önünə gəlir. Təkbaşına belə Azərbaycan musiqisini təmsil etməyə qadir və qabil bir şəxsiyyət, nəhəng və sanballı bir sima idi o. Bütöv bir ailə olaraq Hacıbəylilər Azərbaycan peşəkar musiqi və incəsənətinin formalaşması və inkişafının ağır sütunları kimi çıxış ediblər. Üzeyir bəyin musiqiçi kimi ortaya çıxması və şöhrət tapmasında qocaman Qafqazın qosqoca Konservatoriyası adlanan Şuşanın (və əlbəttə ki, Qarabağın!) nə qədər rolu var idisə, bu doğma yurdun da belə bir şöhrətə qabil olmasında onun yetirdiyi Üzeyir bəy kimi sayseçmə və çoxsaylı musiqiçi övladları mühüm rol oynamışdı. Üzeyir bəy Azərbaycan peşəkar musiqisinə az qala övladlıq verən böyük bir şəxsiyyət, musiqiçilərin mənəvi atası idi. 1908-ci ildə başlatdığı opera janrı Azərbaycan musiqisi və incəsənətinə təkcə ölkəmiz üçün deyil, bütün geniş bölgə - Qafqaz və digər yaxın türk-müsəlman ölkələri üçün istiqamətləndirici faktor oldu. Onun bəstələdiyi operalar təkcə musiqi sənətimizə zənginlik qatmadı, həm də librettoların mətninin aid olduğu əsərlərə yeni bir can, əbədiyaşarlıq və şöhrət bəxş etdi. 1908-ci ildə Şərqin ilk operası olaraq yadda qalan dahi Füzulinin "Leyli və Məcnun" əsərinin əsasında hazırlanan opera həm də Şərqin dahi Füzulisinə yenidən böyük bir şöhrət və məhəbbət qazandırdı. Təkcə Üzeyir bəyin deyil, həm də Üzeyir bəy məktəbinin davamçılarının əsərləri eyni rolu oynamaqla Azərbaycan mədəniyyəti tarixinə misislsiz töhfələr verməklə onun yaddaşına çevrildilər.  

...Üzeyir bəy haqqında nəyi deməyəsən ki, vicdanın narahat olmaya? Azərbaycan ədəbiyyatının nəhəng və qüdrətli ədibi, el arasında daha çox "Məşədi İbad" kimi tanınmış "O olmasın, bu olsun", o cümlədən "Arşın mal alan", "Ər və Arvad" komediyalarının unudulmaz müəllifi... Məşhur  "Ordan-Burdan" silsilə məqalələrinin ölməz imza sahibi... "Leyli və Məcnun", "Şah Abbas və Xurşid Banu", "Əsli və Kərəm", "Harun və Leyla", "Rüstəm və Söhrab", "Koroğlu" kimi operaların yaradıcısı... Çoxsaylı satirik hekayələr, səhnəciklər və məqalələr müəllifi... Onun əsərləri həm də Azərbaycan xalq sənətinə yeni güc verdi və onun yaşamasına zəmin hazıladı. Azərbaycan dastanları, məşhur əsərləri onun və onun ardıcıllarının sayəsində yenidən yaşamaq haqqı qazandı və heç zaman da unudulmadı. Azərbaycan xalq mahnıları məhz bu dahi şəxsiyyətin təşəbbüsü ilə nota çevrilərək xalqın əbədilik milli sərvətinə, zəngin xəzinəsinə çevrilərək itib-batmaqdan xilas oldu. Naxçıvanın məşhur yallıları bu qədirbilən şəxsiyyətin sayəsində yenidən həyat və əsl sənət taleyi yaşamağa imkan tapdı. Beləliklə də, dünya-bəşər mədəniyyətinə Azərbaycan mədəniyyəti adlı təkrarolunmaz, özünəməxsus, zəngin, qədim və əlvan bir mövcudluq naxışı bəxş etdi. O təkcə milli mədəniyyət və musiqimizə, kino sənəti və teatrımıza can vermədi, həm də bu zəngin milli sərvətin elmi şəkildə öyrənilməsinə də başlanğıc verdi, özünün həmişəyaşar elmi əsərlərilə nümunə və zəmin yaratdı. "Muğamat və xalq mahnılarının ifası haqqında", "Səhnənin tərbiyəvi əhəmiyyəti haqqında", "Vəzifeyi-musiqiyyəmizə aid məsələlər", "Türk operaları haqqında", "Azərbaycan musiqi həyatına bir nəzər", "Musiqidə xəlilik" və b. çoxsaylı məqalələri ilə fundamental musiqi, incəsənət, teatr və mədəniyyət sahələrinə dair sanballı elmi əsərlər ortaya qoydu. Və əlbəttə ki, Azərbycan elmində mədəniyyətşünaslıq, sənətşünaslıq və b. kimi elm sahələrinin binasını qoydu. Üzeyir bəy həmçinin böyük xalq müəllimi idi. Azərbaycan balalarının savadlanmasında can qoyan maarif xadimlərindən biri də Üzeyir bəy Hacıbəyli idi. Onun "Rusi-türki və Türki-rusi" lüğəti və "Hesab məsələləri" adlı metodik vəsaiti həm dövrü üçün yenilikçilik idi, həm də xalq müəlliminin can yanğısının təzahürü.

O, həm iki dövlət himnimizin musiqisinin müəllifidir. Bu gün də dövlət himnimiz olan, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan SSR-in dövlət himninin musiqisini Üzeyir bəy Hacıbəyli yazmışdı.  Qüvvətli publisist kimi tanınan Üzeyir bəy Hacıbəyli habelə "Həqiqət", "Tərəqqi" kimi qəzetlərin redaktoru, eləcə də qardaşı Zülfüqar Hacıbəyovdan sonra ilk rəsmi dövlət mətbuat orqanımız olan Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı "Azərbaycan" qəzetinin baş redaktoru olmuşdur. Bütün bunlara və bundan ziyadə olub sadalanmayan faktlara görə Üzeyir bəy şəxsiyyəti, siması istər yaxın, istərsə də uzaqdan həmişə nəhəng, əzəmətli, canlı və dərindir. Üzeyir bəyin əziz xatirəsi hər zaman qəlbimizdədir. Böyük şairimizin, sözün dahi ustadı Səməd Vurğunun bu nəhəng şəxiyyətin dünyadan köçməsinə ağı deyərcəsinə yazdığı məşhur şeirində deyildiyi kimi:

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada!

El qədrini canından daha əziz bilənlər.

Şirin bir xatirətək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər!

Bəli, Üzeyir bəyin əziz xatirəsi unudulmazdır: o, hər zaman qəlbimizdə, dilimizdə, şüurumuzdadır. Hər zaman təntənə ilə çalınan Üvertüranın səfərbəredici, birləşdirici musiqisində, əl qoyub qəlbimizə dərin bir intizamla oxuduğumuz dövlətimizin himnində, zümzümə etdiyimiz çoxsaylı mahnılarımızın səsində, gülüşümüzdə və kədərimizdə, həsrətimizdə və vüsalımızdadır. O hər zaman bizimlədir, qüdrətli və ana vətənimiz Azərbaycanın dalğalanan üçrəngli bayrağının örpək olduğu, göz atdığı, baş çəkdiyi, üz qoyduğu geniş-geniş, uzaq-uzaq ərazilərdə, üfiqlərindədi...

Üzeyir bəy torpaqlarımızın işğaldan azad edilməsi boyunca hər zaman bizimləydi. O zaman döyüş ruhu əxz edən cəngilərilə, bu gün isə Qələbəmizin sevincini və milli qürurumuzu ifadə edən marşı və üvertürası ilə. Bizim üvertüramız öz Koroğlusuna və Koroğlularına səslənir, onların birlik rəmzi olan vətən nəğmələrini, azadlıq hayqırışlarını, döyüş nərələrini özündə ifadə edir. İndi bizim üvertüramızın Koroğlusu - Azərbaycandır, Azərbaycan xalqıdır, Ali Baş Komandanımız və Müzəffər Ordumuzdur! Qələbən mübarək Üzeyirim! Şuşamızda xoş gördük səni!

 

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Olaylar.- 2023.- 15-21 sentyabr.- S.20.