MİLLİ VƏ BƏŞƏRİ
ŞAİR USTAD
MƏHƏMMƏDHÜSEYN
ŞƏHRİYAR
Ustad Məhəmmədhüseyn Şəhriyar
(1906-1988) Azərbaycan şeirinin
sarsılmaz sütunu və Heydərbaba ünvanlı və ağırlıqlı nəhəng
simasıdır. O, hansı
dildə yazmasından
asılı olmayaraq yazdığı
əsərlərilə Azərbaycan
ədəbiyyatının fəxridir.
Azərbaycan poeziyasında sadə ana dilində, xalq şivəsində yazıb-yaratmaq ənənəsi
olsa da, Məhəmmədhüseyn Şəhriyar
öz şirin ana dilində, xalq dili şivəsində
yazdığı "Heydərbabaya
salam" əsərilə
xalqın sadə həyat və yaşayış təzini,
mənəvi dəyərlərini,
milli yaddaşını
özündə bütün
canlılığı ilə
ehtiva edən bir ədəbi hadisə ortaya qoymuşdur. Bu görkəmli söz ustadı əsərlərinin
bir hissəsini fars dilində yazmaqla daha çox
bəşəri dəyərləri
əks etdirmişsə,
türkcə yazdığı
əsərlərilə daha
çox millilik, xalqa, ana vətənə
bağlılıq nümayiş
etdirmşdir. Akademik İsa Həbibbəyli də bu görkəmli
ustadın yaradıcılıq
fəaliyyətini qiymətləndirərkən
haqlı olaraq yazırdı ki, "Təbrizdə Azərbaycan
şeirinin Şəhriyar
məktəbi yaranmışdır".
Görkəmli alim ustad şairin yaradıcılığındakı bəşəri məsələlərə
toxunaraq çox doğru ifadə edirdi ki: "Şair "Haqqın səsi" poemasında
"İnsanın vətəni
Yer kürəsidir"
ideyasını irəli
sürmüş, bütün
insanları qardaşlığa,
bərabərliyə, şər
işlərdən əl
çəkməyə çağırmışdır". Şair "Stalinqrad qəhrəmanları"
poeması ilə dünyanı ağuşuna
alan faşizm bəlasına qarşı
mərdliklə döyüşən
qəhrəman insanlardan,
el və xalqlar birliyindən bəhs açmışdır.
Şair bütün bəşəriyyəti Stalinqradın
müdafiəsi timsalında
şərə, şər
qüvvələrə, imperializmə
qarşı birləşməyə,
insanları birlikdə
xeyiri, səadəti müdafiə etməyə
səsləmişdir. Bu
mənada onun yaradıcılığında xalqlar dostluğu, qardaşlıq, birlik kimi məsələlər
ideyalaşaraq onun bəşəri duyğularını
ümumiləşdirirdi. Şair
"Haqqın səsi"
adlı əsərində
yazırdı:
Budaq heç
yaşarmı budaqdan ayrı?
Ömür edə bilərmi
insan insansız?
O doğma gülşəndən,
o bağdan ayrı
İnsan
xəzəl kimi ölüdür yalnız!
Mənə elə gəlir,
hardasa, kimsə,
Bir insan ömrünə qələm çəkirsə,
Özü də bilmədən
yüz qan salır o,
Bəşər ağacına balta
çalır o.
Ustad sənətkar bəşərin
indisi və gələcəyi haqqında
qayğılanaraq "Bəşər
dedikləri vahid bir bədən, Bəs nədən düşübdür ürəklər
ayrı?" kimi suallar ətrafında insanları düşünməyə
vadar edir, eyni zamanda onlara
mənalı, müdrik
cavablar da verirdi.
Humanist şair bütün
insanlara, bütün bəşəriyyətə heç
bir fərqlilik, ayrı-seçkilik qoymadan
"Atabir, anabir doğma qardaşıq"
və yaxud, "Birləşsə cahanda milyard ürəklər, Bütün arzulara yetişər bəşər!"
- deyə cavablar verirdi. Bəşəriyyətin
taleyi haqqında qayğılanan şair eləcə də
"Dunay çayının bəşəriyyətə müraciəti"
əsərində də
bütün insanlara, bütün xalqlara bərabərlik və xoşbəxtlik arzularını
ifadə etmişdir:
Gəl,
bu gün dünyanın ərazisini
Əhalinin nisbətinə görə
bölüşdür.
Millətlərin hər nəfərinin
üzünü güldür,
Hər kəsin səhmini öz əlinə tapşır.
Böyük şairin yaradıcılıq
amalı, həyat idealı "Gərək
bütün millətlər
bərabər olsun"
fikri idi və humanist sənətkar
vicdanının səsilə
ulu Tanrıya "Ayrıseçkiliyi
kökündən qopar",
"Qoyma xalqlar çərçəng olsunlar"
və s. kimi dualarla səslənirdi. Şair bütün bəşəriyyətin əvəzindən
ulu qüdrət və
qüvvət sahibi Tanrıya və əlbəttə, taleyi öz əlində olan ulu bəşəriyyətin
özünə "Qayıt
və dünyanın cəhənnəmini cənnətə
döndər", - kimi
çağırışlar edirdi.
Məhəmmədhüseyn Şəhriyar bəşəri sənətkar
olmaqdan da irəli
milli, xəlqi şairdir.
Əlbəttə, təbiidir
ki, şair Məhəmmədhüseyn
Şəhriyar beynəlmiləlçi,
bəşəri ideyalara
özünün milli təbi,
ruhuŞ mövqeyi ilə qovuşurdu. Xalqına bağlılıq,
vətənə sevgi,
elinə həmdərdlik,
vətən torpaqlarına
tutqu onun yaradıcılığının milli səciyyəsini təşkil
edirdi. Mənsub olduğu çoxmilyonluq, qədimdən də qədim, ulu mədəniyyət,
mənəviyyat sahibi
olan xalqının şirin ləhcəli, şəkər şivəli
dilində şeirlər
yazmaqla ustad sənətkar həm də xalqının, elinin qayğılarını,
dərdi-dilini dilə
gətirmişdir. Əbəs
deyildi ki, şair özü də öz vətəndaşlıq
vəzifəsi, şairlik
missiyası haqqında
bəhs edərək bədii, poetik şəkildə yazmışdı:
Dedim: Azər elimin bir yaralı nisgiliyəm mən.
Nisgil olsam da, gülüm, bir əbədi sevgiliyəm mən.
El məni atsa da, öz gülşənimin
bülbülüyəm mən.
Elimin farsca da dərdini söylər diliyəm mən.
Haqqa doğru nə qaranlıq isə, el məşəliyəm mən,
Əbədiyyət gülüyəm mən.
Xalqına bağlılığı bütün ruhu ilə öz əsərlərində ehtiva
edərək ümumiləşdirən
ustad sənətkar Məhəmmədhüseyn Şəhriyar
onu milli şair olaraq məşhurlaşdıran
"Heydərbabaya salam"
poeması kimi ilk irihəcmli və ana dilində yazılmış
əsərindən başlamış
"Türkün dili",
"Azərbaycan", "Əsir Azərbaycanıma
xitab" və çoxsaylı başqa əsərlərilə fərdi
olduğu Azərbaycan
xalqının qayğılarını,
kədərini və sevincini, arzularını və istəklərini ifadə etmişdir. Şəhriyar Heydərbaba
və Səhənd dağlarına müraciətlə
yazdığı poemaların
vüsətli poetik ehtirası fövqündə
vətən və el məhəbbətini, xalqına bağlılığını
dağ qüruru və ağırlığı
ilə rəmzləşdirən
qüdrətli el sənətkarıdır. Dağlara
müraciətlə yazılmış
silsilə əsərlər
içərisində onun
böyük poetik vüsətlə yazdığı
"Heydərbabaya salam"
və "Səhəndiyyə"
kimi poemaları ən məzmunlu və bədii gözəllik ehtiva edən əsərlər sırasındadır. Hətta
"M.Şəhriyarın
"Səhəndiyyə" poeması Azərbaycan şeirinin yeni və dərin mənalı bir "Vətəniyyə"sidir"
(Akad.İ.Həbibbəyli). Səhənd dağı kəsb etdiyi bədii siqlət, ümumiləşdirdiyi simvolizə
ilə Heydərbabaya,
Savalana qardaşdır,
arxa-hayandır, dayaqdır:
Şah dağım, çal papağım, el dayağım, şanlı
Səhəndim!
Başı tufanlı Səhəndim!
Səni
Heydərbaba ol nərələr ilə çağıranda,
O səfil, darda qalan, tülkü qovan şir bağıranda...
"Dədə Qorqud" səsin aldım, dedim arxamdı, inandım.
Arxa durduqda Səhəndim, Savalantək havalandım,
Selə
qarşı qovalandım.
...Dağlı Heydərbabanın
arxası hər yerdə dağ oldu,
Dağa
dağlar dayaq oldu...
Şəhriyar yaradıcılığında Heydərbaba, Səhənd,
Savalan Azərbaycanın
bir el, vətən,
xalq, vətəndaş,
milli varlıq, sərhəd,
tarix, dəyər və s. kimi keyfiyyət və dəyərlərinin simvolu
olaraq çıxış
edir. Qələm əhli arasında ustad sənətkarı şairlər şairi edən məşhur "Heydərbabaya salam" poeması mövzusundan tutmuş məzmununa qədər bir elin həyat, yaşayış və düşüncə tərzinin
canlı poetik ensiklopediyası, tarixi salnaməsi, bədii etnoqrafiyası əhəmiyyətinə
malikdir. Konkret simalardan tutmuş dağları, təpələri,
meşəsi, obası,
adəti, ənənələri
və sairəyə qədər bir el "Heydərbabaya salam" əsərində
möhtəşəmliklə əks olunmuşdur. Canlı və dəqiq təsvirlər, əhatəli və təfərrüatlı təqdim
əsəri milli-etnoqrafik
yaddaşın salnaməsinə
çevirmişdir. Hətta
bir çox hallarda hadisələri ardıcıl təhkiyə
etmək üslubu da bu görkəmli əsərə Azərbaycan
poeziyasının lirik-epik
poeması kimi yüksək dəyərə
mindirməyə haqq vermişdir. Əsərin başqa bir əhəmiyyəti həm
də ondadır ki, poema həm forma, həm də məzmunca tamamilə yeni məna və ümumən yeni ədəbi
hadisə kəsb edərək həm milli Azərbaycan şeirində,
həm də dünya ədəbiyyatında
özünəməxsus ənənə
formalaşdırmışdır. Şair bu əsərində
bütün digər məziyyətlərilə birgə
şirin-şəkər ana dilinin lətafətini əks etdirmiş, Azərbaycan dilinin ecazkar təravəti və məna qüdrətini, şeriyyət
və musiqililiyini təzahür etdirmişdir.
Öz doğma dilinə məhəbbət
və heyranlıq ifadə edən şair onu "Türkün dili" şeirində öyə-öyə
doymurdu:
Türkün dilitək sevgili,
istəkli dil olmaz,
Ayrı
dilə qatsan, bu əsil dil
əsil olmaz.
...Türkün məsələi,
folkloru dünyada təkdir,
Xan yorğanı, - kənd içrə məsəldir,
- mitil olmaz.
Azərbaycan, Vətən sevgisi onun əsərlərində
möhtəşəmliyi ilə
ifadə olunmuşdur.
Azadlıq ruhu onun Vətən mövzulu əsərlərinin
poetik vüsətini təşkil edir. Mübarizə, əzm, birlik Şəhriyar poeziyasının nüvəsində
dayanır, vulkanik bir vüsətlə meydana çıxır:
Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azrbaycan,
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan!
Səndən uzaq düşsəm
də mən, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan!
Beləliklə, Məhəmmədhüseyn Şəhriyar yaradıcılığı
milli və bəşəri
idealların qovuşuq
vüsət aldığı
poetik bir məkandır. Şair bu əsərlərində
nə qədər millidirsə, xalqına, vətəninə bağlıdırsa,
bir o qədər də bəşəridir,
beynəlmiləldir və
bütün bəşəriyyətin
xoşbəxtliyi və
səadətinə maildir.
Doğru mülahizədir
ki: "Ümumbəşərilik, beynəlmiləllik Şəhriyar
poeziyasının üfiqlərini
genişləndirən yaradıcılıq
qanunauyğunluğu kimi
meydana çıxır.
... Öz ölkəsinin,
xalqının taleyi ilə bağlı olan vətənpərvər
şair beynəlmiləlçi,
humanist bir sənətkardır"
(H.Billuri). Bu mənada Şəhriyar təkcə mənsub olduğu Azərbaycan xalqının deyil, bütövlükdə bəşəriyyətin
ən nəhəng söz adamlarından biridir.
P.S. Məşhur, dillər əzbəri olan "Heydərbabaya salam" poemasında ustad sənətkar Məhəmmədhüseyn
Şəhriyar "Salam olsun
şövkətüzə, elüzə, Mənim də bir adım
gəlsin dilüzə.
...Bizdən də bir yad eləyən sağ olsun, Dərdlərimiz qoy dikəlsin, dağ olsun" deyirdi. İllər keçib və keçəcək də, qəlbi hər zaman insan və vətən sevgisilə alışıb-tutuşan
böyük ustad Şəhriyarın adı
dillərdən düşməyəcəkdir.
Əsən yellər də, coşan sular da böyük ustadın salamını diyardan diyara, eldən elə, zamandan zamana daşıyacaq, xoşbəxtlik
yolçusu olan şairin dərdini anladacaqdır... Eynən yüz illərlə yol gələn türk şeirinin böyük ustadı Yunus Əmrə kimi: Gəl, gör, məni eşq neylədi...
Ramiz
QASIMOV
AMEA Naxçıvan Bölməsinin
əməkdaşı,
filologiya üzrə fəlsəfə
doktoru, dosent
Olaylar.- 2023.- 15-21 sentyabr.-
S.18.